Sosial

“Quluq, hambalıq, bunun başqa nə adı var?”

Aytac Məmmədli
29 Noyabr, 2021
955

Toplum TV

“İşə görə heç bir dövlət qurumunun qapısını döymək istəmirəm. Burda ən azından birinin yazığı gəlir, pul verir, paltar verir, bayramda gətirib bir tikə qurban əti verir, dolanırıq”.

İllərdir Bakıda üçüncü mikrorayon dairəsində "qul bazarı" deyilən işçi bazarı var.

İşçilər səhər tezdən texniki alətlərini də götürüb burda gözləyirlər ki, kimdənsə sifariş alacaq, evlərinə çörək pulu aparacaqlar.

Amma dediklərinə görə, 1 gün iş olanda, 5 gün olmur. Sifarişi almaq uğrunda isə az qala ölüm-qalım savaşı gedir.

“Quluq, hambalıq, bunun başqa nə adı var?”

Həmin işçilərdən biri də Tovuzdan gəlmiş Azərdir. O, soyadını söyləmək istəmir, dediyinə görə, sonradan buna görə “başı ağrıyacaq”.

Azər son 3 gündür səhər 8-dən axşam 8-dək bazarda olsa da, iş olmadığını söyləyir. 

“3 gündür heç nə qazanmamışam. Normalda birinin qapısının zibilini atıram, birinin ağacının dibini belləyib 5-10 manat pul çıxarıram”.

Bunu da oxu: “Dilənməsək, acından ölərik” – Yevlaxdakı “Qaraçılar məhəlləsi”ndən Reportaj

Azər əvvəllər inşaatda çalışıb. Deyir ki, indi o sahədə iş tapmaq olmur: “Hərə öz qohum-əqrəbasını işə düzəldir. Mənə bu dövlətin 1 qəpik xeyri yoxdur. 4 uşağım var, sosial yardım vermirlər, maaş verəcəklər? Qardaşlarım Rusiyada işləyir, onların sayəsində dolanıram. Onlar əgərliyi qurtarıb, Rusiyada qalıblar. Bura yaxşı olsaydı, gələrdilər də, niyə qalıblar orda?”

Azər danışır ki, sifarişçi gələndə işçilərin hamısı maşının üstünə qaçır.

Toplum TV

İşçilər arasında hər yaş qrupuna malik insan var, 23 yaşlı gənc də, 63 yaşlı qoca da. Sifarişçi fiziki baxımdan işinə yarayacaq adamı seçir, əsasən gənc, güclü və öz texniki aləti olanlar işə götürülür.

İşsizlik Azərin şəxsi həyatına da təsirsiz ötüşməyib, həyat yoldaşı ondan ayrılıb. Azər ikinci dəfə ailə qursa da, yenə eyni problemlə üz-üzədir. Həftələrlə rayona - ailəsinə pul göndərə bilmir.

Azər işçi yoldaşlarıyla birgə günü 2 manatlıq bir otaqlı evdə yaşayır: “9 kişi  birotaqlı evə sıxışmışıq. Ev də yox, it damı. Döşəmənin üstündə yatırıq, o vaxtın pambıq döşəklərini, nazik əsgər adyallarını atırıq üstümüzə”.

Evdəki şəraitdən danışan Azər əliylə ətrafdakı hündür binaları göstərərək deyir: “Baxırıq bu evdə yaşayanlayara, həsəd aparırıq. Neft ölkəsinin sakini də “qul” bazarında iş dilənər? Quluq, hambalıq, bunun başqa nə adı var?”

“Uğrunda vuruşduğum vətəndə mənə bir yer tapılmadı”

Bazarda çoxuna yaxınlaşsaq da ən cəsarətlisi Azər oldu. Ya ümidsizsizlikdən, ya da çəkindiklərindən yaxınlaşdığımız işçilərin heç biri danışmaq istəmirdi. Amma Azərin söylədiklərindən sonra cəsarətlənən bir nəfər də söhbətə qoşulur.

Mərifət kişi (o da soyadını demək istəmir) Birinci Qarabağ Müharibəsində başından yaralanıb, ona görə danışmaqda, fikrini ifadə etməkdə çətinlik çəkir. Onun 52 yaşı var, Azərbaycan Texniki Universitetində nəqliyyatda daşınmaların təşkili və idarə olunması fakültəsini bitirib.

Amma 5 ildir ki, nə şəxsiyyət vəsiqəsi ala, nə də iş tapa bilir.

“Mən başımdan yaralansam da, müharibədə axıra qədər vuruşdum. Ac-susuz qalmağım, torpaqda, palçıqda yatmağım öz yerində. Uğrunda vuruşduğum vətəndə mənə bir yer tapılmadı”.

Mərifət kişi deyir ki, 2002-ci ildə iş tapa bilmədiyi üçün Rusiyaya gedib, amma atası xəstə olduğundan 2015-ci ildə ölkəyə qayıtmalı olub. Elə o vaxtdan özünə uyğun iş tapa bilməyib: “Bu, yaşamaq deyil, 5 ildir ki, işsizəm. Elə nə gün gördümsə, yad ölkədə gördüm”.

“Burda bir nəfərin üzü gülmür, hamının acından rəngi qaçıb”

“Qul bazarı”nın işçiləri yorğun görünürlər. Havanın nisbətən isti olmasına baxmayaraq başlarında papaq, əyinlərində qalın gödəkçələr var. Dediklərinə görə, əyinlərindəkinin çoxunu onlara imkanlılar gətirib verir. Əlləri qara və qabarlıdır. Çoxunun qoltuğunda möhkəm yapışdığı rəngli çantalar var.

Elxan da burdakı onlarla işçidən biridir. Amma digərlərindən fərqli olaraq o, ailəsiylə birgə yaşayır. 2 uşağı var, amma onların heç birini oxuda bilməyib. Oğlunun  bu yaxınlarda 18 yaşı tamam olub. Yanvar ayında onu hərbi xidmətə çağıracaqlar: “Onun-bunun qapısından tikə oğurlayıb uşaq saxlamışam, dövlət bir dəfə maraqlanmayıb, indi oğlumu məndən alıb əsgər aparacaqlar”.

Elxan danışır ki, axırıncı dəfə işə elə dünən çıxıb. Onun cibində dünən qazandığı 10 manatdan 1 manat qalıb. O, bu bir manatla evə gedəcək.

Toplum TV

Amma Elxan tək gəlir yerinin “qul” bazarı olmadığını söyləyir. Deyir ki, ara-sıra iş düşəndə başqa yerlərə də gedir.

O da, başqaları da Dövlət Məşğulluq Agentliyinə müraciət etmədiklərini bildirirlər.

“İşə görə heç bir dövlət qurumunun qapısını döymək istəmirəm. Burda ən azından birinin yazığı gəlir, pul verir, paltar verir, bayramda gətirib bir tikə qurban əti verir, dolanırıq. Məşğulluğa gedirsən, 200 manatlıq iş tapırlar bizə”, - adının çəkilməsini istəməyən işçilərdən biri deyir.

Bunu da oxu: “Dövlət vətəndaşı cinayət işləməyə məcbur edir”

Burdakı yaşlı işçilərin isə tək ümidi pensiyadır. Amma həm də narahatdırlar, o yaşa sağ-salamat çata bilməyəcəklərini düşünürlər: “Pensiya yaşını nə boyda qaldırıblar. Burda o yaşa çatan olacaq heç? Bu vəziyyətdə yaşayan adamın hansı 65 yaşa sağ qalar?”

Bu yerdə başqaları da söhbətə qarışır, narahatlıqlarını bölüşürlər.

“Hamı burdan çörəkpulu qazanır, çəkib göstərsəniz, sabah polislər əllərində dubinka buranı dağıdacaqlar. Biz də pis-yaxşı tapdığımız 3-5 manatdan olacağıq”,- işçilərdən biri belə deyir.

Bunu eşidən başqa bir nəfər də yoldaşının fikirlərinə şərik çıxır: “Ən yaxşı iş yeri üçüncü mikrorayonun “kruqu”dur. Bura bizim evimizdi artıq. Yayda günəşdən, yazda yağışdan qorunuruq elə bu körpünün altında...”

Rəsmi statistikaya görə, bu ilin iyulunda Azərbaycanda işsizliyin səviyyəsi 6.64 faizə düşüb. İlk altı ay ərzində ölkədə 30,9 min yeni iş yerinin açıldığı, 3,9 min iş yerinin isə bağlandığı deyilir.

Sosial

Nazilik "Meymun çiçəyi" virusu barədə məlumat yayıb

20 May 2022

açıq mənbədən götürülüb

Səhiyyə Nazirliyi son vaxtlar kütləvi şəkildə yayılan “Meymun çiçəyi” virusunun Azərbaycan üçün təhlükəsi olub-olmaması məsələsinə münasibət bildirib. Nazirlikdən “Reporta”a deyilib ki, hazırda həmin virus Azərbaycanda yoxdur və olmaması üçün də yetərincə tədbirlər həyata keçirilir. Nazirliyin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova qeyd edib ki, “Meymun çiçəyi” nadir virusdur və suçiçəyi xəstəliyinə bənzəyir: “Virusa adətən Qərbi Afrika ölkələrində, xüsusilə də tropik meşələrin yaxınlığında rast gəlinir. Virusun iki əsas ştammı var: Qərbi Afrika və Mərkəzi Afrika. Simptomlara gəlincə, virusun ilk əlamətləri qızdırma, baş ağrısı, şişlik, bel ağrısı, əzələ ağrısı və zəiflik kimi büruzə verir». İnfeksionistin sözlərinə görə, qızdırma azaldıqdan sonra üzdə başlayan səpgilər bədənin digər...
Sosial

Prezident Şuşa Real Məktəbinin bərpasına 1 milyon manat ayırdı

20 May 2022

Wikipedia

Şuşa Real Məktəbi bərpa ediləcək. “president.az”ın məlumatına görə, bununla bağlı İlham Əliyev Sərəncam Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb. Şuşa Real Məktəbinin əsası 19-cu əsrdə qoyulub. 1992-ci ildə Şuşa işğal olunduqdan sonra Şuşa Realnı məktəbi yandırılıb.

Seçilmiş Videolar

Toplum TV loqo