Sosial

Sosioloq: “Əhali nə karantinə, nə də yumşalmaya hazırdı”

26 İyun, 2020
1362
İyunun 21-dən Azərbaycanda ikinci dəfə gücləndirilmiş sərt karantin rejimi tətbiq edilir. Sərt karantin qaydalarına görə, bir sıra iş yerlərinin fəaliyyəti dayandırılıb, yalnız zəruri hallarda 2 saatlıq icazə ilə insanların çölə çıxmasına icazə verilir. Belə bir sms icazəsi  bir aydan bir az çox olmaqla ilk dəfə aprelin 5-də  də tətbiq olunub. Daha sonra Operativ Qərərgah ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikasını əsas  gətirərək, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin bir qisminin yumşaldılacağını açıqladı.

Bəs sərt karantin rejiminin tətbiq olunmasında müşahidə olunan bu dinamika hansı nəticələri verdi?

Aylar üzrə rəqəmlərdən məlum olur ki, aprel ayı üçün virusa yoluxanların sayı 1678 nəfər olduğu halda, mayda bu rəqəm 4568-ə yüksəlib, iyun ayına olan statistika isə 6793 nəfər olub. Statistika üzərindən qiymətləndirmə apardıqda məlum olur ki, iyun ilə aprel ayı arasındakı rəqəm fərqi 5115 nəfərə qədərdir. 

Eyni zamanda xəstəliyə yoluxma sürətlə artdığından xəstəxanalarda həkimlərə, çarpayılara ehtiyac artır. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) sözçüsü Rəvanə Bayramlının açıqlamasına görə,  10-u modul tipli olmaqla 40-dan çox xəstəxana virusa yoluxan xəstələrin müalicəsi üçün ayrılıb.

Tibb elmləri doktoru, professor Adil Qeybulla mediaya verdiyi  müsahibələrin birində karantin qaydalarına əməl olunsaydı, xəstəlikdən daha az ziyanla qurtulmağın mümkün olduğunu deyib. Onun sözlərinə görə, SMS icazələrin tətbiq olunduğu müddətdə insanlar bir-birinin evinə qonaq getdilər, kütləvi məclislər təşkil etdilər, yaxından təmasda oldular. Eyni zamanda burada polisin bütün yerlərə nəzarət imkanının olmaması, həyətlərə girməməsi insanların karantin qaydalarını rahatca pozmasına şərait yaratdı. Sonrasında karantin qaydaları yumşaldı, hər kəs küçələrə axışdı, beləcə, nəticələr də böyüməyə başladı.

Virusun günü-gündən yayıldığı və təhlükəli vəziyyətin hamı üçün eyni olduğu vaxtda dövlətlə cəmiyyətin birliyi nə dərəcə adevaktdır?

Mediada yaranan görüntülərə əsasən söyləmək olar ki, insanlarda kütləvi yoluxma hallarının artdığı dönəmdə belə, xəstəliyin mövcudluğuna dair inamsızlıq var.  Bəzi yerlərdə insanlar cərimə olunmamaq xatirinə maska taxır, sosial məsafəni gözləmir, ümumiyyətlə, onlar prosesesin düzgün aparılmasında maraqlı deyil. 

Ölkə başçısı İlham Əliyev Gəncədə modul tipli xəstəxanaların açılışında  sərtləşdirilmiş tədbirlərin əsas məqsədinin yoluxmanın sürətini azaltmaq olduğunu bildirib. Prezident insanların elementar qaydaları gözləmədiyini, yoluxma hallarının adətən, insanların biganəlik, məsulliyyətsizlik və eqoizimindən qaynaqlandığını deyib. Bununla yanaşı, ölkə başçısı çıxışı zamanı atılan addımların hamısının düzgün olduğunu da vurğulayıb: ”Koronavirusla əlaqədar ilkin mərhələdə qabaqlayıcı tədbirlərimiz bizi böyük fəlakətdən qorudu. Çünki Azərbaycanda yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır. Cəmi 13 min insan yoluxmuşdur. Onların böyük əksəriyyəti sağalıb və xəstəxanalardan çıxıbdır. Ona görə qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin çox böyük faydası olmuşdur”.

Sosioloq, ekspert Əhməd Qəşəmoğlu isə ölkədəki mövcud vəziyyətə karantin tədbirlərinin lazımi səviyyədə aparılmamasının yol açdığını deyir: "Koronavirusla bağlı ölkədə tədbirlər görülməyə başlayanda mən bir sosioloq kimi qəzetlərə, eləcə də mətbuata bildirdim ki, hökmən sosioloji araşdırmalardan geniş istifadə edilməlidir. Ölkədə ictimai qınaq məsələsinə, ictimai rəyə diqqət yetirməliyik. Bu, mənim öz fantaziyam deyil. 150 ildir ki, dünyanın əksər yerində, xüsusi elm sahələri formalaşıb: sosiologiya, sosial idarəetmə, sosial psixologiya, sosial iş və s.  Bu elm sahələrinin əhəmiyyəti  cəmiyyətin sosial həyatının öyrənilməsi, dövlətlə cəmiyyət arasında əməkdaşlıq yaranması və bu kimi məsələlərin həll edilməsi baxımından əhəmiyyətlidir”. 

Sosioloq bildirir ki, koronavirusa qarşı mübarizə məsələləri başlayanda məlum olub ki, əhali buna hazır deyil: xəstəlikdən qorxmur, virusa inamır. Sosial məsafə gözləməyən, maska taxmayan, sağa-sola tüpürüb necə gəldi hərəkət edən adamları karantin günlərində küçədə, nəqliyyatda, digər ictimai yerlərdə görmək adi hala çevrilmişdi. 

Onun sözlərinə görə, karantin zamanı insanların adi günlərdəki kimi yas mərasimlərində, ad günlərində, yaxud hər hansı xeyir-işlərdə işlərdə yığışması adi hal sayılırdı. Deməli, paralel şəkildə dövlətin görəcəyi tədbirlərədən biri əhalini hazırki vəziyyətə hazırlamaq idi. Bunu da maarifləndirməklə aparmaq olardı.

Amma necə maarifləndirmə?

"Bilirsiniz, informasiyanın gücü, onun əlçatanlığı, eləcə də insanların ona olan inamı 30-40 il bundan qabaqkı kimi deyil. İndiki maarifləndirmə elmi metodlardan, yeniliklərdən istifadə etməyi tələb edir. Çünki  cəmiyyət mürəkkəbləşib. Əvvəllər insanlar televiziya, radio, qəzetdə eşitdiklərinə inanardı. İndi isə informasiya o qədər zəngin və çoxtərəflidir ki, onu birmənalı qiymətləndirmək olmur”, - deyə Əhməd Qəşəmoğlu bildirir.

"Əhali nə karantinə, nə də karantindən sonrakı yumşaldılmaya hazır deyildi”

Onun dediyinə görə, dövlət müəyyən etməli idi: nə qədər insan virusa inanır, nə qədər insan müəyyən şübhə ilə buna inanır, nə qədəri ümumiyyətlə virus söhbətini yalan hesab edir, onun əksi üçün təbliğat aparır. 

Kifayət qədər qruplar vardı ki, onlar virusun yalan olduğunu sübut etməkdə, inamsızlıq və əks təbliğat aparmaqda maraqlı idilər: məsələn, kafe, gözəllik, salonu, mərasim xidmətləri təşkil edənlər, şou-biznes nümayəndələri və digərlərinin bu məsələdə maraqlı idilər. Çünki bazarlarına mane olur. 

Ekspert həmçinin, bir qrip insanın avamlığından buna inandığını deyir. Onun sözlərinə görə, cəmiyyətin münasibəti anlaşılmalı və bundan sonra buna uyğun maarifləndirmə tədbirləri təşkil olunmalı idi. Yalnız bundan sonra inanmayanlar üçün inzibati cəza tətbiq edilə bilərdi.

Ə. Qəşəmoğlu deyir ki, indi ikinci sərt karantin dövrüdür, SOS siqnalı çalınmalıdır. Heç olmasa bundan sonrakı dövr üçün əhali psixoloji hazır olmalıdır. Ancaq görülən tədbirlərə baxanda məlum olur ki, iş yenə də getmir.

"Prezident çıxışlarında ictimai qınaq məsələsini vurğulayır, əhalini məsuliyyətli olmağa çağırır. Bəs görəsən əhali ilə işləmək üçün səlahiyyətli qurumlar nə edir, məmurlar ölkə başçısının tapşırıqlarını tam mənada anlayırlarmı? Nəticədə əhali günahkar görülür. İnsanlar ilə işləmək, onu maarifləndirmək lazımıdır. Ancaq hələ də gec deyil, ziyandan daha az zərərlə qurtulmaq üçün başlamaq lazımdır”, - deyə ekspert bildirib.

Roza Məmmədova
Sosial

 

Koronavirus statistikası: Azərbaycan

1 Avqust 2021

Sosial Media

Azərbaycanda koronavirus (“COVID-19”) infeksiyasına 671 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə,4 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 344 520 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 128 nəfər müalicə olunaraq sağalıb, 5 027 nəfər vəfat edib. 6 365 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 400, bu günə qədər isə ümumilikdə 4 043 740 test icra olunub. Azərbaycanda son sutkada koronavirus əleyhinə 68 416 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 43 346, ikinci...
Sosial

Son sutkada peyvənd olunanların sayı

30 İyul 2021

Açıq mənbələrdən götürülüb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 87 286 vaksin vurulub. Bu barədə iyulun 30-da Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 50 103, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 183 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 4 885 572, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 827 855, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 057 717 təşkil edir.
Seçilmiş Videolar