“Qadının qolu, qıçı, başı kəsilməmiş heç kəs heç nə etmir”
Açıq mənbələrdən götürülüb
Mehriban Zeynalova: “Şiddət görən qadınların təhlükəsizliyini təmin etmək qurumların prioriteti olmalıdır”
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sığınacaqda qalan qadınların həyatının təhlükədə olduğunu deyir.
Bu barədə “Toplum TV”-yə danışan sığınacaq rəhbəri qurbanların səmərəli müdafiəsinin təşkili üçün qanunvericiliyə yenidən baxılmasını tələb edir.
“Adətən bizə müraciət edən qadınların həyat yoldaşları aqressiv olsalar da, qanunlardan çəkindikləri üçün zorakılığı davam etdirmirlər. Amma elə hal olur ki, biz real təhlükənin olduğunu görürük. Və təhlükə dəf olunmayanadək qadınlar sığınacaqdan çıxa bilmirlər”.
M. Zeynalova danışır ki, bir müddət əvvəl sığınacağa əri tərəfindən döyülən qadın müraciət edib. Qadının əri onun sığınacaqda olduğunu öyrənəndən bəri həm qadına, həm də sığınacaq rəhbərliyinə təzyiqlər etməyə başlayıb.
“15 yaşında ərə verilən qadının 2 övladı dünyaya gəlib. Əri oğurluq və s. cinayətlərə görə həbs olunub, 13 il cəza alıb. Həbsdən çıxandan sonra qayınanası və əri qadının bütün əşyalarını, qızıllarını əlindən alıb evdən qovublar. Əri qızın qardaşının maşınını vurub, qızın başını yarıb, uşaqları lomla döyüb. Qadın polisə müraciət edəndən sonra kənd axundları, mollalar, qohumlar “barış, ərizəni götür” deyə, təyziq ediblər. Qadın məcbur olub ərizəni götürəndən sonra acımasız şəkildə yenidən döyülüb. Qardaşı məcbur qalıb onu sığınacağa yollayıb. Qadının hazırda başında 7 tikiş, qolunda, üzündə yara izləri var”.
M. Zeynalovanın dediyinə görə, bununla kifayətlənməyən ər sığınacaq barədə şayiələr yayır və rəhbərliyə təzyiqlər göstərir ki, arvadını burdan apara bilsin.
“...öz təhlükəsizliyindən özün cavabdehsən”
Sığınacaq rəhbəri məsələylə bağlı Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdiyini bildirib.
“Hazırda müraciətə baxılır, amma qanunvericilik müddət məsələsi qoyduğu üçün çevik hərəkət etmək mümkün deyil. Milli fəaliyyət planında qurbanların səmərəli müdafiəsinin təşkili məsələsində çevik qərarlar qəbul etmək lazımdı. Məsələn, ona hansısa məhduddiyyətlər qoyulmalı, ayağına elektron qandal bağlanmalıdır, amma bizdə belə mexanizmlər yoxdur”.
M. Zeynalova söyləyir ki, qurumlara rəsmi müraciət edəndə onlar 1 ay araşdırma aparırlar. Belə olan halda da 1 ay ərzində qurbanın başına nələr gələcəyini bilmək olmur: “Biz istəyirik ki, operativ, çevik dəstək yaradılsın, səmərəli müdafiənin təşkili məhz təhlükəsizliyin təminatından başlayır. Nazirlik, prokurorluq materialları yoxlayır. Amma ortada bir nəticə yoxdur. Qadın xəsarət almayıb deyə, hüquq-mühafizə orqanları tədbir görə bilmirlər. Yəni ki, qadının qolu, qıçı, başı kəsilməmiş heç kəs heç nə etmir”.
M. Zeynalova danışır ki, həyatı təhlükədə olan qadınların sığınacaqdan çıxıb çölə, işə getmələri onları hər dəfə narahat edir: “Qadının uşağı var, işə getmək, pul qazanmaq istəyir. Belə olanda biz ərizə yazdırırıq ki, öz təhlükəsizliyindən özün cavabdehsən. Çünki əgər pis bir hadisə baş versə, deməyəcəklər ki, mexanizm yoxdur, deyəcəklər ki, filan təşkilat qadını müdafiə edə bilmədi”.
Onun dediyinə görə, qadınların həyati təhlükəsi hətta sığınacaqdan çıxandan sonra da davam edir: “Əri tərəfindən zorakılıq görən bir qadın var idi, sığınacaqdan çıxandan sonra anası onu məcbur elədi ki, əriylə barışsın. Düz iki il sonra həmin ər o qadını 2 uşağının gözü qabağında öldürdü. Yəni şiddət görən qadınların təhlükəsizliyini təmin etmək qurumların prioriteti olmalıdır”.
Dövlət Komitəsi operativ tədbir gördüklərini deyir
Xatırladaq ki, Prezident İlham Əliyev 2020-ci ildə “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün” Milli Fəaliyyət Planını təsdiq edib.
Planın məqsədləri arasında məişət zorakılığından zərər çəkmiş şəxslərin səmərəli müdafiəsi sisteminin formalaşdırılması da yer alıb.
Bu qaydalar isə məişət zorakılığından zərər çəkmiş şəxslərə zəruri yardım göstərilməsi, təhlükəsizlik tədbirlərinin görülməsi, mühafizə orderlərinin verilməsi, məişət zorakılığı törətmiş şəxslərin qeydiyyata alınması və onlarla tərbiyəvi qabaqlayıcı işlərin aparılması, zərər çəkmiş şəxslərin və onların ailə üzvlərinin təhlükəsizliyinin təmin olunmasını mümkün edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlunun sözlərinə görə, məişət zorakılığına məruz qalan şəxsə əvvəlcə qısamüddətli, lazım olduğu halda isə uzun müddətli mühafizə orderi verilir.
“Sığınacaqlar bu məsələlərlə bağlı bizə dəfələrlə müraciət ediblər. Onlar olmasa belə, məişət zorakılığına məruz qalan şəxslərlə bağlı biz məlumat alan kimi aidiyyəti üzrə, Daxili İşlər Nazirliyi, Baş Prokurorluğa məktub göndəririk”.
Mətbuat katibinin sözlərinə görə, zorakı şəxsə qarşı da qanun çərçivəsində məhdudiyyətlər qoyulur: “Zorakı şəxs barədə məlumatlar Daxili İşlər Nazirliyinə göndərilir. Əgər kişi həyat yoldaşına qarşı şiddət tətbiq edirsə, məsələ araşdırılır, həmin şəxslə profilaktik söhbətlər aparılır, ehtiyac yaranarsa, psixoloqla görüş təyin edilir. Bununla bağlı 11 rayonda ailələrlə dəstək mərkəzlərimiz var”.
Mətbuat katibi M. Zeynalovanın dedikləri ilə razılaşmır, onun sözlərinə görə, məsələdən xəbər tutan komitə zorakı şəxsə qarşı dərhal tədbir görməyə başlayır.
açıq mənbədən götürülüb
Getty Images
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”