Sosial

Tərtər sakini: "Evim müharibə zamanı dağılıb, yardım verilmir" 

Nigar Səmədli
4 Mart, 2021
307

fed.az

“Evimə I Qarabağ müharibəsində ziyan dəyib. Bu illər ərzində 3 icra başçısı dəyişib. Hamısının da qəbulunda olmuşuq, amma illərdir ki, eyni cavabı alırıq, vəsait ayrılmayıb deyirlər". 

Tərtərin Hüsənli kənd sakini, evi I Qarabağ müharibəsində zərər görmüş Şəhla Səfərova “Toplum TV”-yə belə deyir. 

Toplym TV

Onun sözlərinə görə, yaşadıqları ev 1993-cü ildən qəzalı durumdadır: “Münaqişə başlayandan bu ev qəzalı vəziyyətə düşüb. Dəfələrlə icra başçısının qəbulunda olmuşam, Fövqəladə Hallar Nazirliyinə məlumat vermişəm, hətta prezidentə məktub yazmışam, amma heç kim maraqlanmayıb. Düşünürəm ki, məktubum prezidentə çatmır, çünki o bilsə, bu məsələyə laqeyd yanaşmaz. Ailədə 6 nəfərik. İmkanımız çatmır ki, evi təmir edək. Evim 3 yerdən ziyan görüb, bir hissəsi dağılıb, hazırda yaşamaq üçün normal şərait yoxdur”. 

Toplum TV

İcra Hakimiyyətinin şöbə müdiri: "Məlumatımız yoxdur" 

Tərtər Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Füzuli Əliyev "Toplum TV"-yə məsələdən xəbərsiz olduğunu deyib: "Açıqlama verə bilmərəm, çünki məlumatsızam. Təmirlə bağlı Nazirlər Kabinetinin qərarı var, bu məsələdən ancaq müvafiq komissiya xəbərdardır. Biz onların işini bilmirik”. 

İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov da problemdən məlumatsız olduğunu bildirib: “Biz heç nə deyə bilmərik, Nazirlər Kabinetinin Mətbuat Xidmətindən öyrənin”.

İcra başçısının müavini: "Vəsait ayrılan kimi yardım veriləcək"

Tərtər rayon icra başçısının müavini Abbas Cavadovsa deyir ki, bu məsələylə bağlı vəsait ayrılmalıdır: "Vətəndaşların 30 faizinin evində təmir-bərpa işləri aparılır, qalanlarında da davam edəcək. Hazırda bunun üçün iki şirkət çalışır. Eyni zamanda, Tərtər əhalisinin 30 faizi kompensasiya alıb, qalanlarına da vəsait ayrılan kimi yardım veriləcək". 

Sentyabrın 27-də Ermənistan və Azərbaycan arasında cəbhənin bütün istiqamətlərində hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordu noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad edib.

Noyabrın 10-da münaqişə zonasında hərbi əməliyyatların tam dayandırılması barədə Azərbaycan, Rusiya və Ermənistan arasında bəyanat imzalanıb. 

Bundan sonra Dağlıq Qarabağa Rusiya sülhməramlı qüvvələri yerləşdirilib.

Bəyanatın şərtlərinə uyğun olaraq 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Müharibə zamanı mülki əhalinin yaşadığı Gəncə, Bərdə, Tərtər və digər rayonlara da ciddi ziyan dəyib.

Sosial

Son sutkada nə qədər insan peyvənd olunub?

10 Aprel 2021
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 827 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 941 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 153 549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 739 319, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 414 230 təşkil edir.
Sosial

Koronavirusa bugünkü yoluxma sayı açıqlandı

10 Aprel 2021

Heinrich-Böll-Stiftung

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 283 579 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, 3 879 nəfər vəfat edib, aktiv xəstə sayı 30 687 nəfərdir. Ölkədə son sutka ərzində 14 912, hazırkı dövrədək isə 3 005 197 test aparılıb.
Seçilmiş Videolar