«Sovetski»-nin naməlum gələcəyi: «Sökülsəydi biz də ağ günə çıxardıq»
Toplum TV
Mirzə Cəlilə, Abdulla Şaiqə qucaq açan “Sovetski”
Daha çox "Sovetski" kimi tanınan Nəriman Nərimanov prospektindəyik. Bakının Yasamal rayonunda yerləşən tarixi məhəllədə. Köhnə binaların çoxu qəzalı vəziyyətdədir, istismar müddəti başa çatıb.
Cəlil Məmmədquluzadə, Abdulla Şaiq, Xan Şuşiniski kimi şəxsiyyətlərə qucaq açmış "Sovetski" indi tərk olunmaqdadır.
Məhəllədəki evlərin çoxu boşdur. Bəzi 2-3 mərtəbəli binalarda cəmi bir ailə yaşayır. Ancaq onlar da buranı sevdikləri, burdan qopa bilmədikləri üçün qalmayıblar. Ona görə buradadırlar ki, evlərini pul verib alan yoxdur.
“Sovetski”də 2014-cü ildən başlayaraq bir sıra evlər dövlət tərəfindən satın alınaraq və ya kompensasiya ödənilərək söküldü. Proses əsasən 2016-cı ilə qədər davam etdi. O vaxtdan bəri işlər dayandırılıb.
“Ev alan “maklerlər”dir”
Elə yoldaca rastlaşdığımız məhəllənin xadiməsi olan yaşlı qadın bizə uzun müddətdir satınalmalarla bağlı heç kimin gəlmədiyini deyir: "Camaat çıxmaq istəyir. Hamısı köhnə evlərdir. Satıb getmək istəyirlər. Ancaq alan yoxdur deyə qalırlar. Hələ ki, gözləyirlər".
Məhəllə sakini Mirəsgər Bağırov da satınalmaların dayandırıldığını bildirir.
Onun sözlərinə görə, buradakı evləri alanlar əsasən "makler"lərdir, ucuz olduğundan əsasən zirzəmidəki evləri alırlar.
Mirəsgər Bağırov məhəllədə qalanların əsasən qaçqın, məcburi köçkün olduğunu söyləyir və onların boşalan evlərə zorla girdiyindən şikayətlənir.
"Zorla gəlib boş mənzillərə girirlər. Sonra ətrafındakı otaqları və həyəti də ələ keçirirlər. Heç kəsi də yaxın buraxmırlar".
“Sökülsəydi biz də ağ günə çıxardıq”
“Sovetski”də istənilən küçədə yöndəmsiz çəkilmiş, təhlükəli vəziyyətdə olan sıx, dolaşıq elektrik xətləri ilə rastlaşmaq mümkündür.
Burdan köçməyə maddi imkanı çatmayan ailələrin yaşadığı evlərin əskəriyyəti istismar müddətini başa vurub. Mənzillərin balkonlarındakı çatlar açıq-aydın görünür. Taxta qapı və pəncərələrin isə təkcə boyası solmayıb, özü də çürüyüb əldən gedir. Bu evlərdə yaşayanlar isə evlər söküləcəyi üçün təmirə pul xərcləmək istəmirlər.
Onlardan biri də "Sovetski"nin 22 illik sakini Aybəniz Abbasovadır.
Onun sözlərinə görə, 2015-ci ildən evlərinin söküləcəyi deyilsə də, gəlib-gedən yoxdur.
"Biz də söküləcək deyə, təmir etdirmirik, divarlar uçub tökülür. Əvvəlki illərdə yağış yağanda çox problem olmurdu. Amma indi evin içərisinə su damır. Sökülsəydi biz də ağ günə çıxardıq. Yeni ev ala bilərdik. Burada yaşayan qohumlarım var idi. Evləri bir neçə il əvvəl söküldü, getdilər. Amma onlara pulu az verdilər. 1 kv.m-ə 2200 manat verilməli olduğu halda, 1500 manat verildi. Dedilər ki, qalanı da veriləcək. Amma sonra necə oldu xəbərim yoxdur".
Bakı şəhər İcra Hakimiyyətindən evlərin nə zaman söküləcəyi haqda suala cavab verilməyib, bu işlə Yasamal yaron İcra Hakimiyytinin məşğul olduğu bildirilib.
“Toplum TV”-nin əməkdaşı Yasamal rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmayıb.
“Sovetski”nin köhnə sakinlərininsə gözləri yolda qalıb, “Bəlkə bu yaz… Bəlkə bu payız… Bəlkə bu qış işlər düzələr”deyə-deyə neçə ildir səbrlə xoş xəbər gözləyirlər.
açıq mənbədən götürülüb
Wikipedia
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır