Sosial

“Qış aylarında məktəbə, demək olar, heç getmirik, sinif otaqları soyuq olur”

Aytac Məmmədli
21 İyul, 2021
615

Sosial Media

Uşaq Hüquqları Konvensiyasını 29 il əvvəl imzalamış Azərbaycanda uşaqlar necə yaşayır?

"Uşaq vaxtı cinsi istismara məruz qalmışdım, o vaxt bunu unutmaq sadəcə 2 günümü almışdı. Amma böyüdükcə yaşadıqlarımı anlamağa başladım. Hadisədə təkcə özümü günahkar sayır, olanları yaddaşımdan silməyə çalışırdım. Həmin gün birlikdə oynadığımız qızla oğlanı harda görsəm dərhal uzaqlaşır, onların gözlərinə baxmağa qorxurdum".

Uşaqlığının acı xatirəsini "Toplum TV"-yə danışan Gülnar Ağayeva (ad şərtidir) belə deyir.

29 il əvvəl bu gün - 21 iyulda Azərbaycan BMT-nin Uşaq Hüquqları Konvensiyasına üzv olub. 1989-cu il noyabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilən bu konvensiya dünyanın hər yerində yaşayan uşaqların hüquqlarını, onların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Sənədi ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməli, xüsusi təşkil edilmiş Uşaq Hüquqları Komitəsinə daim hesabat verməlidirlər.

Konvensiya uşaqların hüquqlarını təmin edən birinci universal kodeksdir. 54 maddədən ibarət bu sənəddə uşaqların iqtisadi, sosial, mədəni, hətta siyasi hüquqlara malik olduğu vurğulanır.

Azərbaycanda uşaqlar hansı məhrumiyyətlərlə üzləşirlər?

"Humanium" saytı “Azərbaycan uşaqları” (“Children of Azerbaijan”) adlı məqaləsində yazır ki, son illər ölkədə cinsi zorakılığın qarşısının alınmasına səy göstərilsə də, problemin artması müşahidə olunur; nəticədə bir çox uşaq müxtəlif növ cinsi istismara məruz qalır, bəziləri hətta seks alverinə məcbur edilirlər, bunun əsas səbəbi isə uşaqların cinsi yırtıcılardan lazımi dərəcədə qorunmamasıdır.

Gülnar Ağayeva da illər əvvəl belə halla üzləşdiyini deyir: “Nənəmlə birlikdə Masallının kəndinə - qohumumuzgilə getmişdik. 15-16 yaşlı qızlardan biri məni oyun oynamağa çağırdı. İkinci mərtəbəyə qalxıb yataq otağına keçdik, qızın qardaşı da həmin otaqdaydı. Oğlan məndən böyük idi, 11-12 yaşı olardı. Böyük qız bizə dedi ki, indi siz "Toy" oyunu oynayacaqsız. Məni bəzəyib-düzədi, manhı qoyduq, oynadıq. Nəhayət, toy sona çatanda mənə dedi ki, hər toyun sonunda olduğu kimi soyunub yatağa girməlisiz. Mən bunu istəmədim, qız məni dilə tutmağa çalışdı ki, burda pis heç nə yoxdur, sadəcə oyun oynayırıq. Mən yatmaq istəmədiyimi bildirəndə qız dedi ki, onda paltarlarınızı çıxarıb bir-birinizin bədəninə baxın. İlk öncə oğlan soyunub mənə öz cinsi orqanını göstərdi və dedi ki, burda pis nə var ki, sən də belə edə bilərsən. Mən çəkinə-çəkinə paltarlarımı soyunmağa başladım. Alt paltarlarıma çatanda dayandım və soyunmağa qorxdum. Qız məni yola gətirib soyundurmağa çalışa da, mən istəmədim. Sonra paltarlarımızı geyinib aşağı düşdük. Qız mənə tapşırdı ki, nənənə heç nə demə, mən onsuz da qorxurdum deyə, susdum".

Gülnar deyir ki, həmin vaxt uşaq olduğu üçün bu hadisəni tez unudub, amma sonradan yaşaqdıqları onda travmaya çevrilib.

UNICEF-in araşdırmasına görə, cinsi münasibətə məcbur edilən 10 qız uşağından 9-nu buna öz yaxınları və ya tanıdıqları məcbur edir.

Sağlamlıq

"Humanian"-ın məlumatına görə, Azərbaycanda uşaqlar daha çox səhiyyənin zəif olması və maddi çətinlik ucbatından xəstələnirlər. "Worldometers"-in 2020-ci ilə aid statistikasında qeyd olunur ki, Azərbaycanda 1 yaşadək olan hər 1000 uşağa görə ölüm əmsalı 18,8 təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə 18 yaşadək 809 400 uşaq müxtəlif səbəblərdən xəstələnib.

Xəstəliklər arasında ən geniş yayılanı infeksion və parazitar xəstəliklər olub. Onlardan 670 419-u 13 yaşadək, 138 981 nəfəri isə 14-17 yaşlı uşaqlar olub. 2019-cu ildə 1 yaşadək 1557, 18 yaşadək 2509 uşaq ölüb. Uşaq ölümlərinə daha çox şəhər yerlərində rast gəlinib.

Komitə 2020-ci ilin əvvəlində uşaqlara müalicəvi-profilaktik xidmətlərlə bağlı da statistika açıqlayıb. Belə ki, ölkədə pediatr həkimlərin sayında 2011-ci ildən bu yana azalma müşahidə olunub. Əgər 2011-ci ildə ölkədə 4073 pediatr vardısa, indi bu rəqəm 3556-ya enib, beləliklə, 18 yaşadək uşaqların hər 10 min nəfərinə 14 pediatr düşür.

Sanatoriyalarda müalicə alan uşaqların sayında artım müşahidə olunsa da (3072 nəfər), bu təsisatların sayı azalıb (12 sanatoriya).

Valideyn himayəsindən məhrum uşaqlar

Sosial Xidmətlər Agentliyindən bildirilir ki, Azərbaycanda valideyn himayəsindən məhrum olan 1500 uşaq var.

"Humanium" yazır ki, istər uşaq evlərində yaşasınlar, istər küçələrdə, bu uşaqlar çox vaxt çətin həyat şərtləri ilə qarşılaşırlar. Əksər uşaqların valideynləri sağ olsa da, yoxsulluq, pis rəftar və istismara görə onlar özlərini "sosial yetim" hesab edirlər: “Belə uşaqlar dövlət nəzarətinə alındıqda fiziki-mənəvi şiddətin qurbanı ola, hətta cinsi istismara da məruz qala bilirlər".

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 4 körpələr evi, 9 uşaq evləri fəaliyyət göstərir. 2020-ci ildə körpələr evində 121, uşaq evlərində isə 692 uşaq (2011-ci ildən bəri ən yüksək göstərici) qeydə alınıb.

Sosial Media

Yoxsulluq

Azərbaycanda uşaqların üzləşdiyi əsas problemlərdən biri yoxsulluqdur.

UNİSEF-in məlumatına görə, bu, uşaqların gələcəyi üçün ciddi problemlər yaradır, çünki uşaqlıqda yoxsulluqla üzləşməyin təsirləri uzunmüddətli olur. Belə şərtlərdə böyüyənlər nadir hallarda təhsildə ikinci şans və həyatda sağlam bir başlanğıc qazana bilir.

Uşaq hüquqları Konvensiyanın 26 və 27-ci maddələrinə görə, uşağın imkanları və onun saxlanması üçün məsuliyyət daşıyan şəxslərin imkanları olmadıqda, dövlət onlara maddi yardım etməlidir.

Azərbaycan Prezidentinin 640 saylı fərmanına əsasən, 2019-cu ilin aprelin 1-dən etibarən uşağın anadan olmasına görə 200 manat məbləğində birdəfəlik müavinət müəyyənləşdirilib. "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanuna əsasən, ünvanlı sosial yardım alan ailəyə bir yaşadək uşağı olduğu halda 55 manat həcmində əlavə müavinət təyin edilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2020-ci ildə işləməyən əhali üzrə sosial müavinət alan uşaqların sayı 401249, bir nəfərə düşən orta aylıq məbləğ 118,40 manat təşkil edib. İşləyən əhali üçün isə uşağın anadan olmasına görə 56 min nəfərə 8 min 878 manat birdəfəlik müavinət, 3 yaşınadək uşağa qulluğa görə 40 min nəfərə 10 min 552 manat müavinət verilib.

Təhsil

Azərbaycanda nə qədər uşağın təhsildən yayınması ilə bağlı dəqiq statistika yoxdur. Ekspertlər bu göstəricinin təxminən 70-80 min olduğunu düşünürlər.

 "Humanium" yazır ki, “Azərbaycanda uşaqlar bir neçə səbəbdən təhsil almaqda çətinlik çəkirlər. Məsələn, təhsil qaçqın uşaqların və ya əlil uşaqların ehtiyaclarını ödəmək üçün uyğunlaşmayıb. Onlar məktəbə yazılmağı bacarsalar da, tez-tez ayrı-seçkiliyin qurbanı olurlar. Bəzi uşaqlar təhsilini yarımçıq qoyub pul qazanmaq, ailəsinə baxmaq məcburiyyətində qalırlar. Xüsusilə də ölkənin ucqar bölgələrində yaşayan gənc oğlanlar əkinçilik və heyvandarlıqla məşğul olurlar. Bu bölgələrdəki məktəblərdə şərait və təhsil səviyyəsi də ürəkaçan deyil”.

Göygölün kənd məktəblərindən birində təhsil alan Aydan Rüstəmzadə danışır ki, 4-cü qrup üzrə ixtisaslaşmaq üçün o, mütləq repetitor yanına getməlidir, çünki məktəbdəki müəllimlər dərs keçmir, keçsələr belə, müəyyən mövzuları şagirdlərə izah etmək qabiliyyətində deyillər.

"Bundan başqa, biz qış aylarında məktəbə, demək olar ki, heç getmirik, sinif otaqları soyuq olur, odun sobalarını ara-sıra yandırırlar, onlar da tüstüləyir, nəfəs ala bilmirik".

Aydanın dediyinə görə, kəndlərində universitetə hazırlaşmaq üçün repetitor yanına və ya abituriyent kurslarına getməli olan təkcə o deyil. Bu isə, əlbəttə ki, kifayət qədər xərc tələb edir. Hətta bəzən valideynlər övladları arasında seçim etmək məcburiyyətində qalırlar və beləliklə, uşaqlardan yalnız birinə univeristetə hazırlaşmaq şansı verilir.

BBC

Müharibə

Qarabağ münaqişəsindən ən çox zərər çəkənlər həm də uşaqlardır.

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, İkinci Qarabağ müharibəsində cəbhə bölgəsindən uzaqda yerləşən ərazilərə raket hücumları nəticəsində 12 uşaq ölüb, 50 nəfəri isə yaralanıb. Ölənlər 1, 6, 7, 10, 11, 13, 14, 15, 16 yaşlı uşaqlar olub.

Müharibə zamanı bir ailənin məhv olması, uşaqların hər iki valideynini də itirməsi kimi hallara da rast gəlinib.

Uşaq nikahı

"Humanium"-un məlumatına görə, erkən nikahlar gənc qızların sağlamlığına ciddi təsir edir və ən əsası, onlar belə həssas yaşda evliliyin nəticələri haqda məlumatsızdırlar.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Azərbaycanda 18 yaşdan aşağı 1 oğlan, 366 qız erkən nikaha daxil olub.

Ümumiyyətlə, son 3 ildə erkən nikah statistikasında artım müşahidə olunur - 2017-ci ildə 317, 2018-də 338, 2019-cu ildə isə 366 nəfər 18 yaşadək qız ərə gedib.

Bundan başqa, 18 yaşadək analar tərəfindən doğulan uşaqların sayı 2320 nəfər təşkil edib.

2020-ci ilin yanvar-sentyabr aylarında erkən nikaha məcbur etmə ilə bağlı 17 cinayət işi açılıb.

"Azərbaycan konvensiya üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmir"

Hüquqşünas Fariz Namazlı belə deyir.

Fariz Namazlı-Sosial Media

O xatırladır ki, Azərbaycanın “Uşaq hüquqları haqqında” Qanunu Uşaq Hüquqları Konvensiyasına uyğunlaşdırılıb: “Hökumət hər 5 ildən bir Uşaq hüquqları Komitəsinə hesabat verir və Komitənin bu hesabatlarla bağlı qəbul etdiyi tövsiyələri qəbul edir. Buna baxmayaraq bir sıra tövsiyələri hələ də yerinə yetirməyib. Məsələn, yetkinlik yaşına çatmayanlara münasibətdə ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı qanunun qəbul edilməsi; polis bölmələrində uşaq məsələləri üzrə ayrıca xidmətin yaradılması;18 yaşına çatmayan uşaqların azadlıqdan məhrum edilməyə yalnız müstəsna hallarda yol verilməsi və onlar üçün alternativ həbsdə saxlama yerlərinin yaradılması; 18 yaşına çatmayan qadın cinsinə mənsub uşaqların həbsdə böyüklərdən ayrı yerdə saxlanılmasının təmin edilməsi; Azadlıqdan məhrum edilmiş 18 yaşına çatmayan uşaqların təhsil proqramlarına (o cümlədən fiziki hazırlıq) çıxış imkanlarının verilməsi və digər tövsiyələri Azərbaycan hökuməti yerinə yetirməyib".

F.Namazlı həmçinin qeyd edir ki, Cinayət Məcəlləsinin 176-1-ci maddəsinə görə nikah yaşına çatmayan qızların nikaha məcbur edilməsi cinayət məsuliyyəti yaradır: “Amma mən indiyə qədər bu maddə ilə kiminsə məsuliyyətə cəlb edilməsi xəbərinə rast gəlməmişəm. Son zamanlarda azyaşlı qızların ərə verilməsi ilə bağlı xəbərlərə KİV-də tez-tez rast gəlinir. Həmin xəbərlərdən məlum olur ki, hüquq-mühafizə orqanları valideynlərlə profilaktik söhbətlər aparırlar, onlara xəbərdarlıq edirlər, halbuki bunun cinayət məsuliyyəti var. Onlar barəsində hüquqi tədbir görülsə, erkən nikahların sayı azalar".

Hüquqşünas uşaqların avaralığa (dilənçiliyə) cəlb edilməsinin də inzibati məsuliyyət yaratdığını, amma küçələrdə bu işlə məşğul olan xeyli sayda azyaşlı olduğunu söyləyir: "Bu uşaqlar hətta polis əməkdaşlarının yanında avaralıqla məşğul olurlar. Onlar bu işdən çəkindirilmir və onları buna cəlb edən şəxslər məsuliyyətə cəlb edilmir".

Sosial

Əlillik verilən müharibə iştirakçılarının sayı bilindi

23 Sentyabr 2021

Rəsmi səhifə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin həkim-ekspertlərdən ibarət işçi qrupu II Qarabağ Müharibəsində yaralanmış hərbi qulluqçuların əlilliyinin qiymətləndirilməsi işlərini davam etdirir. Nazirlikdən bildirilib ki, artıq 2000 nəfərədək müharibə iştirakçısına ölkənin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyinatı həyata keçirilib. Əlillik təyinatından dərhal sonra proaktiv qaydada onlara müvafiq sosial ödənişlər təyin edilib. "Qazilərin əlilliyinin qiymətləndirilməsi Nazirlər Kabinetinin Qərarı ilə yaradılmış komissiyada təmsil olunan digər qurumların nümayəndələri ilə birgə hərbi qulluqçuların ilk mərhələdə əyani müayinəsi keçirilməklə və müvafiq sənədləşdirmə işləri görülməklə aparılır. Müdafiə və Ədliyyə nazirliklərinin, Daxili Qoşunların, Dövlət Sərhəd Xidmətinin Hərbi Həkim Komissiyaları tərəfindən...
Sosial

“İşə götürmürlər, belə çıxır ki, ya oğru olmalıyam, ya da yüngül həyat tərzini seçməliyəm”

Roza Məmmədova
23 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

Gülnar Niftiyeva Azərbaycanda yaşayan minlərlə işsizdən biridir. 2018-ci ilə qədər həm dövlət, həm də özəl sektorda çalışıb. 3 ildir işsiz olan bu qadın ali təhsilli və təcrübəli olmasına baxmayaraq iş tapa bilmədiyindən evdə oturmağa məhkumdur. Onun sözlərinə görə, Azərbaycanda ali təhsilli insanların əksəriyyəti bu aqibəti yaşayır. “35 yaşdan sonra işə götürmürlər, pensiya yaşı isə 65-dir. Bəs 30 il ərzində vətəndaş nə etməlidir?” Artan işsizlər ordusu Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə Azərbaycanda  işsizlərin sayı 375,9 min nəfər olub. Amma müstəqil ekspertlər reallıqda işsizlərin sayının rəsmi rəqəmlərdən daha çox  olduğunu iddia edir, bildirirlər ki, ölkədə hazırda işsiz insanların sayı təxminən...
Seçilmiş Videolar