Rus jurnalist Nobel mükafatını hərraca çıxardı – Azərbaycanlı ziyalıların reaksiyaları
Rəsmi səhifə
“Əgər imtinanın kökündə xoş niyyət, xüsusilə də sülh, təcavüz olunana dəstək məqsədi varsa, bunu yalnız alqışlamaq olar. Çox yaxşı olardı ki, bu addımlar Ukraynadakı faciəyə şahidlik etməmişdən öncə atılaydı. Yəni iş-işdən keçəndən sonra insanlığın ortaq mövqe nümayiş etdirməsi anlamını itirir. Amma hər bir halda bəşəri vicdanın yaşaması üçün bu cür imtinalar vacibdir”.
Yazar, publisist Elnur Astanbəyli Nobel Sülh Mükafatını ukraynalı uşaqlar üçün hərraca çıxaran rusiyalı jurnalist Dmitri Muratovun addımını şərh edərkən belə deyib.
İyunun 2-də “Novaya qazeta”nın baş redaktoru, rusiyalı jurnalist D.Muratov layiq görüldüyü Nobel Sülh Mükafatını ukraynalı uşaqlar üçün hərraca çıxarıb.
“Ukraynalı uşaqlara kömək etmək üçün verilə biləcək ən vacib şeyin fəda edilməsinin zəruriliyini anlayırıq”,- qəzetin sosial media hesabındakı şərhdə qeyd olunub.
Hərrac iyunun 20-də qeyd olunan Ümumdünya Qaçqınlar Günündə Nyu-Yorkun Tayms Meydanında başa çatacaq. Əldə edilən gəlir Birləşmiş Millətlər Təşkilatının Uşaq Fonduna (UNICEF) köçürüləcək.
Muratov 2021-ci ildə "demokratiya və dayanıqlı sülh üçün əsas şərt olan ifadə azadlığını qorumaq səylərinə görə" Nobel sülh mükafatına layiq görülüb.
Bir neçə həftə əvvəl azərbaycanlı rejissor Tahir Tahiroviç də Ukraynadakı müharibəyə oxşar etiraz edib. O, Krımda keçirilən "Zolotoy Vityaz" festivalından "Qırmızı" filminin çıxarılmasını istəyib.
Mükafat, fəxri adlar uğur simvolu sayılsa da, ayrı-ayrı vaxtlarda bundan imtina edənlər olub. Bu imtinalar bəzən kütlənin tələbi, bəzən isə sadəcə mədəni etiraz etmək istəyindən doğub.
Məsələn, Marlon Brando 1972-ci ildə çəkildiyi “Xaç atası” (“The Godfather”) filmindəki Don Karleone obrazına görə “Ən yaxşı aktyor kimi “Oskar” mükafatı qazandığı halda o, mükafatdan imtina edib.
Amerika hökumətinin hindulara qarşı apardığı siyasətə etiraz edən Brando mərasimə qatılmamaqla qalmayıb, hətta, öz yerinə hindu qadın göndərib.
Kino xadimi Rüstəm İbrahimbəyov Fransa Senatının 2012-ci ilin yanvarında çıxardığı, sonradan ləğv edilən “erməni soyqırımını inkar edənlərin cəzalandırılması” qərarına etiraz olaraq fransanın Fəxri Legion ordenindən imtina edib.
Sovet yazıçısı Boris Pasternak da mükafatı almaq istəməyənlər sırasındadır. Ancaq yuxarıdakılardan fərqli olaraq Pasternakın imtinası məcburi idi.
Yazıçının 1957-ci ildə işıq üzü görən “Doktor Jivaqo” əsəri Sovet hakimiyyəti tərəfindən anti-sovet kitab kimi dəyərləndirildiyindən, o, müxtəlif təzyiqlərlə üzləşirdi - ictimai qınaq, SSRİ Yazıçılar Birliyindən çıxarılmaq və s. Bunu görən Pasternak mükafatdan imtina etdi. Nobel komitəsi imtinanı anlayışla qarşılayaraq illər sonra, 1989-cu ildə diplom və medalı Pasternakın oğluna verib.
Bəs “mükafatdan”, addan imtina etmək zərurətdirmi? Bu hərəkətin pozitiv yükü varmı?
Elnur Astanbəylinin fikrincə, insanı həyatda xüsusiləşdirən onun inkarları və imtinalarıdır.
“Əgər imtinanın kökündə xoş niyyət, xüsusilə də sülh, təcavüz olunana dəstək məqsədi varsa bunu yalnız alqışlamaq olar. Çox yaxşı olardı ki, bu addımlar Ukraynadakı faciəyəyə şahidlik etməmişdən öncə atılaydı. Yəni iş-işdən keçəndən sonra insanlığın ortaq mövqe nümayiş etdirməsi anlamını itirir. Amma hər bir halda bəşəri vicdanın yaşaması üçün bu cür imtinalar vacibdir. Əhəmiyyəti həm də ondadır ki, bu gələcək üçün bir cığır, yol açır. Zamanında bəşəri cinayətlərin önünə keçmək lazımdır ki, imtinalara da ehtiyac qalmasın”.
Astanbəyli xatırladır ki, bir vaxtlar Hitler faşizmi bəşəriyyəti fəlakətə sürükləyəndə Stefan Sveyq bunun qarşısıalınmaz oduğunu düşünüb, dünyanın sonu gəldiyini fikirləşib və xanımı ilə bərabər həyatından imtina edib.
“Bəşəriyyət bu cür imtinalardan, etirazlardan dərs çıxarmalıdır, belə olduğu halda etirazların anlamı olacaq”, - deyə o qeyd edib.
Şair, yazar Xaqani Hass hesab edir ki, mükafatlara yaradıcı adamların, şair və yazıçıların, yaxud rejissorların müxtəlif münasibət göstərməyi təbidir, normaldır. Burada əsas məsələ odur ki, mükafatı verən kimdir, mükafat hansı şəraitdə, hansı şərtlərlə, hansı dövrdə, hansı meyarlara əsaslanaraq verilir, o cümlədən kimə verilir və hansı səbəblərlə.
“Mükafatdan imtina etmək siyasi-ideoloji səbəblərlə ola bilər, şəxsi səbəblərdən irəli gələ bilər, hətta imtina bədii-estetik meyarlara da əsaslana bilər. Mən prinsipcə ədəbiyyat mükafatlarının hansısa bir müsabiqə nəticəsində verilməyinə etiraz edirəm, buna qarşıyam. Şeirlərin, hekayələrin, romanların müsabiqəsi olmaz, ədəbiyyatın mahiyyətinə ziddir bu. Digər tərəfdən, dünyanın harasında olursa olsun, bu cür müsabiqələrdə tam obyektivliyi təmin etmək, meyarları düzgün müəyyənləşdirmək mümkün deyil. Ancaq hansısa yazar, şair, yaxud rejissor həyat boyu fəaliyyətinə görə, bütövlükdə yaradıcılığına görə hansısa mükafata layiq görülürsə, onun imtina haqqı da yaranır”.
Hassın fikrincə, imtina edib-etməmək isə, artıq laureatın dünyagörüşündən, ziyalı baxışından, ictimai-siyasi mövqeyindən, hətta şəxsi həyatından asılıdır; həqiqi ziyalı üçün imtina həmişə ən gözəl imkandır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Azərtac
Açıq mənbələrdən götürülüb