Sosial

“Tərtər işi” niyə Milli Məclisdə müzakirə olunmur?

Şəhla Kərim
27 Aprel, 2021
1302

BBC

İşgəncələr Əleyhinə Beynəlxalq Komitənin “Tərtər işi” ilə bağlı hesabatı Azərbaycanda müzakirələrə səbəb olub.

Komitə hərbçilərə verilən  işgəncələrdən narahat olduğunu bəyan edib.

Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev isə "gununsesi.info"ya açıqlamasında işgəncələrlə bağlı iddiaları qəbul etməyib.

“Mən bu iddiaları eşitmişəm, amma yalandır. Ümumiyyətlə, hesab edirəm ki, bu nağıldır və kim danışırsa, nağıl söyləyir”, - hərbi prokurur belə deyib.

"Tərtər işi" ölkədə və beynəlxalq aləmdə müzakirələrə səbəb olsa da, bu hadisə hələ ki Milli Məclisin gündəliyinə salınmayıb. Yalnız deputat Zahir Oruc bir dəfə bu hadisə ilə bağlı narahatçılığını bölüşüb və hüquq mühafizə orqanlarını qınayıb. Daha sonra isə bu açıqlama bəzi saytlardan çıxarılıb.

Bəs "Tərtər işi" Milli Məclisdə müzakirəyə çıxarılmalıdırmı?

Razi Nurullayev: "“Tərtər işi”nin Milli Məclisdə müzakirəsinə ehtiyac yoxdur"

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev hesab edir ki, “Tərtər işi”nin Milli Məclisdə müzakirəsinə ehtiyac yoxdur: “Biz “Tərtər işi”ni Milli Məclisdə müzakirə etsək, məsələ çox qarışa bilər. Mənə belə gəlir ki, bu məsələnin istintaqı bitməlidir. İstintaqla bağlı cəmiyyətə açıq, şəffaf məlumatlar verilməlidir. Verilən məlumatları cəmiyyət öz bildiyi məlumatlarla müqayisə edib tutuşdurmalıdır və hansı hissədə boşluq qalıbsa, narazılıq varsa, düzgün istintaq aparılmayıbsa, biz onu biləcəyik. O zaman artıq bunun parlamentdə müzakirəsi mümkündür. İndi müzakirə olunsa, istintaq yekunlaşmayıb, deyəcəklər ki, biz də bunu edəcəydik də, orada bunun müzakirəsinə nə ehtiyac var. Onun üçün də, sadəcə, bu gün o məsələnin tezləşməsi, şəffaf şəkildə aparılması vacibdir. Cəmiyyətə məlumat veriləcək, bundan sonra artıq növbəti addımları düşünmək lazımdır”.

Razi Nurullayev- Sosial media

Razi Nurullayev məhbuslara verilən işgəncələr və öldürülmə iddiaları ilə bağlı sualları belə cavablandırıb: “Mən müharibədən sonra gedən istintaqı doğru sayıram. Ona qədər bu hadisə ilə bağlı doğru-düzgün məlumat olmayıb. Torpaqlar azad olunandan sonra bu məlumatlar sızdı və müəyyən məsələlər aydınlaşmağa başladı. Artıq müəyyən həqiqətlər üzə çıxıb. Bu məsələ çox tez yekunlaşmalıdır və cəmiyyət “Tərtər işi”nin arxasında dayanan həqiqətləri tam bilməlidir. Əgər orada kimlərsə günahsız olaraq incidilib, öldürülüb, həbs olunubsa, bununla da bağlı üzrxahlıq olunmalı, günahkarlar cəzalandırılmalıdır. Yəni cəmiyyətin diqqətində olan bu məsələyə doğru, dürüst, şəffaf qiymət verilməlidir”.

Elman Məmmədov: "Bu mənə aid olan məsələ deyil"

Milli Məclisin deputatı Elman Məmmədov da “Tərtər işi”nin Milli Məclisdə müzakirəsinə ehtiyac duymur və bunu hərbi məsələ sayır: “Bu məsələ ilə bağlı Hərbi Prokurorluq və başqa qurumlar istintaq aparırlar. Yəqin ki, nəticəsi haqqında xalqa məlumat veriləcək. Əgər müvafiq hüquq mühafizə orqanları lazımi səviyyədə iş aparmasaydılar, lazımi tədbirlər görülməsəydi, təbii ki, bu məsələ gündəmə gətirilə bilərdi. Ancaq müvafiq dövlət qurumları bu problemlə qanunvericiliyin imkan verdiyi səviyyədə məşğuldurlar, proseslər gedir, nəticələri də yəqin ki, ictimailəşdiriləcək”.

Elman Məmmədov- Sosial media

Elman Məmmədov işgəncə və ölüm halları ilə bağlı iddialara belə reaksiya verib: “Bu mənə aid olan məsələ deyil, sualınızı müvafiq qurumlara ünvanlasanız, daha yaxşı olar”.

Cavid Osmanov: "Bu məsələyə qiymət vermək hüquq-mühafizə orqanlarının işidir"

Deputat Cavid Osmanov deyir ki, buna qiymət vermək hüquq-mühafizə orqanlarının işidir: "İlk növbədə, bu məsələyə hüquqi qiymət verilməlidir. Hüquqi qiymət verilmədiyi halda, biz hər hansısa bir məsələni necə müzakirə edə bilərik? Əlbəttə ki, belə olan halda, bu hər hansısa bir formada parlamentdə də müzakirə oluna bilər. Elə məsələlər var ki, onun doğrudan da, araşdırılması çox vaxt apara bilir. Bu məsələ öz təsdiqini taparsa, Milli Məclisdə müzakirə oluna bilər. İndiki halda hər hansısa kənar müdaxilə istintaqın gedişinə xələl gətirə bilər. Ona görə də biz bu məsələlərdə tələsməyək. İşi istintaqın ixtiyarına buraxmalıyıq, əgər istintaqın nəticələrində hər hansı bir neqativ hal və ya cinayət tərkibli hər hansısa məqam olarsa, əlbəttə ki, bu məsələ öz hüquqi qiymətini alacaq”.

Cavid Osmanov- Sosial media

Cavid Osmanov işgəncə və ölüm iddiaları ilə bağlı sualları şərh etmək istəməyib: “Siz də hüquqşünas deyilsiniz, mən də. Hüquq-mühafizə orqanlarında da çalışmırıq. Bu baxımdan da biz hüquq-mühafizə orqanlarının işinə mane olmayaq”.

2017-ci ilin may ayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, bir qrup Azərbaycan hərbçisi Ermənistan xüsusi xidmət orqanlarına xeyrinə casusluq edib.

Prokurorluq Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açıb.

Saxlanılan şəxslər müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum edilib.

"Tərtər işi"ni araşdıran Oqtay Gülalıyev və Leyla Yunus kimi hüquq müdafiəçilərinin bildirdiyinə görə, Azərbaycan Silahlı Qüvvələrinin 100-dən çox əsgər və zabitinə işgəncə verilib, 25 nəfər uzun müddətli həbs cəzası alıb və ən azı on biri işgəncədən ölüb.

Sosial

Bakı gələn mövsüm “Formula 1” sprint yarışı keçirmək niyyətindədir

Roza Məmmədova
19 May 2022

açıq mənbədən götürülüb

Növbəti mövsüm təklif olunan altı sprint yarışından biri Bakıda keçirilə bilər. “Reuters”in məlumatına görə, bu barədə mayın 16-da "Formula 1" üzrə Azərbaycan Qran Prisinin promouteri Arif Rəhimov jurnalistlərə müsahibə verib. "Mən sprint yarışlarını çox sevirəm, bu yarışlar oyunlara daha çox həyəcan qatır”, - deyən promouter iyunun 12-də keçiriləcək “Formula 1” ilə bağlı müzakirənin gündəmində bu məsələnin də olduğunu bildirib. “Gələn il sprint yarışını Bakıda keçirməkdən şad olaram. Ümid edirəm ki, 6 yarışdan biri Bakıda keçiriləcək. Mən bu ideyanın qızğın tərəfdarıyam. Yeniliklərin müsbət təsir edəcəyini düşünürəm. Əks təqdirdə oyunlar darıxdırıcı olur, insanlar eyni formata çox öyrəşir və sonra maraqlarını itirirlər”, - deyə o...
Sosial

Azərbaycanda yoluxma artdı

19 May 2022

açıq mənbədən götürülüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 19-a olan məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 792 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 936 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 49 nəfərdir. Ölkədə son sutka ərzində 2 964, hazırkı dövrədək isə 6 865 181 test aparılıb.

Seçilmiş Videolar

Toplum TV loqo