“Poz qazan” satıcısı: “Mən hələlik çox pul udan görməmişəm”
Toplum TV
“Sosial problemlər, işsizlik “Poz qazan”-nı əhalinin son ümidinə çevirib”
“Ümidlə piştaxtaya yaxınlaşanlar təəssüflə uzaqlaşırlar", - “Poz qazan” ani lotereya bileti satan Əhməd Fikrətov belə deyir.
“Poqazan” adamları necə cəlb edir?
“Poz qazan” lotereyasının üzərində “Qızıl” və “Bonus oyunu” xanaları əks olunub. Üstüörtülü “qızıl külçə”-lərin qoruyucu səthini pozduqda üç ədəd eyni məbləğ əks olunarsa, bilet uduşlu sayılır.
“Bonus oyunu” xanasını pozduqdan sonra *PUL* işarəsi əks olunarsa bilet uduşlu sayılır və xananın altındakı məbləğ qazanılmış olur.
Son aylarda “Poz qazan” alanların sayı çoxalıb. Şəhərin bir çox hissəsində, xüsusən metrostansiyalarının çıxışlarında lotereya piştaxtası görə bilərik. Bəzi piştaxtalar 10 metrdən bir yerləşdirilib.
“28 may” metrosunun çıxışında 5 lotereya piştaxtası görmək mümkündür. Hər birinin önündə eyni mənzərə: alıcılar “Poz qazan” biletindəki xanaları gözlərində böyük ümidlə pozurlar.
Bir nəfər yaxınlaşıb, 5 manat uzadıb bir ədəd “Poz qazan” alır, 4 manatı cibinə qoyur. Biletdəki xananı pozur, heç nə udmur, yenidən birini də alır. Bu, bir neçə dəfə təkrarlandıqdan sonra alıcı 5 manat uduzur və təəssüflə piştaxtadan uzaqlaşır.
“25 min lazım deyil, 10 min udum borcumu verim”
Əhməd Fikrətovün sözlərinə görə, o lotereya satsa da, “Poz qazan”a ümid bağlayıb onu pozmur.
O, əvvəllər bu qədər alıcı olmadığını deyir: "Səhərdən-axşama kimi o qədər xəyallar eşidirəm. Hərə bir xəyal qurur. Biri deyir ki, 25 min udsam evdəkiləri götürüb xaricə gedərdim, o biri deyir ki, 25 min lazım deyil, 10 min udum borcumu verim. Ancaq mən hələlik o qədər pul udan görməmişəm. Digər satıcılarda olub, amma məndə olmayıb”.
Satıcı bir müşahidəsini də bölüşür: “Alanların çoxunun öz totemi var. Biri lotereyadakı hərflərdən guya uduş olub-olmadığını bilir, digəri altda yazılan rəqəmlərdən.
Bunu da deyim ki, bura yaxınlaşaların içində bahalı maşından düşən görməzsiniz. Çoxu elə gündəlik 25-30 manata işləyənlərdi".
“Geci-tezi var. Bir gün məndə tutarlı məbləğdə pul udacam"
Piştaxtanın kənarında düzülənlər bir-birini izləyir. Biri udanda başqaları sevinsələr də, sonra təəssüflə "kaş o bileti mən alardım" deyirlər.
Alıcılardan biri deyir ki, o, “Poz qazan”-ı hər həftənin ikinci günü alır: "Əvvəl hər gün 4-5 manat uduzurdum. Sonralar mənə elə gəldi ki, ancaq ikinci günlər uğurlu olur. Ona görə də bir aydır 5 manat verib 5 ədəd alıram. Bəzən olur ki, kartlardan bir-iki manat uduram. Pulu götürüb getmirəm. Yenidən alıb, pozuram. 10 manat udmasam getmirəm. Ya 5 manat uduzmalıyam, ya da ən az 10 manat udmalıyam. Geci-tezi var. Bir gün məndə tutarlı məbləğdə pul udacam", - adını söyləməyən alıcı əminliklə söyləyir.
“Televiziyaya çıxırdı ki, filankəs filan məbləği və ya maşını udub”
Piştaxta ətrafına toplaşanların öz aralarında etdikləri söhbətlərdən kiminsə qohumunun, kiminsə tanışının böyük məbləğdə pul qazandığını eşitmək olur.
“Poz qazan” alanların içərisində cavanlarla yanaşı yaşlılara da rast gəlmək olur. Təxminən 55-60 yaşı olan Fikrət dayı deyir ki, əvvəllər daha maraqlı idi: "Biz “Poz qazan” almırdıq. Biz əvvəl "Ailə sevinci", "Sportloto", "Bingo" lotereyaları alıb evə gedirdik. İki-üç dənə alırdım, səbirsizliklə udmağı gözləyirdim. Həm də bayramlarda hamı alırdı. Hətta bəzən tapmaq olmurdu. Udanlar da olurdu. İndiki kimi “Qonşum uddu” demirdilər. Televiziyaya çıxırdı ki, filankəs filan məbləği və ya maşını udub. İndi burda alırsan, burda da uduzursan".
“İş yerləri az olan ölkələrdə əhalinin kasıb təbəqəsində belə bir ümid yaranır”
İqtisadçı Natiq Cəfərli söyləyir ki, lotereyanın qiymətinin 1 manat olması onu daha da cəlbedici edir: "İqtisadi baxımdan heç bir təsiri yoxdur. Arzu, istək və ümidlə bağlı olan bir məsələdir. Səhv bilmirəmsə, 40 milyon ədəd “Poz qazan” buraxılıb. Azərbaycan əhalisini nəzərə alsaq bu kifayət qədər böyük ədəddir. Qiyməti də ucuzdur. İnsanlarda ümid var ki, 1 manata müəyyən dərəcədə öz maliyyə məsələlərini həll edə bilərlər. İş yerləri, iqtisadi fürsətləri az olan ölkələrdə əhalinin kasıb təbəqəsində belə bir ümid yaranır. Hekayəsi də geniş yayılır. Kiminsə qohumu, tanışı udur. Dildən-dilə, ağızdan-ağıza keçərək yayılır ki, burda udmaq mümkündür".
"Sosial faciənin göstəricisidir"
Sağlam Cəmiyyat Hərakatının eksperti, sosioloq Elçin Bayramlının qənaətincə, kasıb əhali son ümid olaraq “Poz qazan”a üz tutur: "Son 1-2 ayda mən də prosesi müşahidə edirəm. Sanki bütün əhali qəfildən hansısa bir qüvvənin məcburiyyəti ilə “Poz qazan”a üz tutur. Onu alanların 90%-i bilir ki, udmaq şansı çox azdır. Amma yənə də əl çəkmirlər. Belə bir proses 2000-ci illərin əvvəlində müşahidə olunmuşdu. O vaxt çox sayda lotereyalar çıxmışdı. Son nəticədə kütlə çox böyük zərərlə çıxdı. İnsanlar gördülər ki, ətrafındakılar çox böyük məbləğlər itirdilər".
E.Bayramlı deyir ki, əli hər yerdən üzülənlər, borclular ümidini möcüzəyə bağlayır. Onun sözlərinə görə, son vaxtlara qədər lotereya o qədər də aktual deyildi, “Poz qazan”a tələbin bu qədər artmasının səbəbi sosial ümidsizlikdir.
“Sosial problemlər, işsizlik, pensiyaların adekvat olmaması və gecikməsi “Poz qazan”-nı əhalinin son ümidinə çevirib. Son ümidləri qumara qalıb. Bir nəfər 10 min manat udanda o, 10 min nəfərin uduzmağı deməkdir. Sadəcə sosial vəziyyət insanları buna məcbur edir".
Sosioloq söyləyir ki, əvvəllər bu işlə şirkətlər məşğul olurdu: "Sonra dövlət gördü ki, burda yaxşı pul var, öz balansına keçirdi. Ona görə də dövlət bunun qarşısını almaqda maraqlı deyil. Qanunla da qadağan deyil".
"Azərlotereya" ASC ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı.
“Azərlotereya” ASC-nin səhifəsində qeyd olunan məlumata görə, satışa buraxılmış lotereya biletlərinin ümumi sayı – 60 480 000 ədəddir. Uduşlu biletlərin sayı – 13 674 988 ədəd, uduş fondunun məbləği – 38 244 160 (63,23%) manatdır.
5 661 360 biletdə 1 manat, 12 biletdə isə 25 min manat uduş var.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Sosial Media
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür