Qaraçuxurun uşaq parkı - “Hələ gəlib torpağını da daşıyıb aparırlar”
Qaraçuxurun uşaq parkı baxımsız vəziyyətdədir. Ərazini zibil və ot basıb, insanlar isə gözə dəymir. İndi qoyunların otlaq yerinə çevrilən parkdan sakinlər avtomobil dayanacağı kimi istifadə edir.
“Şəhərin digər yerlərindən parka gələnlər olurdu”
Qubad Bağırov ötən əsrin 50-ci illərindən Qaraçuxurda yaşayır. Dediyinə görə, həmin vaxtdan parka istirahətə gəlib, amma əvvəllər abad olsa da, indi ona baxanda ürəyi ağrıyır.
“Bura yaxşı park idi, sovet vaxtlarında vəziyyəti belə deyildi. Qəsəbənin hətta şəhərin digər yerlərindən parka gələnlər olurdu. Baxmadılar, dağıtdılar. Hələ gəlib torpağını da daşıyıb aparırlar”.
Parkın girişindəki hovuzda sudan savayı hər şey görmək olar, zibil, ağac parçaları. Ərazidəki ağaclarsa baxımsızlıqdan ya quruyub, ya da budaqları uzanıb yerə çatır. Zibil və çürümüş zeytunların qoxusu baş çatladır.
Qapısız, uçuq tualetin də çoxdan istifadə olunmadığı aydın görünür. İndi bura zibil yığını və həşəratların guşəsinə çevrilib.
İstirahət guşəsində yelləncəklər, sürüşkənlər pas atıb. Qırılmış, köhnə digər qurğuların isə idman aləti olduğunu sakinlər deyir.
“Hər dəfə deyirlər ki, vəsait ayrılıb, bu ay başlayırıq”
Parkda olduğum müddətdə təkcə bir qadının uşağını bura gətirdiyinin şahidi oldum. Söhbət etmək imkanım olan Səadət Həsənova deyir ki, uşağı adətən qəsəbənin “Neftçilər” parkına aparır. Gənc ana evinə yaxın olduğundan hərdən bura gəldiyini söyləyir.
Səyyarə Piriyeva ayda iki dəfə Sumqayıtdan bura xlor satmağa gəlir. Buranın sakini olmasa da, parkda oturmağa, nəfəs dərməyə yer olmadığından o da gileylənir.
Qəsəbə sakinlərindən Məryəm Quliyevanın sözlərinə görə, parkın şəraitsiz və baxımsızlığından dəfələrlə aidiyatı qurumlara şikayət etsələr də, onun abadlaşdırılmasına nail ola bilməyiblər: “Hər dəfə deyirlər ki, vəsait ayrılıb, bu ay başlayırıq. Artıq neçə ildir ki, park bu vəziyyətdədir. Baxan yoxdur. Qabaqdan yay gəlir. İstidə adam istəyir bir ağacın kölgəsində otursun”.
Parkın böyük oyun meydanını ot basıb. İndi burada daha çox qoyunlar istirahət edir. Oturmağa isə heç qırıq skamya da yoxdur. Kimsə kiçik döşəkçəsini unudub, yəqin dincəlməyə gələnlər çıxış yolunu hazırlıqlı gəlməkdə görürlər.
Qəsəbə sakinləri uşaq parkına yaxın ərazidə yenicə açılmış “Neftçilər” parkının da artıq baxımsız hala düşdüyündən şikayətlənirlər. 2019-cu ildə salınan sözügedən parkın açılışı ölkə başçısı İlham Əliyev tərəfindən edilmişdi. Sakinlər deyir ki, onda uşaq parkının da abadlaşdırılacağına ümid ediblər. Amma indi çox keçməz oranın da bu vəziyyətə düşəcəyindən narahatdırlar.
Bu ilin martında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov keçirdiyi müşavirədə yaz mövsümü ilə əlaqədar şəhərdəki park, istirahət bağları, ağac və yaşıllıqlara qulluq göstərilməsinə nəzarətin artırılması ilə bağlı tapşırıqlar verib.
Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov “Toplum TV”-yə məsələdən xəbərdar olduqlarını, amma abadlaşma işlərinin nə vaxt başlayacağını bilmədiyini deyir: “Parkın vəziyyəti ilə bağlı məlumatımız var, proqrama salınıb”.
Görünür qəsəbə sakinləri bir müddət də parkın abadlaşmasını gözləməli olacaqlar. Hələlik isə bura maşın dayanacağı və tullantıların atıldığı yer kimi istifadə olunacaq.
Bakı gələn mövsüm “Formula 1” sprint yarışı keçirmək niyyətindədir
açıq mənbədən götürülüb
açıq mənbədən götürülüb
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”