Toplum TV
“Hər şikayətdən sonra köhnə kömür quyuları doldurulur, sonra yeniləri ortaya çıxır”
Bura Oğuz rayonu Tayıflı kəndidir. Tayıflı kəndinin adı mediada daha çox meşə təsərrüfatının ziyan görməsi, qanunsuz yollarla kömür əldə edilməsi və s. xəbərlərlə çəkilir.
Bir neçə ildir ki, kənddə məskunlaşan Şəhriyar Qasımov bu fikri təsdiqləyir.
O deyir ki, kənddəki meşədə ağaçlar kəsilir, sonra xüsusi quyularda yandırılaraq kömür əldə olunur.
“Oğuza köçəndən sonra davamlı olaraq havadan pis qoxu gəldiyini hiss edirdim. Sonra qohum-əqrabadan öyrəndim ki, sən deməpis iy meşədən gəlirimiş”.
Şəhriyar problemdən xəbər tutduqdan sonra ilk dəfə ötən ilin mart ayında Oğuz rayonu polis idarəsinə şikayət etdiyini söyləyir:
“Bu şikayətdən sonra 10 ay problemin həll ediləcəyinə özümü inandırdım. Bir şey çıxmadığını anladıqda bu ilin yanvarın 10-da “feysbuk”da Daxili İşlər Nazirliyinə müraciə edərək yazı payladım, 2 gün sonra meşədəki kömür quyuları bağlandı”.
Fəaliyyət sahələri müxtəlif olan ETSN-in nəzarət edib, qorumalı olduğu sahələdən biri də meşə təsərrüfatı olub, meşələrdə qanunsuz ağac tədarükü və digər meşəqırmalarının qarşısının alınması istiqamətindədir.
Situasiyaya əsasən demək olar ki, nazirliyin qoruma mexanizmi şikayətlər ictimailəşdirdikdə, yaxud da kütləvi hal aldıqda işə düşür.
Məsələn, axırıncı dəfə 2017-ci ildə meşə sahələrindən ağacların qanunsuz kəsilməsi ilə bağlı şikayətlərdən sonra nazirlik 70 nəfərdən ibarət geniş tərkibli komissiya yaradılıb.
Bu komissiyanın müxtəlif bölgələrdə, eləcə də Oğuz rayonun Tayıflı və digər kəndlərində monitorinqlər aparıb, cəzalandırma tədbirləri həyata keçirilib.
Ancaq 2017-ci ildən sonra mediada belə əhatəli monitorinq aparılması ilə bağlı informasiyalara rast gəlinmir. Tayıflı kəndinin adı isə az qala hər il oxşar problemlə bağlı hallanır.
“Qorunurmuş kimi görünmür, meşədə meşəlik qalmayıb…”
ETSN-in mətbuat katibi İradə İbrahimova “Toplum TV”yə açıqlamasında Tayıflı kəndi ərazisində kömür basdırılması faktını təsdiq edib.
Onun sözlərinə görə, qanunsuz kömür istehsal edən şəxslərin Oğuz rayonu, Tayıflı kənd sakinləri İlqar Dursunov, Tofiq Sadıqov, Habil Yusifov, Şahmar Ağazadə və Şirvanlı kənd sakini Mətləb Rzayev olduğu müəyyən edilib.
“Faktla bağlı protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Quyular doldurularaq yenidən istifadəsi məhdudlaşdırılıb və ərazi nəzarətə götürülüb”-mətbuat katibi belə deyir.
Vaxtını təbiətdə keçirən Şəhriyar Qasımov isə problemin kökündən həll olunmadığını deyir və əlavə edir ki, meşəyə hər səfərində o, yenə də kömür basdırılmasına şahid olur.
Ş.Qasımov nə vaxt şikayət etsə, yerli kənd sakinlərinin təzyiqinə məruz qaldığını, onların çörəklərini əllərindən almaqla ittiham edildiyini bildirir.
“Meşəbəyi niyə şikayət etdiyimi sorğulayır. Deyir ki, camaatın çörəyinə bais olma. Əmisi Ekologiya və Təbii Sərvətlər Nazirliyində işləyən Fərman adlı bir oğlan qapımı döyüb “iş yoxdur, neyləyək?”-deyir.
O, problemin yalnız üzdən həll olunduğunu söyləyir və bildirir ki, kəndin bu problemi yuxarı səviyyədə göz yumulduğu üçün illərlə qalmaqdadır.
“Bu tək Nazirliyin problemi deyil”
Ətraf Mühit Məsələri üzrə ekspert Rövşən Abbasov isə deyir ki, kömür istehsalı nəinki Azərbaycan, qlobal səviyyədə problemdir.
Bununla belə ekspert də təsdiqləyir ki, illərlə əks tendensiya baş verir, problem həll olunmaq əvəzinə artır.
“Guya kömürdə bişən yeməklər, kömürdə qaynayan çay dadlı olur. Bu da kömürə təlabat olduğunu göstərir. Bu gün Bakıda hansı restorana baxsanız, onların hamısı ağac kömründən istifadə edir. əsasən də kabab bişirənlər. Qaz, elektrik enerjisi olan yerdə kömürə nə ehtiyac var?”
Ekspert bildirir ki, burada yalnız Ekologiya və Təbii Sərvətlər Nazirliyini günahlandırmaq doğru deyil.
“Ümumi yanaşma dəyişilməli, eyni zamanda kömür tədarükü və istehsalının qarşısını alacaq xüsusi proqram qəbul edilməlidir. Ölkədə kömürün istifadəsinə qadağa qoyulmalıdır. Bu böyük problemdir, yaxın gələcəkdə də böyüyəcək”,- deyə ekspert bildirib.
açıq mənbədən götürülüb
Wikipedia
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
“Bu, onun sonuncu etirazı idi”
Bələdiyyə torpaqları 50, 100 illik icarəyə verir, kəndli isə torpaqsız qalır
Müştəri restoranda servis haqqı ödəməlidirmi?