Sosial

Selektiv abortların şikəst etdiyi qadınlar, ana bətnində öldürülən “Bəsti”lər, “Tamam” lar...

Vüsalə Mikayıl
13 Oktyabr, 2021
346

The Conversation

Selektiv abortların fəsadları - “Öz övladının qatili olan şəxslər qəddarlaşır”

37 yaşlı Leyla Xələfovanın bu ilin əvvəlində cərrahi əməliyyatla uşaqlıq orqanı götürülüb. Həkimlər buna səbəb kimi çoxsaylı abortlar nəticəsində orqanında yaranmış fəsadları göstəriblər.

Onun abort etdirməsinin səbəbi isə ailədəki “oğlan uşağı” arzusu olub. Leyla danışır ki, böyük qızı Aysu doğulandan sonra həyat yoldaşı ondan ikinci övladının oğlan olmasını istəyib.

“Həyat yoldaşımın ailəsi də ikinci uşağın oğlan olmasını arzulayırdı. “Mən uşağı öldürməyək” - deyə təkid etdikdə yoldaşım bir təhər razılaşdı. Amma bundan sonra qız övladı istəmədiyini dedi. İkinci qızım Fidan dünyaya gələndən bir qədər sonra yenidən hamilə qaldığımı öyrəndim. USM həkimi uşağın qız olduğunu dedi və yoldaşımın istəyi ilə uşağı aldırdım” – 37 yaşlı qadın danışır.

L.Xələfova deyir ki, bu hal “aparat”dakı həkimin “oğlan” deməsinə qədər davam edib. O, oğlan övladı doğulana qədər 5 dəfə abort etdirdiyini bildirir.

Ölkədə demoqrafik prosesin son illərdəki təhlili yeni doğulmuşlar arasında oğlan uşaqlarının üstünlük təşkil etdiyini göstərir. Ötən il Azərbaycanda dünyaya gələn 126 min 571 uşağın 67 min 407 nəfəri, yəni 53.3 % oğlandır.

Ölkədə qadınların sayının azalmasının başlıca səbəbi kimi selektiv abortlar göstərilir. Selektiv abort dölün cinsiyyətinə görə hamiləliyin adətən 12-ci həftədən sonra süni pozulmasıdır. Əksər hallarda qadını selektiv aborta məcbur edən ərinin və ya onun yaxın qohumlarının psixoloji təzyiqi olur, bəzən də qadınların özləri bu haqda könüllü qərar qəbul edirlər.

“Oğlan uşağının doğulmasını özlərinə şərəf, fəxr bilirlər”

Psixoloq Vəfa Əkbər ailələrin selektiv aborta getmək qərarını cəmiyyətin mühafizəkar olması ilə əlaqələndirir, cəmiyyətdə “mən qocalanda oğlum mənə baxacaq” fikirlərinin hakim olduğunu bildirir:

“İnsanların gələcəyinə güvəni yoxdur. Ona görə də oğlu olmalıdır ki, gələcəkdə ona baxmasını tələb etməyə ərki çatsın. Digər tərəfdən evə çörək pulunu da daha çox kişi gətirir. Kütlə psixologiyasının diktəsi ilə analar selektiv aborta gedir və oğlan uşağının doğulmasını özlərinə şərəf, fəxr bilirlər”.

Psixoloq Vəfa Əkbər - Sosial media

Vəfa Əkbərin müşahidələrinə görə, ailədə bir ya iki qızı olan valideynlər mütləq növbətinin oğul olmasını istəyirlər.

“Amma ailəsində iki oğlan övladı olanlar çox nadirən qız övladı istəyirlər”, - deyə o əlavə edir.

Sosioloq Sənubər Heydərli psixoloqun yanaşmasını bölüşür, amma o, məsələnin başqa tərəfinin olduğunu da düşünür: “Qız uşaqları həm də ona görə istənilmir ki, cəmiyyətdə indiki təfəkkürlə desək, qadını qorumaq lazımdır, nəzarət etmək lazımdır. Oxutmaq da çətindir, yaşatmaq da. Bir sözlə, problemli və məsrəflidir. Ona görə oğlan istəyirlər ki, qızlara nisbətən bu daha rahatdır”.

Sənubər Heydərli - Sosial Media

Sosioloq Əhməd Qəşəmoğlu isə selektiv abort məsələsində təkcə valideynləri günahlandırmağı doğru saymır: “Cəmiyyətdə ahəngdar həyat şəraiti olanda qızların doğulmasına münasibət pis olmur. Valideyn bilir ki, qızı olsa rahat təhsil ala biləcək, işi olacaq, onda bu valideyni çox həyəcanlandırmır. Amma mühitdə gərginlik olanda qız uşaqlarına qarşı vəziyyət sərtləşir. Buna baxmayaraq həmişə oğlan uşağına maraq daha çox olub”.

Demoqrafik təhlükənin astanasında... Rəsmi rəqəmlər nə deyir?

Dövlət Statistika Komitəsi bu ilin avqustunda 2021-ci ilin əvvəlində ölkə əhalisinin 49.9% kişilərdən, 50.1% isə qadınlardan ibarət olduğunu açıqlayıb. Başqa sözlə, Azərbaycanın 10 milyon 223 min 344 nəfərlik əhalisinin 5 milyon 109 min 429 nəfəri kişi, 5 milyon 113 min 915 nəfəri qadındır. Qadınların sayı kişiləri cəmi 4486 nəfərlə üstələyir. Halbuki 2010-cu ildə bu rəqəm 86 minə, 2005-də isə 135 minə bərabər idi. Ötən ilsə bu rəqəm 11 min 100 nəfər olub. Bu da hər 100 qız üçün 114 oğlanın doğulması deməkdir və bioloji normadan xeyli artıqdır. Halbuki norma yeni doğulmuş hər 100 qıza 105-107 oğlan nisbətində olmalıdır.

Selektiv abortların fəsadları - “Öz övladının qatili olan şəxslər qəddarlaşır”

Azərbaycanda bu il ümumtəhsil məktəblərinin IX siniflərini 131 227 nəfər, XI siniflərini 84 069 nəfər şagird bitirib. IX sinifi bitirənlərdən 60 403 nəfəri qız, 70 824 nəfəri oğlan, XI sinfi bitirənlərdən 38 461 nəfəri qız, 45 608 nəfəri oğlandır. Artıq rəsmi statistika qırağa qalsın, sinif otaqlarını müşahidə etmək belə qız-oğlan nisbətini gözlə görməyə kifayət edir.

Sənubər Heydərli bu nisbətin doğuracağı fəsadların ən az 10 ildən sonra daha çox nəzərə çarpacağını vurğulayır.“Kişilərin çox olduğu cəmiyyətdə aqressiya çoxalır, qadınların zorakılığa məruz qalması, millitarizm və s. arta bilər”, - o qənaətini bölüşür. Sosioloq süni şəkildə bioloji normaya təsir etməyin həm də abortlardan sonra doğulan uşaqların və anaların sağlamlığına təsirinə və abortların heç də hamısının steril şəraitdə aparılmamasına da toxunur: “Nəzərə alsaq ki, bölgələrdə bu say daha yüksəkdir və normal səhiyyəyə çıxış da aşağıdır, onda vəziyyətin nə dərəcə də acınacaqlı olduğunu təsəvvür etmək çətin deyil. Bu zaman bir sıra xəstəliklərə yoluxma halları da qaçınılmazdır”.

Ginekoloq Rəşad Sultan selektiv abortun cərrahi müdaxilə olduğundan özünəxas risklər yaratdığını və qadınlar üçün həyati təhlükəyə rəvac verdiyini bildirir. O, abort nəticəsində uşaqlığın dəlinməsi, qanaxma, infeksiyaya yoluxmaq, gələcəkdə bununla əlaqədar hamilə qala bilməmək hallarının yaşana biləcəyini deyir:

“Bu səbəbdən biz ginekoloqlar ailə planlaması metodu kimi abortu sevmirik, hamiləlikdən qorunmağı daha üstün tuturuq. Selektiv abortlar da eyni riskləri daşıyır”.

Sosioloq Əhməd Qəşəmoğlu isə selektiv aborta demoqrafik baxımdan daha çox mənəvi-psixoloji aspektdən yanaşmağı məqsədəuyğun hesab edir: “Tez-tez səsləndirilir ki, qızların az doğulması demoqrafik problem yaradacaq, qızların sayı azalacaq, oğlanlar evlənməyə qız tapmayacaq və s. Bu ciddi məsələ deyil. Çünki ölkədə qızların az doğulmasının heç bir demoqrafik təsiri olmayacaq”.

Sosioloq Əhməd Qəşəmoğlu - Açıq mənbələrdən götürülüb

O, söylədiklərini kişilərin ölkəni daha çox tərk etməsi, yol-qəza hadisələrində və müharibədə qadınlara nisbətən daha çox həyatlarını itirmələri ilə əsaslandırır.

“Burada dəhşətli olan odur ki, valideynlər selektiv aborta gedirlərsə, deməli öz övladlarının qatilinə çevrilirlər. Övladının qatili olan şəxsdə mənəvi-psixoloji problemlər yaranır, insanlar qəddarlaşır”, - o əlavə edir.

Qanunla abortlar qadağan edilibmi?

Hüquqşünas Zübeydə Zəkəriyyəyeva qanunla abortun qadağan edilmədiyini, qanunsuz abort etmənin cinayət əməli sayıldığını bildirir.

“Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 30-cu maddəsinə görə, hamiləliyin süni surətdə pozulması qadının arzusu ilə hamiləliyin 12 həftəlik müddətinədək mümkündür. Qeyd olunur ki, sosial göstərişlər üzrə süni pozulma hamiləliyin 22 həftəliyinədək aparıla bilər. Qanunvericilik konkret cinsə görə hamiləliyin pozulması barədə heç bir tədbir müəyyən etmir. Lakin bunun qarşısının alınması üçün bir sıra addımlar nəzərdə tutulub”.

Hüquqşünas Nazirlər Kabinetinin Sərəncamı ilə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” təsdiqləndiyini və “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlandığını da deyir.

Ginekoloq Rəşad Sultan dölün cinsiyyətinin 12-ci həftədən sonra müəyyənləşdiyinə və həftə keçdikcə ağırlaşma ehtimalı artdığına görə selektiv abortun daha təhlükəli hesab olunduğunu qeyd edir.“Həm də buna görə 12-ci həftədən sonra abort qanunla qadağandır. Selektiv abortların qarşısını almaq üçün hansısa əlavə qanuna ehtiyac yoxdur. Cinsiyyətin müəyyənləşdiyi, ultrasəs müayinəsində göründüyü həftədə abort etmək qanunla qadağandır. Sadəcə, mövcud olan qanunlara riayət edilməsinə nəzarət gücləndirilməlidir”, - ginekoloq vurğulayır.

Azərbaycanda bir neçə il öncə dölün cinsiyyətinin valideynə və ya yaxınlarına deyilməməsi haqda bəzi qadağalar gündəmə gəlsə də, sonradan unuduldu.

Ginekoloq Rəşad Sultan - Açıq mənbələrdən götürülüb

“Bir neçə il əvvəl qərar qəbul edildi ki, həkimlər müəyyən aya çatandan sonra dölün cinsini deməsinlər. Bir qədər effektli oldu, amma bu da çox çəkmədi. Nəzarət və cəza mexanizmi məlum olmadığına görə qərar qüvvədən düşdü. Cinsi deyən həkimi cəza gözləmir. Belə olduqda isə qanunlar icrasız qalır”, - Sənubər Heydərli söyləyir.

Selektiv abortların qarşısını almaq üçün dövlət hansı addımları atır?

Rəsmi rəqəmlərə görə, Azərbaycanda abortların sayı 2015-ci ildə 27,5 min, 2017-ci ildə 37,6 min, 2020-ci ildə 34,7 min olub. Bu rəqəmlərin nə qədəri selektivdir?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən “Toplum TV”-nin sorğusuna cavab olaraq deyilir ki, ölkədə bununla bağlı statistika aparılmadığından abortların nə qədərinin selektiv olduğunu demək çətindir: "Doğulan uşaqlar arasında cins nisbətinin pozulması bizə onu deməyə əsas verir ki, selektiv abortlar edilir. Amma bunun dəqiq statistikası yoxdur".

Komitədən bildirilir ki, Səhiyyə və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində yeniyetmə və gənclərin sağlam həyat tərzi, reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması, onlarda təhlükəsiz cinsi davranış vərdişlərinin formalaşdırılması, uşaqlarIn doğulanadək cins seçiminin qarşısının alınması məqsədilə maarifləndirmə tədbirləri həyata keçirilir.

Qurum eyni zamanda selektiv abortlarla bağlı bəzi addımlar atıldığını da qeyd edir. Bu addımlara “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı çərçivəsində gənclərin reproduktiv sağlamlıq və ailə planlaşdırılmasına dair biliklərinin artırılması, davranışının təkmilləşdirilməsi üçün tədbirlərin həyata keçirilməsi də aiddir. Bundan başqa, "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair” (2014-2020-ci illər üçün) Dövlət Proqramı, “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf” Dövlət Proqramı (2014-2025-ci illər)” qəbul edildiyi yada salınır.

Amma Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi dövlət proqramlarının nə qədər faydalı olması, hədəfinə çatıb-çatmamsı haqda heç nə bildirmir.

Zübeydə Zəkəriyyəyeva - Sosial Media

Mütəxəssislər isə hökumətin bu yöndə ciddi addımlar atmasını istəyirlər. Vəkil Zübeydə Zəkəriyyəyeva “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının qadağan olunmasına dair” Konvensiya (CEDAW) da nəzərə alınmaqla cinsinə görə abortların qarşısının alınması üçün ciddi addımlar atılmasının vacibliyini vurğulayır.
“Qadınların cinsinə görə hamiləliyinin pozulmasına təhrik edilməsi, ailədə bu sahədə basqıların (psixoloji və fiziki şiddət) olması barədə qanunvericilikdə sərt tədbirlər görülməlidir”, - hüquqşünas qeyd edir.

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi hazırlanıb

Milli Məclisin deputatı, Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva “Toplum TV”-yə deyir ki, “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi aidiyyatı qurumlarla razılaşdırılıb, tam işlənib hazırlanıb və artıq hazır vəziyyətdədir. Deputat layihənin Milli Məclisin Səhiyyə Komitəsinin 2021-ci il payız sessiyası üçün iş planına daxil edildiyini qeyd edib. 

K.Əliyeva abortların tibbi zərurət olduqda aparılmasını vacib hesab edir: “Selektiv abortların aparılması ümumiyyətlə, qanunla qadağan edilib. Hətta USM vaxtı cinsiyyəti bildirmək də qanunla qadağandır. Yalnız bəzi irsi xəstəliklərin ötürülməsi riski olduqda bunu həkim göstərişi ilə demək olar. Çünki elə xəstəliklər var ki, cinsiyyətlə bağlı nəslə ötürülür. Bunun qarşısını almaq üçün cinsiyyəti demək olar. Amma çox təəssüf ki, hələ də bəzi həkimlərin qanunazidd selektiv abortlara şərait yaratmasının şahidi oluruq”.  

Deputat müvafiq qurumlar tərəfindən belə hallar aşkar edilən zaman, araşdırılıb hüquqi qiymət verildiyini deyir.  

 Kamilə Əliyeva - Rəsmi səhifə

Onun fikrincə, abortların aparılması istər hüquqi, istərsə də dini cəhətdən düzgün deyil. 

“Artıq döl formalaşıbsa, onun ölümünə səbəb olmaq düzgün deyil. Elə ailələr var ki, illərlə övlad arzusundadır. Amma bəzi ailələrdə selektiv abortlar edilir, oğlan övladı arzusu hətta ailələrin dağılmasına səbəb olur. Ailədə oğlan uşağının doğulmamasının günahını kişilər çox vaxt qadında görürlər. Amma bir genetik kimi deyirəm ki, ailədə oğlan və ya qızın doğulması yalnız ata ilə əlaqədardır”,- K.Əliyeva vurğulayıb.

Dünyada vəziyyət

2019-cu ildə ABŞ Milli Elmlər Akademiyasının jurnalında dərc edilən araşdırmaya görə, Azərbaycan dünyada selektiv abortların ən çox qeydə alındığı 11 ölkədən biridir. Qonşu Gürcüstan və Ermənistanda da vəziyyət ürəkaçan deyil, amma bu ölkələrdə Azərbaycana nisbətən rəqəmlər normaya doğru irəliləyir.

“The Economist” jurnalı yazır ki, Sovet İttifaqı dağıldıqdan sonra müasir texnologiyanın da gətirdiyi imkanlar patriarxal adət-ənənələrə qayıdış fonunda Gürcüstanda qızların ana bətnində öldürülməsinə gətirib çıxardı: “1991-ci ildə bioloji normaya uyğun rəqəmlər 2004-cü ildə hər 115 oğlana 100 qızın doğulması ilə nəticələndi”.

Jurnal hazırda Gürcüstanda vəziyyətin normallaşdığını yazır: “Amma qonşu Azərbaycanda bu say 114-dür. Çindəki göstərici isə 112-dir”.

Sosial

Əri polis olan qadın: “Anası ağzımı tutdu, atası da dedi ki, səsini çıxarsan, səni öldürəcəm”

Aytac Məmmədli
19 Oktyabr 2021

Sosial Media

“Xəstəxanadan 3 gün olar çıxmışdım, zahı idim. Məni yerə yıxıb təpiklədi, anası ağzımı tutdu, atası da dedi ki, səsini çıxarsan, səni öldürəcəm”. Polis əri tərəfindən zorakılığa məruz qaldığını iddia edən F. Cənnətova “Toplum TV”-yə belə söyləyir. Daxili İşlər Nazirliyinin məlumatına görə, son dövrlər Azərbaycanda şiddətə məruz qalan qadınların sayı çoxalıb. Gün ərzində “102” qaynar xəttinə qadın zorakılığı ilə bağlı 100-ə yaxın zəng daxil olur. “Məni ölümlə hədələyir” Zorakılığa məruz qaldığını deyən o “100”-lərdən biri də F. Cənnətovadır. 22 yaşlı qadın 3 uşaq anası olmaqla yanaşı Xəzər universitetinin 5-ci kurs tələbəsidir. Onun sözlərinə görə, uzaq qohumu olan həyat yoldaşı Fuad Cənnətovla...
Sosial

Elnur Əşrəfoğlu vəfat etdi

19 Oktyabr 2021

Sosial Media

Tanınmış jurnalist Elnur Əşrəfoğlu vəfat edib. Bu barədə jurnalistin bir müddətdir müalicə olunduğu "Yeni Klinika"dan məlumat verilib. Koronavirusa yoluxmuş jurnalist Elnur Əşrəfoğlu vəziyyəti pisləşdiyindən ECMO aparatına qoşulmuşdu. 47 yaşlı jurnalistin sonuncu iş yeri Azərbaycan Cüdo Federasiyası olub. O, Federasiyasının baş katibinin müavini, eyni zamanda, idman qurumunun mətbuat xidmətinin rəhbəri olub.
Seçilmiş Videolar