Sosial

Qadınlar 8 mart haqqında: “Bayram yada düşmür”

Aytac Məmmədli
8 Mart, 2021
1386

Turan

“İndi insanların çiyni problemlərdən elə əyilib, ürəyi kədərdən elə yüklənib ki, bayram yada düşmür”. 

Bu sözləri “Toplum TV”-yə "Azadlıq" qəzetinin əməkdaşı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Səadət Cahangir deyir. 

Artıq 110 ildir ki, martın 8-i Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. BMT də bu günü bu statusla tanıyıb.   

İlk dəfə 1857-ci il martın 8-də ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın az maaşlara, uzun iş saatına, pis iş şəraitinə etiraz olaraq tətil ediblər. 

51 il sonra qadınlar yenə eyni şəhərdə, yenə eyni tələblərlə meydanlara çıxıblar - 1908-ci il martın 8-də  Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı ilə 15 min qadın daha qısa iş saatı, kişilərlə bərabər əmək haqqı və səsvermə hüququ üçün nümayiş keçirib. Həmin tədbirdə ilk dəfə olaraq dekret icazəsi istəyən qadınların şüarı "Çörək və Gül" idi.

1910-cu ildə Qadın Sosialist İnternasionalının Kopenhagendə keçirilən qurultayında  alman sosialisti Klara Setkin 1857-ci il tətilində yandırılaraq öldürülən 129 qadın işçinin xatirəsinə hər il 8 martın Dünya Qadınlar Günü kimi tanınmasını təklif edib.

Azərbaycanda qadınlar bu günü necə qeyd edir? 

“Toplum TV”-yə danışan azərbaycanlı fəal xanımların çoxu 8 martda bayram ovqatında olmadıqlarını deyiblər.  

Səadət Cahangir - Sosial Media

Səadət Cahangirin fikrincə, qadın xoşbəxtliyinin ilkin şərti azad və hüquqi cəmiyyətin yaradılmasıdır və hər bir Azərbaycan qadını bunun üçün mübarizə aparmalıdır: “8 mart uzun müddət həyatımızda bayram ovqatı ilə yaşanmış bir gündür. Təbii, əvvəlki dövrdəki kimi olmasa da, yenə o ovqatdan nələrsə qalıb. Amma uzun illərdir ölkədə mövcud olan qeyri-demokratik mühit, cəmiyyətdəki problemlər, ətrafımızda  baş verən kədərli hadisələr o ovqatı soyudur”. 

Yazarın sözlərinə görə, qadınların daha xoşbəxt olduğu dövlətlər siyahısında azadlıq və insan haqlarının ən böyük dəyər sayıldığı ölkələr öndə dayanır: “Angela Merkeli o səviyyəyə gətirən inkişaf etmiş alman cəmiyyətidir, Kamala Harrisin yüksək karyera yolunu açan Amerika cəmiyyətidir. Azərbaycan kimi ölkələrdə istedadlı, savadlı, fəal qadınların haralarda olduğuna, hansı məşəqqətlərlə üzləşdiyinə baxın! Azad cəmiyyətdə öz yerini tutmaq, insan kimi yaşamaq, karyera qurmaq və bayramları bayram kimi yaşamaq hər bir qadının haqqıdır. Məncə, Azərbaycan qadını bunu hamıdan çox haqq edir”.

Samirə Ağayeva - Sosial Media

Hüquq müdafiəçisi Samirə Ağayeva 8 martda bayram ovqatında olmadığını, hətta bu bayramı sevmədiyini deyir. O, ölkədəki qadınların daha təhsilli, daha savadlı, mədəniyyətə daha bağlı olmağını istəyir. 

“Qadınların məqsədi  təkcə ailə qurmaq və uşaq doğmaq olmamalıdır, onlar cəmiyyətə daha çox fayda verəcək işlər görməlidirlər. Onların vicdanlı vətəndaş böyütməsi çox vacibdir. Qadın hər zaman birləşdirici və sülhsevər olub” – hüquq müdafiəçisi qeyd edir. 

Vəfa Nağı - BBC

Feminist, ictimai fəal Vəfa Nağı da 8 martı bayram kimi deyir ki, bu günü bayram etmək ədalətsizlikdir: “8 mart qadın haqları uğrunda mübarizə günü kimi tarixə düşüb. Bu haqlar uğrunda hələ də savaş var və mübarizə davam edir”. 

Günel Səfərova - Sputnik 

“Vətəndaş” İctimai Birlyinin sədri Günel Səfərova da bu il xüsusi bayram ab-havasında olmadığını bildirir: “Müharibədə qalib tərəf olsaq da, bayram qeyd etməyə şəhid ailələrindən utanıram. Həm də Azərbaycanda qadın hüquqları o qədər çox pozulur ki, 8 martı bayramdan çox mübarizə günü kimi qiymətləndirirəm”.

Zümrüd Yağmur - BBC

Yazıçı-publisist Zümrüd Yağmursa  uzun illərdir 8 martı bayram kimi qeyd etmir: “Əvvəllər bu daha çox şəxsi səbəblərdən qaynaqlanırdısa, son  illərdə daha çox həmin tarixə yeni bir baxışın yaranması ilə bağlıdır. Yaşadığım ölkədə qadınlar qətlə yetirilir, şiddətə məruz qalır və biz toplum olaraq buna seyrçi qalırıqsa, hətta bəzən dəstəkləyiriksə, demək, ortada  bayram ediləcək durum yoxdur. Məncə, bu gün bizim üçün bayram yox, əksinə, haqlarımız üçün mübarizənin davamlı olmasının vacibliyini xatırladacaq gün olmalıdır”.

Sahilə İbrahimova - Sosial Media

Ancaq bayram ab-havasında olanlar da var. Yazıçı Sahilə İbrahimova hər gün bayram ab-havasında olduğunu söyləyir: “Mən hər gün 8 mart ovqatındayam.

Çünki feminizmi, qadın-kişi bərabərsizliyi uğrunda mübarizəni dəstəkləyirəm”. 

 

Sosial

Beş uşaqlı analara beş il pensiya güzəşti 

Roza Məmmədova
Vüsalə Mikayıl
29 İyun 2022

Açıq mənbələrdən götürülüb

Ölkə başçısı İlham Əliyev “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərdən sonra beş və daha çox uşaq dünyaya gətirən analar beş il daha tez pensiyaya çıxa biləcəklər. Bu, uşaqları övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlara da şamil ediləcək. Cəmi 960 nəfər Qanunla artıq təkbaşına beş övlad və ya sağlamlıq imkanları məhdud uşaq böyüdən ataların da tez təqaüdə çıxması mümkün olacaq. Bu qanun ana vəfat etdikdə, nikaha xitam verildikdə, ana valideynlik hüququndan məhrum edildikdə növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək uşaq böyüdən atalara aid ediləcək. Rəsmi məlumatlara görə, bu dəyişiklik pensiyaçıların sayında...
Sosial

Ramin Hacılı aclıq etdiyini, özünü yaxşı hiss etmədiyini deyib, hakimsə...

Leyli Cəfərova
29 İyun 2022

Açıq mənbələrdən götürülüb

İyunun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Ramin Hacılının məhkəməsi davam edib. Məhkəmə iclası başlayan kimi hakim Azad Məcidov müttəhimə ötən məhkəmə iclasındakı davranışına görə xəbərdarlıq edib: “Vurub şüşəni çatlatmısınız, düzəldiblər. Dövlətin əmlakıdır, növbəti dəfə belə hərəkətlərə yol versəniz, qanuna uyğun tədbirlər görəcəyik, sizi məhkəmə iclaslarında iştirakdan məhrum edəcəyik, bir də hökm elan olunanda iştirak edə biləcəksiniz”. Ramin Hacılı isə cavabında deyib: “Mən ölüm aclığına başlamışam və artıq 5 gündür ki, özümü yaxşı hiss etmirəm, məhkəmə iclasını təxirə salmağınızı xahiş edirəm”. Hakim bildirib ki, qanunvericiliyə görə, təqsirləndirilən şəxsin yalnız xəstəliyi ilə əlaqədar vəziyyəti ağırlaşarsa, məhkəmənin təxirə salınması mümkündür. “Qanunvericilikdə belə şey...

Seçilmiş Videolar

Toplum TV loqo