Sosial

Təhsil nazirinin repetitorlarla bağlı açıqlaması birmənalı qarşılanmır

Aytac Məmmədli
4 İyun, 2022
939

Açıq mənbələrdən götürülüb

Nazirin açıqlamasına valideynlərin, müəllimlərin reaksiyası

“Mən atasız üç uşaq böyüdürəm, oğlum balacadı, amma qızlarımı nə olur, olsun oxutmaq istəyirəm. Birini yar-yarımçıq 3 fəndən hazırlığa qoydum, kollecə girdi. İndi ikinci qızımın da oxumağa həvəsi var, qəşəng şəkillər çəkir, deyir ki, rəssam olacam. Amma mənim onu hazırlığa qoymağa imkanım çatmır”.

Məcburiyyət, yoxsa seçim?

Təhsil naziri Emin Əmrullayev mayın 31-də "Təhsildə özəl biznesin rolu" mövzusunda keçirilən ictimai müzakirədə çıxışı zamanı deyib ki, valideynlərin övladlarını repetitor yanına qoyması təhsilin keyfiyyəti ilə bağlı deyil.

“Aparılan təhlillər onu göstərir ki, bu, bir çox hallarda işləyən valideynlərin günortadan sonra övladlarını harada saxlaması ilə bağlı olan ciddi tələbdən irəli gəlir. Dünyanın hər yerində məktəbdən sonrakı saatların hansı formada tənzimlənməsi ilə bağlı mənfəətli biznes sahələri qurulur",- deyə nazir bildirib.

Nazirliyin ötən il yaydığı açıqlamada da valideynlərin övladlarını repetitor yanına qoymalarının məcburiyyət yox, seçim olduğu deyilirdi. Eləcə də hər bir təhsil müəssisəsində dövlət tərəfindən təsdiqlənən standartlar əsasında tədrisin təşkilinin təmin edildiyi vurğulanırdı.

“Məktəbdə yaxşı dərs keçsələr, uşaqları niyə hazırlığa qoyum ki?”

“Mən atasız üç uşaq böyüdürəm, oğlum balacadı, amma qızlarımı nə olur, olsun oxutmaq istəyirəm. Birini yar-yarımçıq 3 fəndən hazırlığa qoydum, kollecə girdi. İndi ikinci qızımın da oxumağa həvəsi var, qəşəng şəkillər çəkir, deyir ki, rəssam olacam. Amma mənim onu hazırlığa qoymağa imkanım çatmır”, - Göygöl sakini Tünzalə Hüseynova belə söyləyir.

Nazirliyin yanaşması ilə razılaşmayan ana deyir ki, məktəbdə yaxşı dərs keçirilmədiyi üçün uşaqlarını repetitor yanına göndərməyə məcburdur.

“Məktəbdə yaxşı dərs keçsələr, uşaqları niyə hazırlığa qoyum ki? 400 manat sosial yardım alıram, yeməyə xərcləyərəm də o pulu. Amma mən istəmirəm ki, uşaqlarım da özüm kimi savadsız olub, əziyyət çəksinlər”.

Tünzalə Hüseynova müəllimlərin məktəbə davamlı gəlmədiklərini, gələndə də uşaqların hazırlığa getdiyinə arxayın olub dərs keçmədiklərini söyləyir.  

“Böyük qızın ingilis dili müəllimi həm məktəbdə, həm də evdə dərs keçir. Amma evdə öyrətdiyi şeyləri məktəbdə öyrətmir. Niyə? Həm də hazırlıq kursuna getmək elə bil dəbə minib. Müəllimlər uşaqları dərsdən tez buraxırlar ki, hazırlığa getsinlər. Sinifdə hazırlığa getməyənlərə də imkansız ailələrin uşağı kimi baxırlar”.

Buna da bax: Valideynlər övladlarını niyə repetitor yanına göndərir? - Sorğu 

Repetitor: “Məktəblərdə çatışmazlıq çoxdur”

4 ildir repetitorluq fəaliyyəti göstərən Sitarə Müzəffər hesab edir ki, problemin kökündə  maddi səbəblər dayanır, maaşı az olan müəllimlər uşaqları hazırlığa cəlb etməklə daha çox qazanmaq istəyirlər.

O, eyni zamanda məktəblərdə çatışmazlıqların çoxluğuna diqqət çəkir.

“Azərbaycan məktəblərinin 80 faizində ingilis dilində dinləmə aparatları yoxdur. Amma şagird 9-cu sinifdə buraxılış imtahanından “listening” etməlidir, bunu təcrübə etməmiş bir uşaq imtahandan necə keçsin? Vaxt sistemi də düzgün qurulmayıb. Sinifdə uşaq sayı çox olur, dərs müddəti 45 dəqiqədir. 45 dəqiqədə müəllim həm jurnal yazmalı, həm yeni dərsi izah etməli, həm də dərsi soruşmalıdır”.

S. Müzəffər tarix fənnindən hazırlıq keçir. Dediyinə görə, hələ 8-ci sinifdən yanına hazırlığa gələnlər var.

“10-11-ci sinifdən uşaqlar tarixdən hazırlığa gəlirlər, baxıram ki, baza yoxdur, heç nə bilmirlər. Çünki uşaqların hamısı rahatdır, ilboyu oxumurlar, düşünürlər ki, hazırlıqda öyrənəcəm də”.

Ekspert: “Repetitorlar uşaqları hazırlaşdırırlar, onlar yüksək bal toplayırlar, bu da məktəblərin uğuru kimi təqdim olunur”

Təhsil eksperti Elşən Qafarov da abituriyentlərin repetitor yanına getmədən universitetə daxil ola bilmədiklərini deyir.

“Heç kəs pulundan və övladının sağlamlığından bezməyib ki, aya 200 manat verib, dərsdən sonra 7-8 saat uşaqları repetitor yanına göndərsin. Təhsil Nazirliyinin nümayəndələri həmişə bu tip açıqlamalar veriblər. Təhsili idarə edənlər həmişə kölgə təhsilin arxasında gizləniblər, repetitorlar, kurslar uşaqları hazırlaşdırırlar, onlar yüksək bal toplayırlar, bu da məktəblərin uğuru kimi təqdim olunub”.

Elşən Qafarov - axar.az

Ekspertin fikrincə, təhsil islahatlarına ölkə rəhbəri nəzarət etməli, təhsilə ayrılan xərclər artırılmalıdır.

Yeri gəlmişkən, 2022-ci  ilin dövlət büdcəsindən təhsil sahəsinə 3 milyard 884 milyon 325 min 660 manat vəsait ayrılıb.

Həmin xərclərin 376 milyon 858 min 452 manatı məktəbəqədər təhsilə, 2 milyard 90 milyon 153 min  867 manatı ümumi təhsilə, 63 milyon 815 min 386 manatı peşə təhsilinə, 87 milyon 300 min 596 manatı orta ixtisas təhsilinə, 59 milyon 987 min 844 manatı ali təhsilə, 3  milyon 937 min 523 manatı əlavə təhsilə, 7 milyon 15 min  701 manatı təhsil sahəsində tətbiqi tədqiqatlara, 1 milyard 195  milyon 256  min 291 manat təhsil sahəsində digər müəssisə və tədbirlərə ayrılıb.

E. Qafarov hesab edir ki, Təhsil Nazirliyi 3 qrupa bölünməli, ali təhsil üzrə dövlət agentliyi yaradılmalı, peşə təhsili agentliyinə müstəqillik veriməlidir. Onun qənaətincə, məktəbəqədər və ümumi təhsillə bağlı ayrıca Maarif Nazirliyi yaradılmalıdır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Hava pisləşəcək: FHN əhaliyə müraciət etdi

31 May 2023

Açıq mənbələrdən götürülüb

Hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək barədə çağırış edilib.  Toplum TV xəbər verir ki, bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilir ki, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, çaylarda sel və daşğın olacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Buna görə də FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.  https://toplum.tv/multimedia/pbaki-zelzeleye-hazirdirp-1 "Güclü külək zamanı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında durmamaq tövsiyyə olunur. Bundan əlavə, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.  Həmçinin, ildırımla bağlı təhlükədən qorunmaq üçün telefonla danışmamaq, elektrik cihazlarını şəbəkədən...
Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...

Seçilmiş Videolar

Toplum TV loqo