Sosial

Polisə aparılan feministlər: "Təhqir edir, işgəncə verirdilər"

 

Roza Məmmədova
9 Mart, 2021
1585

Toplum.TV

“Bizə belə deyirdilər: “Qadın kimi davranın”, “Bizim vaxtımızı alırsınız”, “Elə eləmə ki, mənim beynim çönsün, onda yaxşı olmaz””

Qadınların etiraz yürüşü - qadın qətllərinə etiraz edən feministlər, aksiyanın polis tərəfindən dağıdılması, iştirakçıların həbsi, plakatı cırmaq üçün tullanan polis əməkdaşı. Bunlar dünənki “8 Marş”dan sonra yadda qalanlardır.

Martın 8-də Bakıda aksiya keçirən feministlər polis tərəfindən saxlanıldıqdan sonra müxtəlif fiziki və psixoloji təzyiqlərə məruz qaldıqlarını deyirlər.

Onlar bildirirlər ki, ümumlikdə 25 aksiya iştirakçısı saxlanılaraq müxtəlif polis bölmələrinə aparılıb.

Buraxılandan sonra bir neçə aksiya iştirakçısı həkimə müraciət edib.

Bu günsə Nərmin Şahmarzadənin “Feysbuk” profili ələ keçirilib və adı dəyişdirilib.

Bu barədə “Toplum TV”-yə o özü məlumat verib.

“Hətta mənim adımdan “Feysbuk” rəhbərliyinə şəxsiyyət vəsiqəmin surətini də göndəriblər ki, profilimi bərpa edə bilməyim” - Şahmarzadə belə deyib.
Onun sözlərinə görə, aksiyanı dağıtmağa gələn polislər iştirakçılarla kobud rəftar ediblər: “Təkcə məni iki dəfə polis şöbəsinə apardılar. Orada deyirdilər ki, vaxtımızı almayın, qadın kimi davranın”.

Aksiyada saxlanılan Sevgi İsmayılbəyli də təhdid olunduğunu deyib: “Mülki geyimli şəxslər qolumdan yapışaraq üstümə qışqırdılar, məni təhdid etdilər”.
S.İsmayılbəyli qeyd edib ki, onu saxlayanlardan kim olduqlarını soruşsa da, həmin şəxslər özlərini təqdim etməyiblər: “Qışqırıb yaxınlıqdakı dostlarımı köməyə çağıranda təkrar təhdid etdilər. Sonra məni və yanımdakı 3 nəfəri taksiyə mindirdilər. Soruşdum, siz kimsiniz, bizi hara aparırsınız. Dedilər, biz heç kimik, çatanda görərsən. Yol boyu bizi təhdid edir, adımızı soruşurdular. Cavab verməyəndə deyirdilər ki, nə edək, indi sizi təpiyimizin altına salaq? Yəni belə ifadələr işlədir və kobud davranırdılar”.

Sevgi İsmayılbəyli - Sosial Media

Aksiya iştirakçısı söyləyir ki, bölmədə polislər qəsdən onları gözlədiblər: “Bizə gül verən yerdə videoya çəkmək istəyirdilər. Gizlincə kameranı açıb “Gül verin xanımlara” dedilər. Yalnız mən “Nə haqla icazəsiz çəkirsiniz?” deyə qışqırandan sonra söndürdülər. Güldən də qəti şəkildə imtina etdik”.


İctimai fəal Rəbiyyə Məmmədova isə polis zorakılığına məruz qaldığını özünün sosial media hesabında yazıb və aldığı xəsarətlərin fotogörüntüsünü paylaşıb: “Aksiyada iştirak etməyə gedəndə qırmızı işıqda özlərini “Qoroddel”in işçiləri kimi təqdim edən 3 mülki geyimli şəxs məni taksidən düşürdü. İradəmin əksinə olaraq məni başqa maşına mindirib 37 saylı polis bölməsinə apardılar. Polis şöbəsində bildim ki, məni oğurlayanlar polislər imiş”.

Rəbiyyə Məmmədova - Sosial Media
Sosial Media

R.Məmədova yazır ki, polis tərəfindən ona zorakılıq edildiyi üçün təcilli tibbi yardım maşını ilə 3 saylı Sabunçu xəstəxanasına aparılıb. Xəstəxanada ona sol qolun əzilməsi, qırtlaq travması, sağ qulağın zədəsi və qismən eşitməni itirməsi diaqnozu qoyulub.

Aksiya iştirakçısı İzolda Ağayeva da zorakılığa məruz qaldığını, fiziki təzyiqlərin gözlənilən olduğunu deyir: “Şikayətlənmək belə gülünc gəlir, çünki biz polisin yaxşı hazırlaşdığını təxmin edirdik. Amma heç bir müqavimət göstərmədiyim, hətta öz iradəmlə polis maşınına tərəf getdiyim halda, onlar mənimlə sanki bir terroristi, cinayətkarı tutublarmış kimi davranırdılar”.

İzolda Ağayeva - Sosial Media

Aksiyanın təşkilatçılarından Jalə Bayramova da zorla Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə aparıldığını və orada işgəncəyə məruz qaldığını bildirib: "Bölmədə deyirdilər ki, sizin yiyəniz yoxdur? Daha sonra cavan bir polis içəri girib bizi söyməyə başladı. Başqa biri isə məni təpikləyirdi. Digər polislərin və Gülnarə Mehdiyevanın müdaxiləsindən sonra məndən əl çəkdi. Necə döyüb və çəkişdiriblərsə, ağrıları bütün bədənimdə hiss edirəm”.

Jalə Bayramova

J.Bayramova bədənin müxtəlif hissələrində cızıq və qızarıqlar olduğunu, dizinin göyərdiyini və şişdiyini bildirib.

Toplum.TV

 

Sosial

Bakı gələn mövsüm “Formula 1” sprint yarışı keçirmək niyyətindədir

Roza Məmmədova
19 May 2022

açıq mənbədən götürülüb

Növbəti mövsüm təklif olunan altı sprint yarışından biri Bakıda keçirilə bilər. “Reuters”in məlumatına görə, bu barədə mayın 16-da "Formula 1" üzrə Azərbaycan Qran Prisinin promouteri Arif Rəhimov jurnalistlərə müsahibə verib. "Mən sprint yarışlarını çox sevirəm, bu yarışlar oyunlara daha çox həyəcan qatır”, - deyən promouter iyunun 12-də keçiriləcək “Formula 1” ilə bağlı müzakirənin gündəmində bu məsələnin də olduğunu bildirib. “Gələn il sprint yarışını Bakıda keçirməkdən şad olaram. Ümid edirəm ki, 6 yarışdan biri Bakıda keçiriləcək. Mən bu ideyanın qızğın tərəfdarıyam. Yeniliklərin müsbət təsir edəcəyini düşünürəm. Əks təqdirdə oyunlar darıxdırıcı olur, insanlar eyni formata çox öyrəşir və sonra maraqlarını itirirlər”, - deyə o...
Sosial

Azərbaycanda yoluxma artdı

19 May 2022

açıq mənbədən götürülüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 19-a olan məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 792 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 936 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 49 nəfərdir. Ölkədə son sutka ərzində 2 964, hazırkı dövrədək isə 6 865 181 test aparılıb.

Seçilmiş Videolar

Toplum TV loqo