Qarabağ qazisi: "Polis dedi ki, istəyirsən, get, Heydər Əliyevə şikayət elə"
Toplum TV
"Polis leytenantı mənə dedi ki, istəyirsən, get, dayan Heydər Əliyevin qəbrinin üstündə, ona şikayət elə. Biz heç kimdən qorxmuruq".
Bunu "Toplum TV"-yə İkinci Qarabağ müharibəsi iştirakçısı Elvin Allahverdiyev deyib.
O, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin polis leytenantından şikayətçidir.
Allahverdiyev müharibəyə könüllü getdiyini; Qubadlı, Zəngilan, Cəbrayıl istiqamətində gedən döyüşlərdə fəal iştirak etdiyini və yanvarın 3-də ordudan təxris edildiyini bildirib.
Dediyinə görə, müharibədə aldığı psixi sarsıntılar səbəbindən bir müddət psixiatrik müalicə alıb.
"Düşmənin qarşısında məğrur dayanıb diz çökmədiyim halda, Sabunçuda yerləşən 15-ci Polis Bölməsi məni sındırmağa çalışır" - Elvin Allahverdiyevin belə deyir.
Onun sözlərinə görə, fevralın 19-da, gecə saat 3-də bir şəxs ona zəng vurub, taksi sifariş edib.
"Gördü ki, heç nə tapmır, başladı söyüşlə danışmağa"
Sifarişi aldıqdan sonra E.Allahverdiyev icarəyə götürdüyü maşınla Zabrat istiqamətində hərəkət edərkən post-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılıb: "Polislərdən biri mənimlə kobud danışa-danışa maşında əyləşib axtarış etməyə başladı. Gördü ki, heç nə tapmır, başladı söyüşlə danışmağa. Sonra polislər məni və 3 müştərimi Sabunçu Rayon 15-ci Polis Bölməsinə apardılar. Mən həmin polisə bildirdim ki, müharibə iştirakçısıyam, prezident "onları incitməyin" deyib. Cavab verdi ki, boş-boş sözlərlə özünü yorma, prezident nə deyir, desin, sənə hörmət etməyəcəyəm".
""Əclaf", "narkoman" deyib məni təhqir etdi"
Şikayətçi iddia edir ki, bölmədə olarkən adını bilmədiyi həmin polis onu dəfələrlə "əclaf", "narkoman" adlandıraraq təhqir edib, bir neçə dəfə başına şillə vurub: "Sonra məni nəzarətxanaya saldılar. İçəridə olduğum vaxt ərzində heç məni tualetə də buraxmadılar. Daha sonra bir polis leytenantı məni kamerasız otağa apardı, bir neçə dəfə vuraraq hədə-qorxu gəldi. Bundan sonra məni 2-ci mərtəbədə yerləşən təhqiqatçılar otağına apardılar. Orada da adını bilmədiyim bir təhqiqatçı mənə dedi ki, zəng elə, valideynlərin gəlsin, 500 manat da pul gətirsinlər, yoxsa sənin üzünə şahid durub, məhkəməyə verib, cinayət işi açdıracam. Nə qədər dil tökdüm, xahiş etdim ki, imkanım yoxdur, buraxın, gedim, heç olmasa, 200 manat borc alım gətirim, buna da icazə vermədilər. Düşmənin qarşısında məğrur dayanıb diz çökmədiyim halda, Sabunçu rayon 15-ci Polis Bölməsi məni sındırmağa çalışdı".
"Polis dedi ki, biz heç kimdən qorxmuruq"
E. Allahverdiyev deyir ki, valideynlərinə zəng vurub, polis bölməsində olduğunu deyib.
Həmin gecənin səhəri atası faizə borc götürüb polislərin tələb etdiyi 500 manatı ödəyib: "Rüşvəti verəndən sonra məni azadlığa buraxdılar. Oradan çıxanda dedim ki, sizdən prezidentə şikayət edəcəm. Məni döyüb təhqir edən polis leytenantı da dedi ki, istəyirsən, get, dayan Heydər Əliyevin qəbrinin üstündə, ona şikayət elə. Biz heç kimdən qorxmuruq".
Elşad Hacıyev: "Elvin Allahverdiyevin müraciəti araşdırlır"
E.Allahverdiyev problemi mətbuatda işıqlandırdıqdan sonra Bakı Şəhər Baş Polis idarəsinə çağırılıb.
İdarədə şikayəti qeydə alınıb və bildiriblər ki, tədbir görüləcək: "Sabunçu Polis İdarəsinin rəisi də zəng vurmuşdu. Sabah onunla da görüşümüz olacaq. Məncə, aldıqları pulu geri ödəyəcəklər".
Daxili İşlər Nazirliyinin Kütləvi İnformasiya və İctimaiyətlə Əlaqələr Şöbəsinin rəisi Elşad Hacıyev "Toplum TV"-yə deyib ki, nazirlik məsələdən xəbərdardır və Elvin Allahverdiyevin müraciəti üzrə araşdırma aparılır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial Media
Açıq mənbələrdən götürülüb
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür