Sosial

Sabunçunun “Rus bazarı”- “...axtarsan, quş südü də taparsan”

Vüsalə Mikayıl
24 Yanvar, 2022
1741

Bakının Sabunçu rayonunda yerləşən “Rus bazarı”nda xüsusilə həftəsonları adam əlindən tərpənmək olmur. Elə buna görə bazara həftəsonu baş çəkdim.

Bir tərəfdə müxtəlif dövrə aid pullar, digər tərəfdə işlənmiş də olsa müasir elektrik avadanlıqları, telefon satanlar gözə dəyir. Az irəlidə ikinci əl geyimlər, kitablar, ev heyvanları, oyuncaqlar, qab-qacaq, bəzək əşyaları bir sözlə axtaracağınız hər şeyi burda tapmaq olar.

“Toplum TV” Sabunçunun “Rus bazarı”ndan reportajı təqdim edir.

“Burda bir qramafon vardı, 10 minə satdılar”

Bazarın girişində İlkin adlı satıcının piştaxtasına yaxınlaşıram. Satdıqları əşyalar arasında  köhnə ev telefonları, musiqi mərkəzləri, heç işlənməmiş sovet  istehsalı saç feni var. Onun sözlərinə görə, bu əşyaları daha çox film çəkilişlərinə görə alırlar. İlkin deyir ki, ən baha satdığı əşya Leninin platindən fiquru olub.

Piştaxtada qədim mücrülər, təsbehlər də gözə çarpır.

Toplum TV

İlkin satışlardan razıdır: “5 ildir ki, burdayam, dolana bilirəm, altı-bazar daha çox adam olur, həftə içi 30-40 manat, altı-bazar isə 100-120 manata qədər alverim olur. Amma elə gün də olur çox az nəsə satıram. Kolleksionerlər də gəlir. Fərqli istəkləri olur, bu yaxınlarda yeni il bayramı ilə əlaqədar sovet dövründə istehsal olunan şam ağacının oyuncaqlarını axtarırdılar. Burda bir qramafon vardı, 10 minə satdılar”.

Yandakı satıcı sovet dönəmi və hətta çar dövrünə aid pullar, sikkələr satır. Təbii daşlardan boyunbağılar, qolbaqlar, qəlyanlar da var, cib saatlarının tarixi isə o qədər də qədim deyil, uzağı 1990-cı illərə aiddir. Satıcı deyir ki, malların qədim olması qiymətə də təsir edir: “Bizim bazarda nə istəsəz tapa bilərsiz. Müştərinin ürəyi “quş südü” istəyir, taparıq”.

“Buraya gələnin çoxu daimi müştəridir”

Diqqətimi əlində evdən gətirdyi qazana qapaq axtaran müştəri çəkir. O köhnə qazan, tava, qapaq satanlara yaxınlaşıb  özünə lazım olan ölçüdə qapaq soruşur.

Toplum TV

Gödəkçə axtaran yaşlı adam isə geyimləri bir-bir sınayaraq özünə ən yaraşanını tapmaq istəyir.

Bazarda geyimlərin qiyməti 20 qəpikdən başlayır.

Lalə adlı satıcı satdığı  paltarları almaq üçün pul vermədiyini deyir, tanışlar, qonşular gətirir.

Bəzən bazarda satılan mallar çox nimdaş olsa da, satıcılar belə malların da alıcısı olduğunu deyirlər. Buraya gələnlərin çoxunun daimi müştəri olduğunu da söyləyirlər.

Toplum TV

Amma bazarda daha münasib qiymətə yeni geyim təklif edənlər də var. 

Satıcı: “Təzəsi 18-25 manatdır, amma indi 2 manata aldı”

Sabunçu bazarının tarixi  haqqqında dəqiq məlumat olmasa da, sovet dönəmindən, hətta bir az irəli tarixdən fəaliyyət göstərdiyini deyənlər var.

Bazardakı satıcılara, alıcılara isti çay təklif edən Suğra xalasa  burada artıq neçə ildir işlədiyini unudub. Qışda isti çay, yayda sərin su satır.

Zülfiyyə Həsənova artıq 8 ildir həftənin üç günü bazarda oyuncaq, ayaqqabı, köhnə geyimlər, köhnə qab-qacaq satır.

Toplum TV

Oyuncaqları 50 qəpikdən  8 manata kimi təklif edir: “Çək mənim “mişkalarımı”, hamısını yuyub təmizləmişəm, çiçək kimidirlər”.

Zülfiyyə satışlarının yaxşı getdiyini deyir. Danışır ki, onların satdığı mallar sınıq-salxaq olsa da, tələbat var: “Məsələn, belə bir çaydanın təzəsini almaq istəsən, qiymətlər 25 manatdan başlayır. Amma mən 5-7 manatdan satıram. Görün nə qədər fərq var. Buna görə də insanlar gəlib bizdən alırlar”.

Müştərilərdən biri yaxınlaşıb hamam aksesuarı soruşur. Zülfiyyə malı 2 manata satır. Sonra dönüb mənə deyir: “Bax görürsüz, tələbat var. O oğlanın aldığını özüm soruşmuşam, təzəsi 18-25 manatdır. Amma indi 2 manata aldı apardı. O qədər də pis vəziyyətdə deyildi, özünüz gördüz”.

O deyir ki, bəzən aldığı malları qaytaranlar da olur.

Toplum TV

Zülfiyyə geyim və oyuncaqları bəzən pulsuz, bəzən də cüzi məbləğ qarşılığında, çaydanları, qazanları metal qəbulu məntəqələrindən aldığını bildirir.

Bayaqdan qapaq axtaran müştəri əlində gətirdiyi qazanı çıxarıb bu dəfə də Zülfiyyənin malları arasında axtarır: “Bütün bazarı gəzmişəm, bəlkə səndə buna uyğun qapaq olar?”

Qadın yenə istədiyi ölçüdə qapaq tapa bilmir.

Zülfiyyənin 4 uşaq anası olduğunu öyrənirəm. O, vəziyyəti ağır olmasa burda alver etməyəcəyini söyləyir: “Uşaq pulu vermirlər, sosial yardım almıram, ümidim bura qalıb. Ən balacam  1 yaş yarımındadır. Bura ilə dolanıram. Uşaq pulu versələr, dörd uşağın pulu nəyimə çatmaz ki? Hər gün dua edirəm ki, dövlət uşaq pulu versin. Uşaqlarımı yaxşı dolandırım, başqa heç nə istəmirəm. Tək arzum budur”.

Toplum TV

Özü ilə bağlı arzusunu soruşuram: “Heç nə. Bəlkə uşaqlarımı yaxşı dolandırsam özüm də bir gün görərəm. Yaxşı geyinərəm, saçlarmı düzəltdirərəm, nə bilim ey, makiyaj edərəm”.

Bir az aralıda təsbeh, dini kitab satan satıcıya yaxınlaşıram. Dini kitabların qiymətini soruşduqda “Nə istəyirsən ver” deyir. O, dini kitablara – “İncil”, “Bibliya”, müxtəlif təfsirlərə qiymət “oxumadığını” bildirir: “Günahdır. Bu kitabları oxumayacaqsansa, almaq da günahdır”.

Toplum TV

“Rus bazarı”ndakı qarışıqlıqda hamı nəsə axtarır, nəsə satır, nəsə alır, razı qalan da var, qalmayan da.

“Allah bazar versin”, - Bayaqdan axtardığını nəhayət tapan müştəri sevincək pulu ödəyib satıcıya belə deyir.  

Sosial

Türkiyədə imtahan suallarını qanunsuz satan azərbaycanlılar saxlanılıb

17 May 2022

açıq mənbədən götürülüb

Ankarada Amerika və Türkiyə universitetlərində təhsil almaq istəyən əcnəbi tələbələrə SAT imtahan (Scholastic Aptitude Test - akademik qabiliyyət imtahanı) suallarını satdığı iddia edilən 6 şəxs saxlanılıb. "TRT Haber"in məlumatına görə, saxlanılanlar arasında azərbaycanlıların da olduğu deyilir. Ankara Respublika Baş Prokurorluğu mayın 7-də keçirilən SAT imtahan suallarının Ankarada 2-3 min dollara satılmasından sonra istintaqa başlayıb. İstintaqı dərinləşdirən prokurorluq, İran və Azərbaycan vətəndaşları da daxil olmaqla 6 şübhəlinin “Telegram” mesajlaşma proqramı vasitəsilə əlaqəyə girdiyini aşkarlayıb. Cahid və M.N. adlı şəxslərin sualları “karantin” adlandırdıqları evlərdə payladıqları müəyyən edilib. Baş Prokurorluğun göstərişi ilə Maliyyə Cinayətlərinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları təyin olunmuş ünvanlarda eyni vaxtda...
Sosial

Müştəri restoranda servis haqqı ödəməlidirmi?

Roza Məmmədova
17 May 2022

Getty Images

Restorana gedəndə xərcinizi menyudakı qiymətlərə görə hesablayırsınızsa, sürprizə hazır olun. Bəzi kafe və restoranlarda yeyib içdiyinizdən əlavə servis haqqı da tutulur. Nədir servis haqqı? Bura restoranda dinlədiyiniz musiqi, servis xidməti, istifadə olunan qab-qacaq və s. aiddir. Bakıda “Özsüt” restoranında ofisiant işləyən Pünhan Cəfərov (ad şərtidir) deyir ki, müştərilər əvvəlcədən servis haqqı tutulduğunu bilmir: “Onlar bunu ya menyu jurnalından, ya da hesab qəbzindən öyrənə bilirlər. Müştərilər çox zaman servis haqqını ən sonda, hesabı istəyəndə görür, təbii, narazılıq edənlər də olur”. Pünhanın sözlərinə görə, bu restoranda əlavə xidmət haqqı ümumi hesabın 6%-i qədərdir: “Servis haqqı ofsiantlar müştəriyə qulluq edir, restoranın boşqabları istifadə...

Seçilmiş Videolar

Toplum TV loqo