Açıq mənbələrdən götürülüb
İndiana Cons
Mayın 16-da 76-cı Kann beynəlxalq kinofestivalı start götürüb. BBC rus xidməti nüfuzlu mərasimdə nümayişi daha çox səbirsizliklə gözlənilən filmlər haqqında material hazırlayıb.
“İndiana Cons və çərxi-fələk”
Kinofestivalın ən çox gözlənilən hadisələrindən biri 80 yaşlı Harrison Fordun qorxmaz arxeoloq İndiana Cons rolunda son çəkilişidir.
Dünya premyerasının Kanda baş tutacağı “İndiana Cons və çərxi-fələk” filmində əfsanəvi qəhrəman özünün etibarlı dəri gödəkçəsinə və dəyişməz fetr şlyapasına beşinci və sonuncu dəfə qovuşacaq.
Britaniyalı Fibi Uoller-Bricin filmdə çəkilməsi ona əlavə ajiotaj qatır. Uoller-Bric müəllifi və ulduz ifaçısı olduğu populyar “Zibil” (Fleabag) komediya serialından sonra Ceyms Bond haqqında filmin ssenarisini yazmağa dəvət olunmuşdu.
Aktrisa franşizanın ilk hissəsinin, “Müqəddəs xəzinə ovçuları”nın 1981-ci ildə böyük ekrana çıxmasından dörd il sonra anadan olub.
Saqanın indiki, sonuncu hissəsində Uoller-Bric İndiana Consun xaç qızı rolunu oynayır və hər şeydən göründüyü kimi, onun macəralarında fəal iştirak edir.
Çəkiliş zamanı qəzetlər Fordun “gəncləşdirilməsi”ndən yazırdılar ki, bir çoxları bunun nəticəsini görməyə səbirsizlənirlər. Aktyor ilk səhnələrdə öz qəhrəmanının gənc versiyasını oynayır və özünün dediyinə görə, xüsusi effektlərin nəticələri tüklərini biz-biz edib.
Bundan əlavə, rejissor Ceyms Menqoldun işi də xüsusi diqqət predmeti olacaq. “Çərxi-fələk” İndiana Cons haqqında ilk filmdir ki, onu Stiven Spilberq çəkməyib, hərçənd o, əsərin icraçı prodüseri kimi çıxış edir.
“Bu, İndiana Cons haqqında çox, çox yaxşı filmdir. Mən Cimin (Ceyms Menqold) etdikləri ilə qürur duyuram”, - Spilberq “Variety” jurnalına müsahibəsində deyib.
“Janna Dübarri”
ABŞ və Britaniya məhkəmələrində Conni Depp və keçmiş arvadı, aktrisa Ember Herd arasında hay-küylü çəkişmələr gedərkən amerikalı aktyorun gələcək kinokaryerası ciddi təhdid altında idi.
Herd tərəfindən ailədaxili zorakılıqda ittiham olunması Deppə “Harri Potter”lə əlaqəli “Fantastik həşəratlar” (Fantastic Beasts) franşizasında iştirak bahasına başa gəldi, sonra da əsas rollar təklifi tükəndi.
O, 2020-ci ildə böhtan haqqında şikayətini Böyük Britaniyada uduzdu, amma 2022-ci ildə ABŞ-da məhkəməni uddu: andlılar Herdi böhtanda günahkar bildilər.
Bu il Kann təşkilatçıları festivalı Deppin Fransa kralı XV Luini oynadığı “Janna Dübarri” filmi ilə açmağı qərara aldılar. Bu, aktyorun son üç ildə birinci baş roludur.
Filmdə Depp fransızca danışır, süjet isə cəmiyyətin dibindən ölkənin ən nüfuzlu qadınına qədər qalxan və bununla əyanların xeyli narazılığını doğuran, Fransa kralının sonuncu rəsmi məşuqəsi haqqında əhvalata söykənir. Əsas qadın qəhrəmanı tanınmış fransız aktrisası, özünü soyadsız, yalnız ad ilə adlandıran Mayvenn oynayır. O. həm də fransız dilli filmin ssenarisini yazıb və rejissorluğunu edib.
Qalmaqallar Mayvennə də yad deyil. Məsələn, o, kino sənayesində seksual qısnamaları ortaya çıxaran #metoo hərəkatını tənqid edib, ötən həftə tok-şouda isə jurnalistin üzünə tüpürdüyünü söyləyib.
“Asteroidlər şəhəri”
Ues Andersonun rejissoru olduğu filmdə Skarlett Yohansson 1950-ci illərin kinoulduzunu oynayır. Personaj hər il gənc astronomların toplantısı keçirilən kiçik şəhərcikdə təsadüfən ilişib qalıb. Bu dəfəki toplantını dünyanı dəyişə biləcək hadisələr yarıda qoyur.
Andersonun fanatları kadrlarda yenə onun özünəməxsus simmetriyasını, əlvan rənglərini və oyuncaq evləri xatırladan yüksək stilli interyerlərini görəcəklər. Aktyor heyəti isə Hollivudun səmavi sakinləri ilə doludur: Tom Henks, Marqo Robbi, Tilda Suinton, Ceyson Şvartsman və Stiv Karell.
Treylerə əsasən filmin janrını müəyyən etmək çətindir: elmi fantastikadırmı, yoxsa romantik komediyamı.
Aydın olan təkcə bir şey var – onu Ues Anderson çəkib və deməli, premyeraya düşmək istəyən həddindən artıq çox olacaq.
“Köhnə palıd”
Britaniyalı rejissor Ken Louçun Kanda təsirli uğur hekayəsi var. O, nüfuzlu “Qızıl palma budağı” mükafatına iki dəfə sahiblənib: 2006-cı ildə “Arpanı yellədən külək” və 2016-cı ildə “Mən, Daniel Bleyk” filmlərinə görə.
Sosial realizm veteranı 86 yaşında üçüncü dəfə ən yaxşı filmə görə mükafatı ala biləcəkmi?
Louçun indiki layihəsi “Köhnə palıd” adlanır. Filmdə söhbət İngiltərənin şimalında keçmiş şaxtaçı məskənindəki sonuncu pabdan gedir. Həmin məntəqəyə suriyalı qaçqınlar gəlməyə başlayırlar.
Bu, yenə də mürəkkəb həyat şərtlərinə malik “kiçik adamlar”ın mübarizə hekayəsidir.
Rejissorun sözlərinə görə o, yaranmış vəziyyətin gərginliyini nümayiş etdirən, eyni zamanda nikbin olan əsər yaratmaq istəyib.
Pabın sahibi rolunu Deyv Terner adlı yerli yanğınsöndürən oynayır, suriyalıların roluna isə İngiltərəyə gələn həqiqi suriyalı qaçqınlar götürülüb.
“Tamamilə doğrusunu deyim ki, nə edəcəyimi bilmirəm. Amma Kouç və ətrafdakılar deyirlər ki, hər şey alınacaq. Bax, buna görə də iştirak edirəm”, - Terner ötən il BBC-yə müsahibəsində demişdi.
“Çiçəkli ayın qatilləri”
Kinomanlar Martin Skorsezenin hər yeni filmini həyəcanla gözləyirlər.
Əgər layihədə onun iki sevimli həmmüəllifi – Leonardo Di Kaprio və Robert De Niro iştirak edirlrsə... ajiotajın səviyyəsi bir az da yüksəlir.
Hər şeydən əlavə, Di Kaprio “Çiçəkli ayın qatilləri”ni artıq şedevr adlandırıb, sosial şəbəkələrdə isə əsərin gələn il “Oskar” alacağını proqnozlaşdırırlar.
Film amerikalı jurnalist və yazıçı Devid Qranın kitabı əsasında çəkilib. Süjet Oklahoma ştatında yaşamış osece hindu qəbiləsinin 1920-ci illərdə başına gələn real hadisələrdən bəhs edir.
Ocecelər neft yataqları kəşf edirlər və sürətlə zənginləşirlər. Amma sonra bir-birinin ardınca öldürülürlər və FBI böyük miqyaslı istintaqa başlayır.
Filmin amansız uzunluğuna baxmayaraq (3 saat 26 dəqiqə), Skorseze onun kinoteatrlarda baxmaq üçün nəzərdə tutulduğunu deyir: “Bu film böyük ekran üçündür. Biz onu məhz belə yaratmışıq və bunu özünüz görəcəksiniz”.
Kann festivalı mayın 16-dan 27-ə qədər sürəcək.
Bu dəfə müsabiqədə rekord sayda qadın rejissorun əsərləri iştirak edəcək: onların sayı altıdır.
Keçən il “Qızıl palma budağı”nı “Kədər üçbucağı” filmi - isveçli Ruben Estlundun dəbdəbəli yaxtada eksklüziv kruizə yollanan çox zəngin adamlardan bəhs edən satirik qara komediyası aldı. Bu, Estlundun Kanda ikinci qələbəsi idi və o, bu il festivalın jürisinə rəhbərlik edir.
Mənbə: BBC
Tərcümə: Yadigar Sadıqlı
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Sosial Media
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür