Toplum TV
Bakının mərkəzində, dövlət qurumlarının, Şəhidlər Xiyabanının iki addımlığında bir məzarlıq var. Bura 1948-ci ildə salınmış Birinci Fəxri Xiyabandır.
Azərbaycanın şair-yazıçılarından, mədəniyyət, elm, dövlət xadimlərindən, Sovet İttifaqı Qəhrəmanlarından bəziləri burda dəfn edilib.
Sovetlərin gəlişindən öncə qətlə yetirilən kommunistlərdən bir neçəsinin, şura hökumətinin qurulmasında iştirak edən bolşeviklərin, yüksək vəzifəli partiya işçilərinin də bir qismi burda torpağa tapşırılıb.
“Müsavat qatillərinin əli ilə öldürülmüş”
Onlardan Mirfəttah Musəvi, Həşim Əliyev, Qasım İsmayılov və başqalarının məzarı rastıma çıxır. Həmin qəbirlərin üzərinə “Müsavat cəlladları tərəfindən güllələnmiş”, “Sovet hakimiyyətinin qurulması uğrunda fəal mübarizə aparmış”, “Müsavat qatillərinin əli ilə öldürülmüş” kimi cümlələr qeyd olunub.
Bu məzarlar Xiyabanın nisbətən arxa hissəsindədir. Fəxri Xiyabanın girişindəsə əllərində gül dəstələri, əklil tutmuş bir dəstə adam var, içəridə isə səssizlik hökm sürür.
Girişdən bir-iki addım irəlidə Rəşid Behbudovun heykəli görünür, sanki gələnlərə qucaq açıb.
Yazıçı Yusif Səmədoğlunun başdaşı üzərinə “Yuxunuz şirin olsun, dirilər” cümləsi yazılıb, qardaşı Vaqif Səmədoğlununsa nə başdaşı var, nə də heykəli, şairin şeirindəki kimi - ora bir cüt ayaqqabı qoyulub.
Qara Qarayev, Ramiz Mirişli kimi bəstəkarların heykəlləri yoxdur.
2021-ci ildə burda bir neçə nəfər basdırılıb: Arxiyepiskop Aleksandr Bakinski, rəssam Tahir Salahov, memar Rasim Əliyev.
Fəxri Xiyaban Azərbaycan SSRİ Nazirlər Sovetinin 27 avqust 1948-ci il sərəncamı ilə yaradılıb. Onun salınması Mir Cəfər Bağırovun adı ilə bağlıdır.
İlk dəfə burda 1948-ci il noyabrın 23-də vəfat etmiş Üzeyir bəy Hacıbəyov dəfn edilib.
Daha sonra Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy Haqverdiyev, Həsən bəy Zərdabi, Hüseyn Ərəblinski, Süleyman Sani Axundov, Cabbar Qaryağdıoğlu və başqalarının qəbirləri Fəxri Xiyabana köçürülüb.
Azərbaycan SSR hökumətinin 1948-ci il 27 avqust tarixli sərəncamında deyilir ki, Fəxri xiyabının salınması xərcləri Neft Fondunun hesabına həyata keçirilib.
Heydər Əliyevin 24 saat mühafizə olunan məzarı
Fəxri Xiyabanda gəzdiyim ilk yarım saat ərzində bura gələn olmur. Amma az qala hər künc-bucaqda təmizlik işçiləri və polislər var. Xüsusilə Heydər Əliyevin məzarının yanında 2 mühafizəçi diqqət çəkir, onlar dayandıqları yerdən 2-3 metr uzağa getmirlər. Hətta biri uzaqlaşsa da, digəri mütləq yerində dayanmalıdır.
Onlardan biri özünü təhlükəsizlik orqanının işçisi kimi təqdim edir və heykəlin 24 saat mühafizə olunduğunu söyləyir: “İndi həftə içidir deyə, gələn çox deyil. Amma həftəsonları ulu öndəri ziyarət edənlər daha çox olur. Xüsusilə də şagirdlər, tələbələr və dövlət qulluqçuları daha tez-tez gəlirlər”.
Elə bu vaxt bayaqdan Fəxri Xiyabanın qarşısında güllə, əklillə gözləyən bir dəstə H. Əliyevin məzarı üstə gəlir. Onlardan biri deyir ki, “Böyük qayıdış” Gənclər Təşkilatının üzvləridirlər. Təşkilatlarının 1 ili tamamlanır, bu münasibətlə H. Əliyevin məzarını ziyarətə gəliblər.
Gənclərin arasında 44 günlük müharibənin iştirakçıları da var. Öncə döyüşçülər məzarın üzərinə əkil qoyub, baş əyirlər. Sonra isə digər gənclər sıra ilə məzarın üzərinə gül qoyub, baş əyib gedirlər.
Fəxri Xiyabanda ölkənin 2 keçmiş prezidenti – Heydər Əliyev və Əbülfəz Elçibəy dəfn edilib.
Əliyevin məzarı Xiyabanın mərkəzindədir, ətrafında başqa məzar, heykəl yoxdur. Yalnız ondan bir az qabaqda həyat yoldaşı Zərifə Əliyevanın və daha iki qohumunun - Əziz Əliyevlə Tamerlan Əliyevin heykəlləri var.
H. Əliyevin məzarının yan-yərəsi əklillər, gül-çiçəklərlə doludur.
“Burda Məmməd Əmin Rəsulzadənin məzarının olmasını istəyərdim, amma...”
Əbülfəz Elçibəyin məzarını çox axtarmağıma baxmayaraq təsadüfən tapıram.
Burda yanındakı uşağa nəsə izah edən bir nəfər gözümə dəyir. İbrahim adlı şəxs balaca qohumunu Xiyabana gəzdirməyə gətirdiyini söyləyir.
Onun dediyinə görə, ildə 2 dəfə Fəxri Xiyabanı mütləq ziyarət edir: “Daha çox Əbülfəz Elçibəyin məzarını ziyarət edirəm, bir də Bəxtiyar Vahabzadəylə Xəlil Rza Ulutürkün məzarlarını. Burda Məmməd Əmin Rəsulzadənin məzarının olmasını istəyərdim, amma bəzən də düşünürəm ki, Ankarada daha yaxşıdır. Onu yerindən narahat edib gətirmək xoş olmaz, çünki uzun illərdi ordadı və qorunur”.
O, burda dəfn olunan bolşevik məzarlarının yerinə cümhuriyyətçilərin məzarlarının olmasını istəyir.
“Könül istərdi ki, bolşeviklərin yerinə cümhuriyyətçilərin - Xoyskinin, Topçubaşovun məzarı olsun. Amma tarixi reallıqları danmaq olmur. Yaxın illərdə keçmiş xarici işlər naziri Tofiq Qasımov vəfat etdi, onu Xiyabana gətirmək olardı. Amma o, İsveçrədə dəfn olundu”,-deyə müsahibimiz təəssüflənir.
Amma İbrahim bunu da deyir ki, xalq tərəfindən sevilən insanların harda dəfn olunmasının bir əhəmiyyəti yoxdur: “Elçibəyin məzarı adi qəbiristanlıqda da olsa, ora insanlar gedəcək. Xiyabanın üstünlüyü kompleks olmasındadır. Məsələn, mən Ulutürkü ziyarət edəndə Vahabzadəyə də baş çəkirəm”.
Fəxri Xiyabanda gəzintiyə çıxanlar
Bir az irəlilədikdə Xiyabanın içində bir neçə qara paltolu adamlar gözə çarpır. Onlar məzarlara baxmır, sadəcə bir nöqtədən digər bir nöqtəyə doğru dümdüz irəliləyirlər. Diqqətimi çəkdikləri üçün onlara yaxınlaşdım, buranın işçisi olmadıqlarını, tələsdiklərini dedilər.
“Onlar “KQB”-nin işçiləridilər. Nahar vaxtı gəlib burda gəzirlər”, - Fəxri Xiyabanın təmizlik işçilərindən biri Hüseyn kişi mənə izah edir.
15 ildir burda işlədiyini deyən Hüseyn kişi danışır ki, bəzən xiyabanı park kimi gəzənlər də, maraqla heykəllərə dayanıb tamaşa edənlər də olur: “Mənim aləmimdə bu boyda qəbir düzəltməyin mənası yoxdu. Sağlığında onlara hörmət eləsək bəsdir. Bir başdaşı, bir sinədaşı, bir də bir stul olsun ki, qohumları gələndə otursun”.
Onun dediyinə görə, Xiyabanın təmizliyinə buranın öz işçiləri və Yaşıllaşdırma Təsərrüfat Birliyi baxır. Ağaclar, güllərin əkilməsi, becərilməsi, onlara qulluq “yaşıllaşdırma” işçilərinin, məzarların, daşların təmizliyi isə xiyaban işçilərinin nəzarətindədir.
“Qəbirlərin üzərində toz olmamalıdır”
“Ərazi işçilər uyğun olaraq bölünüb. Hər kəs öz yerindən cavabdehdir. Hamı səhər 8-dən axşam 8-dək iş başında olur. Qəbirlərin üzərində toz olmamalıdır, qar yağanda ola bilməz ki, məzarların üzərində iz qalsın. İndi qəbirlər təmizdi, amma adamlar çox olanda çirklənir”, - Hüseyn kişi söyləyir.
Yavaş-yavaş çıxışa doğru gedəndə turistlərlə qarşılaşıram. Qazaxıstandan gələn iki qadın, bir kişidir, yanlarında bələdçi də var. Bələdçinin dediyinə görə, turistlər buranın sakitliyini, təmizliyini bəyənib, heykəllərə heyran qalıblar.
Baş mühəndis danışmır
Getməzdən əvvəl Fəxri Xiyabanın baş mühəndisi Sabir Həsənovla da danışmaq istəyirəm. Baş mühəndis Xiyabandan bir az aralıda olan Əhaliyə Vətəndaşlıq Xidməti Reysterinin binasında oturur. Amma Sabir Həsənov Bakı Şəhər İcra Hakimiyyətinin icazəsi olmadan danışa bilməyəcəyini söyləyir.
Mənzil Kommunal Təsərrüfatı Departamentinin hüquq şöbəsindən bir qədər öncə “Faktyoxla”-ya bildirilmişdi ki, tanınmış şəxslər vəfat etdikdə onların Fəxri Xiyabanda dəfn olunması ilə bağlı Nazirlər Kabineti və digər üst qurumlar qərar qəbul etməlidir.
Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənovun sözlərinə görə, kimin I Fəxri Xiyabanda, kimin II Fəxri Xiyabanda dəfn olunması qaydası da var: "I Fəxri Xiyabanda sovet dövründə və müstəqillik illərində yüksək vəzifə tutmuş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı olmuş şəxslər, həmçinin dövlət başçıları, parlament sədrləri, deputatlar, II Fəxri Xiyabanda isə görkəmli ədəbiyyat və mədəniyyət xadimləri dəfn olunurlar".
Amma Sabir Həsənovun dediyi qaydanın əksinə olaraq Fəxri Xiyabanda dəfn edilməyən yüksək vəzifə sahibləri, deputatlar, xalq yazıçıları da var.
açıq mənbədən götürülüb
Wikipedia
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır