Sosial

Rəsulzadə kim idi: Stalinin dostu, xəyanətkar, yoxsa Cümhuriyyətin qurucusu?

31 Yanvar, 2021
1322

Sosial media


"Biri “Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu”, digəri isə “Azərbaycan Demokratik Cümhuriyyətinin qurucusu” ifadəsi olmalıdır dedi. Başqa bir nəfər də dedi ki, “Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri” ifadəsi daha doğrudur. Ona görə də bu mövzu mübahisəlidir. Məhəmməd Əmin Rəsulzadəni tanımayan insan yoxdur. Hamı bilir ki, bu şəxs kimdir... Mübahisələrə son qoymaq üçün barelyefdə yalnız “Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə bu evdə anadan olmuşdur” ifadəsi yazıldı. Əlavə nəsə yazılsaydı, yenə mübahisə yaranacaqdı. Rəsulzadənin çox titulu var, onun hamısını barelyefə sığdırmaq olmaz axı...”.

Bir neçə il qabaq Rəsulzadənin oğurlanmış barelyefi barədə danışan Novxanı bələdiyyəsinin sədri Şahin Tağıyevi belə demişdi. Yəni əslində Rəsulzadənin kimliyi onu da düşündürmüşdü.

Rəsulzadədən danışarkən və ya yazarkən, acı da olsa, bu sözlər də mütləq xatırlanır: silahdaşlarının dediyinə görə, 1955-ci il martın 6-da Ankara xəstəxanasında ölüm döşəyində huşsuz yatan Rəsulzadə 3 dəfə uğrunda canını, varını, övladlarını - hər şeyini qoyduğu Azərbaycanın adını dilə gətirib.
Məsələn, silahdaşı Məhəmməd Kəngərli yazır ki, Məhəmməd Əmin Rəsulzadə dünyasını dəyişəndə bir neçə dostu ilə onun yanında olub və istiqlal qurucusu son məqamda bütün yaddaşını toplayıb üç dəfə "Azərbaycan, Azərbaycan, Azərbaycan" söyləyib.
Kəngərli xatırlayırmış ki, Rəsulzadə vəfat edəndən bir qədər sonra üzündə ay işığına oxşayan qəribə bir nur dolaşırmış: "Biz hamımız onun üzünə heyrətlə baxırdıq. Çünki dünyadan köçən insanın üzünün nuru hədsiz parlaq idi..."

Kim idi Rəsulzadə: Stalinin dostu, Cümhuriyyətin qurucusu, yoxsa xəyanətkar?

Rəsulzadə İstanbulda nəşr olunan "Dünya" qəzetindəki məqaləsində ("Stalin ilə inqilab") qeyd edir ki, hələ 1905-ci ildə Balaxanı neft mədənlərində varlılar Stalini fəhlələri tətilə dəvət etdiyi üçün neft quyusuna atmaq istəmişlər, ancaq M.Ə.Rəsulzadə onu ölümdən xilas edib. Hətta müsavatçılar tərəfindən Stalinin Bayıl həbsxanasından qaçırılmasının da təşkilatçısı olub.

1920-ci ilin noyabr ayının əvvələrində Oktyabr inqilabının ildönümü ilə əlaqədər Bakıda olan İ.V.Stalin Rəsulzadənin həbsdə olduğunu öyrənir. Stalin XII Ordunun xüsusi şöbəsinin rəisi V.Pankratova RSFSR-i Millətlər Komissarlığı adından göstəriş verir və özü şəxsən həbsxanaya gedib M.Ə.Rəsulzadəni azad edir.
Bununla Stalin 1905-ci ildə onu ölümdən qurtaran M.Ə.Rəsulzadəyə borcunu ödəyir. O, Rəsulzadəni özü ilə birlikdə Moskvaya aparıb RSFSR Millətlər Komissarlığında mətbuat müvəkkili vəzifəsinə təyin etsə də, baxışlarının fərqli olması səbəbindən sonralar Rəsulzadə vəzifəsindən ayrılaraq mühacirətə yollanır.

Cümhuriyyətin qurucusu

Oktyabr çevrilişindən (1917) sonra Rusiyada bolşevik irticası və yeni milli əsarət dövrü başlandı. Həmin dövrdə bolşeviklərlə mübarizə apara və milli ideyaları daşıya biləcək siyasi qüvvə Müsavat hesab olunurdu.

Bakıda və onun ətraflarında hakimiyyəti ələ keçirən S.Şaumyanın bolşevik-daşnak dəstələri 1918-ci ilin martında Bakıda və bunun ardınca ölkənin digər bölgələrində Azərbaycan xalqına qarşı kütləvi soyqırım törədirdi.

Mart soyqırımı zamanı milli-istiqlalçı qüvvələrə başçılıq edən “Müsavat”ın binası və “Açıq söz”ün redaksiyası yandırıldı. Bu zaman Rəsulzadə milli azadlıq hərakatının digər nümayəndələri ilə birlikdə Qafqazın Rusiyadan ayrılaraq müstəqil konfederasiya yaratması və Türkiyə ilə sülh danışıqlarına girməsi uğrunda mübarizəyə başlayır və Tiflisdə — Zaqafqaziya Seymində Müsəlman fraksiyası rəyasət heyətinin sədri kimi çıxış edir. Beləcə, Azərbaycan Milli Şurası yaranır və səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilir.

Bir gün sonra mayın 28-də Azərbayacan Xalq Cümhuriyyətinin yaradılmasıyla nəinki türkdilli xalqlar arasında, həmçinin bütün islam aləmində ilk dəfə olaraq respublika idarə üsulunun təməli qoyulub.


Həm də “xəyanatkar Rəsulzadə...”

“Cümhuriyyət qurucusu”, “azadlıq carçısı” eyni zamanda İrəvanı Ermənistana güzəştə gedən AXC rəhbərlərindən biri kimi də yad olunur.
Prezident İlham Əliyev 2018-ci ildə ADR-in 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbulda "Azərbaycan dövlətinin Cümhuriyyətin qurucularının xatirəsinə böyük hörmətlə yanaşdığını" bildirərkən daha əvvəlki çıxışlarında “Cümhuriyyət qurucularının ilk qərarlarından biri də İrəvanı Ermənistana paytaxt şəhəri kimi vermək ...idi... Bu, cinayət idi", - deyə o söyləmişdi.

Tarixçi Vasif Qafarova görə, İravanın Ermənistana verilməsi o dönəm Osmanlı imperiyasının öz ərazilərini ermənilərə güzəştə getməməsi ilə bağlı idi: “Batum konfransının 1918-ci il may ayının 11-də keçirilən ilk iclasında Osmanlı nümayəndə heyətinin rəhbəri Xəlil bəy Menteşə Brest müqaviləsinin şərtlərini indiki danışıqlar üçün əsas kimi qəbul etmədiyini bildirib, Türkiyənin hərbi əməliyyatlar meydanında verdiyi qurbanların əvəzi olaraq Qars, Ərdəhan və Batum vilayətlərindən başqa bir sıra yeni ərazilər və imtiyazlar tələb etdi. Bu tələblərə Tiflis quberniyasının Axıska və Axalkələk qəzaları, İrəvan quberniyasının Aleksandropol (Gümrü) və Sürməli qəzaları, Eçmiədzin qəzasının Sərdarabad hissəsi, İrəvan qəzasının cənub və cənub-qərb hissəsini təşkil edən Kəmərli (Gərnibasar), Uluxanlı (Zəngibasar) və Vedibasar bölgələri, Şərur-Dərələyəz qəzasının Şərur hissəsi və Ordubad istisna olmaqla Naxçıvan qəzası, habelə Qars-Aleksandropol-Culfa dəmir yolu daxil idi”.

Zaqafqaziya seymi daxilindəki ixtilaflar, bolşevik-daşnakların qəzalarda törətdiyi qırğınlar və ermənilərin ərazi iddiaları həmin dövrün real mənzərəsini özündə əks etdirirdi.
Tarixçinin sözlərinə görə, həmin dövrdə Osmanlı öz ərazisində erməni dövlətinin yaranmasından ehtiyat etdiyindən, bu proses İrəvanın ermənilərə güzəştə gedilməsi ilə nəticələndi.

İrəvanın güzəştə gedilməsi ilə bağlı müzakirələrdə Rəsulzadə fiziki olaraq iştirak etməsə də, baş nazir Xoyski xarici işlər naziri Məmməd Həsən Hacınskiyə yazırdı: “Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və muharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik”.
V.Qafarova görə, Osmanlı bununla həm erməniləri öz ərazisindən uzaqlaşdırıldı, həm də erməni məsələsinə görə beynalxalq qınaqdan canını qurtardı və Azərbaycana kömək etmiş oldu.

Cəmil Həsənli: “Rəsulzadə sovetlərə qədər ən çox döyülən, sovetlər dağıldıqdan sonra isə ən çox sevilən siyasi xadim idi”

“Təsəvvür edin ki, Bakını azad edərkən Qafqaz İslam Ordusu məntəqə-məntəqə əraziləri alır və Azərbaycan hökuməti vaqon-kabinetlərdə stansiyadan-stansiyaya hərəkət edirdi... Qurucu babalar belə bir həyat, belə dramatik ömür yaşadılar... İndi qalxıb onların ünvanlarına «Azərbaycan torpaqlarını verdilər» ifadəsini işlətmək yersizdir. Gəlin, onların aldığı Azərbaycan torpaqları haqqında danışaq və qurucu babalarımızla fəxr edək!”, - Demokratik Qüvvələrin Milli Şurasının sədri, tarixçi alim Cəmil Həsənli belə deyir.

C. Həsənlinin sözlərinə görə, o zaman siyasi xadimlər dövrün tələblərini nəzərə alaraq hərəkət edib. İrəvanın güzəştə gedilməsi isə qarşılıqlı razılıq əsasında mümkün olub: “Ermənilər Yelizavetpol, yəni Gəncə quberniyasının dağlıq hissəsinə olan iddialarından imtina etdilər, azərbaycanlılar İrəvanı paytaxt olmaq üçün ermənilərə güzəştə getdilər... Hətta ermənilər öhdəlik götürüblər ki, Bakıdakı bolşevik hökumətinin yürütdüyü antimüsəlman siyasətinə təsir göstərəcək və Bakının bolşeviklərdən təmizlənməsinə yardım edəcəklər...”

Rəsulzadə və çağdaş dövr...

"Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası" və AXC dövründən bəhs edən digər kitabların müəllifi olan Nəsiman Yaqublu deyir ki, Cümhuriyyətin qurucularının həyatından bəhs edən "hələ bir dənə normal bədii, sənədli film ortaya qoyulmayıb".

"Məsələn, gürcülər çəkib o filmi, Qazaxıstan Mustafa Çokay haqqında beş seriyalı film çəkiblər. Biz Rəsulzadə haqqında, Cümhuriyyət haqqında nə film çəkmişik? Azərbaycan parlamenti, onun yaradıcıları, üzvləri, təcrübələri haqqında nə çəkmişik?", - deyə o qeyd edir.
Bu gün şəhərin mərkəzində Rəsulzadənin heykəlinə rast gəlmək mümkün deyil. Onu doğum günündə anmaq üçünsə şəhərdəki yeganə heykəli olan doğulduğu Novxanıya getmək lazımdır.
 

Sosial

Bakı gələn mövsüm “Formula 1” sprint yarışı keçirmək niyyətindədir

Roza Məmmədova
19 May 2022

açıq mənbədən götürülüb

Növbəti mövsüm təklif olunan altı sprint yarışından biri Bakıda keçirilə bilər. “Reuters”in məlumatına görə, bu barədə mayın 16-da "Formula 1" üzrə Azərbaycan Qran Prisinin promouteri Arif Rəhimov jurnalistlərə müsahibə verib. "Mən sprint yarışlarını çox sevirəm, bu yarışlar oyunlara daha çox həyəcan qatır”, - deyən promouter iyunun 12-də keçiriləcək “Formula 1” ilə bağlı müzakirənin gündəmində bu məsələnin də olduğunu bildirib. “Gələn il sprint yarışını Bakıda keçirməkdən şad olaram. Ümid edirəm ki, 6 yarışdan biri Bakıda keçiriləcək. Mən bu ideyanın qızğın tərəfdarıyam. Yeniliklərin müsbət təsir edəcəyini düşünürəm. Əks təqdirdə oyunlar darıxdırıcı olur, insanlar eyni formata çox öyrəşir və sonra maraqlarını itirirlər”, - deyə o...
Sosial

Azərbaycanda yoluxma artdı

19 May 2022

açıq mənbədən götürülüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 19-a olan məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 792 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 936 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 49 nəfərdir. Ölkədə son sutka ərzində 2 964, hazırkı dövrədək isə 6 865 181 test aparılıb.

Seçilmiş Videolar

Toplum TV loqo