Sosial
Şəhidə statusun verilməməsi Lənkəranda etiraza səbəb olub
22 Noyabr, 2020
312
Lənkəranın Osaküçə kəndinin əhalisi şəhidə status verilməməsi ilə bağlı etiraz edib. 

Bu barədə "Feysbuk" istifadəçiləri videogörüntü paylaşıblar. 

Jurnalist Azər Kazımlı isə "Feysbuk" hesabında yazır ki, şəhid Əflatun Fərəcovun nəşi kəndə gətirilib və sakinlərə onun bədbəxt hadisə nəticəsində - avtomobil qəzasında həlak olduğu bildirilib.

Onun sözlərinə görə, kənd sakinlərinə deyilib ki, hərbçi avtomobil qəzasında həlak olduğu üçün ona şəhidlik statusu və müvafiq kompensasiya verilməyəcək: "Bundan sonra kənd sakinlərinin gətirilən tabutu açmasından sonra aydın olub ki, Əflatun Fərəcovun bədənində güllə yaraları var". 

Sakinlər iddia edir ki, hərbçinin atası və anası olmadığına görə onun barəsində belə bir açıqlama verilib.

Sosial şəbəkədə paylaşılan videodan görünür ki, bu hadisədən sonra kənd sakinləri Əflatun Fərəcovun nəşi olan avtomobili müşaiyyət edərək şəhər icra hakimiyyətinin binasına doğru hərəkət ediblər. Yolda polislə sakinlər arasında qarşıdurma yaranıb. 

Müsavat Partiyasının üzvü Yadigar Sadıqlı isə "Toplum TV"-yə açıqlamasında deyib ki, qarşıdurma zamanı yaralanan və saxlanılan olmayıb: "Deyəsən, yaralanan və həbs olunan yoxdur. Anlaşılan insanları dilə tutub sakitləşdirməyə üstünlük veriblər". 

O bildirib ki, kənd sakinlərinin yürüşünə polis mane ola bilməyəndən sonra icra başçısı Taleh Qaraşov sakinləri qarşılayıb. 

Əflatun Fərəcovun şəhid olması aktlaşdırılıb və yalnız bundan sonra dəfn olunub. 

Lənkəran Şəhər İcra Hakimiyyətindən "Toplum TV"yə bildirilib ki, ətraflı məlumat qurumun "Feysbuk" səhifəsində paylaşılacaq. 


Paylaşılan məlumatda isə qeyd olunur ki, Əflatun Fərəcov haqqında sosial şəbəkə paylaşımları həqiqəti əks etdirmir: "Qüvvədə olan qanunvericiliyin tələblərinə görə şəhidlik statusunun verilməsi ümumiyyətlə şəhər icra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələ olduğundan, İcra hakimiyyətini status verməməkdə ittiham etmək tamamilə əsassızdır". 

Həmçinin məlumatda bildirilir ki, döyüşlərdə həlak olmuş lənkəranlı şəhidlərin hər birinin, o cümlədən Əflatun Fərəcovun dəfn mərasimi  şəhər icra hakimiyyətinin rəhbərliyi, şəxsən icra başçısı başda olmaqla hüquq-mühafizə orqanlarının, rayon ictimaiyyəti nümayəndələrinin, əmək kollektivlərinin, ziyalıların, din xadimlərinin iştirakı ilə izdihamlı şəkildə vətənpərvərlik şüarları ilə keçib.
 
Elməddin Şamilzadə 
Sosial

Peyvənd olunanların sayı açıqlandı

18 İyun 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 38076 vaksin vurulub. Operativ Qərargahdan iyunun 18-də verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 23774, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14302 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 2915954, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1908805, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1007149 nəfər təşkil edir.
Sosial

Azərbaycanda gündəlik koronavirusa yoluxma sayı açıqlandı

18 İyun 2021

IFEX

Azərbaycandada koronavirus (COVID-19) infeksiyasına 60 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.
Seçilmiş Videolar