“Toplum TV”-nin reportajından sonra Yasamaldakı mağazanın söküntüsü dayandırılıb
Toplum TV
İyunun 7-də Yasamal rayonu ərazisində mağaza sahibinin dükanından zorla çıxarılması və icra qurumlarının obyekti sökmək cəhdləri haqqında xəbər vermişdik.
Hadisə yerindən reportaj hazırlayan əməkdaşımızın telefonu götürülmüş, ona məsələni işıqlandırmaması üçün rüşvət təklif olunduğunu da ictimailəşdirmişdik.
Bu gün Toplum TV-nin əməkdaşları həmin əraziyə yenidən baş çəkiblər. Sahibkar Cəmaləddin Məmmədov iş başında, öz dükanında idi. İcra strukturları reportajdan sonra söküntü işlərini dayandırıblar.
Sahibkar 61 illik ömründə başına belə bir şey gəlmədiyini, olanları xatırlaya bilmədiyini deyir: “Özüm, mallarım necə yerlə bir oldu yadıma gəlmir. O gün qaldım canımın dərdində. Heç mənə nə qədər ziyan dəydi bilmirəm. Halım pisləşdi. Hündür boy oğlan idi, vurdu məni. Onları Allaha tapşırmışam”.
Mağaza sahibi vergi ödəsə də, mağazanın ona aid olması ilə bağlı rəsmi sənədləri olmadığını bildirib. Həmçinin söküntü ilə bağlı öncədən ona heç bir xəbərdarlıq edilmədiyini də əlavə edib.
“Burada tək-tük adamın mağazasının sənədi var, qalan heç kimin sənədi yoxdur. Neçə il bundan öncə bizdən şirinlik aldılar. Artıq 17 ildir burdayam. Mənimlə heç kim razılığa gəlməyib. Bakı şəhərində daşı daş üstünə qoymaq olmur. Bu neçə ildə bir nəfər gəlib heç nə demədi, 1 ay içində qeyri-qanuni oldu? Bu vaxta qədər hardaydılar?”, - C.Məmmədov belə söyləyir.
O mağazasının köhnə Mənzil İstismar Sahəsinin (MİS) yerləşdiyi binanın qarşısında olduğunu söyləyib. Mağaza sahibinin iddialarına görə, MİS-in binası qanunsuz satılıb və onun yerində obyekt tikilir. Elə onun mağzasını da həmin obyektə maneə olacağı üçün sökmək istədikləri qənaətindədir.
Sahibkar mağazasının söküləcəyindən, eyni hadisələrin təkrarlanacağından narahatdır. O əlavə gəlirinin olmadığından və ailəsini mağazadan qazandığı 5-10 manatla dolandırdığından danışır. C.Məmmədovun tək tələbi mağazasının yerində saxlanılmasıdır.
“Mənim yerimi saxlasınlar. Ya pul, ya da sənədlə yer versinlər. İndiyədək çəkinəcək bir iş görməmişəm”.
Əməkdaşlarımız ərazidə olarkən sözügedən binada da söküntü işlərinin dayandırıldığını müşahidə edib.
İcra Hakimiyyəti araşdırma aparıldığını bildirir
İyunun 9-da Yasamal rayon İcra Hakimiyyəti iki gün öncə baş verənlərlə bağlı açıqlama yayıb. Açıqlamada araşdırma aparıldığı və o başa çatdıqdan sonra qanuni tədbirlər görüləcəyi bildirilir.
Açıq mənbələrdən götürülüb
Sosial yardım ala bilməyən vətəndaş: Aylıq gəlirimiz 60-70 manatdı, necə yaşayaq?
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?