FOTO: Toplum.tv
Məftun Əzizov II Qarabağ müharibəsinə könüllü yollandığını və işğal olunmuş rayonların azad edilməsində iştirak etdiyini deyir.
Dekabrın 29-da müharibədən dönən Astara sakini özünün dediyi kimi "qəribə sürpriz"lə qarşılaşıb: evi qəzalı vəziyyətə düşüb, ailəsi isə qohumlarının evinə sığınıb.
"Gəldim gördüm ki, ev qəzalı vəziyyətdədir. Yaşamaq təhlükəlidir. İndi başqa seçimim də qalmayıb. Gərək gedib rayonda qalım, amma 100 manata rayonda necə ev tapım?", - Astara sakini Məftun Əzizov "Toplum TV”yə belə deyib.
Rəsmi məlumata görə, Astarada torpaq sürüşməsi baş verib və Şümrüd kəndində 18 ev zərər görüb.
Dekabrın 24-də isə ekologiya və təbii sərvətlər, eyni zamanda fövqəladə hallar nazirliklərinin mütəxəssisləri əraziyə baş çəkiblər.
Məftun Əzizov deyir ki, onunla yanaşı müharibədə iştirak etmiş daha 2 sakinin evi də bu 18 evin içindədir. Könüllü hərbi xidmətə gedən Məftun Əzizov deyir ki, ərazidə əvvəllər də sürüşmə faktı qeydə alınıb, lakin o, xidmətdə olduğu vaxt öz evləri qəzalı vəziyyətə düşüb: "Mən keçən ayın 29-u gəlmişəm. Gəldim ki, torpaq gəlib dirənib evə, çay da yaxındır. Yaşamaq mümkün deyil. İcra nümayəndəliyindən gəlib baxıblar, sonra çıxıb gediblər. Deyiblər ki, burada yaşamayın, təhlükəlidir. Atamı da çağırıb 400 manat pul veriblər ki, gedin ayı 100 manata kirayə ev tapın, qalın. Kənd yerində də kirayə ev tapmaq çətin olur. Hərə özünə görə ev tikib birtəhər dolanır. Gərək gedib rayonda qalasan, amma 100 manata rayonda necə ev tapım mən?”
FOTO: Toplum.tv
Evin tək oğlu olduğunu deyən Məftun Əzizov anasının uzun illərdir ki, xəstə olduğunu və hazırda ailəsi ilə birlikdə bacısıgildə qaldığını deyir: "Ailəliyəm, bir uşağım var. Bacımgilin ailəsində də 3 uşaq var. Mal-qaramızı da qohumlar aparıb saxlayır. Bir təhər dolanırıq”.
İcra hakimiyyətindən ailələrinə ərzaq yardımının edilib-edilməməsi ilə bağlı suala isə belə cavab verib: "Heç bir yardım edilməyib. Nəinki ərzaq yardımı, 3 aylıq xidmət dövründə rayon icra icra hakimiyyəti və kənd icra nümayəndəliyindən bir dəfə də zəng edib soruşmayıblar ki, oğlun gedib, evdə bir şey varmı, yoxmu? Şükür Allaha, bir təhər yenə dolanırıq. Sözüm onda deyil ki, mən getmişəm və s. Bu, bizim borcumuzdur və getməliyik. Nə ərzağa, nə evə, nə də pula görə getmişəm. Bir vətəndaş kimi ən azı maraqlana bilərdilər, amma etmədilər. Bunlar heç mənəvi dəstək də verməyiblər”.
Məftun Əzizov deyir ki, hazırda 18 ailə bütün ev əşyalarını 70 illik köhnə məktəbə yerləşdirib.
Onun sözlərinə görə, binanın damı yararsız olduğu üçün yağışlı havalarda əşyalar suyun altında qalır: "Bizə deyirlər ki, yazda evlə təmin olunmağınızla bağlı tədbir görüləcək. Bəs qış aylarında nə edək? Desələr ki, harada yerləşdirəcəklər, necə olacaq, adam işini bilər. Kənd adamıyıq. Hərbi xidmətə getməmişdən qabaq daş karxanalarında işləmişəm. İndi gələndən bəri demək olar ki, böyrəyim, ciyərim pis vəziyyətdədir. Deyiblər ki, 4 aydan sonra, guya martda bir şey edəcəklər və köçürüləcəyik, amma rəsmi bir şey deyilməyib. Bundan sonra necə olacağını da bilmirik”.
FOTO: Toplum.tv
O deyir ki, rəsmi qurumlar torpaq sürüşməsi baş verən əraziyə baxış keçiriblər. Sakinlərə bildiriblər ki, ərazi təhlükəlidir və onlar buradan köçürüləcəklər, lakin hələ də heç bir tədbir görülmür. 18 ailə isə ərazidə qalmaq məcburiyyətində qalıb.
Məsələ ilə bağlı "Toplum TV" Astara Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyəti saytın sorğusuna: "Baxarıq", - deyə cavab verib.
Mira Rəcəbli