"Sudan zəhərlənən yüzlərlə xəstə var" - Şəkidə kütləvi infeksiya
Açıq mənbələrdən götürülüb
"Sudan zəhərlənən yüzlərlə xəstə var. Zəhərləndiyi deyilən 58 nəfər qəsəbə xəstəxanasının qəbul edə bilmədiyi xəstələrdir ki, rayon xəstəxnasına göndərilib. Bu gecə səhərə qədər xəstəxananın heç bir işçisi yatmayıb. Təcili yardımlar ancaq xəstə daşıyıb".
Yeni Çələbixan qəsəbə sakini Səmayə Allahverdiyeva "Toplum TV"yə bu sözləri deyir.
İyulun 19-da xəbər yayılıb ki, Şəkidə məcburi köçkünlərin məskunlaşdığı Yeni Çələbixan qəsəbədən bir gündə 58 nəfər xəstəxanaya müraciət edib.
Qəsəbədə 41 nəfəri yetkinlik yaşına çatmayan olmaqla, 58 nəfər sakin qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə müraciət edib.
Müraciət edən şəxslərə mənşəyi infeksion hesab edilən qastroenterit diaqnozu qoyulub, onlara ilkin müdaxilə edilib və evə buraxılıblar.
Həmin şəxslərin xəstəxanaya müraciət etmələrinin səbəbinin içməli su olduğu ehtimal edilir.
Səmayə Allahverdiyevanın 2 uşağı və qaynanası da zəhərlənənlər arasındadır.
"Srağagün balaca oğlum durduq yerə qusmağa başladı, həkimə getdim, sistem yazdı. Sonra dünən ikinci oğlum, qaynanam da o vəziyyətə düşdü, onları da xəstəxanaya apardıq, sistem qoyuldu. Elə xəstəxanadan evə gələn kimi tibb bacısı zəng elədi ki, bütün qəsəbə o haldadır. Hamı zəhərlənib".
https://toplum.tv/multimedia/isiqsiz-qazsiz-susuz-qalan-seki-ziyalisi
S.Allahverdiyeva hesab edir ki, zəhərlənmə halı sudan baş verib. Çünki özü və yoldaşı bu 2 gün ərzində qaynanmış su - çay içdiklərinə görə, zəhərlənməyiblər.
"Şəki şəhər su idarəsi suyun tonuna 70 qəpik pul alır, amma verdikləri su da budur. Suyumuz dağdan gəlir, qəsəbənin su anbarına yığılır, ordan da evlərə paylanır. Bu hal təkcə bizim qəsəbədə baş verdiyinə görə, yəqin ki, problem qəsəbənin anbarındadır".
Qadının sözlərinə görə, hələ də zəhərlənmə halları davam edir.
"Qonşuların hamsı bu vəziyyətdədir. Təcili yardım yığdı apardı camaatı. Dünən gecədən bəri yüzlərlə xəstəyə sistem köçürülüb".
Şəki rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, xəstəxanaya gətirilən xəstələrin sayı azalıb. Hələlik xəstələrə dəqiq diaqnoz qoyulmayıb və ölüm halı baş verməyib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, sudan müvafiq nümunələr götürülüb və ekspertiza təyin edilib. Hazırda faktla bağlı araşdırma aparılır.
Azərsu QSC-nin sözçüsü Anar Cəbrayıllı Oxu.Az-a açıqlamasında bildirib ki, qəsəbə sakinləri Şəki şəhər abonentləri ilə eyni mənbədən su alırlar:
“Artıq qurumun baş texnoloqu məlumatlandırılıb. Bizim regional laboratoriya əməkdaşları tərəfindən sudan nümunə götürülüb, məsələ araşdırılacaq”.
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb