Sosial

Qazi: “DYP mənə cərimə yazanda özüm müharibədə, maşınım Horadizdəydi”

Nigar Səmədli
16 Aprel, 2021
1179

Sosial Media

“Baş Dövlət Yol Polisi İdarəsindən mənə bildirdilər ki, cəriməni ödəməmək üçün ya kimdənsə xahiş etməliyəm, ya da mənim əvəzimə özləri ödəyə bilərlər. Dedim ki, başqalarına ödətmək üçün şikayət etməmişəm, özüm ödəyərəm”.

Bunu “Toplum TV”-yə II Qarabağ müharibəsinin iştirakçısı Şahin Amanov deyib. 

Onun sözlərinə görə, II Qarabağ müharibəsinə könüllü getmək üçün Hərbi Komissarlığa dəfələrlə müraciət etsə də, onu göndərmək istəməyiblər: "Müharibəyə necə getdiyimi bütün yaxınlarım bilir. Hərbi Komissarlığı boğaza yığmışdım, axırda məni aparmağa maşın da vermədilər. Mən də komissarlığın qabağından şəxsi maşınıma sığacaq qədər adam götürüb getdim. Füzulinin Horadiz qəsəbəsindən o yana  ancaq hərbi maşınları buraxırdılar. Bu səbəbdən maşınımı orda qoymalı oldum”. 

Qarabağ qazisi oktyabrın 10-dan yanvarın 3-dək Füzuli, Zəngilan və Qubadlı istiqamətlərində döyüşlərdə iştirak edib: “Savaşda olduğum 3 ay müddətində maşınımın icbari sığortasının vaxtı bitib və orada şəbəkə problemi olduğundan sığorta işçiləri mənə xəbər edə bilməyiblər. Müharibənin içində özümün yadına düşməməsi təbiidir. Tərxis olunandan sonra Zəngilandan Horadizə gəldim, maşınımı götürüb evə qayıdanda yolda sığortaya görə radara düşdüm. Bakıya çatandan 1-2 gün sonra onlayn şəkildə sığorta məbləğini ödədim. Bir neçə gündən sonra isə yol polisi saxlayıb ödənməmiş cəriməm olduğunu dedi. İzah etdim ki, mənə cərimə yazılan tarixdə özüm döyüşdə, maşınım Horadizdəydi”.

Vaqif Əsədov - Açıq mənbələrdən götürülüb

Yol polisi Ş.Amanova məsləhət görüb ki, Baş Dövlət Yol Polisinə gedib cəriməni sildirə bilər: “Bir dəfə  yolüstü baş idarəyə gedib məsələ ilə bağlı məlumat verdim. Dedilər ki, saytlarına onlayn müraciət etmək lazımdır. Axşam müharibədə iştirakım haqqında bir məktub yazıb DYP-nin saytına göndərdim. Üstündən bir neçə həftə keçəndən sonra poçt vasitəsilə məktub gəldi ki, müraciətimə baxılması üçün Baş DYP məktubu Nizami Rayon DYP-sinə göndərib. Bir neçə həftə də keçəndən sonra Nizami Rayon DYP İdarəsindən cavab gəldi ki, cəriməmi bank, poçt və ya internet vasitəsilə ödəyə bilərəm”.

Sonra qazinin telefonuna cəriməni vaxtında ödəmədiyi üçün dəbbə hesablanmağa başlaması haqqında mesaj gəlib.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov  “Toplum TV”-nin bununla bağlı sualına cavab olaraq deyib ki, Şahin Amanov onunla əlaqə saxlasın. 

Qazinin sözlərinə görə, V.Əsədov ona cərimənin sistemdən silinməsinin mümkün olmadığını bildirib: “Vaqif bəy mənə dedi ki, icazə verin, cəriməni mən ödəyim. Təbii ki, etiraz etdim və özüm ödəyəcəyimi söylədim. Əslində, mənim Baş DYP-dən bir tələbim yox idi, sistemi dəyişmək lazımdır”.

Fərhad Mehdiyev - Açıq mənbələrdən götürülüb

Hüquqşünas Fərhad Mehdiyevsə şikayətçiyə yazılan cərimənin ləğv edilməsinin mümkün olduğunu bildirib: “Cərimələrin silinməsi məsələsi belə izah edilir ki, avtomatlaşdırılmış bir sistem olduğu üçün cərimələr sistemə avtomatik bir şəkildə oturur və onu silmək mümkün deyil. Belə olan halda avtomatlaşdırılmış proqram təminatını yazan kimdirsə, cərimənin silinməsi üçün xüsusi prosedur nəzərdə tutmalıdır. Normalda cərimə yazılması inzibati bir aktdır, amma o akt qanunsuzdursa, “İnzabati icraat haqqında” Qanuna görə mütləq ləğv edilməlidir. Yəni onların bunu ləğv etmək öhdəlikləri var. Vətəndaş müharibədə iştirak edib, yəni həmin dövrdə maşınını sığorta etdirmək imkanının olması real deyil. İlk növbədə avtomatlaşdırılmış sistemə oturmuş cərimələrin silinməsi üçün prosedur hazırlanmalıdır. Qazimiz isə bu məsələ ilə bağlı məhkəməyə müraciət edə bilər. Bu, əziyyətli və uzun bir proses olsa da, həmin cərimə məhkəmə qərarı ilə silinə bilər”.

Sosial

Türkiyədə imtahan suallarını qanunsuz satan azərbaycanlılar saxlanılıb

17 May 2022

açıq mənbədən götürülüb

Ankarada Amerika və Türkiyə universitetlərində təhsil almaq istəyən əcnəbi tələbələrə SAT imtahan (Scholastic Aptitude Test - akademik qabiliyyət imtahanı) suallarını satdığı iddia edilən 6 şəxs saxlanılıb. "TRT Haber"in məlumatına görə, saxlanılanlar arasında azərbaycanlıların da olduğu deyilir. Ankara Respublika Baş Prokurorluğu mayın 7-də keçirilən SAT imtahan suallarının Ankarada 2-3 min dollara satılmasından sonra istintaqa başlayıb. İstintaqı dərinləşdirən prokurorluq, İran və Azərbaycan vətəndaşları da daxil olmaqla 6 şübhəlinin “Telegram” mesajlaşma proqramı vasitəsilə əlaqəyə girdiyini aşkarlayıb. Cahid və M.N. adlı şəxslərin sualları “karantin” adlandırdıqları evlərdə payladıqları müəyyən edilib. Baş Prokurorluğun göstərişi ilə Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları təyin olunmuş ünvanlarda eyni vaxtda...
Sosial

Müştəri restoranda servis haqqı ödəməlidirmi?

Roza Məmmədova
17 May 2022

Getty Images

Restorana gedəndə xərcinizi menyudakı qiymətlərə görə hesablayırsınızsa, sürprizə hazır olun. Bəzi kafe və restoranlarda yeyib içdiyinizdən əlavə servis haqqı da tutulur. Nədir servis haqqı? Bura restoranda dinlədiyiniz musiqi, servis xidməti, istifadə olunan qab-qacaq və s. aiddir. Bakıda “Özsüt” restoranında ofisiant işləyən Pünhan Cəfərov (ad şərtidir) deyir ki, müştərilər əvvəlcədən servis haqqı tutulduğunu bilmir: “Onlar bunu ya menyu jurnalından, ya da hesab qəbzindən öyrənə bilirlər. Müştərilər çox zaman servis haqqını ən sonda, hesabı istəyəndə görür, təbii, narazılıq edənlər də olur”. Pünhanın sözlərinə görə, bu restoranda əlavə xidmət haqqı ümumi hesabın 6%-i qədərdir: “Servis haqqı ofsiantlar müştəriyə qulluq edir, restoranın boşqabları istifadə...

Seçilmiş Videolar

Toplum TV loqo