Sosial

“Ümidlə gözləyirdik ki, amnistiya Gəncə məhbuslarına da şamil olunacaq”

Aytac Məmmədli
18 Noyabr, 2021
1185

Sosial Media

“Amnistiya aktı barədə eşidəndə həvəslənmişdik. Biz burda, uşaqlarımız həbsdə ümidlə gözləyirdik ki, akt Gəncə hadisələrinə görə tutulanlara da şamil olunacaq. Amma olmadı. Saxta ittihamlarla həbs etdikləri  övladlarımız azadlığa çıxa bilmədi. Niyə camaatın pulunu yeyən icra başçısı 9, mənim günahsız oğlum 18 il həbs yatır?”

2018-ci il Gəncə hadisələri ilə əlaqədar  azadlıqdan məhrum edilmiş Oqtay Hüseynzadənin anası Zemfira Hüseynzadə “Toplum TV”-yə belə söyləyir.

8 Noyabr - Zəfər Günü münasibətilə Amnistiya aktı qəbul edilib. Onun 17 min nəfəri əhatə edəcəyi, 3 min məhbusun azadlığa çıxacağaı bildirilir.

2018-ci ildə Gəncədə baş verənlərə görə təqsirləndirilən məhkumların valideynləri övladlarının amnistiyaya düşməməsindən narazıdırlar.

“Biz ümidli idik, amma oğlum inanmırdı. Deyirdi ki, bu maddələrlə biz amnistiyaya düşmərik”, -  valideyn Müşfiqə Verdiyeva söyləyir.

İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc isə “Toplum TV”-yə deyir ki, ictimai həyatın, dövlətin bir balansı var və hamıya humanizm tətbiq etmək olmaz: “Əfv qərarı konkret şəxslərə tətbiq olunur, amnistiya qanunvericilik sisteminə aid edilir. İndiyədək həyata keçirilən 67 əfv qərarı və 11 amnistiya aktında ideoloji, siyasi görüşlər deyil, cinayətin təhlükəlilik dərəcəsi, onun şəxsiyyət və ya dövlət əleyhinə həyata keçirilməsi, motivi nəzərə alınıb. Akt kimlərəsə şamil olunmadı deyə "bizi qane etmədi" hökmünü çıxarmaq doğru deyil”.

Deputat xatırladır ki, bu ilin martında əfv qərarıyla azadlığa çıxan Gəncə məhbusları da olub: "Deməli, hakimiyyətin, hüquq-mühafizə orqanlarının konkret şəxslərə xüsusi qərəzi və qəddar niyyəti yoxdur".

2021-ci ilin martında prezidentin imzaladığı əfv sərəncamı ilə Gəncə hadisələrinə görə azadlıqdan məhrum edilmiş iki nəfər - Elvin Allahverdiyev  və Vüqar Xudiyev həbsdən buraxılıb.

Hüquq müdafiəçisi Rövşən Hacıbəylinin dediyinə görə, hər iki məhkuma 7 il həbs cəzası verilmişdi. 2019-cu il avqustun 30-da Apelliyasiya məhkəməsi V. Xudiyevin cəza müddətini 3, E. Allahverdiyevinkini isə 4 ilə endirib. Yəni sərəncam imzalanarkən V. Xudiyevin həbs müddəti başa çatmaqdaymış, E. Allahverdiyevin isə azadlığa çıxmasına 1 il qalıbmış.

Toplum TV

“Prezidentdən tələb edirik, Gəncə hadisələrinə aydınlıq gətirsin”

Məhbus valideynləri Gəncə hadisələrini əvvəldən hazırlanmış oyun, övladlarını da bu oyunun təsadüfi seçilmiş qurbanları hesab edirlər.

 Zemfira Hüseynzadə danışır ki, oğlu Oqtay ailəlidir və 3 uşağı var. Ananın dediyinə görə, oğlu aksiya vaxtı Şah Abbas məscidindən çıxarkən kameralara düşdüyü üçün tutulub: “Əvvəldən ssenari hazırlanmışdı ki, aksiya saat 8-ə salınsın. Çünki dindar cavanlar bu vaxt məsciddən çıxırlar. Namazdan çıxan uşaqlar kameralara düşdülər və  saxta ittihamlarla tutuldular”.

O, Gəncə hadisələrinin törədilməsində dövlət orqanlarının maraqlı olduğunu iddia edir: “Yalandan dedilər ki, guya tutulanlar mütəşəkkil dəstədirlər, terrora cəhd ediblər. Uşaqlar bir-birlərini məhkəmədə, işgəncə vaxtı polis idarələrində tanıyıblar. Nə mütəşəkkil dəstə? Yunis Səfərovun döyülmüş halda şəkillərini sosial şəbəkələrdə yaydılar, camaatı qızışdırdılar. Əgər Gəncə Baş Polis İdarəsində qanun-qayda vardısa, oranın rəisinin icazəsi olmadan Yunisin şəklini kim çəkdi?  Niyə Faiq Şabanov məsuliyyətə cəlb olunmadı? Axı onun idarəsində Yunis Səfərovun şəklini çəkib sosial şəbəkələrə ötürmüşdülər.  Niyə onlara qarşı tədbir görülmür? Deməli, özlərinin marağı var. Əsl cinayətkarlar azadlıqdadılar, amma bizim uşaqlarımız həbsdə çürüyürlər”.

Z. Hüseynzadə ölkə başçısından Gəncə hadisələrinə aydınlıq gətirməyi tələb edir: “Oğluma 18 il həbs cəzası veriblər. 18 il nədir? Bir igidin ömrü. Uşaqları burda ata həsrəti çəkir, oğlumun həbsdə uşaqları üçün burnunun ucu göynəyir. Rüstəm Usubov, Orxan Babayev saxta ittihamlara gözüyumulu qol çəkiblər. Çünki onlar üçün insan həyatı önəmsizdir. Oğluma birinci instansiyada 18 il həbs cəzası verdilər, Appeliyasiya məhkəməsi həmin cəzanı qüvvədə saxladı və heç bir araşdırma aparmadı. İndi Ali Məhkəmədə qismən də olsa, ədalət gördüm. Bir çox maddələrə xitam verib, bəraət verdi”.

“Kamera görüntülərini yoxa çıxarıblar”

Toplum TV

Müşfiqə Verdiyeva Gəncə məhbusu Tofiq Verdiyevin anasıdır. Onun sözlərinə görə, işdən çıxan oğlu maraq xatirinə İcra Hakimiyyətinin qarşısındakı aksiyaya baxmağa gedib, elə ordaca onu tutub aparıblar.

“Vəkil deyir ki, kamera görüntülərində Tofiq daşın üstündə durub, əlində balaca su butulkası, təşvişlə o yan-bu yana boylanırmış. Həmin görüntüləri indi tapmaq olmur.  Deyirlər ki, oğlumu əlindəki üzüyə və polisə daş atdığına görə tutublar. Tofiqin əlində 2 xəncərli üzük olub, onu da Bakıda “Neftçilər”dən almışdıq. Amma istintaq deyir ki, guya bu üzük İrandakı terror qrupuna məxsusdur. Məhkəməyə yalançı şahidlər gətirdilər ki, guya oğlum polislərə daş atıb. Mənim oğlum 25 yaşında ali savadlı adamdı. O uşaqdı ki, durub kiməsə daş atsın?”, - M. Verdiyeva sual edir. 

Tofiq Verdiyevə 8 il həbs cəzası verilib, Appeliyasiya Məhkəməsi həbs müddətini  4 il 6 aya, Ali Məhkəmə isə 4 il 3 aya endirib.

 “Hakim etiraf edir: “Göstəriş “yuxarıdandır””

Toplum TV

Elmira Əliyevanın sözlərinə görə, Rusiyadan təzəcə qayıtmış oğlu Bəkram Əliyev dostlarıyla İcra Hakimiyyətinin önündəki kafedə oturubmuş və oradan çıxarkən polisə müqavimət göstərdiyini bəhanə edib yaxalayıblar.

O danışır ki, evə axtarışa gələn polislər divardan asılmış suvenir qılıncı da sübut kimi götürüblər: “Oğlumun o qılıncla nə əlaqəsi var axı?  Mən o qılınca ayda bir dəfə toxunuram, o da tozunu silmək üçün”.

E. Əliyeva hələ də cavabını tapa bilmədiyi sualların qaldığını söyləyir: “Polis aksiyaya niyə silahsız çıxmalıdır axı? Rəşad Böyükkişiyev polisi vurandan sonra niyə əlini sallaya-sallaya ortada gəzir? O uzaqlaşandan sonra niyə 4 nömrəli avtobusdan, kafedən mülki geyimli polislər əllərində silahla çıxıb adamları tutmağa başlayıblar? Niyə bir vicdanlı məmur bu uşaqların haqlarını qorumur?”

 Onun fikrincə, Gəncə hadisələrində millətin gözünü qorxutmaq üçün günahsız adamları tutublar: “Məhkəmə hakimi Dadaş İmanova etirazımızı bildirəndə “bizlik bir şey yoxdur”, əlini yuxarı qaldırıb “yuxarı nə göstəriş verirsə, onu icra edirik” cavabını verdi”.

Toplum TV

“Hər dəfə bir şəhərin başına oyun açıb xalqın səsini kəsməyə çalışırlar”

“Biz də yoldan keçəndə iğtişaşı görə bilərdik də, indi bizi də tutsunlar? Namaz qılmaq, Məşhədə getmək günahdır? Bundan ötrü insan həyatını puç eləmək olar?”,- valideynlər bir ağızdan narazı halda deyirlər.

“Hətta içəridə bizə, uşaqlarımıza hörmət edirlər, onların ora təsadüfən düşdüklərini bilirlər”.

Bəzi valideynlər Gəncə hadisələrini “Tərtər işi”nin davamı hesab edirlər: “Hər dəfə bir şəhərin başına oyun açıb xalqın səsini kəsməyə çalışırlar”.

Məhkumların işgəncə iddiaları – “İstəyirsən canın bu zülmdən qurtulsun? Onda qaç, mən səni güllələyim...”

Valideynlər övladlarının saxlandıqları ilk günlərdə polis şöbələrində işgəncəyə məruz qaldıqlarını iddia edirlər. Bu iddialar məhkəmədə də səsləndirilib.

Toplum TV

Zemfira Hüseynzadənin söylədiyinə görə, onun oğluna “Bandotdel”-də (Daxili İşlər Nazirliyinin Baş Cinayətkalıqla Mübarizə İdarəsi nəzərdə tutulur – red.) elektrik cərəyanı veriblər ki, saxta ittihamlara qol çəksin.

“O qədər işgəncə görüblər ki, indi içəridə xəstədilər. Sumka-sumka dərman daşıyırıq. Bakı-Gəncə yollarında ömrümüz çürüyür... Oğlum danışır ki, həmin gün Nizami polis idarəsindəki  zirzəmidə qan su yerinə axırmış. Polis idarəsinə yaxın yerdə yaşayan Gəncə əhalisi döyülənlərin səslərini, qışqırtılarını eşidirlərmiş”.

E. Əliyeva isə oğlunun hadisə vaxtı xəsarət almış polis tərəfindən döyüldüyünü bildirir: “O əsa ilə oğlumun başına-başına vurub. Aldığı işgəncələrə görə, dəfələrlə özündən gedib, su töküb, ayıldıb, təzədən işgəncə veriblər.  Oğlum  1 həftə polis  şöbəsində, 10 gün “Bandotdel”-də işgəncələr görüb. Polis bölməsində olan xüsusi təyinatlıların əməkdaşı  görüb ki, oğlumun paltarı cırıq-cırıq, üz-gözü də qan içindədir, deyib ki, istəyirsən canın bu işgəncələrdən qurtulsun? Onda qaç, mən səni güllələyim...Oğlum deyir ki, mən o gün elə bildim ki, əsir düşmüşəm. Oğluma işgəncə edərək izahata qol çəkdiriblər”.

Hüquq-mühafizə orqanları işgəncə  iddialarını  təkzib edir

İşgəncə iddiaları məhkəmədə də səsləndirilib. Baş Prokurorluğun mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sultanov həmin iddiaları təkzib etmiş və əsassız saymışdı.

Daxili İşlər Nazirliyi isə saxlanan şəxslərin məsuliyyətdən yayınmaq və özünümüdafiə məqsədilə həqiqətə uyğun olmayan iddialarla çıxış etdiklərini bildirmişdi. 

Gəncə iğtişaşları haqqında

Rəsmi məlumatda deyilir ki, 2018-ci il iyulun 3-də Gəncədə böyümüş Rusiya vətəndaşı Yunus Səfərovun şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə silahla hücum edib, mühafizəçisini ağır yaralayıb.

Toplum TV

Hadisədən az sonra Y.Səfərov saxlanılıb və sosial mediada ona məxsus olduğu deyilən, işgəncəyə məruz qalması ilə bağlı fotolar yayılıb. Buna etiraz olaraq 10 iyulda Gəncədə etiraz aksiyasının keçirilməsinə çağırışlar edilib. Aksiya zamanı iki polis əməkdaşı öldürülüb, biri yaralanıb. Qısa vaxt ərzində polis aksiyanı dağıdıb.

Azərbaycan Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti aksiya barədə birgə məlumat yayaraq  150-200 nəfərdən ibarət “radikal dini yönümlü bir qrup şəxs”in asayişi pozmağa cəhd etdiyini, bu zaman xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə müqavimət göstərdiyini bildirib. )

Baş Prokurorluğun açıqlamasına görə, 3 və 10 iyul hadisələri ilə bağlı 77 nəfər cinayət məsuliyyətinə cəlb edilərək barələrində həbs qətimkan tədbiri seçilib, 11 nəfər haqqında isə axtarış elan edilib. Keçirilən əməliyyat axtarış tədbirləri zamanı 6 nəfərin hüquq-mühafizə orqanları tərəfindən öldürüldüyü təsdiqlənib. 

Rəsmi açıqlamaya görə, bu şəxslər silahlı müqavimət göstərdiyi üçün öldürülüb.

Hadisələrin arxa fonu, fərqli mövqelər

Bəzi hüquq müdafiəçiləri “Gəncə işi”ndə ciddi qanun pozuntularının olduğunu düşünürlər.

Bu hadisələrlə bağlı araşdırma aparan hüquq müdafiəçisi Oqtay Gülalıyev Gəncə hadisələrinin siyasi olduğunu və siyasi motivli həbslər aparıldığını vurğulamışdı.

Onun iddiasına görə, icra başçısının güllələnməsindən sonra böyük zərbə  alan hakimiyyət 10 iyul mitinqini özü təşkil edib: "İnsanları təxribata çəkməklə, meydanlara çıxarıb şou göstərmək, müəyyən şəxsləri qurban verməklə daha çox adamı həbs etməklə, işgəncələr verməklə xofu gücləndirmək, Gəncə kimi şəhəri əzmək, insanları qorxu altında saxlamaq istəyiblər". 

Gəncə hadisələri beynəlxalq hesabatlarda

ABŞ-ın Beynəlxalq Din Azadlıqları Komissiyası 2019-cu il aprelin 29-da yayımladığı hesabatda Gəncə hadisələrinin əsl mahiyyətini müəyyən etməyin çətin olduğunu, ancaq yerli hüquq müdafiəçilərinə görə hökumətin bu hadisələrdən siyasi fərqli düşüncə üzərinə hücum və İslam terroru xofu yaradılması üçün istifadə etdiyini qeyd edib.  

Sosial

Beş uşaqlı analara beş il pensiya güzəşti 

Roza Məmmədova
Vüsalə Mikayıl
29 İyun 2022

Açıq mənbələrdən götürülüb

Ölkə başçısı İlham Əliyev “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərdən sonra beş və daha çox uşaq dünyaya gətirən analar beş il daha tez pensiyaya çıxa biləcəklər. Bu, uşaqları övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlara da şamil ediləcək. Cəmi 960 nəfər Qanunla artıq təkbaşına beş övlad və ya sağlamlıq imkanları məhdud uşaq böyüdən ataların da tez təqaüdə çıxması mümkün olacaq. Bu qanun ana vəfat etdikdə, nikaha xitam verildikdə, ana valideynlik hüququndan məhrum edildikdə növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək uşaq böyüdən atalara aid ediləcək. Rəsmi məlumatlara görə, bu dəyişiklik pensiyaçıların sayında...
Sosial

Ramin Hacılı aclıq etdiyini, özünü yaxşı hiss etmədiyini deyib, hakimsə...

Leyli Cəfərova
29 İyun 2022

Açıq mənbələrdən götürülüb

İyunun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Ramin Hacılının məhkəməsi davam edib. Məhkəmə iclası başlayan kimi hakim Azad Məcidov müttəhimə ötən məhkəmə iclasındakı davranışına görə xəbərdarlıq edib: “Vurub şüşəni çatlatmısınız, düzəldiblər. Dövlətin əmlakıdır, növbəti dəfə belə hərəkətlərə yol versəniz, qanuna uyğun tədbirlər görəcəyik, sizi məhkəmə iclaslarında iştirakdan məhrum edəcəyik, bir də hökm elan olunanda iştirak edə biləcəksiniz”. Ramin Hacılı isə cavabında deyib: “Mən ölüm aclığına başlamışam və artıq 5 gündür ki, özümü yaxşı hiss etmirəm, məhkəmə iclasını təxirə salmağınızı xahiş edirəm”. Hakim bildirib ki, qanunvericiliyə görə, təqsirləndirilən şəxsin yalnız xəstəliyi ilə əlaqədar vəziyyəti ağırlaşarsa, məhkəmənin təxirə salınması mümkündür. “Qanunvericilikdə belə şey...

Seçilmiş Videolar

Toplum TV loqo