Sosial

Təhsil naziri kişi müəllimləri məktəbə necə qaytaracaq?

Aytac Məmmədli
18 Oktyabr, 2021
2719

Açıq mənbələrdən götürülüb

“Diplomum pas tutsa da, müəllim olmayacam”

Ölkədə qadın müəllimlərin sayı çoxalır, təhsil  naziri də  bundan narahatdır. Lakin saya baxıb qadınların hamısının bu peşəni könüllü seçdiyini də söyləmək olmaz.

Bəzi qızların qəbul imtahanında topladıqları bal buna yetir, bəziləri isə “qadının sənəti müəllimlikdir” məntiqinin təsiri altında qərar verirlər.

Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülnarə də bu ixtisası öz istəyilə seçmədiyini deyir. 

“Universitetə hazırlaşanda çox uşaq kimi mənim də yol göstərənim yox idi. Gələcəkdə kim olmaq istədiyimi bilmirdim. Onsuz da mənim istəyim deyə bir şey yox idi, ola bilməzdi. Mənim həyatdakı tək missiyam valideynlərimin universitetə daxil olmaq arzularını həyata keçirmək idi. Yalnız bu vaxt  özümü “layiqli övlad” kimi təsdiqləyəcəkdim”.

Gülnarə imtahanda  üçüncü ixtisas qrupu üzrə 579 bal toplayıb. Onlar ailəlikcə buna sevinsələr də, məsələ ixtisas seçiminə gələndə vəziyyət çətinləşib: “Hamı öz bəyəndiyi şeyi mənə sırımağa çalışırdı. Hamı “bu ol” ya da “bu olmalısan” deyirdi. İxtisas seçimi edəndə, düzü, müəllimlikdən başqa yerə düşmürdüm, balım daha yaxşı yerlərə çatmırdı.  Ətrafımdakılara görə də, filologiya seçən şair olur, tarix seçən yer qazırdı”.

Həmsöhbətimiz Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı ixtisasına qəbul olduğunu eşidəndə sevinməyib, əksinə məyus olduğunu deyir. Gülnarə buna görə ona basqı edən ailəsini, qohumlarını günahkar hesab edir.

Onun sözlərinə görə,  4 il müəllimlik oxusa da, heç vaxt ixtisasına isnişə bilməyib: “Mən universitetə girəndə özümə söz verdim ki, diplomum pas tutsa da, müəllim olmayacam. İndi nə vaxt pulsuz, işsiz qalıram, bu sözü xatırlayıram”.

Gülnarə hazırda reklam şirkətlərindən  birində çalışır və biznesin idarə edilməsi sahəsi üzrə ikinci təhsil alır.

O deyir ki, yalnız indi özünü olmaq istədiyi yerdə tapıb: “Başqasının seçdiyi yol bizi xoşbəxtliyə aparmır. Bir şeyi yalnız özün seçəndə sənin üçün dəyərli olur. Ona görə də gənc qızlar iplərini kiminsə əlinə verməsinlər”.

Niyə valideynlər qızlarının müəllim olmasını istəyirlər?

Sosioloq Lalə Mehralının dediyinə görə, əvvəla valideynlər qızlarını müəllim kollektivinə rahatlıqla əmanət edə bilirlər, ikincisi, vaxtilə müəllimlərə göstərilən sayğı hələ də unduulmayıb: “Əvvəllər müəllimlik prestijli sənət idi. Müəllimlərin el arasında hörməti var idi. İndiki valideynlər hələ də o dövrün təsirindən çıxa, müasir dünyanın şərtləriylə tanış ola bilməyiblər”.

Sosioloqun fikrincə, valideynlər həm də gələcəkdə ailə həyatı quracaq qızları üçün  müəllimliyin ən düzgün seçim olduğunu düşünürlər.

Lalə Mehralı - Açıq mənbələrdən götürülüb

“Evli qadınlar məktəbə gedib  2-3 saat dərsini keçib evlərinə qayıdırlar. Bu da ev işi görən, uşaq saxlayan qadınlar üçün ən yaxşı variantdır. “Xasiyyəti tünd olan” ərləri də hesaba qatmaq lazımdır. Bəzi kişilər qısqanclıqdan həyat yoldaşlarını işləməyə qoymurlar, müəllimlik oxuyan qadınların da ən azından evində repetitorluqla məşğul olmaq kimi bir şansı olur” – sosioloq izah edir.

 “"Yumşaq" xasiyyətli oğlanların çoxalmasının səbəbi məktəblərdə kişi müəllimlərin olmamasıdır”

Rəsmi rəqəmlərə görə, Azərbaycanın 4481 ümumtəhsil məktəbində çalışan 149,602 müəllimin 71%-ni qadınlar, 29 %-ni kişi müəllimlər təşkil edir. Bakıdakı orta məktəblərdə fəaliyyət göstərən müəllimlərdən 27 mini qadın, 3600-ü  kişidir.

Valideynlər hər nə qədər qızlarının müəllim olmasını istəsələr də, ekspertlər bəzən bunun uşaqların tərbiyəsində problem yaratdığını düşünürlər. Hətta bugünlərdə təhsil naziri Emin Əmrullayev də sözügedən məsələyə ayrıca toxunaraq gələcəkdə qadınların təhsildə çox olmasının problem yaradacağını söyləyib. Nazir kişi müəllimlərinin sayının çoxalmasını məqsədəuyğun hesab edib.

Bu məsələyə yanaşmalar haçalanır. Feminist, psixoloq Nərmin Şahmarzadə dövlət rəsmilərinin bu kimi çıxışlarının doğru olmadığını düşünür: “Valideynlər qızlarını ona görə müəllimliyə yönəldirlər ki, bu sahədə iş tapa biləcəklər. Amma dövlət rəsmilərinin bu çıxışları qadın müəllimləri, onların valideynlərini narahat edir ki, daha müəllim kimi də işləmək çətin olacaq. Qadınlar barədə səslənən belə neqativ fikirlər onlara qarşı streotiplərin artmasına gətirib çıxara bilər”.

Nərmin Şahmarzadə - BBC

Lalə Mehralının fikrincə, cəmiyyətdə kişi xarakterinin itib-batmasının səbəbi elə məktəblərdə qadın müəllimlərinin sayının çox olmasıdır.

“Kişilərin keçməli olduqları fənləri belə bəzən qadın müəllimlər tədris edir. Bizsə oğlanların kişi kimi böyüməməsindən şikayətlənirik. "Yumşaq" xasiyyətli oğlanların çoxalmasının səbəbi məktəblərdə kişi müəllimlərin olmamasıdır”.

Təhsil eksperti Kamran Əsədov da o qənaətdədir ki, uşaqları yalnız kişilər tərbiyə edirlər: “Qadınlar bu məsələdən inciməməlidirlər. Bu göstərici onların kişilərdən xarakter baxımından zəif olmaları və ya kişilərdən aşağı səviyyədə tədris etmələri kimi qəbul edilməməlidir. Dünyada bu proses belədir. Hansı ölkədə kişilərin sayı qadınların sayından üstündür, bu təhsilin keyfiyyətinə müsbət mənada təsir edir”.

Bununla belə ekspert kişi müəllimlərin tədrisdə-tərbiyədə hansı üstünlük yaratdığını izah etmir, amma onların sayının çoxalması üçün bu sahəyə dövlət qulluğu statusunun verilməsini təklif edir.

Bəzən kişilərin orta məktəbdə işləməməsinə səbəb kimi maaşın azlığı göstərilir, hətta maaşların artırılması da zaman-zaman müzakirə edilir. Kamran Əsədovun sözlərinə görə, dövlət büdcəsinin vəsaiti müəllimlərin əmək haqqını artırmağa imkan vermirsə, onları müəyyən olunmuş xərclərdən azad etmək lazımdır.

Kamran Əsədov - Açıq mənbələrdən götürülüb

Nərmin Şahmarzadə isə qadın müəllimlərin çoxalmasının tərbiyə prosesinə mənfi təsir etməsini doğru arqument saymır. Onun dediyinə görə, qadınların uşaqlarla işləmə təcrübəsi daha zəngindir.

“Bizim kimi cəmiyyətlərdə qadınlar kişilərdən daha çox uşaqlarla təmasda olurlar, nəticədə onlar uşaq psixologiyası haqqında daha çox anlayışlıdırlar. Kişi müəllimlərin çoxu uşaq psixologiyasına bələd deyillər. Onların idarəetməsində qorxu əsaslı hakimiyyət var”.

Təhsil naziri məktəblərdə gender balansının tənzimlənməsinə toxunsa da, bu yöndə nazirliyin hansısa addım atıb-atmayacağına toxunmayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Zəlzələdən sonra Səngəçalda qala divarlarının üzə çıxdığı iddia edilir

8 Dekabr 2023

Sosial Media

Səngəçalda zəlzələdən sonra üzə çıxdığı güman edilən qala divarları ilə bağlı əraziyə baxış keçirilir. Toplum TV APA-ya istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib.  “Sosial mediada yayılan videogörüntülərə görə, dünənki zəlzələdən sonra Səngəçalda Otman Bozdağ vulkanına yaxın ərazidə qala divarları üzə çıxıb”, - açıqlamada qeyd olunub.  https://toplum.tv/sosial/pxezerde-guumlcluuml-zelzele-qeyde-alinibp Bildirilib ki, məlumatın həqiqi olub-olmamasını yoxlamaq üçün hazırda əraziyə mütəxəssis qrupu göndərilib. Dekabrın 7-də Altıağac stansiyasından 51 km şimal-şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Məlumata görə, yeraltı təkanlar 5,6 maqnitudada baş verib, zəlzələ ocağı 68 km dərinlikdə yerləşib.
Sosial

Şuşada da mina partlayışı baş verib

7 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Şuşa şəhərində mina partlayışı baş verib, xəsarət alan var. Toplum TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, hadisə dekabrın 7-də saat 11:15 radələrində Şuşa şəhəri Tar sexi ərazisində baş verib. Belə ki, elektrik təsərrüfat sahəsində çalışan Lerik rayon sakini, 1987-ci il təvəllüdlü Rahim Həbibovun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub. Məlumata görə, o, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyə edilib. Hadisə ilə bağlı araşdırma aparılır. Xatırladaq ki, bu gün Füzuli rayonunun Horadiz qəsəbəsində  də mina partlayışı qeydə alınıb. Hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Seçilmiş Videolar

Toplum TV loqo