Sosial

Suyu süddən baha başa gələn saatlılılar

Lida Abbaslı
16 May, 2022
263

Toplum Tv

Saatlının Əliabad kəndindən reportaj

Saatlının Əliabad kəndinə gedən mikroavtobus Sabirabad bazarının yaxınlığında bazardan çıxanları gözləyir. Səhərdən bazara məhsul gətirmiş əliabadlıların indi yükü giley-güzardır.

Kənd sakinləri gileylənir ki, bazarda qiymətlər od tutub yansa da, onların malları ucuz alınır.

Toplum Tv

Kənd sakini Nazim kişi deyir ki, yol uzaq olduğundan, üstəlik də kəndə avtobus həftədə cəmi bir gün işlədiyindən mallarını bazarda sata bilmirlər, dəyər-dəyməzinə alverçilərə verməli olurlar.

“Alverçilər malı çox ucuza götürürlər. 4 manata vermək istədiyim malı 3 manata götürürlər ki, özümüz 3.50-yə veririk. Üstəlik də hər dəfə malın azı 100 qramı havayı gedir”.

Ağartı məhsulları satmaqla dolanan kəndlilərdən biri söhbətə qoşulub belə deyir:

“Süd, indi həqiqi mənada sudan ucuzdur. Südün 1 litri 50 qəpikdir, suyun 1 litri 70. Nəylə dolansın bu yetim?”

Həmsöhbətim deyir ki, südə su qatıb satmağa vicdanı yol vermir. Amma kənddə gördüklərimizdən anlayırıq ki, Əliabadda südə qatacaq şirin su tapmaq belə müşkülə çevrilib.

“Su olmur, olan da çirklidir…”

Avtobusdakıların sözlərinə görəsə, kənddə bütün problemlərin bir ucu suyun olmamasına bağlıdır. Əliabad sakini Südabə yarı zarafat, yarı ciddi deyir ki, dərdimizi danışsaq, gərək dəsmal götürüb ağlayaq.

“Bəzən qıtlıq olur, korluq çəkirik, su olmur, olan da çirklidir. Xəstəlik tapırıq axırda, qazandığımız da həkimlərə gedir”.

Toplum Tv

Mahir Zeynalov Əliabada suyun Araz çayından kanallar vasitəsilə gəldiyini, oradan da arxlarla həyətlərə çəkildiyini söyləyir. Amma onun dediyinə görə, artıq 3-4 ildir kəndə normal su gəlmir, yay aylarında isə vəziyyət daha ağır olur.

Toplum TV

“Suyun olmaması aclığa gətirib çıxarır. Su olmadığı üçün taxıl da az yetişir, nəticədə də unun qiyməti bahalanır. Bağ, bostan məhsulları da həmçinin”.

Qoyun-quzu saxlamaqla dolanan Mahir kişi qoyunlarını daha çox arpa ilə yemləməsindən danışır.

Toplum Tv

“Su olmadığı üçün arpa da az yetişir, qoyunlar ya aclıqdan, ya da yaşıl yonca yeməkdən ölürlər. Belə olanda da ət bahalanır”.

Əliabad sakini Gülüzür Sadayeva əvvəllər becərdikləri meyvə-tərəvəzlə birtəhər dolandıqlarını yada salır: “İndi su yoxdu deyə meyvə ağacları da quruyub”.

Toplum Tv

Onun sözlərinə görə, kənddə buğda əkənlər onu satmır, özləri işlədirlər: “Ya un üyüdürlər, ya da toyuq-cücəyə saxlayırlar. Az olduğu üçün satmağa imkan olmur. Çox əkənlər isə susuzluğa görə çox vaxt ziyana düşürlər”.

Əliabadda duzlu çay

Yol boyu arxlardan axan çirkli sudan içməli su kimi istifadə olunur, məni çaya dəvət edən əliabadlıların təklifinə “yox” demək istəsəm də alınmır. Çaydan bir neçə qurtum alıram. Duzlu tamı var. İçmək olmur. Ancaq Əliabad sakinləri hər gün bu sudan istifadə etmək məcburiyyətindədirlər.

Toplum Tv

Kənd sakinlərinin bir çoxu iddia edir ki, suyun olmamasının səbəbi sahibkarların, məmurların Saatlının boş ərazilərində ferma qurub təsərrüfatla məşğul olmalarıdır.

“Onlar bənd qurub, suyun çoxunu öz fermalarına çəkir, nəticədə də digər kəndlərin camaatı susuz qalır”, - kənd sakinlərindən biri belə söyləyir.

Onlar deyir ki, bunlar azmış kimi yeni qərara görə, “kaçalka”lara da sayğac quraşdırılacaq.

Toplum Tv

“Ölməmək üçün yerin altından su çəkib çıxarırıq. Ona da gəlib göz dikirlər. Yəni deyirlər yaşamayın, ölün!”

Saatlıda Əliabad susuz qalan kəndlərdən sadəcə biridir, camaat on beşə yaxın kəndin susuzluqdan əziyyət çəkdiyini danışır.

Toplum TV

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətibdən məsələ ilə bağlı “Toplum TV”-yə deyilib ki, sözügedən məsələdən məlumatlıdırlar və problem ölkənin bir çox bölgəsində mövcuddur, səbəb isə yağıntının olmaması və qlobal istiləşmədir. Qurumdan problemin həlli üçün lazım olan addımların atıldığını bildirdilər.

Əliabad sakinlərisə kənddə hər hansı tədbir görülməsinə şahid olmadıqlarını söyləyirlər.

Sosial

Beş uşaqlı analara beş il pensiya güzəşti 

Roza Məmmədova
Vüsalə Mikayıl
29 İyun 2022

Açıq mənbələrdən götürülüb

Ölkə başçısı İlham Əliyev “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərdən sonra beş və daha çox uşaq dünyaya gətirən analar beş il daha tez pensiyaya çıxa biləcəklər. Bu, uşaqları övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlara da şamil ediləcək. Cəmi 960 nəfər Qanunla artıq təkbaşına beş övlad və ya sağlamlıq imkanları məhdud uşaq böyüdən ataların da tez təqaüdə çıxması mümkün olacaq. Bu qanun ana vəfat etdikdə, nikaha xitam verildikdə, ana valideynlik hüququndan məhrum edildikdə növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək uşaq böyüdən atalara aid ediləcək. Rəsmi məlumatlara görə, bu dəyişiklik pensiyaçıların sayında...
Sosial

Ramin Hacılı aclıq etdiyini, özünü yaxşı hiss etmədiyini deyib, hakimsə...

Leyli Cəfərova
29 İyun 2022

Açıq mənbələrdən götürülüb

İyunun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Ramin Hacılının məhkəməsi davam edib. Məhkəmə iclası başlayan kimi hakim Azad Məcidov müttəhimə ötən məhkəmə iclasındakı davranışına görə xəbərdarlıq edib: “Vurub şüşəni çatlatmısınız, düzəldiblər. Dövlətin əmlakıdır, növbəti dəfə belə hərəkətlərə yol versəniz, qanuna uyğun tədbirlər görəcəyik, sizi məhkəmə iclaslarında iştirakdan məhrum edəcəyik, bir də hökm elan olunanda iştirak edə biləcəksiniz”. Ramin Hacılı isə cavabında deyib: “Mən ölüm aclığına başlamışam və artıq 5 gündür ki, özümü yaxşı hiss etmirəm, məhkəmə iclasını təxirə salmağınızı xahiş edirəm”. Hakim bildirib ki, qanunvericiliyə görə, təqsirləndirilən şəxsin yalnız xəstəliyi ilə əlaqədar vəziyyəti ağırlaşarsa, məhkəmənin təxirə salınması mümkündür. “Qanunvericilikdə belə şey...

Seçilmiş Videolar

Toplum TV loqo