Sosial

Şikayətçi: Vəli Nağıyev dedi ki, get, 630 min manatı gətir 

5 Sentyabr, 2022
2909

Açıq mənbələrdən götürülüb

“Orada mənə cəmi 500 manat maaş verirdilər. O maaşın qarşılığında İmişlidəki gübrə anbarına nəzarət edirdim, gübrələrini satırdım, satışdan əldə olunan pulu da Bakıya – şirkətə göndərirdim. Hamısının da qəbzi var. Sonra boynuma qoydular ki, guya 630 min manatlıq gübrəni satıb pulunu mənimsəmişəm. Məni də, atamı da hər gün şirkətə çağırırdılar, səhərdən axşamadək bir otağa salıb, çölə buraxmırdılar. Dəfələrlə üzərimə tökülüb döydülər. Gördüyünüz kimi, çəlimsiz bir adamam, onlarsa idmançı cüssəli. Vəli Nağıyev həmin adam döyənləri şirkətə auditor kimi yığıb. Mənim kimi yetim-yesir işçiləri şərləməklə, hədələməklə məşğuldular”.   
 
Əlişükür Vahabzadənin 29 yaşı var. Ali təhsilli olsa da, uzun müddət özünə iş tapa bilməyib.  
 
İki il əvvəl – 2020-ci ilin avqustunda atası Yusif Əzizov tələbəlik illərindən tanıdığı və “Kraun –Ko -R” Holdinqin direktoru işləyən (hazırda orada işləmir) Xaliq Məmmədovdan Əlişükürə şirkətdə bir iş verməsini xahiş edib.  
 
Əlişükür Vahabzadə holdinqə daxil olan və əsasən gübrə satışıyla məşğul olan “Sara GROUP” Qapalı Səhmdar Cəmiyyətində işlə təmin edilib.  
 
O, şirkətin İmişli üzrə gübrə satışı nümayəndəsi kimi işə götürülüb, 500 manat maaş təyin olunub. Qısa müddətdə İmişlinin Buludlu kəndində - yaşadığı evin qarşısında anbar qurub.  
 
Bakıdan göndərilən gübərələri təhvil alaraq anbara vurub, İmişlidə və ətraf rayonlarda satış işini qurub, satışdan əldə olunan pulu Bakıya – şirkətin baş ofisinə göndərib. Elə həmin ilin oktyabrında şirkətə Qəbələ rayonu üzrə gübrə satışıyla məşğul olmağa işçi lazım olub.  
 
Yusif Əzizov həmin rayondakı tanışlarının vasitəsiylə Vüsal Aslanovu tanıyıb və onu şirkət rəhbərliyilə tanış edib.  

https://toplum.tv/multimedia/sikayetci-icra-bascisinin-tehdidi-ile-istefa-erizemi-yazdim
 
Vüsal Aslanov Qəbələdə gübrənin satışıyla məşğul olmağa başlayıb. Gübrəsə Bakıdan Qəbələyə Əlişükür Vahabzadənin adından göndərilirmiş.  
 
Əlişükür Vahabzadə danışır: “Kaş ki, heç bu işə qarışmayaydım. Qəbələyə göndərilən gübrəyə görə sənədləri mən imzalayırdım, Vüsal çox yaxşı işləyirdi. Bu ilin yanvarınadək mən İmişlidə, Vüsal Qəbələdə gübrə satışıyla məşğul olduq. Fevralda qərar qəbul edildi ki, daha Vüsal özü öz işlərini görsün, Bakıdan gübrəni qəbul etmək filan, hamısı öz adından, öz imzasıyla edilsin. Fevralın 9-da Qəbələdəki anbarda olan gübrə məhsullarını, satılmış məhsullardan əldə olunan pulları Vüsalın və  şirkətin səlahiyyətli şəxslərinin iştirakıyla təhvil-təslim etdim. Anbara baxış keçirildi, təhvil-təslim haqq-hesabında heç bir əskiklik olmadı, akt bağlandı ki, verilən malların satılan hissəsinin pulu ödənilib, qalanı da anbardadır”.   
 
Təhvil-təslimdən ay yarım sonra – martın 28-də Əlişükür Vahabzadə atası Yusif Əzizovla birlikdə şirkətin Dərnəgüldəki ofisinə dəvət olunub.  
 
Atayla oğula Qəbələdəki anbarda məhsul əskikliyi olduğunu deyiblər. Əlişükür Vahabzadə deyir, hər şey də buradan başlayıb: “Dedim, fevralın əvvəli Qəbələdə birlikdə anbara baxış keçirildi, məhsulların yerində olduğunu gördülər və akt bağlandı. Mən fevralın 9-da anbardakı məhsulları təhvil verəndə hamısı yerindəydi. Sonradan orada nə baş veribsə, buna mən niyə cavabdehlik daşımalıyam? Mən İmişlidə öz nəzarətimdə olan anbara cavabdehəm, İmişlidən Qəbələdəki anbarı güdməliydim? Ümumiyyətlə, mənim o anbara nə aidiyyətim, nə cavabdehliyim vardı ki, güdəm də... Niyə anbar güdməliyəm? Dedilər, yox, boynuna götürəcəksən ki, gübrələri sən satıb pulunu xərcləmisən. Yoxsa nə atan, nə də sən buradan çıxacaqsınız. Təsəvvür edirsiniz, məbləğ də beş manat deyil, on manat deyil – düz 630 min manatdır”.    
 
Əlişükür Vahabzadənin sözlərinə görə, hər səhər o başdan atasını və özünü şirkətə çağırıb, ac-susuz gecə saatlarınadək orada bir otağa qapadıb, “yoxa çıxmış” məhsulu “oğurladığını” etiraf etməsi üçün hətta onu döyüblər:  “Məni döyən Sakit və adını bilmədiyim digər auditorlar idi. Təkcə döymürdülər, atamı və məni həm də küçə söyüşləriylə təhqir edir, aşağılayırdılar. Hamısı da idmançı cüssəli adamlardır. Elə bil say-seçmə yığıblar ora... Ağızları söyüşlə açılır. Döyürdülər, deyirdilər, sənədləri imzalamasan buradan çıxmayacaqsız. Gecəyarısı buraxırdılar, deyirdilər, get, fikirləş, səhər səni gözləyəcəyik. Atamı da, məni də hədələyirdilər, deyirdilər, bilirsən də bu şirkət kimindir? Bilirsən də Vəli Nağıyev kimdir və kimin qardaşıdır, səni də, atanı da nələr gözləyə bilər, bunu gözə al... Günlərlə sürən döyülmələr, psixoloji təzyiqlər, hədə-qorxular... Əsasən də atama görə çox narahat idim, yaşlı, xəstə insandır. Məcbur oldum ki, verdikləri sənədlərə qol çəkəm, bircə atamı narahat etməsinlər. O sənədlər də ondan ibarət idi ki, guya pulları mən  xərcləmişəm”.   
 
Beləcə, Əlişükür Vahabzadəyə istədikləri “etirafedici” kağızı imzalatdırdıqdan sonra ailəsinə məxsus olan üç avtomobili əllərindən alıblar: “Həmin maşınlar köhnədir, özü də mən o şirkətdə işləməmişdən əvvəl müxtəlif illərdə alınmış maşınlardır. Hədə-qorxu altında bizdən həmin maşınlara dair baş etibarnamə aldılar. İndi də evimizi əlimizdən almağa çalışırlar”.    

Əlişükür Vahabzadənin atası Yusif Əzizov yenə söhbətə qoşulur. Deyir, hətta Holdingin faktiki sahibi Vəli Nağıyevlə də görüşüb: “Holdingin sahibi Xaliq Məmmədov artıq çoxdan işdən çıxmışdı. Onu da deyim ki, bu işlər də elə başımıza o işdən çıxandan sonra gəlib. Təxminən aprel ayı idi, zəng vurdular ki, ağsaqqal ofisə gəlib, iclas keçirir, sən də gəl. Uşağı götürüb getdim. İclas elə bu məsələylə bağlı idi. Vəli Nağıyev heç məni dinləmək istəmədi, dedi ki, get, 630 min manatı gətir”.   
  
Bu vəziyyət aprelin 11-dək davam edib.  
 
Aprelin 11-də o, bir tanış hüquqşünasa başlarına gələni danışandan sonra həmin hüquqşünas onlara kömək edib. İlk növbədə avtomobillərə dair verilmiş baş etibarnamələri ləğv etdiriblər.  
 
Sonra Əlişükür Vahabzadə döyülməsi barədə şirkətin yerləşdiyi ərazi üzrə Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə müraciət edib. Şikayət ərizəsi bölmənin təhqiqatçısı Seymur Poladovun icraatına verilib. Sonradan Seymur Poladovun raportuna əsasən material üzrə araşdırmanın davam etdirilməsi bölmənin digər təhqiqatçısı Həmid Ağayevə həvalə edilib.  
 
Həmid Ağayevsə öz növbəsində aprelin 20-də materialı Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərib. İş Şöbənin baş müstəntiqi Elşən Zamanovun icraatına verilib. Həmin müddətdə Əlişükür Vahabzadə ekspertizadan keçirilib, döyülmə xəsarətləri təsdiqlənib. Ancaq bir neçə gün sonra şirkət məsələyə qarışıb və polis iş materiallarını prokurorluğa, prokurorluq polisə ötürməyə başlayıb.  
 
Atayla oğul da polislə prokurorluq arasında qalıb. Nəhayət, mayın 21-də Elşən Zamanov “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar çıxarıb.  
 
Bu qərarın hələ may ayında çıxarılmasına baxmayaraq, atayla oğulun Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa fasiləsiz yazdıqları şikayət ərizələrinə hələ də “iş Nərimanov rayon Polis Şöbəsinin İstintaq Şöbəsində araşdırılır” məzmunlu, iki cümlədən ibarət cavablar gəlir. 
 
Yusif Əzizov baş etibarnamələrin ləğv edilməsinə baxmayaraq, onlara məxsus əmlakların – avtomobillərin hələ də qarşı tərəfin qaytarmamasından narahatdır:  “Şirkətdə günlərlə səhərdən axşaamcan saxlanmağımız müşahidə kameralarında da var. Tələblərimizə baxmayaraq, kameraların yaddaşına baxış keçirilmədi. Hədə-qorxuyla əlimizdən alınmış maşınlarımız hardadır, bilmirik. Biz hardan bilək ki, o maşınlardan hansısa cinayətdə istifadə etmirlər? Ortalıqda oğlumun döyülməsiylə bağlı ekspertiza rəyi var. Qanunsuz saxlamalar, döyülmələr, psixoloji təzyiqlər... Ancaq müstəntiq qərar çıxarır ki, cinayət işi başlanması üçün əsas yoxdur”.   
  
“Sara” QSC “KRAUN KO-R” Holdinqə daxil olan 13 şirkətdən biridir.  
 
Bu Holdinq Azərbaycanda kənd təsərrüfatı ilə məşğul olan böyük şirkətlərdən biridir.  
 
Holdinqin baş ofisinin yerləşdiyi bina Connect TV binası adı ilə tanınıb.  
 
Əlişükür Vahabzadənin sözlərinə görə, holdingin faktiki sahibi DTX rəisi Əli Nağıyevin qardaşı, Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Vəli Nağıyevdir.  
 
Azərbaycanda şirkətlərin sahibləri barədə məlumatlar gizli saxlanılır. Amma Connect TV ilə eyni ünvanda yerləşən digər şirkətlərin təsisçiləri arasında Nağıyevlər ailəsinin üzvləri var.  

https://toplum.tv/sosial/wolt-a-etiraz-eden-aksiyaci-cagirib-dediler-ki-dovletle-dovletcilik-eleme
 
Toplum TV Dövlət Miqrasiya Xidmətinin (DMX) rəis müavininin sahibkarlıq fəaliyyəti barədə DMX-yə müraciət edib.  
 
Xidmətdən bildiriblər ki, Vəli Nağıyevin heç bir sahibkarlıq fəaliyyəti yoxdur.  
 
Toplum TV müxbiri “Sara Qrup” QSC ilə əlaqə saxlayıb məsələyə münasibət öyrənə bilməsə də, şirkətin iki  auditorunun  - Elnur Ağayev və Sakit Sadıqovun polisdə verdiyi izahatları əldə edib.  
 
İzahatlarda auditorlar da təsdiqləyib ki, yaranmış borcla bağlı Əlişükür Vahabzadəni şirkətə dəvət ediblər, o, aprelin 6-da notariat kontorda özünün və atasının avtomobillərini baş etibarnaməylə şirkətə verməklə 630 min manatlıq borcun müəyyən bir hissəsi silinib.  
 
Etibarnamələr də bu şəxslərin adına rəsmiləşdirilib. Onlar izahatda bildirib ki, şirkətə gəlib-getdiyi və avtomobilləri verdiyi vaxt Əlişükür Vahabzadəyə heç bir təzyiq göstərilməyib, o döyülməyib.  
 
Polis qərarlarında ekspertiza rəyinə də istinad edilir. Xəsarətlərin döyülmə nəticəsində əmələ gəlməsi ehtimal edilsə də, polis bunun nə zaman baş verdiyini şübhə altına alıb və cinayət işi başlamaqdan imtina edib.  
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo