Sosial

Piyadaları əzən avtomobillər: “Yollardakı qəzaların səbəbi...”

Vüsalə Mikayıl
26 Oktyabr, 2021
836

Açıq mənbələrdən götürülüb

Xanım Məmmədova  ötən il yaşadığı yol qəzasında qalıcı bədən xəsarətləri almasa da, hələ də hadisənin psixoloji izlərini daşıyır. O  deyir ki, indi də yolu keçəndə və ya “tormoz” səsi eşidəndə istər-istəməz o hadisə yadına düşür: “Qəzadan sonra 1 ilə yaxın yolu da tək keçə bilmirdim”.

Zərərçəkmiş 2020-cı ilin noyabrında Hüseyn Cavid prospekti 129 ünvanında piyada keçidindən keçərkən minik avtomobili tərəfindən vurulduğunu bildirir. Onun sözlərinə görə, qəza zamanı avtomobil zərbəsi nəticəsində başından və sağ ayağından zədələr alıb.

“Sağ ayağımda bir müddət xəsarət qaldı. Avtomobil məni 5 metr uzağa atmışdı. Sağ olsun ətrafda olanlar, onlar mənə kömək etdi. Necə deyərlər, Allah saxladı”, - Məmmədova danışır.

Azərbaycanda qəzaların sayı nə qədərdi? 

Rəsmi statistikaya götə, 2020-ci ildə Azərbaycanda 1587 yol nəqliyyatı hadisəsində  696 nəfər həlak olub.

2021-ci ilin 9 ayı ərzindəsə respublikada ölüm və xəsarətlə nəticələnən 1171 yol-nəqliyyat hadisəsi baş verib, bu zaman 504 nəfər həlak olub, 1043 nəfər yaralanıb. 

Ötən illə müqayisədə cari ilin 9 ayı ərzində hadisələrin sayı 26 (+2.3%) fakt, yaralananların sayı 20 (+2%) nəfər artıb.

Rəsmi məlumata görə, yol-nəqliyyat hadisələrinin 1130-u, yəni 96.5%-i sürücülərin qaydaları pozması səbəbindən baş verib. Belə qayda pozuntularının 475-i nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi, 360-ı qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə, 116-sı yolayrıclarını keçmə, 14-ü nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi, 9-u sükan arxasında yatma  halları ilə bağlı olub.

Qəzaların baş verməsində piyadaların da suçu olduğu bildirilir, nəticədə ötən 9 ay ərzində 483 piyada vurma hadisəsi qeydə alınıb, bu da respublika üzrə ümumi hadisələrin 41.2%-ni təşkil edir.

Yol qəzalarında həlak olan 504 nəfərdən 230-u piyada, 133-ü sürücü, 121-i sərnişin, 17-i velosipedçi, 3-ü isə digər hərəkət iştirakçılarıdır.

Qəzaların sayı niyə artır?

Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov “Toplum TV”-yə qəzaların baş verməsində yol hərəkətini tənzimləməli, nizam-intizam yaratmalı olan qurumların da, vətəndaşların da səhlənkarlığının payı olduğunu deyir: “Təcrübəsiz sürücülər olduqca çoxdur. Onlar yollarda təhlükəsiz manevrlər edib təhlükəli vəziyyət yaradırlar”.

Eldəniz Cəfərov

Ekspert bəzi avtomobillərin saz vəziyyətdə olmamasının və ya istismar müddətini başa vurmasının da problem yaratdığını vurğulayır.

“Yararsız və istismar müddətinin başa vurmuş avtomobillərin sayı çoxdur. Təxminən ölkədə 1,3 milyon minik avtomobili varsa, bunun bəlkə də 60-75%-i istismar müddətini başa vurmuş avtomobillərdir”.

Eldəniz Cəfərovun sözlərinə görə, köhnə avtomobillərlə törədilən qəzalar daha çox  ağır xəsarətlər və ya ölümlə nəticələnir.

O, müasir avtomobillərin daha təhlükəsiz hazırlandığını və istehsalçıların qəza vaxtı insanların mümkün qədər az xəsarət almalarına önəm verdiklərini vurğulayır: “Burada hərətəfli qaydada işlər gürülməlidir. Qəzaların da qarşısının alınmasının əsas və ən yaxşı üsulu dövlət proqramını hissə-hissə həyata keçirməkdir”.

Nəqliyyat üzrə başqa ekspert Elməddin Muradlı isə deyir ki, ümumi yol nəqliyyat hadisələrinin 52%-ə yaxınını piyada vurmaları təşkil edir: “Qəzaların bir qismi də gecələr baş verir.  Biz piyadalarla bağlı çox ciddi iş görməliyik. 9 ayın statistikasına baxsaq, bu olduqca böyük göstəricidir. Amma soruşmaq lazımdır ki, avtomobillər insanları niyə gecə vaxtı vurur, sürücülər qaydanı pozur? Çünki işıqlandırma zəifdir. Piyada qaydanı pozur, o da harasa tələsir”.

O, yolların işıqlandırması ilə yanaşı keçidlərdə də problemlər olduğunu, silinən yol xətlərinin vaxtında çəkilmədiyini bildirir.

“Belə problemlər səbəbindən qəzalar da baş verir. Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı yol təsərrüfatına ciddi nəzarət edilməlidir. Ən önəmlisi işıqlandırmadır. Respublika əhəmiyyətli yollarda baş verən qəzaların əsas səbəbi kimi mən işıqlandırmanın zəif olmasını görürəm. Təbii ki, burada söhbət sutkanın qaranlıq vaxtlarında baş verən qəzalardan gedir”.

Təcrübəsiz ya məsuliyyətsiz sürücülər?

Ötən il başına gələn qəzadan sonra yeni-yeni toparlanan Xanım Məmmədova da sürücü məsuliyyətsizliyinin qurbanı olduğunu deyir.

Bu il oktyabrın 13-də isə Bakıda yük maşını və avtobusun toqquşması nəticəsində 5 nəfərin ölümü və 21 nəfərin yaralaması ilə nəticələnən ağır yol qəzası baş verib. İlkin versiyaya görə,  19 yaşlı yük maşını sürücüsü yuxulu vəziyyətdə olub və qəza baş verib.

Elməddin Muradlı - Açıq mənbələrdən götürülüb

Qəzaların baş verməsinin daha bir səbəbi isə məmurların və ya onların yaxınlarının məsuliyyətsizliyi ilə əlaqələndirilir. Məsələn, 2017-ci il avqustun 3-də baş vermiş qəzada Baş Nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev başqa avtomobillə ötüşərkən qəza  törətmişdi. Qəza nəticəsində avtomobil yolayrıcını aşıb, o biri yola çıxıb, piyadalar Vaqif Əsədov, Türkiyə vətəndaşları, ər-arvad Mutallib və Songül Tekiş cütlüyünü vurub, nəticədə iki nəfər həlak olmuşdu. Amma 4 il həbs cəzası alan Nail Allahverdiyev az sonra azadlığa buraxılmışdı.

Ekspert Elməddin Muradlı da müxtəlif şirkətlərə məxsus və ya “AA” seriyalı nömrəsi olan maşınların (adətən həmin avtomobillərin sahibi məmurlar və ya onların yaxınları olur) sürücüləri tərəfindən qayda pozuntularının artdığını bildirir: “Özlərini ətrafa göstərməkdən doymurlar. Axı bu “AA” seriyalı nömrə ilə qaydanı pozanda nə olur ki? Sənə “Əhsən” dedilər? Xeyr! Əksinə, deyirlər ki, bu hansı cəngəllikdən çıxıb, görəsən”.

“Qırmızı işıqda iki dəfə keçən sürücü müayinəyə göndərilməlidir”

Elməddin Muradlı hesab edir ki, bəzi qaydalarla bağlı cəzalar sərtləşdirilməlidir.

“Məsələn, svetaforun qırmızı işığında keçməklə bağlı qanuna təkrar baxılmalıdır. Təklif edirəm ki, qırmızı işıqda ildə iki dəfə keçən sürücü tibbi-psixoloji müayinəyə göndərilsin. Sürücülük vəsiqəsi əlindən alınsın və psixoloq da sürücünün niyə belə etməsi haqda rəy versin. Dünyanın bir çox ölkələrində bu təcrübə var, çünki normal adam qırmızı işıqda keçməz. Bəzən əks yola çıxırlar, maşınların arasından keçən piyadanı vurub öldürürlər, sanki deyirlər ki, mən belə istəyirəm”.

Ümumdünya Səhiyyə Təşkilatı bu ilki hesabatında qəzaların azaldılması məqsədilə yol istifadəçiləri üçün təhlükəsiz bir nəqliyyat sistemi təmin etməyin önəmini vurğulayıb. Bu yanaşmanın hədəfi ölümcül qəzaların aradan qaldırılması və ciddi yaralanmaların azaldılması üçün təhlükəsiz yollar və keçidlər, təhlükəsiz nəqliyyat vasitələri yaradılması və təhlükəsiz yol istifadəçilərinin olmasıdır.

Bəs Azərbaycan hökuməti bu yöndə hansı işləri görür?

Dövlət Proqramının məqsədi yol nəqliyyat hadisələrini 30 faiz azaltmaqdır, amma…

Prezident İlham Əliyev 7 dekabr 2018-ci ildə “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sənədin baslıca məqsədi də yol-nəqliyyat hadisələrinin, xüsusilə də ölümlə və sağlamlığa zərər vurulması ilə nəticələnən qəzaların sayının azaldılması üçün zəruri tədbirlər görməkdir. Eyni zamanda, yol hərəkətinin təhlükəsizliyi sahəsində idarəetmənin təkmilləşdirilməsi, müasir innovativ metodların tətbiqi, yol hərəkətinin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətini təmin edən müvafiq mobillik strategiyasının hazırlanması, yol-nəqliyyat sisteminin təminatçılarının və yol hərəkəti iştirakçılarının hüquq və vəzifələrinin, onların məsuliyyət hədlərinin dəqiq müəyyən edilməsi kimi tədbirlərin həyata keçirilməsidir.

Proqramın hədəfi 2023-cü ilin sonuna qədər yol-nəqliyyat hadisələrində ölüm, sağlamlığa ağır və ya az ağır zərər vurulan yol-nəqliyyat hadisələrinin ümumi sayının 30 faiz, uşaq ölümü hallarının 50 faiz azaldılmasıdır.

Dövlət Proqramının 24 bəndi üzrə əsas icraçı məhz Bakı Nəqliyyat Agentliyidir. Bunu “Toplum TV”-yə Agentliyin mətbuat katibi Mais Ağayev deyir.

O, 2019-cu ildən bəri bir çox addımların atıldığını bildirir: “Ötən dövrdə tərəfimizdən bu bəndlərdə əksini tapan tədbirlərin icrası ilə bağlı işlər görülməkdədir. Bura infrastruktur işləri, işıqfor, əlillər üçün görülən işlər, səkilərin rahat və təhlükəsiz hərəkət üçün uyğunlaşdırılması, piyada keçidlərinin işıqlandırılması, Bakı şəhərində və Bakıətrafı şəhər, qəsəbə və kəndlərdə ekspress avtobus xətlərinin artırılması aiddir”.

Mais Ağayev - Açıq mənbələrdən götürülüb

BNA proqramdan irəli gələn işlərin görüldüyünü desə də, statistika qəzaların sayının azalmaq əvəzinə artdığını, mütəxəssislərsə proqramın uğurla icra olunmadığını söyləyirlər.

Ekspert Elməddin Muradlı hesab edir ki,  Dövlət Proqramı üzrə aidiyyatı qurumların fəaliyyəti çox zəifdir.

“Bu sənəddə çox ciddi məqamlar yer alıb. Amma hələ də icra olunmur. Pandemiyanın müharibənin təsiri olub, bunu anlayıram. Amma yenə də bir hərəkət yoxdur, bu istiqamətdə görülən işlər zəifdir. Yollarda da insanlar ölməkdə davam edir”, - deyə ekspert müşahidələrini bölüşür.

Eldəniz Cəfərov sözügedən proqramın çox proqressiv olduğunu düşünür. O deyir ki, əsas məqsəd ölkə ərazisində yol hərəkətini tam təhlükəsiz səviyyəyə çatdırmaq, baş verən qəzaların, qəza zamanı ağır xəsarətlərin və ölümlərin sayını azaltmaqdır.

“Təəssüflə qeyd etmək lazımdır ki, artıq 2021-ci il olsa da, dövlət proqramında yer alan müddəaların böyük əksəriyyəti hələ də öz həllini tapmayıb, hələ də bu istiqamətdə işlər aparılmır və ya çox ləng gedir. Ona görə də biz müşahidə edirik ki, yollarda qəzaların sayı azalmaq əvəzinə artır, statistikada dəhşətli rəqəmlərə rast gəlirik. Bunun üçün müvafiq qurumlar öhdəsinə düşən işi görməlidir. Çünki vaxt artıq daralıb. İl yarım ərzində proqramdakı bütün işlər həyata keçirilməlidir”.

Mütəxəssisə görə, yolların çəkilməsi bütün problemlərin həlli kimi başa düşülməməlidir. “Yol infrastrukturu mürəkkəbdir, işıqlandırma yüksək səviyyədə olmalıdır, yol nişanları olmalıdır. Çox təəssüf ki, ancaq yol çəkilir, qalan işlər yarımçıq qalır. Ya da yollar hazır olduqdan sonra başqa bir qurum gəlib dağıdır”, - o əlavə edir.

Digər tərəfdən ekspertlərin fikrincə, sürücülər arasında ciddi maarifləndirmə və təbliğat işi aparılmalı, xüsusi texniki vasitələrlə, radar və kameralarla nəzarət daha da gücləndirilməlidir.

“Toplum TV” Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə bağlı digər rəsmi qurumlarla əlaqə saxlasa da, məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Sosial

Zorla ərə verilən 17 yaşlı qız sığınacağa yerləşdirilib

29 Sentyabr 2022

Rəsmi səhifə

Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar təsdiqini tapıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev sosial media hesabında məlumat verib.  "Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi ilə bağlı  sosial şəbəkələrdə yayılan iddialar təsdiqini tapıb. İddialar nəzarətə götürülməklə araşdırılıb. Məcburi olaraq öz qohumu ilə ailə qurmağa vadar edilən A.A. polis əməkdaşları tərəfindən müvafiq sığınacağa yerləşdirilib. Qarşı tərəf dəvət olunub, dinlənilib, izahatları alınıb. Araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub. 
Sosial

Rusiyanı tərk edən vətəndaşlar – “Rusiya? Vətən? O nədir? Əvvəlcədən çıxmaq lazımıydı”

29 Sentyabr 2022

Sosial Media

Rusiya-Gürcüstan sərhədindəki tıxac sentyabrın 27-də 20 kilometrdən çox uzanırdı. Səfərbərlikdən qurtulmağa çalışan rusiyalılar ölkədən çıxmaq üçün günlərini sərf edirlər. Eyni zamanda Şimali Osetiya hakimiyyəti sərhəddə hərbi komissarlığın səfərbərlik məntəqəsini yaradıb. “Meduza”nın xahişinə əsasən jurnalist Vladimir Sokolov rusiyalıların öz avtomobillərini ataraq Yuxarı Lars nəzarət-buraxılış məntəqəsini (NBM) keçmələri barədə danışır. Materialı azərbaycan dilində Toplum TV oxucularına təqdim edirik. Sanki möhürü qırdılar Tbilisi  aeroportunda qohumların və taksi sürücülərinin gələnləri  qarşıladığı zonada 40 yaşlı qadın və iki oğlu duraraq çaşqın-çaşqın ətrafa göz gəzdirirlər. Üçü də havaya uyğun geyinməyib, Tbilisidəki 18+ hərarət üçün şərf və gödəkçələri çox qalındır. Valentina uşaqları ilə - birinin 13, digərinin...

Seçilmiş Videolar

Toplum TV loqo