Sosial

Şikayətçi: “İşlədiyim şirkət adıma 105 min manatlıq alış-veriş edib”

Nigar Səmədli
11 İyun, 2021
426

Açıq mənbələrdən götürülüb

“Ötən il 105 min 354 manat 10 qəpik məbləğində alış-satış etməyimlə bağlı Dövlət Vergi Xidmətindən mesaj aldım. Mesajda deyilirdi ki, siz kiçik sahibkarsınız, vergi ödəyicilərinin uçotu idarəsinə yaxınlaşın və faiz ödəyin. Vergi Xidmətinin "195" Çağrı Mərkəzinə zəng etdim və əməliyyatdan xəbərim olmadığını bildirdim. Sonradan ortaya çıxdı ki, əvvəl işlədiyim şirkət şəxsiyyət vəsiqəm və imzamla adıma saxta əməliyyat aparıb”. 

“ATEF Şirkətlər Qrupu” MMC-də mühafizəçi işləmiş Ənvər Sultanzadə “Toplum TV”-yə belə deyir.

Şikayətçinin sözlərinə görə, şirkət onun adına qanunsuz alış-veriş edib: “Məsələ ilə bağlı şirkətə bildirdim. Mənə dedilər ki, heç bir problem yoxdur, həmin məbləğin vergisi ödənilib. Sonra mənə pulun vergisinin ödənilməsi ilə bağlı sənədə imza çəkdirdilər. Sənəd Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş Baş İdarəsinə göndərildi. Mənimlə birlikdə 131 nəfərin adına bənzər əməliyyat ediblər. Elvin Qədimovun adından isə 87 min manatlıq alış-veriş edilib. Bütün bu işlər Satınalma şöbəsinin mütəxəssisi Ülvi Dadaşzadənin əliylə edilib”. 

Ə.Sultanzadə deyir ki, 2019-cu ildən etibarən işlədiyi şirkətdən ötən il oktyabrın 27-də pandemiya bəhanəsilə işdən çıxarılıb: “Bu səbəblə daha 9 nəfər işçi də çıxarıldı. Mən, Ənvər Sultanzadə, Emin Tanrıverdiyev, Nadir Ağayev, Taryel Zülfüqarlı və Raqib Gərayev haqqımızı sonuna kimi tələb edəcəyik. İşlədiyimiz halda bizə ödənilməyən əməkhaqlarımızı geri istəyirik”.

Keçmiş mühafizəçi Pərviz Qədimov da şirkəti dələduzluqda ittiham edir: “2017-ci ildən 2020-ci ilədək işlədiyim “ATEF” şirkətində bir çox qanun pozuntusu ilə üzləşmişəm. Sənədə əsasən, iş saatımız səhər 08:00-dan 17:00-dək göstərilib, eyni zamanda əmək müqaviləsində gecə növbəsi ilə bağlı heç nə yazılmamışdı. Amma biz 17:00-dan 08:00-dək də işləmişik. Maaşlarımızın bir qismini kartla, qalanını isə vergidən yayınmaq üçün əldən verirdilər. Aylıq iş kvotamız müqavilədə 160 saat göstərilirdi, amma biz istirahət və bayram günləri də daxil olmaqla 232 saat işləmişik. Məzuniyyətə də çıxmırdıq”.

Şikayətçi deyir ki, məsələ ilə bağlı digər işçilərlə birlikdə Dövlət Vergi Xidmətinə müraciət ediblər: “Mühafizə xidmətinin lisenziyasız fəaliyyət göstərdiyi ilə bağlı əlimizdə sübutlarımız var. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı “Qeyri-Dövlət (Özəl) Mühafizə xidməti haqqında Azərbaycan Respublikasının Qanunu”nu saymırlar. Şirkətin qanunsuz əməlləri ilə bağlı lazımi tədbirlər görülməsini istəyirik”.

“İşğaldan azad olunmuş bölgələrimizin transfarmatorla təmin olunması “ATEF”ə həvalə olunub. İstəyimiz odur ki, Prezident İlham Əliyev bu şirkətin işçilərin haqqını yeməsindən xəbərdar olsun və onları cəzalandırsın”, - deyə P.Qədimov əlavə edib.

“ATEF Şirkətlər Qrupu”nun Satınalma şöbəsinin mütəxəssisi Ülvi Dadaşzadə “Toplum TV”-yə deyib ki, ölkədə deyil: “Mən şirkətdə satış işinə baxmıram, necə alış-veriş əməliyyatı apara bilərəm? Digər şəxslərlə əlaqə saxlayın”.

Şirkətin insan resursları departamentinin direktoru Təranə Mahmudova ona ünvanlanan sualları cavablandırmayıb və şirkətin ictimaiyyətlə əlaqələr şöbəsi  ilə əlaqə saxlanılmasını tövsiyə edib.

İctimaiyyətlə əlaqələr şöbəsinin direktoru Şamo Quliyev isə məsələ ilə əlaqədar faktların olub-olmadığını soruşduqdan sonra elektron poçtla sorğu göndərilməsini istəyib. Sorğuya isə cavab verilməyib.

“ATEF Şirkətlər Qrupu” MMC yağ və gәrginlik transformatorları, stabilizatorlar, komplekt transformator yarımstansiyaları kimi mәhsulların istehsalı ilə məşğuldur. 

Sosial

Tozlu hava 2 gün davam edə bilər

20 İyun 2021

Sputnik.az

İyunun 20-də səhər saatlarından Bakıda toz-dumanı müşahidə olunur. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, toz dumanı Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəyə daxil olub. Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəciklərinin transsərhəd xarakter daşıdığı deyilir. Xidmət qeyd edir ki, hazırda Bakı şəhərində havada tozun miqdarı normadan 1.9 dəfə çoxdur. Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.
Sosial

Son sutkada cəmi 38 nəfər virusa yoluxub

19 İyun 2021

Banker.az

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 123 nəfər müalicə olunaraq sağalıb. Operativ Qərargahdan iyulun 19-da verilən məlumata görə, “COVID-19”dan vəfat edən olmayıb. İndiyədək ölkədə ümumilikdə 335 437nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 462 nəfər müalicə olunaraq sağalıb, 4 961 nəfər vəfat edib, aktiv xəstə sayı 1014 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 254, ötən müddət ərzində isə ümumilikdə 3 668 281test aparılıb.
Seçilmiş Videolar