Sosial

Şəkinin dərdi var: ərəb turistlərin əzdiyi taxıl sahələri, quruyan Acınohur gölü, işsizlik

29 Aprel, 2021
102

Toplum.TV

Şəkiyə səfər edəcəyimizi biləndə dostlardan biri dedi ki, Oğuz-Şəki magistralı təmirdədir, Yevlax tərəfdən gedin. Yaxşı ki, məsləhətinə qulaq asdıq...

“Yoldakı “remont” maşını dağıdır, bizə əlavə “rasxod” yaradır. – Mais Abdulkərimov Şəki-Oğuz magistralındakı təmirin aylardır bitməməsindən şikayətlənir. - Gah işləyirlər, gah dayanırlar. Son vaxtlar ümumiyyətlə iş getmir.”. 

O, maşınının tez-tez xarab olmasından bezdiyini, təmirə görə yollarda xeyli vaxt itirdiyini deyir.

Toplum.TV

 

Elə biz də ilk gün magistralda hər hansı fəaliyyətə rast gəlmirik; ikinci günsə yolun sadəcə bir hissəsində körpüquraşdırma işlərinin getdiyini müşahidə edirik.

Şəkililər deyirlər ki, əkin-biçin və məhsul yığımı dövrü başlayanda əziyyətləri artacaq, çünki ağır texnika dağınıq yolda çətinliklə hərəkət edəcək. Buna görə də təmirin tezliklə başa çatmasını, toz-dumanın yatışmasını istəyirlər. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirirlər ki, təmir hava şərtlərinə görə yubanır və hələ payızda tamamlanacaq. 

Şəhərinin özündə də yollar bərbaddır, çala-çuxurlar, asfalt “yamaqlar” var. Yerli camaat danışır ki, yolları kanalizasiya çəkəndə qazıblar, sonra da ala-yarımçıq üstünü örtüb gediblər. 

Toplum.TV

Dörd yandan başı qarlı, ətəyi yaşıl dağlarla əhatələnmiş Şəki həm gözəlliyi, həm tarixi yerləri, həm də özünəxas mətbəxi və ləziz şirniyyatı ilə turistlərin sevimli səyahət marşrutlarından biridir. Amma indi  şəhərdə seyrəklikdir.

Otellərdən bəzisinin qapısı bağlıdır, qonaq olduğumuz hotelin sahibi isə bəzən günlərlə müştəri olmadığını söyləyir.  Bunu səhər yeməyində biz də müşahidə edirik - yan masalarda heç kim yoxdur. Otel sahibləri yalnız Novruz bayramında qonaq gəldiyini, o də ötən illərlə müqayisədə çox az olduğunu, bir-iki gün qalıb getdiklərini deyirlər.  

Amma bir neçə ildir Şəkini ovlaq seçən ərəb turistlər pandemiyaya baxmayaraq bu yaz da gəliblər. Amma adi otellərdə yox, Prezident Administrasiyasına tabe olan “Marxal”da qalıblar. Biz Şəkiyə çatanda onlar yenicə getmişdilər. Özləri getsə də, söz-söhbətləri hələ də davam edirdi. Əhaliyə qurban kəsib paylayan, uşaqlara bəxşiş əvəzi pul verən turistlərin davranışından razı qalan da var, narazı qalan da. 

Eldar Abdullayev - Toplum.TV

Kiçik Dəhnə kəndinin sakini Eldar Abdullayev deyir ki, Acınohur ətrafında səfa çəkən turistlər onlara həm mənəvi, həm də maddi zərər vurur. Həmsöhbətimiz turistlərin ova  hektarlarla taxıl sahələrinin içərisindən keçib getdiklrini, məhsula ziyan vurduqlarını söyləyir.  

“Təzə göyərən taxılın üstündən basıb keçdilər. Nə qədər sahə batdı”. 

Onun sözlərinə görə, onda kiçikdəhnəlilər dərdlərini kimə deyəcəklərini bilməyiblər. 

“Kəndimizdə 10 mindən çox əhali yaşayır. Digər kəndlərlə müqayisədə ən az torpaq sahəsi olan bizim kənddir. Əkin sahələrinin hər qarışı bizimçün əhəmiyyətlidir, qiymətlidir. Amma oxuyuram ki, guya Acınohur düzündə 372 hektar torpaq kiməsə icarəyə verilib, o da ərəbləri dəvət edib ki, gəlib burda istirahət etsinlər. Tam yalandır, biz elə bir adam tanımırıq. Burda bir hektar yer olsa, kiməsə 30-40 sotunu verərlər, taxıl əkər də... 300-400 hektarı verib orda boş saxlamazlar ki. Bu heç məntiqə də sığmır”.

Toplum.TV

Acınohur düzündə həm hektarlarla taxıl sahəsi, həm də böyük qoyun sürüləri var. Çobanlar burda – iki addımlıqlarında olmuş ərəb turistlərlə bağlı görüb-bildiklərini danışmırlar, deyəsən, onlara susmaları tapşırılıb. 

Acınohur düzündə eyni adlı göl də var. İlk baxışda yaxın görünsə də, ora çatmaq üçün xeyli yol qət etməlisən. Üstəlik, gölün ətrafı yağışdan sonra keçilməz olduğundan bələdçimiz ora getməməyi tövsiyə edir:

-  Bura “Niva” ilə gəlin. Yoxsa gölə yaxın düşə bilməzsiniz.

-  Orda yəqin quşlar da var.

-  Quş nə gəzir? Gölün suyu duzludur. Həm də qurumağa başlayıb. Bu göl belə deyildi ki. Çox böyük idi. İndi çəkilib. Hələ bundan pis idi. Yağış yağdı, bir az özünə gəldi... 

Yaşıl taxıl zəmilərinin arxasında mavi göl günəş şüalarının altında bərq vurur. Kənd sakini Adil Yusibov da Acınohur gölünün aqibətinə görə narahatdır - təkcə gölə görə yox, həm də kəndə görə.

“Aclıq illərində Acınohur gölünün bizə çox böyük xeyri olub. Kənd camaatı sahildən duz yığıb nöyütə, başqa şeylərə dəyişib. Amma indi  proses tərsinədir. O göl qurumaq həddindədir. Respublika səviyyəsində problemlərdən sayıla bilər”.

Adil Yusibov - Toplum.TV

Adil Yusibovun sözlərinə görə, Kiçik Dəhnənin 10-12 min əhalisi var və göl qurusa, kəndlilər məcbur qalıb buraları tərk edəcəklər. O, gölün quruması səbəbini belə izah edir: “Bir neçə il qabaq xarici nümayəndələr gölün qırağında yüzlərlə böyük xəndəklər qazdılar. Biz deyirdik ki, Acınohurda həyat yoxdur, bitki belə bitmir. Heç demə, orda xırda, mikroskopla görünəcək həşəratlar var, çox yığılanda, qırmızı rəngdə olur. Onları kisələrə yığıb balıq yetişdirən zavodlara satırlar. Bir gündə onlarla kəndli o qurdları yğılmasında iştirak edib. Buna görə pul da alıblar. Amma əvəzində bəla yaranıb. Acınohur artıq qurumaqdadır. Ərazisi on dəfə kiçilib”. 

Adil Yusibov danışır ki, külək bərk əsəndə yüksəklikdən evlərin üstünə duz səpildiyi görünür. Onun qənaətinə görə, göldən milyonlar qazananlar kəndi viran qoya bilərlər. 

“Bir gölü qurutmaq üşün o xəndəklərin qazılması kifayətdir. Su çəkilir və duza oturur, göl ildırım sürətiylə isinir və su buxarlanmağa başlayır. O vaxt Bakıda da neft çıxarmaq üçün xəndək qaza-qaza sahələri qurudublar. Acınohur gölü birinci buna görə quruyur, ikincisi, havanın quraqlığı da öz təsirini göstərir. Vaxtilə bizi bəladan qurtaran göl indi özü bəla ilə üzbəüzdür. Göl tərəfdən vaxtaşırı möhkəm külək əsir, günün birində bütün kəndi duz dumanına bürüyəcək, camaat da məcbur buranı tərk edəcək. Ona görə əlimiz göydədir ki, yağış-qar yağsın, göl qurumasın”.

Toplum.TV

O daha bir problemə toxunur, deyir ki, ərəb turistlər şahin quşlarını ovladığı üçün arıyeyən quşlar çoxalıb və nəticədə arılar pətəklərədən qaçaq düşüb. Arıçılıqla məşğul olan Adil Yusibov bunun arı təsərrüfatlarına böyük ziyan vurduğunu bildirir.

“Toplum TV” Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Qurumdan bildirilib ki, Acınohur gölü və quşlarla bağlı deyilənlər araşdırılır və araşdırma başa çatdıqdan sonra məlumat veriləcək. 

Şəki sakini Eldar Abdullayev isə gölün qurumasına, quşların ovlanmasına görə təkcə turistləri qınamır; bütün bunlara yerli icra hakimiyyətinin səbəb olduğunu, rayonda iş yerlərinin açılmadığını, buna görə də camaatın turistlərə əl açdığını bildirir.

“İnanın ki, Şəki sovetlər dövründə olan görkəmini də itirib. Şəkililər sabaha olan ümidlərini itiriblər. Bugünkü rəhbərliyə görə camaat mərkəzi rəhbərlikdən də üz döndərib. Kimlərsə nəyinsə xatirinə çıxıb rəhbərliyi tərifləyə bilər, amma reallıq budur ki, Şəkidə rəhbərlik öz biznesinin hayındadır”.

Onun iddiasına görə, etiraz edənlərə rəhbərlik səviyyəsindı təzyiq göstərilir, şər atılır.

Adının çəkilməsini istəməyən bir şəhər sakini deyir ki, başqa bölgələrdə azdan-çoxdan inkişaf getdiyi halda, Şəkiyə diqqət yoxdur, səbəbini də belə izah edir: “Şəkidən 2001-ci ilin qisasını alırlar. Xalq o zaman çörək üçün ayağa qalxmışdı...”

 “Toplum TV” səslənən iddialarla bağlı Şəki rayon İcra Hakimiyyətindən münasibət ala bilməyib. 

Rayonda insanların çoxu işsizlikdən şikayət edir, iş dalınca Bakıya ya Rusiyaya gedənlər olduğu deyilir. Ancaq pandemiya dövründə oralarda da iş tapmaq çətinləşib deyə, kimi dindirsən, “iş yoxdur, pul yoxdur” söyləyir. 

Şəhər bazarında da eyni sözləri eşidirik, “camaatda pul yoxdur” deyən satıcılar saatlarla müştəri gözlədiklərini bildirirlər.

Toplum.TV

“Keçən il bu vədə belə narı 3 manata satırdıq, indi 1.80-ə sata bilmirik”, - Mais Ağaməmmədov belə deyir.

Yanaşı piştaxtada alver edən Şahin Səfərov da şikayətlənir: “Malımız batır. Alan olmayandan sonra necə olacaq? Hələ siftə eləməmişəm. Tanıdıqlarımıza nisyə veririk. Meyvə almağa imkan yoxdur”.

Bir azdan bir alıcı gəlib 2 kilo alma alır, Şahin Səfərov sevinir. O, əlini atıb müştərinin zənbilinə daha çox alma qoymaq istəyir, müştərisi başını bulayır.

Alıcı Ruhəngiz Musayeva da narazıdır: “Qiymətlər ürəyimizcə deyil. Məcbur olanda alırıq. Bunu da nəvələrimə alıram”.

Dörd yandan başı qarlı, ətəyi yaşıl dağlarla əhatələnən, lətifələri və zarafatları ilə məşhur olan Şəkidə indi camaatının üzü gülmür.

İnci

Sosial

Lənkəranlı istedad : 19 yaşlı  qrafik dizayner Fidan Abilova

Nuranə Atakişiyeva
17 May 2021

Toplum TV

19 yaşlı rəssam, qrafik dizayner Fidan Abilovanın Lənkəranda “Çərçivədən baxış” adlı sərgisi təşkil olunub. Sərgi iyun ayının ortalarına qədər davam edəcək”
Sosial

Peyvənd olunanların sayı açıqlandı

17 May 2021

Eurasia.net

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3694 vaksin vurulub. Operativ Qərargahdan mayın 18-də verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2471 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1798743, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1032054, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 766689 təşkil edir.
Seçilmiş Videolar