Təhsil Nazirliyinin rəsmisi: “Bəzi valideynlər övladlarını olimpiadalardan uzaqlaşdırmağa çalışırlar”
"Report"
“Toplum TV” Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumtəhsil müəssisələrilə iş sektorunun müdiri Fuad Qarayevlə şagirdlərin beynəlxalq fənn olimpiadalarına hazırlıq şəraiti haqqında danışıb.
- Şagirdlər Beynəlxalq Fənn Olimpiadalarına necə hazırlaşdırılır? Seçim şərtləri necədir?
Beynəlxalq olimpiadalara hazırlıq üçün Təhsil Nazirliyinin tabeliyində olan, Bakı şəhərində yerləşən iki liseydə - fizika, riyaziyyat, informatika təmayüllü və kimya-biologiya təmayüllü liseylərdə bütün yaş qrupları üzrə, Sumqayıt şəhərində yerləşən texniki və təbiət elmləri təmayüllü liseydə isə aşağı yaş qrupu üzrə fəaliyyət göstərən 3 mərkəzimiz var. Bu mərkəzlərə şagirdlər əsasən hər il nazirliyin 6-7-ci siniflər arasında keçirdiyi fənn müsabiqələrinin və 9-11-ci siniflər arasında keçirilən respublika fənn olimpiadalarının nəticələrinə görə seçilir - müsabiqələrin ancaq qalibləri, olimpiadalarınsa həm qalibləri, həm də final iştirakçıları. Mərkəzlərdə şagirdlərlə ölkəmizin nüfuzlu ali məktəblərinin alimləri, keçmiş olimpiadaçılar, eləcə də əcnəbi mütəxəssislər məşğul olurlar. Bölgələrdən olan şagirdlər yataqxana və gündə 3 dəfə isti yeməklə təmin olunurlar.
- Belə mərkəzlər bölgələrdə də yaradıla bilərmi?
- Artıq ikinci ildir ki, bu istiqamətdə ciddi addımlar atılır. Gəncə, Şəki , Şirvan, Quba və Şəmkirdə dərinləşdirilmiş proqramlı liseylər açılıb. Bu tip liseylərin gələcəkdə ölkəmizin hər bir rayon və şəhərində açılması və istedadlı uşaqların cəlb edilməsi bizim üçün prioritet məsələlərdəndir. Bu il sözügedən liseylərdən 100-ə yaxın şagird fənn olimpiadalarının respublika mərhələsində iştirak hüququ qazanıb. Cəmi iki ildir fəaliyyət göstərən Gəncə liseyinin 12 şagirdi ötən tədris ilində respublika olimpiadalarının qalibi olub. Ümid edirik ki, çox qısa zamanda bölgələrdən daha çox istedadlı gənc aşkar edib onların düzgün istiqamətləndirilməsinə nail olacağıq.
- Pandemiya dövründə mərkəzlərin fəaliyyətində hansı çətinliklər oldu? Şagirdlər texniki baza ilə təmin olunublarmı?
- Əlbəttə, çətinliklər oldu. Ancaq məşğələlərin təxirə düşməməsi üçün operativ tədbirlər görüldü, əsasən yuxarı yaş qrupunun şagirdləriylə onlayn dərslərimizə davam etdik. Bu təcrübə artıq 3 ildir ki, mövcuddur - vaxtilə olimpiadaların qalibi olmuş, hazırda ölkədən kənarda yaşayan gənc dostlarımız, eləcədə əcnəbi müəllimlər dərsləri məhz bu şəkildə keçirlər. Ancaq pandemiya yeni başlayan olimpiadaçıların və aşağı yaş qrupundakı şagirdlərimizin hazırlığına az da olsa təsir edib. Burada bir nüansa diqqət etməliyik – olimpiadada qalib olmaq istəyən, beynəlxalq olimpiadaların iştirakçısı olmağı hədəfləyən şagirdlər uzun müddət, yorulmadan və müstəqil çalışma vərdişlərinə sahib olmalıdırlar. İştirak edəcəkləri fənn üzrə hər gün mütəmadi ən azı 4-5 saat dərs çalışılmalıdırlar ki, beynəlxalq olimpiadalarda dünyanın bir çox ölkəsindən gəlmiş istedadlı gənclərlə yarışa bilsinlər.
- Olimpiadada nailiyyət əldə edəndən sonra xaricdə təhsil almaq istəyən şagirdlərə dəstək verirsizmi?
- Beynəlxalq olimpiadalarda nailiyyəti olan şagirdlər dünyanın nüfuzlu ali məktəblərindən dəvət alırlar. Ali məktəblərə qəbul və ya sənədlərin təqdim edilməsi şagirdlərin özlərinün öhdəsinə düşür. Ancaq onlara hər hansı rəsmi dəstək lazım olduqda, əlbəttə ki, kömək edirik. Şagirdlərimiz bizə əsasən tövsiyə məktubuyla əlaqədar müraciət edirlər və biz də məmnuniyyətlə yerinə yetiririk.
- Bəs valideynlərin öhdəsinə düşən məsələlər hansılardır?
- İstedadlı şagirdlərin yetişməsində dəyərli valideynlərin, əlbəttə ki, olduqca böyük rolu var. Burada valideynlərdən gözlənti əsasən emosional və psixoloji dəstək, motivasiya və sairədir. Doğrudur, hər bir valideyn övladını istedadlı hesab edir, ancaq realist olmaq lazımdır, uşaqların bilik və bacarıqlarını real qiymətləndirmək çox önəmlidir. Qəbul imtahanlarında 600-dən çox bal toplamaq və ya təhsil aldığı məktəbdə əlaçı olmaq, summativ imtahanlardan 100% nəticə göstərmək olimpiadaçı olmağa və ya olimpiada sahəsini öyrənməyə yetmir. Ağır da olsa, istedadlı şagirdlər üçün maraqlı sahədir. Bəzi valideynlər çox əziyyət çəkməmələri üçün uşaqlarını bu sahədən uzaqlaşdırmağa çalışırlar. Biz istərdik ki, onlar istedadlı olduğu sezilən övladlarını sözügedən liseylərdə oxumağa təşviq etsinlər, müxtəlif müsabiqə və olimpiadalarda iştirak etmələrinə şərait yaratsınlar.
- Sizcə, olimpiadalarda daha çox şagirdin iştirakını təmin etmək üçün hansı tədbirlər görülə bilər?
- İstedadlı şagirdlərin aşkar edilməsi üçün bu gün hər kəs bir nöqtəyə vurmalıdır. Yerli təhsil idarələri, məktəb rəhbərləri, ali təhsil müəssisələrimiz, ayrı-ayrı özəl şirkətlər Təhsil Nazirliyi tərəfindən keçirilən müxtəlif yarış, müsabiqə və olimpiadalarla kifayətlənməyərək daha çox tədbir həyata keçirilə bilərlər. Eyni zamanda olimpiadalarda iştirak etməyin faydaları məktəblərdə şagirdlərə dolğun şəkildə izah edilməlidir. Hazırda respublika olimpiadalarının qalibləri ali məktəblərə öz ixtisasları üzrə, beynəlxalq olimpiadaların qalibləri isə istənilən ixtisas üzrə müsabiqədənkənar qəbul ola bilirlər. Bu, dövlətimiz tərəfindən istedadlı gənclər üçün nəzərdə tutulmuş olduqca önəmli bir məsələdir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Sosial Media
Azərbaycan və BƏƏ viza rejimini ləğv edir
Financial Times: Mayın 14-də Əliyev və Paşinyan arasında görüş olacaq
Ərdoğanın hakimiyyətə gəlişindən bəri Türkiyə necə dəyişib?
“Evrika” əməliyyatı: Avropanın ən güclü mafiyası necə ifşa edildi?
Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür