Sosial

Rəşad Nəbiyev İlham Əliyevi aldadır?

Şəhla Kərim
1 Fevral, 2021
1340

azvision.az

Rəşad Nəbiyev yanvarın 26-da İlham Əliyevin sərəncamına əsasən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.  Bundan əvvəl o, 2011-2021-ci illərdə Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində çalışıb. 

Zərərlə işləyən, xəritələri “Google maps”-dən seçilməyən “Azərkosmos”

“Azərkosmos” necə fəaliyyət göstərib, bunu mütəxəssislər söyləyə bilər, biz sadəcə, bəzi rəqəmləri təqdim edək. 

2010-cu ildən fəaliyyətə başlayan “Azərkosmos” 2017-ci ili 16 milyon 97 min manat, 2018-ci ili isə 6.5 milyon manat zərərlə başa vurub. 2019-cu ildə “Azərkosmos”un yığılmış ümumi zərəri 1.9 % azalaraq 307 milyon manata düşüb.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyir ki, “Azərkosmos” ASC-nin fəaliyyəti barədə cəmiyyətdə kifayət qədər informasiya yoxdur və onların hazırladığı xəritələr heç də “Google maps”ın xəritələrindən fərqlənmir: “Müharibə vaxtı Azərbaycana iradlar bildirilirdi ki, yaşayış məntəqələrini vurur. Biz də informasiya agentliyi olaraq işğal edilmiş ərazilərdə ermənilərin törətdiyi cinayətləri, binaların, şəhərlərin dağıdılmasını və s. göstərmək üçün xəritələr hazırlayırdıq, “Google maps”dən istifadə edirdik. Mən sonra gördüm ki, “Azərkosmos” da “Google Maps”dən istifadə edib və onların təqdim elədiyi şəkillər heç də “Google”un şəkillərindən üstün deyil. Halbuki kosmik peyklərdən kifayət qədər effektiv istifad etmək və daha yaxşı, daha keyfiyyətli nümunələr təqdim etmək olardı”.

Mediada Rəşad Nəbiyevlə bağlı vurğulanan məlumatlardan biri də ABŞ-da təhsil alması, Harvard Universitetinin məzunu olmasıdır. Son dövrlər kadr təyinatında nəzərə çarpan cəhət qərb təhsillilərin önə çəkilməsidir. Harvard məzunları arasında Vüsal Hüseynov (Dövlət Miqrasiya Xidmətinin rəisi), Şahmar Mövsümov (Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri) və s. kimi adlar da var. 

Bəs Qərbdə təhsil alanların yüksək vəzifəyə gətirilməsi hansı yeniliklərə səbəb olur? Məmurların qərbtəhsilli olmasının ölkə siyasətinə faydası varmı? 

Mehman Əliyev bu suala belə cavab verir: “Müəyyən dərəcədə təhsil vacib rol oynayır. Amma bir problem var ki, bizim hakimiyyət hansı cəmiyyəti görmək istəyir? Bu qapalı cəmiyyətdir ya azad cəmiyyətdir, demokratikdir ya avtoritardır? Ona görə də hər bir şəxs təhsilindən asılı olmayaraq əvvəlcədən müəyyənləşdirilmiş belə bir çərçivəyə düşəndə elə çərçivələr daxilində də hərəkət edəcək. Ona görə də siyasi hakimiyyətin proseslərə, inkişafa münasibətindən çox şey asılıdır. Amma yenə də qeyd etmək istəyirəm ki, yaxşı təhsil çox vacib rol oynaya bilır. Əlbəttə ki, siyasi kurs daha aydın, demokratik inkişafa daha çox yönələn olsaydı, onda onların potensialı daha da effektiv istifadə edilə bilərdi”. 

Harvard məzunu, ya...?

Bir neçə gün öncə ictimai fəal Bəxtiyar Hacıyev yeni təyin olunan nazir haqqında sosial şəbəkədə status yazaraq Harvard Universitetinin məzunu olmadığını, sadəcə, həmin universitetdə kurs keçdiyini iddia edib. 

O, “Toplum TV”-yə açıqlamasında bunu belə izah edib: “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və onun ətrafındakı qurumlarda çox sıx yayılmış haldır. ABŞ-da müxtəlif nüfuzlu universitetlərdə qısa müddətli ödənişli kurslar olur. Bu kurslara nə qəbul olmaq, nə də kursu bitirmək üçün hansısa imtahan tələb olunur. Sadəcə, ödəniş edirsən və bir neçə günlük hansısa seminarlarda iştirak edirsən. Həm İnnovasiyalar Agentliyinin rəhbəri Tural Kərimli, həm də yeni təyin olunan Rəşad Nəbiyevin tərcümeyi-halında belə br ifadə işlədilir ki, “daha sonra təhsilini ABŞ-ın Harvard Universitetində davam etdirib və hansısa proqramı bitirib” və mətbuatda da dəfələrlə onlar Harvard məzunu kimi təqdim olunurlar. Onlardan kimsə buna qarşı etraz etmir ki, biz bu universiteti bitirməmişik, imtahan verib qəbul olmamışıq, kredit toplamamışıq və imtahan verib məzun olmamışıq, dərəcə qazanmamışıq, sadəcə, hansısa kursda iştirak edib geri qayıtmışıq”.

Bəxtiyar Hacıyevin qənaətincə, məmur öz tərcümeyi-halını saxtalaşdırırsa və ölkə rəhbərinə təqdim edib hansısa vəzifədə oturursa, bu, özü də siqnaldır ki, ondan növbəti mərhələdə rəhbərlik etdiyi sahədə dürüst idarəçilik gözləmək əbəsdir. 

Hələlik Rəşad Nəbiyev və ya rəhbərlik etdiyi nazirlik Bəxtiyar Hacıyevin səsləndirdiyi fikrilərə münasibət bildirməyib. 

İctimai fəal “Məmurların qərb təhsilli olması nə kimi yeniliklər gətirə bilər?” sualına belə cavab verir: “Kimin harda təhsil almasından daha çox kimin təhsil aldığı ölkədəki dəyərləri, vətəndaş-məmur münasibətlərini mənimsəyib-mənimsəməməsi daha önəmlidir. Elə insan ola bilər ki, ikinci magistr dərəcəsini xaricdə bitirsə də, ölkəyə qayıdıb harınlamış yaşlı məmurlar kimi davranar. Elə insan da ola bilər ki, ümumiyyətlə, qısa müddətli kurslarda iştirak edib və getdiyi ölkələrdə gördüyü müasir, mütərəqqi, innovativ idarəetməni Azərbaycana gətirər və müxtəlif sahələrdə, o cümlədən, məmur-vətəndaş münasibətlərində tətbiq edər. Biz bunun misallarını fərqli-fərqli məmurlarda görürük. Elə insanlar var ki, təhsil alıb qayıdıb sistemin bir parçası olur və heç bir yenilik gətirmir, elə insanlar da var ki, onlar idarə etdikləri sahələrdə maksimum dərəcədə şəffaflığa, vətəndaş-məmur münasibətlərinin qurulmasına töhfə verməyə çalışır”. 

Bəxtiyar Hacıyev belə məmurlardan birinin Vüsal Hüseynov olduğunu, onun həm Milli Məclisin üzvü olduğu müddətdə, həm də Miqrsiya Xidmətinin rəisi təyin olunandan sonra sosial şəbəkələrdə birbaşa yayımda sualları cavablandırdığını qeyd edir: “Dəfələrlə olub ki, adi vətəndaşlar onu sosial şəbəkələrdə işarələyib hansısa məsələ ilə bağlı müraciət ediblər və özü şəxsən dərhal cavab verib, məsələ də həll olunub. Amma elə insanlar da var ki, daha uzun müddətdə qərbdə yaşayıb qayıdıb, daha yüksək vəzifədədir, amma vətəndaş aylarla həmin quruma rəsmi müraciət etsə də heç bir cavab hala bilməyib. Bu fərq kimin harda təhsil almasından yox, kimin hansı dəyərləri mənimsəməsindən asılıdır”.

Nazirliyin saytında yerləşdirilən məlumata görə, Rəşad Nəbiyev 44 yaşındadır. 

O, Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb, 2000-2002-ci illərdə ABŞ-ın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnib.
Tərcümeyi-halında o da qeyd edilir ki, 2006-cı ildə təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək “Yüksək vəzifəli icraçı şəxslər üçün dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.

R.Nəbiyev Prezidentin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində, Mərkəzi Bankın Bazar əməliyyatları departamentində, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib.

2011-ci ildə “Azərkosmos” ASC-nin sədri, 2021-ci ildə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Sosial

Bakıda 8 mart aksiyası zorakılıqla dağıdıldı - Yenilənib

8 Mart 2021

Toplum TV

Bugün 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Bakının mərkəzində aksiya keçirməyə cəhd edən fəallar bəyanatla çıxış ediblər.  Toplum.TV-nin məlumatına görə, feminist fəallar Azərbaycanda ilboyu baş verən qadın qətllərinə, qadın intiharlarına, gender ayrı-seçkiliyinə və pandemiya dövründə hökumətin həssas qrupları qorumaq üçün heç bir əməli addım atmamasına etiraz etdiklərini bildiriblər.  "Dövlət patriarxal dəyərləri təbliğ edir və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün heç bir ciddi addım atmır. Bunları nəzərə alaraq bəyan edirik: ifadə azadlığımızın və sərbəst toplaşmaq azadlığımızın qarşısını heç bir qüvvə ala bilməz. Patriarxat məhv olana qədər biz öz mübarizəmizi davam etdirəcəyik. Biz yürüş iştirakçıları dövlətdən tələb edirik: İstanbul Konvensiyası qəbul edilsin!"...
Sosial

Qadınlar 8 mart haqqında: “Bayram yada düşmür”

Aytac Məmmədli
8 Mart 2021

Turan

“İndi insanların çiyni problemlərdən elə əyilib, ürəyi kədərdən elə yüklənib ki, bayram yada düşmür”.  Bu sözləri “Toplum TV”-yə "Azadlıq" qəzetinin əməkdaşı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Səadət Cahangir deyir.  Artıq 110 ildir ki, martın 8-i Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. BMT də bu günü bu statusla tanıyıb.    İlk dəfə 1857-ci il martın 8-də ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın az maaşlara, uzun iş saatına, pis iş şəraitinə etiraz olaraq tətil ediblər.  51 il sonra qadınlar yenə eyni şəhərdə, yenə eyni tələblərlə meydanlara çıxıblar - 1908-ci il martın 8-də  Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı...
Seçilmiş Videolar