Sosial

Pensiyalarla bağlı yeni təkliflər var, amma nazirlikdən deyirlər ki…

Vüsalə Mikayıl
25 Noyabr, 2021
994

Açıq mənbələrdən götürülüb

58 yaşlı İradə Quliyeva neçə ildir həsrətlə təqaüd yaşının çatacağını gözləyirmiş. Amma ona yetərli iş stajının olmadığını deyiblər. İ.Quliyeva təxminən 10 ilə yaxın kənd poliklinikasında xadimə işləyib, sonra da...

“Sonra işdən çıxmalı oldum. 5 il o işdə, 3 il bu işdə işlədim. Bəzi yerdə müqaviləsiz işlədiyimə görə, fonda yığılan vəsaitim də azdır. İki övladım var. Kimə deyirəm cavab verir ki, üç uşağın olsaydı ən azından 130 manat sosial müavinət alardın. İndi mən neyniyim? Bu yaşımda hələ də işləyirəm. Nə vaxtsa təqaüd alacağıma inanmıram”, - o, ümidsiz şəkildə deyir.

Azərbaycanda bir neçə il öncə pensiya ilə bağlı qanunvericiliyə dəyişikliklər İradə Quliyeva kimi çoxunu  ümidsiz hala salıb.

“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir. Sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ yaranır.

Pensiya yaşı azaldıla bilərmi?

Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq müəyyənləşdirilir.

 Azərbaycanda pensiya yaşı qadınlar üçün 62 yarım, kişilər üçün isə 65-dir.

Vaxtaşırı pensiya yaşının azaldılması təklif edilsə də, rəsmi qurumlar bu fikri yaxına buraxmırlar.

Deputat Tahir Rzayevsə mətbuata açıqlamasında indiki halda büdcənin buna imkan vermədiyini deyib: “Nəzərə almaq lazımdır ki, vergi yükü, digər iqtisadi, hərbi və ölkənin bərpası məsələləri var. Yəni bu işlərin həlli üçün külli miqdarda vəsait lazımdır. Bütün bunlar dövlət tərəfindən ölçülüb-biçilir, daha sonra isə qərar qəbul edilib”.

Azərbaycanda vətəndaşlar hansı halda vaxtından tez təqaüdə çıxa bilər?

Deputat Vüqar Bayramovsa parlamentdəki çıxışında vaxtından əvvəl pensiyaya çıxmaqla bağlı təkliflər səsləndirib.

Məsələ bundadır ki, Azərbaycanda əlilliyə və ya ailə başçısının itirilməsinə görə vətəndaşlar vaxtından əvvəl təqaüdə çıxa bilərlər. Ağır əmək şərtləri altında 12 ildən artıq çalışan şəxslərin də vaxtından əvvəl təqaüdə çıxması mümkündür.

Bunu da oxu: Həkim deyir ki, keçmiş döyüşçüyə əlillik düşür, Agentlik deyir ki, düşmür

Vüqar Bayramovsa vətəndaşın topladığı pensiya kapitalına uyğun vaxtından əvvəl pensiyaya çıxmasını təklif edir. O, bəzi vətəndaşların kifayət qədər yüksək əmək haqqı olan sektorda (məsələn, neft, maliyyə və s.) çalışdığını və nisbətən böyük pensiya kapitalına malik şəxslərin olduğunu deyir:

“Amma pensiya kapitalından istifadə etmək üçün pensiya yaşını gözləmək məcburiyyətində qalır. Təklifim isə həmin şəxslərə vaxtından əvvəl pensiyaya çıxmaq hüququnun verilməsi və onlara öz kapitallarından daha uzun müddət istifadə imkanlarının tanınmasıdır. Beynəlxalq praktikada pensiya yaşı tamam olmadan bu hüquqdan istifadə imkanları var. Məsələn, ABŞ-da pensiya kapitalı çox olanlar daha tez müraciət edib pensiya alma imkanına malik olurlar. Digər metod isə pensiyada olan ayların sayının azaldılması və artırılması ilə bağlıdır”.

Vüqar Bayramov - Açıq mənbələrdən götürülüb

O, artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu məsələ ilə bağlı artıq müzakirələr aparıldığını da vurğulayır.

Deputat hesab edir ki, bu daha çox minimum pensiya kapitalı yığmış vətəndaşlara da tətbiq edilə bilər. Mövcud qaydalara əsasən, 144 ay (12 il x 12 ay = 144 ay) orta pensiya müddəti kimi götürülür. Amma əgər təklif qəbul olunarsa, o zaman vətəndaş 65 yox, 60 yaşda pensiyaya çıxmaq istəyirsə, 144 deyil, bu halda həmin beş il üçün nəzərdə tutulan 144-ün üzərinə (5x12) 60 ay gələcək. Yığılmış pensiya kapitalı 204 aya bölünəcək. Bu imkan verə bilər ki, vətəndaş 5 il tez, yəni 60 yaşında pensiyaya çıxsın.

“Vaxtından əvvəl təqaüdə çıxmağın yollarını tapmaqdansa, təqaüd yaşı aşağı salınsın”

İqtisadçı Natiq Cəfərli təqaüd yaşının qaldırılmasının doğru olmadığını deyir. Ona görə də vaxtından əvvəl təqaüdə çıxmağın yollarını tapmaqdansa, təqaüd yaşının aşağı salınmasını daha düzgün hesab edir.

“Bu təklif hətta qəbul olunsa da, çox cüzi sayda insanlara aid ediləcək. Çünki yüksək maaşlı işçilərin sayı heç 3%-i də deyil. Bundansa təqaüd yaşının əvvəlki qaydaya qaytarılması daha məqsədəuyğundur. Yəni qadınlar üçün 60, kişilər üçün 63 yaş olması daha məntiqlidir və məncə, bu daha çox effektiv olar”, - ekspert əlavə edir.

“Dövlət buna getməyəcək”

Əmək Hüquqlarının Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov hesab edir ki, indilik yığıma görə erkən yaşda pensiyaya çıxmaq məsələsi real görünmür və dövlət buna getməyəcək.

Sahib Məmmədov - Açıq mənbələrdən götürülüb

“Səbəblərdən biri budur ki, bizdə pensiya yaşının artırılması baş verir. Bu o deməkdir ki, ölkədə Dövlət Sosial Müdafiə Fondunda yığım prosesi aşağıdır, fondun vəsaitləri çatmır və vətəndaşları yaşa görə əmək pensiyasına daha gec göndərməli olublar. Belə təkliflər zaman-zaman səslənib. Bunun reallaşması üçün ölkədə ən azından 4 nəfər işləyən şəxsə 1 nəfər təqaüd alan şəxs nisbəti ödənməlidir. Hazırda təxminən 1,2 işçiyə 1 nəfər təqaüd alan düşür. Düzdür, bu rəqəm vaxtaşırı dəyişir. Amma az qala 1:1 nisbətindədir. Belə olan halda deyilən reformaları etmək mümkün deyil. Bizdə yaşı azaltmaqla bağlı təklifləri dərhal iqnor edirlər, onda qalmış bu məsələ”.

Yüksək maaş əvəzinə təqaüd insanları qane edə bilərmi?

İqtisad Universitenin professoru, Əmək  və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov düşünür ki, maliyyə bazarlarında gözlənilən problemlər və inflyasiyanın sürətlənməsi bu təklifin reallaşmasına şərait yaratmayacaq.

“Bu gün faktiki olaraq təqaüdə çıxmaq sərfəli deyil. Pensiya insanların təminatını ödəmir, qiymət artımı və inflyasiya yüksək səviyyədədir. Buna görə də bu məsələ insanlar arasında o qədər də aktual olmayacaq”.

Ölkədə minumum pensiya 200 manatdır. Gələn ildən isə bu məbləğ 240 manat olacaq. Ekspertlərə görə, həmin məbləğ yaranmış inflyasiya və qiymət artımı fonunda insanların cibinə uyğun deyil.

Elşad Məmmədov diqqəti əmək bazarında yarana biləcək problemlərə çəkir: “Tutaq ki, vətəndaşlara vaxtından əvvəl təqaüdə çıxmaq imkanı verildi. Bu zaman gərək insanların əmək haqlarının artımına əngəl törədək ki, vaxtından əvvəl vəsaiti toplayıb pensiyaya çıxmasın? Ona görə burada kifayət qədər müxtəlif istiqamətli problemlər yarana bilər. Bunlar bir daha sübut edir ki, pensiya kapitalı yığımı sistemi effektiv deyil və bu ilbəil daha da çox görünəcək. Çünki qiymətlərin bu dərəcədə tez-tez artdığı bir vaxtda insanlara “gedin, maaşınızın bir hissəsini Sosial Müdafiə Fonduna ödəyin ki, 30 il sonra pensiya alacaqsan” demək düzgün deyil. Bilinmir ki, 30 ildən sonra o pensiyanı alacaqmı, pensiya yaşına çatacaqmı, ümumiyyətlə, illər sonra milli valyutanın alıcılıq qabiliyyəti necə olacaq, maliyyə bazarı necə olacaq? Belə halda bu iqtisadi qeyri-müəyyənliklər şəraitində pensiyanın yığım sistemi effektiv deyil”.

Elşad Məmmədov - Açıq mənbələrdən götürülüb

Milli Məclisdə səslənən başqa bir təklifsə pensiya kapitalından digər məqsədlər üçün istifadə edilməsi ilə bağlı olub.

Vüqar Bayramov qaydalara əsasən, vətəndaşların öz yığımlarından yalnız pensiya almaq üçün istifadə etdiklərini, amma bir sıra ölkələrdə fərqli nümunələr olmasına da  toxunub: “Məsələn, bəzi ölkələrdə yığımların üçdə biri kommunial xidmətləri ödəmək, kredit qaytarmaq və s. istiqamətlər üçün istifadə edilir. Bəzi vətəndaşlarımızın pensiya kapitalı kifayət qədər böyük olur. Təklif edirik ki, vətəndaşa yığdığı pensiya kapitalının bir hissəsinin kommunal xidmət haqqının və ya kredit ödənişi kimi istifadə edilməsi hüququ verilsin”.

Bunu da oxu: Həbsdəki sabiq məmurların xaricdəki vəsaitləri geri qaytarıla bilərmi?

Deputat bildirir ki, əgər vətəndaş tələb olunan pensiya kapitalını toplayıbsa, o zaman onun 30 faizinin başqa məqsədlər üçün istifadəsinə imkan yaradılmalıdır.  

E.Məmmədov vəsaitlərin bilavasitə qaytarılmaqdansa fonda ödənilən məbləğin azaldılmasını daha məntiqə uyğun hesab edir.

“Bu həm də iqtisadiyyatda əlavə halqaların yaranmasına səbəb ola bilər.  Yəni vəsait əvvəlcə fonda gedəcək, orada müvafiq hesablama aparılacaq, daha sonra  kommunal ödənişlər üçün müvafiq qurumlara göndəriləcək. Elə olmazmı ki, pensiya yaşına çatmış şəxslərə kommunal ödənişlər üçün güzəştlər edilsin? Əvvəllər belə qaydalar var idi. Bu daha effektivdir”, - ekspert təkliflərini bölüşür.

Vətəndaşın  pensiya kapitalına çıxış imkanları...

Vətəndaşlarınsa öz təklifləri var. Sosial mediada pensiya yığımı ilə bağlı fikrini bölüşənlərin çoxu ailə başçısı vəfat edərkən vəsaitin varisə ötürülməsini təklif edirlər. Hətta onun varisin pensiya yığımına əlavə edilməsini arzulayanlar da az deyil.

Məsələn, atası vəfat edən Emin Məmmədli onun pensiya kapitalını geri almaq istəyir: “Atam təqaüd yaşına çatmadan vəfat edib. Bir qəpik də olsa o məbləğdən istifadə edə bilmədi. Heç olmasa bu vəsaitdən varisləri istifadə etməlidir. Müraciət edəndə də o qədər sənəd istəyirlər ki, adam hüququnu tələb etdiyinə peşman olur”.

Ailə başçısı pensiya yaşına çatmadan vəfat edən Nigar Zamanova da “Facebook” səhifəsində yığılan pensiya kapitalının geri alınması yönündə  xeyli problemlərlə qarşılaşdığından şikayətlənir.

N.Cəfərli yığım kapitalına vətəndaşın birbaşa çıxışının olmasının vacibliyini vurğulayır.

“Dövlət elə davranır ki, sanki bu vəsait özünündür. Amma bu belə deyil. İnsanlar on illərlə işləyib o vəsaiti fonda ödəyirlər və bu vətandaşa məxsusdur. Əksinə, dövlət həmin vəsaitin inflyasiyaya uyğun olaraq hər il indeksləşdirməlidir. Vətəndaşın bəlli ildən sonra həmin yığım kapitalından istifadə hüququ olmalıdır. Bundan başqa təqaüd vaxtına çatmamış həyatını itirənlərin varislərinin həmin vəsaitə birbaşa çıxışı olmalıdır. Təəssüf ki, bu məsələ də uzun illərdir ki, öz həllini tapmır. Əslində, qanun bunu qadağan etmir, amma prosedur qaydaları o qədər qəlizdir ki, vətəndaşlar bunu reallaşdırmaqda çətinlik çəkirlər”.

Natiq Cəfərov - Sosial Media

Türkiyə təcrübəsinə görə, vətəndaşlar həm vaxtından əvvəl təqaüdə çıxa bilır, həm də topladıqları kapitalı ya hissə-hissə, ya da tam şəkildə geri ala bilirlər. Fərdi Təqaüd Sistemi (Bireysel Emeklilik Sistemi) adlanan özəl təqaüd proqramına qoşulmaq üçün maaşlarının müəyyən hissəsini 10 il müddətinə sistemə yükləyərək 56 yaşları tamam olduqda təqaüd kimi hər ay ödəniş alırlar.

Nazirlikdən deyirlər ki, sual onlara ünvanlanmamalıdır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıblı “Toplum TV”-yə deyir ki, bu məsələ ilə bağlı suallar ümumiyyətlə onların qurumuna ünvanlanmamalıdır: “Pensiya yaşı parlament tərəfindən qəbul edilmiş qanunla tənzimlənir. Biz mərkəzi icra hakimiyyəti orqanıyıq, qanunların icrası ilə məşğuluq. O ki qaldı pensiya yaşının azaldılması ilə bağlı təklifə, nazirlikdə hazırda bununla bağlı təklif yoxdur”.

F.Talıblı pensiya yaşının yuxarı olması fikri ilə razılaşmır və hazırda ölkədə orta ömür uzunluğunun davamlı olaraq artdığını bildirir: “Dünyanın bir çox ölkələrində pensiya yaşı 65 və daha yüksəkdir. Hətta pensiya yaşı 65-dən aşağı olan ölkələrdə də pensiya yaşı mərhələli şəkildə artırılır. Bu proseslərin özü əmək qabiliyyətli şəxslərə əmək bazarında qalmaq və əmək fəaliyyətini davam etdirmək imkanı yaradır. Bütün dünya ölkələrində pensiya sistemində sığorta hissəsinin gücləndirilməsi prosesi gedir. Çünki pensiya sisteminin uzun müddətli maliyyə dayanıqlığının saxlanılması, etibarlı pensiya təminatının mövcudluğu bu proseslərdən keçir”.

Fazil Talıblı - Açıq mənbələrdən götürülüb

Nazirliyin sözçüsü pensiya ödənişi üçün gözlənilən müddətin qabaqcıl dünya təcrübəsində olduğu kimi Azərbaycan qanunvericiliyində də orta hesabla 12 il götürülduyunü qeyd edir:  "Bu gün Azərbaycanda yaşa görə pensiyaçıların strukturunun təhlili də pensiya alanlar sırasında onların 97%-dən çoxunun 12-35 il arası pensiya aldığını göstərir. Bu rəqəmləri deməkdə məqsədim bəzilərinin pensiya yaş həddinin çox olduğunu deməsinin əsassız olduğunu nəzərə çatdırmaqdır. Bu əslində belə deyil”. 

Fazil Talıblı pensiya yığımı ilə bağlı təkliflər haqqında isə deyib ki, hazırda bu məsələ gündəmdə deyil, amma Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinin genişdirilməsi çərçivəsində buna baxıla bilər.

Sosial

Son sutkada yoluxanların və peyvənd olunanların sayı açıqlandı

2 Dekabr 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycanda koronavirus infeksiyasına 1772 yeni yoluxma faktı qeydə alınıb, 2103 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 591 885 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 558 819 nəfər müalicə olunaraq sağalıb, 7905 nəfər vəfat edib, aktiv xəstə sayı 25 161 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 341, ötən müddət ərzində isə ümumilikdə 5 565 190 test aparılıb. Vaksinasiya Azərbaycanda son sutkada koronavirus  əleyhinə 37 057 vaksin vurulub. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların...
Sosial

Gələn ilin qeyri-iş günləri açıqlandı

2 Dekabr 2021

Açıq mənbələrdən götürülüb

2022-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edilib. Bununla bağlı dekabrın 2-də Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, mayın 2, 3-ü Ramazan bayramı, iyulun 9, 10-u Qurban bayramı günləri müəyyən edilib. Qərarda nəzərdə tutulan günlər iş günü hesab edilmir. Gələn il Novruz bayramı ilə əlaqədarisə  8 gün ardıcıl qeyri-iş günü olacaq. 2022-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Martın 20-i bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. Beləliklə, 26 və...
Seçilmiş Videolar