Sosial

“Tokio 2020”-dəki uğursuzluğun səbəbi pandemiyadır, ya korrupsiya?

Roza Məmmədova
9 Avqust, 2021
2121

Açıq mənbələrdən götürülüb

“Pandemiya dövründə aylarla məşq edə bilmədik. Bu da bizi çox geriyə atdı”

Bu il Avropa çempinonatında iştirak etmiş taekvandoçu Cavad Ağayev Azərbaycanı təmsil edən idmançıların “Tokio-2020” Yay Olimpiya Oyunlarında zəif performansını, qızıl medal almamasını belə əsaslandırır.

Taekvandoçunun sözlərinə görə, Azərbaycanda sərt karantin tədbirləri uzun çəkdiyindən o və idmançı yoldaşları kifayət qədər məşq edə bilməyiblər.

“Əvvəlki yarışlarda pandemiya yox idi, amma idmançılar 60-dan çox lisenziya, eyni zamanda medallarla geri dönmüşdülər. Ağlıma gələn yeganə səbəb budur”.

“Tokio-2020” Yay Olimpiya Oyunlarında milli komandanı təmsil edilən 44 idmançıdan cəmi 7-si medal qazanıb, onlardan 4-ü bürünc, 3-ü isə gümüş medaldır. 

Medal qazananlardan dörd nəfəri legionerdir.

1996-cı ildən olimpiya oyunlarına qatılan Azərbaycan ilk dəfə qızıl medal qazana bilməyib.

Kosovo, San Marino, Küveyt, Türkmənistan, Gürcüstan, İran kimi ölkələrin təmsilçiləri medal qazanıblar.

İndiyədək Azərbaycan komandası medalların sayına görə ən böyük uğura “Rio-2016” olimpiadasında imza atıb. Həmin oyunlara 56 idmançı ilə qatılan milli komanda 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla, ümumilikdə 18 medal əldə edib.

Fərid Mansurov - Rəsmi səhifə

Nazirlik: “Pandemiya gərginliyi bir balaca artırır”

Azərbaycan Gənclər və İdman Nazirliyi yanında idman idarəsinin müdiri Fərid Mansurov “BBC Azərbaycanca”-ya müsahibəsində Azərbaycan təmsilçilərinin uğursuzluğunu pandemiya ilə əlaqələndirib.

“Tokio Olimpiya Oyunlarında lisenziyalarımızın sayı aşağıdır. Siz də bilirsiniz ki, buna pandemiya şəraitində idmançılarımızın məşq etməsi, eyni zamanda bir çox tədbirlərin, idman yarışlarının təxirə salınması, əsas da 2020-ci ildə yarışların təxirə salınması səbəb olub. Rio Yay Olimpiya Oyunlarında Azərbaycan komandası 56 lisenziya qazanmışdı, burada 44 lisenziya. Fərqi ondadır ki, pandemiya şərtləri var, sərt qaydalar var. İdmançıların hamısı maskalarda gəzir, hamı bayaq söylədiyim kimi test verir. Bu, gərginliyi bir balaca artırır” – nazirlik rəsmisi belə izah edib.

Səid Bakuvi - Sosial Media

İdmançı razılaşmır: “Pandemiya hər yerdə oldu”

Qarışıq idman növləri ilə məşğul olan dünya üçüncüsü, Avropa çempionu və digər beynalxalq səviyyəli yarışların qalibi Səid Bakuvi isə deyilənlərlə razılaşmır, o, Azərbaycanda olimpiya oyunlarında iştirak üçün hər cür şəraitin olduğunu, ölkədə çox sayda olimpiya komplekslərinin tikildiyini söyləyir.

“Üstəlik pandemiya hər yerdə oldu, hamıya da təsir etdi. Bizdə pandemiya olmasına rəğmən məşq etmək üçün şərait varıydı. Pandemiya dövründə hər yeri qapatdılar, idmancılar da yeyib-içib yatdılar. Nəticə də göz qabağındadır”.

“Komanda.az” saytının baş redaktoru Rəşad Ergün də nazirlik rəsmisinin yanaşmasını doğru hesab etmir: “Necə olur ki, indiyədək San Marino kimi idmanda heç bir uğuru olmayan kiçik bir ölkə medal qazanır, adını idman ölkəsi qoyan Azərbaycanın təmsilçiləri isə üzüqara geri qayıdırlar? Sanki başqaları pandemiyadan keçməyib, bircə Azərbaycanda virus aşkarlanıb. Fikrimcə, rəsmilər belə absurd açıqlamalar əvəzinə “Biz bacarmırıq, idmançı yetişdirə bilmirik. Maliyyə tükənib, xaricdən idmançılar gətirə bilmirik” desələr, daha səmimi səslənər”.

Rəşad Ergün - Sosial Media

44 idmançıdan 20-si legioner idi

“Tokio-2020”-də diqqət çəkən məqamlardan biri 44 nəfərlik milli komandanın 20-sinin legionerlərdən təşkil edilməsidir.

Adətən rəsmi təbliğatda “idman ölkəsi” kimi təqdim olunan və bu sahəyə böyük pullar xərclənən Azərbaycan idmançılarının göstərdiyi nəticə bəzi suallar yaradır:

Niyə milli komanda belə zəif nəticə göstərir?

Niyə Azərbaycan komandasının az qala yarısı legionerlərdir?

Niyə Azərbaycanda sahələr üzrə yetərincə yerli idmançılar yetişdirilmir?

Takevandoçu Cavad Ağayev legionerlərin komandaya cəlb edilməsinin daha çox federasiya rəhbərlərindən asılı olduğunu və eyni zamanda bəzi idman növlərində yerli idmançılar yetişmədiyindən legionerlərə ehtiyac yarandığını deyir.

Cavad Ağayev - Sosial Media

Səid Bakuvi də legionerlərə daha çox pul xərclənməsinə, amma ortada güclü nailiyyət olmamasına toxunur.

“Ölkələr var ki, orda heç Azərbaycanda olduğu kimi hər şəhərdə olimpiya kompleksi yoxdur. Amma idmançılarının əksirəyyəti medal qazanıb. Bizdəsə xarici idmançıları ölkəyə gətirib havayı yedizdirib-içizdirir, boş yerə onlara pul xərcləyirlər. Düşünürəm ki, yerli idmançıların adından istifadə edib pul silmək daha çətindir, nəinki legionerlərin. Legionerlərin xərcləri yüksək olduğundan onların adına yazılan puılları mənimsəmək daha asan olur”.

Daha çox müəllim kimi fəaliyyətini davam etdirən idmançı mərhum nazir Azad Rəhimovun dövründə idman sahəsinin korrupsiyaya bulaşdığını iddia edir.

“Nazirin dövründə kənardan elə təəsarat yarandı ki, guya idman inkişaf edir. Əslində o idman tikintiləri bəhanəsi ilə yeyinti ilə məşğul olurdu. Hətta oğlunun adına tikinti şirkəti təsis etmişdi. Bütün tikintiləri oğlunun şirkətinə yönləndirməklə nə qədər vəsaiti mənimsəyirdilər”.

“Kimsə maraqlanmadı ki, o koreyalı qızların axırı necə oldu?”

“Bir işin uğurlu olması üçün iki şey şərtdir: peşəkarlıq və vicdan. Azərbaycan idmanında bunların heç biri yoxdur”.

“Komanda.az” saytının baş redaktoru Rəşad Ergün Yay Olimpiya Oyunlarında Azərbaycanın iştirakı haqda danışarkən belə deyir. O hesab edir ki, olimpiadadan sonra Azərbaycan idman siyasətində inqilabi dəyişikliklər etməlidir.

Rəşad Ergünün sözlərinə görə, əcnəbi idmançıları milliləşdirmək siyasəti bütün ölkələrin praktikasında var, amma Azərbaycanda bu siyasət düzgün qurulmayıb.
“Xaricdən idmançı gətirəndə ona yaxşı pul verilir. Məsələn, ukraynalı idmançılar Azərbaycana pul dalınca gəlib. Amma nəticə nədir, xaricdən gətirilənlər nə qazanıblar? Ukraynalı Mariya Stadniki çıxmaq şərtilə, uğur qazanan idmançı yoxdur. Kubalı Lorenso Sotomayor hər dəfə olipmiadaya qatılır və məğlub olur. Başa düşə bilmirəm ki, bu idmançılara uduzduğu təqdirdə niyə bu qədər pul ayrılır və nəyə görə o hələ də Azərbaycanı təmsil edir?”

Baş redaktor da ən böyük problemin federasiya rəhbərlərinin korrupsiyaya bulaşmasında görür.

“Federasiya rəhbərləri xarici idmançını gətirib adına milyonlar yazır və pulun yarısını da qatlayıb ciblərinə qoyurlar. Nəticə göz qabağındadır. Yadıma gəlir ki, bir dəfə 12-13 koreyalı qadın idmançını xokkey üzrə yığma komandanın üzvü etmək üçün azərbaycanlılarla nigah bağladıb bir gecədə hamısını ölkə vətəndaşı etmişdilər. Kimsə maraqlanmadı ki, o koreyalı qızların axırı necə oldu? Azərbaycan idmanında bu tip o qədər mənasız işlər olub, o qədər mənasız yerə pullar xərclənib ki...

Vaxtilə basketbola milyonlar ayrılmışdı. İndi Azərbaycanda basketbol varmı? Bu yaxınlarda 30 yaşlı xorvatiyalı futbolçuya pasport verib Azərbaycan millisinə saldılar. 20-21 yox, 30 yaşında olan bir adamı. Təsəvvür edə bilirsinizmi bu nə deməkdir? Bu futbolçu uzağı bir, ya iki il fəaliyyət göstərə bilər”.

“Toplum TV” bu iddialarla bağlı rəsmiu qurumlardan açıqlama ala bilməyib.

Sosial Media

Milyonlara başa gələn komplekslər, idman oyunlarına ev sahibliyi...

Gənclər və İdman Nazirliyinin saytında yer alan məlumata görə, ölkədə hazırda 53 olimpiya kompleksi fəaliyyət göstərir. 

2012-ci ilə qədər onların inşasına ümumilikdə 200 milyon dollar büdcə pulu ayrılıb. Yardımlı və Tərtərdə idman komplekslərin inşası isə 2020-ci ilin iyunun da başa çatdırılıb.

"2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi haqqında sənəddə ötən il Azərbaycanda 53 Olimpiya İdman Kompleksi və idman qurğularına xidmət göstərilməsinə 8,8 milyon manat ayrıldığı göstərilib.

Bundan başqa Lənkəran, Yardımlı, Tərtər, Beyləqan, Neftçala, Goranboy rayonlarında Olimpiya İdman komplekslərinin, Bakıda Azərbaycan Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi və Respublika Olimpiya Mərkəzinin təmiri üçün 33,6 milyon manat, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına 5 milyon manat vəsait sərf edilib.

Sənəddə həmçinin deyilir ki, məqsəd gənclərin idmana həvəsinin artırılması, onların potensiallarının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsindən ibarətdir.

Son illər Azərbaycan beynalxalq səviyyəli idman yarışlarının ev sahibi olub

Dövlət rəsmiləri açıqlamalarında Azərbaycan idmanının gələcəyi haqqında nikbin danışır, ölkədə təşkil edilən idman tədbirlərinin beynalxalq nüfuz üçün önəmli olduğunu vurğulayırlar.

2015-ci ildən başlayaraq Azərbaycan beynalxalq yarışlara ev sahibliyini öz üzərinə götürüb.

Açıq Hökümət layihəsinin açıqladığı rəqəmə görə, 2017-ci ilədək ardıcıl keçirilən tədbirlərə xərclənən vəsaitin miqdarı 5 milyard dollardan artıqdır.

- 2015-ci il Avropa Oyunları - 4 milyard 600 milyon dollar
-2016-ci il Formula -1 yarışları - 99 milyon dollar
-2017-ci il İslam Oyunları - 5 milyon dollar

2019-ci il Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalına nə qədər vəsait xərclənməsi haqqında isə dəqiq statistika yoxdur. Amma həmin ilin dövlət büdcəsində Gənclər və İdman Nazirliyinə idman tədbirlərinin keçirilməsi üçün 325 mln. manat ayrılmasının nəzərdə tutulduğu qeyd olunub.

2021-ci ildə ölkədə növbəti dəfə Formula 1 yarışları təşkil edilib. Ancaq bu yarış üçün də xərclənən vəsait açıqlanmayıb. Razılaşmaya görə, Azərbaycan hələ 2023-cü ilədək bu yarışlara ev sahibliyi edəcək.

2021-ci il “dövlət büdcəsi haqqında” qanunda Gənclər və İdman Nazirliyinin xərcləri 10 555 089 manat dəyərində müəyyənləşib. Bunun 5 996 634 manatı yerli xərclər, 4 558 455 manatı isə mərkəzləşdiirlmiş xərclər təşkil edib. Bu göstərici əvvəlki illə müqayisdə, demək olar ki, eynidir (ümumi vəsait - 10 314 985 manat; yerli xərclər -5 872 651 manat; mərkəzləşdirilmiş xərclər - 4 442 334 manat).

Nemət Əliyev - 

Xərclər eynidir, problemsə qalır

“Azərbaycanın idman siyasəti düzgün müəyyənləşdirilməyib”, - iqtisadçı Nemət Əliyev belə deyir.

O hesab hesab edir ki, dövlət büdcəsindən idmana ayrılan vəsait Azərbaycan idmançılarının yetişdirilməsi istiqamətində xərclənməlidir: “Hardasa 7-8 il əvvəl təkcə valeybolçulara ayda 3 min dollar verilirdi. Təsəvvür edin, pulun pul vaxtı bu, necə böyük məbləğ olub. Bu pullar legionerlərə yox, yerli idmançıların yetişdirilməsinə xərclənməli idi”.

İqtisadçının qənaətincə, məqsəd ölkəni dünyada tanıtmaqdırsa, onun öhdəsindən Azərbaycan vətəndaşları gələ bilər: “Müharibədə qələbəni azərbaycanlılar təmin etmədimi? Bu gün yerli idmançılar məşq üçün binaların zirzəmilərində yer axtarırlar. Onlar yaxşı şərait və maaşla təmin edilsə, nəticə belə olmazdı”.

“Tokio-2020” Yay Olimpiya Oyunlarında uğursuzluğu hakimiyyətə yaxın mediada da tənqid edilir və nöqsanlardan nəticə çıxarılmasının vacibliyindən danışılır. Azərbaycan rəsmilərisə idman siyasətinin dəyişdirilməsi haqda hələlik susmağa üstünlük verirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Hava pisləşəcək: FHN əhaliyə müraciət etdi

31 May 2023

Açıq mənbələrdən götürülüb

Hava şəraitinin pisləşməsi ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına riayət etmək barədə çağırış edilib.  Toplum TV xəbər verir ki, bu barədə mayın 31-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  Bildirilir ki, yaxın günlərdə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, çaylarda sel və daşğın olacağı, şimşək çaxacağı və güclü külək əsəcəyi gözlənilir. Buna görə də FHN əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.  https://toplum.tv/multimedia/pbaki-zelzeleye-hazirdirp-1 "Güclü külək zamanı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında durmamaq tövsiyyə olunur. Bundan əlavə, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.  Həmçinin, ildırımla bağlı təhlükədən qorunmaq üçün telefonla danışmamaq, elektrik cihazlarını şəbəkədən...
Sosial

Regionlarda təbii fəlakət: Göygöldə iki nəfər həlak olub

26 May 2023

Sosial Media

Göygöl rayonunda təbii fəlakət nəticəsində iki nəfər həlak olub. Toplum TV xəbər verir ki, bu barədə mayın 26-da Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, Göygöl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təbii fəlakət nəticəsində Gəncə çayında baş vermiş sel axınına düşərək itkin düşmüş 1954-cü il təvəllüdlü Muxtar Hüseynov və 2001-ci il təvəllüdlü İbrahim Qurbanovun axtarışları davam etdirilib. İtkin düşmüş hər 2 şəxsin meyiti səhər saatlarında tapılıb. Polis əməkdaşları hər iki şəxsin meyitini çıxaraq müvafiq ekspertizaya təqdim edib. Araşdırmalar davam etdirilir. Göygölün bəzi kəndlərində güclü sel yerüstü  qaz xətlərini zədələyib. Nəticədə 4 kəndin qaz təchizatı dayandırılıb. “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata...

Seçilmiş Videolar

Toplum TV loqo