Sosial
Psixoloq Cəmilə Rəhimli: “Müharibədən sonrakı intiharlar gözlənilən idi”
11 Yanvar, 2021
Baxış: 191
Cəmilə Rəhimli
FOTO: Sosial media

Senytabrın 27-dən noyabrın 10-dək davam edən II Qarabağ müharibəsinin iki iştirakçısının intihar etməsi ictimaiyyətdə ciddi narahatlıq doğurdu və müzakirələrə səbəb oldu. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə müharibədən zərər görmüş insanlara psixoloji dəstək məqsədilə "Psixoloji dəstək xətti” xidmətini yaratdığını açıqladı.

"Toplum TV” intiharlar, onları önləmək üçün atılacaq addımlar və nazirliyin təklif etdiyi xidmətlə bağlı psixoloq Cəmilə Rəhimli ilə danışıb.

- Cəmilə xanım, müharibə iştirakçılarının intiharı barədə nə düşünürsüz? Sizcə, onları önləmək mümkündürmü?

- Əslində, müharibədən sonra belə halların olacağı gözlənilən idi. Bu, bütün ölkələrdə rast gəlinən hadisədir. Savaş meydanında ölümlə qarşı-qarşıya gələn bütün insanlarda psixoloji travmalar, posttravmatik stres pozuntusu yarana bilir. Onlar döyüş səhnələrini fikrən təkrar-təkrar yaşayırlar və bu o qədər dözülməz həddə çatır ki, gözlərinin önündə canlanan o səhnələrin ağırlığından qurtulmaq üçün intihara əl atırlar. Digər ən çox rastlanan halsa həm hücum edən tərəf olmaqdan, həm də dostlarının dəhşətli ölümünü görməkdən qaynaqlanan günah hissinin yaranmasıdır. Bu şəxslərdə yaranan ümidsizlik və çarəsizlik hissi də posttravmatik stres pozuntusunun əlamətlərindən biridir. 

Belə halların önlənməsi, təbii ki, mümkündür. İntihara hazırlaşan insanların hər biri sözdə olmasa da, davranışları ilə bunu ifadə edir. Gizlətmə meyli ola bilər, amma yetərincə diqqətli dəyərləndirildiyi zaman anlamaq olur. Bunun üçün həmin şəxsdə gələcəyə dair ümidlərinin, müharibədən sonra günahkarlıq və çarəsizlik hissinin olub-olmadığını müəyyənləşdirmək lazımdır. Belədə intihar riskini təxmin etmək və önləmək mümkün ola bilər. İnsanın problemləri həll etmə qabiliyyətinin , rasional düşünmə bacarıqlarının zəif olması və gərəkli dəstəyi ala bilməməsi onu intihara sövq edir. Ona görə də mütləq şəkildə kənar dəstək olmalıdır ki, şəxs  intihar fikrinin məhz çarəsizlik duyğusuna görə yaranmasının fərqinə vara bilsin.

- Müharibədə iştirak edib psixoloji baxımdan zədə almış insanlarla bağlı hansı addımlar atılmalıdır? Onların hamısına necə kömək etmək olar?

- Müharibədə iştirak etmiş hər bir şəxsin psixoloji dəstək alması zəruridir, çünki müharibənin yaratdığı travmalar uzun müddət davam edir. Bu da onların özlərinə və digər insanlara münasibətlərinə, həyata baxışlarına münasibətlərinə təsir edir. Vaxt və resurs limitini nəzərə alaraq onlar üçün qrup terapiyaları təşkil oluna bilər. Dəstləkləyici bir qrupun olması müharibədə yaşadıqlarını bir-birlərilə bölüşmələrinə və hissizləşmə halının yaranmasına kömək edə bilər.
 
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibədən zərərçəkənlər üçün onlayn "Psixoloji dəstək xətti” yaratdı. Nazirliyin təşəbbüsü ilə bir neçə ailəylə görüşlər də keçirilmişdi. Nəzərə alsaq ki, qazilərdən biri xəstəxanada intihar etmişdi, bunları yetərli hesab etmək olarmı?
 
- Əlbəttə ki, dəstək xətti də, görüşlər də faydalıdır, amma yetərli olduğunu düşünmürəm. Posttravmatik stres pozuntusu olan insanlarla görüş ən az 8-12 seansı əhatə edir. Belə şəxslərə həm psixoatrik müayinə, həm dərman təminatı, həm də psixoloji dəstək zəruridir. Travma yaratmış anları təkrar-təkrar xatırlamaq şiddətli bir təşviş hissi yaradır. Bu təşvişin keçməsi üçün davranış, hiss və düşüncə dəyişimini əhatə edən 8-12 seanslıq terapiya kursu keçirilməlidir. 

- Hazırki şərtlərdə Azərbaycanın bu problemi həll etmək potensialını necə qiymətləndirirsiz? Bunun üçün ölkəmizdə yetərli sayda psixoloq varmı? Onların bu işə cəlb edilməsi, sarsıntı keçirən insanların aşkarlanması və onlara yardım edilməsi işlərini sistemli şəkildə həyata keçirmək imkanı varmı?

- Psixoloqların sayı baxımından Azərbaycanın bu problemi çözmə potensialını qənaətbəxş hesab edirəm. Çünki ölkəmizdə travma sonrası stres pozuntularında ən effektiv üsul sayılan terapiyaların təlimləri keçirilir. Bu təlimlərdə xarici mütəxəssislərin iştirakını təmin edən müəyyən dərnəklər və mərkəzlər var. Bu sahə üzrə təlim almış təcrübəli kadrlarımız kifayət qədərdir. Düzgün təşkilatlanma sayəsində onların bu işə cəlb edilməsi və travma alan şəxsləri gərəkli dəstəklə təmin olunması mümkündür. Bunun üçün ilk növbədə bir qrup yaradılmalıdır. Vəziyyəti araşdıracaq, ilkin dəyərləndirmə apara biləcək, tibbi dəstəyi təmin edə biləcək psixoloqlar, psixiatrlar və sosioloqlar həmin qrupda yer almalıdırlar. Bu komanda psixoloji dəstəyə həqiqətən ehtiyacı olan şəxsləri müəyyənləşdirilərək onların düzgün dəstək almalarını təmin edə bilər.

Nigar Səmədli

Sosial

Laçın dağlarında qulluq edən hərbçilər maaşlarının azaldılmasına etiraz edirlər

Roza Məmmədova
22 Yanvar 2021
"Cənab Ali Baş komandan, ordunun zabit, gizir, MAXE-ləri adından sizdən xahişim var. Laçında qulluq etdiyimiz halda, maaşlarımız tək qata salınıb. Bu şəraitdə bir qat maaşla xidmət etmək düzgün deyil”. Özünü təqdim etməyən hərbçinin sosial şəbəkədə yayılmış videomüraciətində belə deyilir. 2020-ci il dekabrın 24-də prezident hərbi xərclərin artırılması təşəbbüsü ilə çıxış etmişdi: "Mənim təşəbbüsümlə hərbi xərclər artırılır. İlk növbədə ona görə ki, müharibə zamanı biz bir çox silah-sursatdan istifadə etdik, onları bərpa etmək lazımdır. Eyni zamanda, müasir texnikanın bundan sonra da alınması nəzərdə tutulur. Bundan sonra da ordumuzun müasirləşdirilməsi, ordumuzun döyüş potensialı, ordumuzun peşəkarlığı daim diqqət mərkəzində olacaq". 2021-ci ilin dövlət...
Sosial

Koronavirus statistikası: Azərbaycan

22 Yanvar 2021
Azərbaycanda son sutkada koronavirusa 280 yeni yoluxma faktı qeydə alınıb, 632 nəfər müalicə olunaraq sağalıb. Bu barədə yanvarın 22-də Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. 11 nəfər isə koronavirusdan vəfat edib. İndiyədək ölkədə ümumilikdə 228 526 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 219 019 nəfər müalicə olunaraq sağalıb, 3064 nəfər vəfat edib. Hazırda 6 443 aktiv xəstə var. Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 144, bu günə qədər isə ümumilikdə 2 347 951 test icra olunub.
Seçilmiş Videolar