Sosial

“Universitetin illik ödənişini “Topaz”a qoymuşam”

Aytac Məmmədli
Məzahir Abdurahmanov
26 Aprel, 2022
589

Toplum Tv

İdman mərc oyunları qadağan edilməlidir ya qalmalıdır?

“O gün 600 manat uddum, dedim daha “şot” yazmayacam. Onun 300 manatına özümə telefon aldım. Sonra fikirləşdim ki, əlimdə qalan pulu da qoyum oyuna, bəlkə, çoxaltdım. Uduzdum. Telefonu yenə satdım. İnsan nəşəyə necə öyrəşirsə, mən də buna elə öyrəşmişəm. Bilirəm ki, uda bilməyəcəm, sadəcə ümid edirəm. Artıq özümə inamım da qalmayıb, müalicə almaq istəyirəm, amma...Görək də...”

Akifin 29 yaşı var, öz dili ilə desək, 9 ildir ki, “şot” yazmaqla məşğuldur, ya da belə deyək “Topaz” mərc oyunlarına aludə olub. Onun sözlərinə görə, indiyədək mərc oyunlarında 100 min manata yaxın pul itirsə də, qazancı heç 10 mindən çox olmayıb.

Toplum Tv

Akif bu qədər pul uduzduğuna baxmayaraq oyunlara davam edir, ümid edir ki, bir gün itirdiyi pulu geri qaytara biləcək.

“Bu oyunlar həyatımı tamamilə dəyişdi. 9 il əvvəl əsgərlikdən təzə gəlmişdim, dostumla “şot” yazmağa başladıq, əvvəlcə 2-3 manat atırdım, sonra gördüm dostum çox yazır, çox da pul tutur. Başladım mən də çox pul atmağa”.

Akif danışır ki, əvvəllər 750 manat maaşla kuryer işləyirmiş. Bu vaxt onun qazancı da, ailəsiylə münasibəti də yaxşıymış. Mərc oyunlarına aludə olandan sonra isə həyatı tamamilə dəyişib.

“İşləmirəm. Subayam, elə bu oyunların ucbatından evlənə bilmirəm. Ailəm əlimdən bezib, aramız pisdir, görürlər əl çəkmirəm, nə etsinlər? Evdən ayrılmışam, kirayədə qalıram. Evdə qalanda onlara da çox ziyan vururam”.

Akif deyir ki, “Topaz”a ölkədə qadağa qoyulmadıqca ondan əl çəkə bilməyəcək.

“Universitetin illik ödənişini mərcə qoymuşam”

Mərc oyunlarına aludə olanlardan biri də 24 yaşlı Poladdır.

“Kuryerliyə təzə başlamışdım. Dostum dedi ki, bizə gəl, getdim, gördüm ki, “şot” yazır. Mənə də 3 manat verdi ki, al, bu pula da sən yaz. Mən də yazdım. Axşam xəbər elədi ki, 50 manat udmusan, get götür. Havayı yerə pul çıxarmışdım, xoşuma gəldi. Səhəri gün dostumdan soruşdum ki, “şot” yazmısan yenə? Dedi hə, 3 manata 100 manat verir. Sonra başladım yavaş-yavaş özüm yazmağa”.

Polad danışır ki, hətta bir dəfə illik təhsil haqqını da mərc oyunlarına qoyub.

“Rayondan univesitetin illiyini göndərmişdilər. Pulu götürüb avtovağzaldan geri qayıdırdım, yolda “Topaz” məntəqəsi gördüm, dedim ki, yox, girməyəcəm. Getdiyim yerdə birini də gördüm, dedim ki, üçüncü dəfə çıxsa, girəcəm. Həqiqətən də qabağıma üçüncü məntəqə çıxdı. Fikirləşdim ki, şansdı, qoy girim. Birinci canlı oyuna 5 manat yazdım, uduzdum. Sonra 10 manat qoydum, yenə uduzdum. Belə-belə cibimdə 200 manat qaldı. Həmin vaxt Barselona-Sevilya oynayırdı. Barselona 2-0 uduzurdu. Uduş 1200 manat idi. 80-ci dəqiqədə Barselona 1 qol vurdu, 90-cı dəqiqədə kuponu əzib, atdım. Bir də gördüm 91-ci dəqiqədə Barselona 2-ci qolunu da vurdu. Tez kuponu yerdən götürdüm, sevinə-sevinə getdim pulumu almağa. 1200 manatın 1000 manatını universitetə apardım, qalanını da özümə xərclədim”.

Poladın dediyinə görə, ölkədə xarici mərc saytları qadağan olunandan bəri ancaq “Topaz”a pul qoyur, ancaq burda işləri düz gətirmir. O, vaxtilə xarici mərc saytalarından daha çox pul udduğunu söyləyir.

“ “Topaz”da 3 min udub, 6 min uduzmuşam. Bu gün 18 manat verib kupon yazmışdım, ondan da 65 manat udmuşam. Amma əvvəllər xarici saytdan 7-8 min manat udduğum olurdu, çünki orda yazdığın kuponun gətirməyəcəyini görəndə heç olmasa qoyduğun pulun yarısına satmaq olurdu”.

“Motosikletimi satıb, pulunu “Topaz”da uduzmuşam”

Bunu da Polad deyir. O, dəfələrlə mərc oyunlarından uzaqlaşmaq istədiyini, amma alınmadığını etiraf edir.

“Gündüzlər “Köz”də, axşamlar da “Wolt”da kuryer işləyirəm. “Köz”dən günə 25 manat pul alıram. Onun 15 manatını öz xərclərimə, 10 manatını isə “Topaz”a ayırıram. “Wolt”dan qazandığım pula dəymirəm, pis günlər üçün yığıram. Bir–iki ay qabaq qəza keçirmişdim, çiynimi, ayağımı sındırmışdım. Həkim demişdi ki, evdən çölə çıxma. Qadağan olunduğu üçün “1xbet”də də “şot” yaza bilmirdim. Mən o halımla taksi çağırıb “Topaz”a “şot” yazmağa getmişəm, inanırsınız?”

Məqsəd nədir? Valyuta axınının qarşısını almaq, ya monopoliya yaratmaq?

2021-ci il dekabrın 27-də Milli Məclis Azərbaycandan lotereya və idman mərc saytlarına girişi qadağan edən “Telekommunikasiya haqqında” Qanuna düzəlişi qəbul edib.

Düzəlişə əsasən, ölkə ərazisində xarici lotereya təşkilatçılarının və idman mərc oyunları operatorlarının, habelə onların satıcılarının virtual mühitə çıxışlarının qarşısı alınmalıdır. 

Bəzi ekspertlər idman mərc saytlarına və xarici lotereyaya çıxışın qarşısını almaqla hökümətin bu sahədə monopoliya yaratdığını düşünürlər.

2011-ci ildən Azərbaycanda ilk qanuni idman mərc oyunu operatoru “Caspiantech” QSC ticarət nişanı olan “Topaz”dır.

"Topaz"ın yaradılmasında əsas məqsəd kimi ölkədən valyuta axınının qarşısını almaq və xarici mərc şirkətlərinə marağı azaltmaq göstərilir.

Ölkə ərazisində "Topaz"ın 500-ə yaxın məntəqəsi fəaliyyət göstərir.

İqtisadçı Fərid Mehralızadənin sözlərinə görə, xarici mərc oyunları şirkətlərinin ölkədə fəaliyyətinin qadağan olunması dövlət qurumlarına məntiqli görünsə də, ədalətli deyil. Onun qənaətincə, istənilən sahədə olduğu kimi idman mərc oyunları bazarında da rəqabət olmalıdır.

“Azərbaycan bank kartları ilə xarici mərc oyunları şirkətlərində oynamaq qadağan olunub. Rəsmi qurumlar bunu onunla izah edir ki, həmin şirkətlər vergi ödəmir, ölkədən valyuta çıxışına səbəb olur və s. Amma insanlar ona görə xarici saytlardan oynayırdılar ki, onlar daha çox rəqabət aparırlar və daha yüksək gəlir əldə etmək potensialı var”.

“Topaz”dan rekord – 1 aya dövlətə 4 milyon manat vergi ödəyib

"Topaz"-ın maliyyə hesabatları ictimaiyyətə açıq olmasa da, “Caspiantech QSC”-nin direktoru Vüsal Məmmədov mətbuata müsahibəsində ötən il “Topaz”ın yeni rekordlara imza atdığını bildirib. Onun dediyinə görə, oktyabr ayı boyunca “Topaz” marka sahibi “Caspiantech” QSC rekord dövriyyə edərək dövlət büdcəsinə təxminən 4 milyon manat vergi rüsumu və “Topaz” məntəqə sahiblərinə 3 milyon 78 min 47 manat məbləğində ödəniş edib.

“Caspiantech” QSC-nin 2021-ci ilin 10 ayı ərzində dövlət büdcəsinə təxminən 30 milyon manata yaxın vergi rüsumu ödədiyi bildirilir.

“Topaz” qadağan olunmalıdır?

Yarandığı gündən “Topaz”ın fəaliyyətinin qadağan olunmasını tələb edənlər də, onun idmana qayğısını əsas gətirərək şirkətə dəstək olanlar da var.

Bu ilin əvvəlində Milli Məclisin bəzi deputatları da mərc oyunlarının qadağan olunmasını tələb ediblər.

Tahir Kərimli - açıq mənbədən götürülüb 

Məsələn, deputat Tahir Kərimli “Topaz”ın şəxsi varlanma vasitəsi olduğunu deyib, mərc oyunlarını pərdələnmiş qumar sistemi adlandırıb. Deputat Tahir Rzayev ölkədə “Topaz”ın fəaliyyətinə qadağa qoyulmalı olduğunu bildirib.

Fərid Mehralızadə isə deyir ki, mərc oyunları həyata keçirən şirkətlərin qadağan olunması problemləri həll etməyəcək. Onun söylədiyinə görə, bu şirkətlər yaranmadan öncə Azərbaycanda onun “qara bazar”ı var idi.

Fərid Mehrazlızadə - Əkinçi

“Bizim insanlar mərc oyunlarına ya hobbi, ya da asan varlanma yolu kimi baxırlar. Sadəcə bəzən adamlar prosesi idarə edə bilmirlər, sonda borclanır, əmlaklarını itirirlər”.

F. Mehralızadənin qənaətincə, ölkədə sosial müdafiə sistemi yaxşılaşdırılsa, insanların maliyyə savadlılığı və təhsil keyfiyyəti artsa, onlar oyunlara bu qədər aludə olmazlar.

Şirkətin ötən ilki maliyyə hesabatı ilə bağlı fikir bildirən iqtisadçı deyir ki, “Topaz”ın açıqladığı rəqəmlər kifayət qədər ciddi məbləğdir.

“Nəzərə almalıyıq ki, "Topaz" həm vergi ödəyicisidir, həm də məntəqlərində insanların məşğulluğu təmin edilir. Yəni nə qədər neqativ təsirləri olsa da, "Topaz"ın fəaliyyətinin iqtisadi nəticələri var. İnsanlar orada maaş alırlar və dövlət büdcəsi gəlir əldə edir. Bu baxımdan mən qadağının tərafdarı deyiləm. Amma mərc oyunları bazarında rəqabətli mühit olmalıdır ki, bazar da ədalətli olsun”.

F. Mehralızadə ou da qeyd edir ki, bu qədər böyük dövriyyəsi olan şirkət ictimaiyyətin etimadını qazanmaq istəyirsə, daha hesabatlı olmaldır.

“Mülki Məcəlləyə görə, şirkətin yaranma forması səhmdar cəmiyyətdirsə, o öz maliyyə nəticələrini açıqlamağa borcludur. Əgər şirkət bunu vaxtında etmirsə, deməli, kooperativ idarəetmə standartlarına və qanunvericiliyin tələbinə məhəl qoymur”.

““Topaz” ən böyük cinayətkar şirkətdir”

Sağlam Cəmiyyət Hərakatının eksperti, sosioloq Elçin Bayramlı da hesab edir ki, mərc oyunları cəmiyyət üçün ciddi sosial problemə çevrilib. O, bu sahədə maarifləndirmə işinin çox zəif olduğunu, KİV-lərin nadir hallarda mövzuya toxunduğunu qeyd edir.

Elçin Bayramlı - açıq mənbədən götürülüb 

“Qumar oyunları narkotik xarekterlidir, yəni asılılıq yaradır, psixologiyanı pozur. İnsanlar uduzduğunu qazanmaq üçün daha da aludəçi olur. Ətrafda kimsə yaxşı pul udanda adamların marağı daha da artır. Fikirləşirlər ki, mən də oynayım, mən də udum”.

Ekspert deyir ki, super kompüterlərin hesablamalarına görə, mərc oyunlarından külli miqdarda pul udmaq milyonda bir ehtimaldır.

“Hətta oyunları sataraq nəticələrə təsir göstərmək də mümkündür. Məsələn, nümunə olaraq deyə bilərəm ki, 2014-cü ildə Dünya Çempionatında Almaniya və Brazilya matçında hesab 7-1 olmuşdu. Bu heç bir məntiqə uyğun deyil. Dünyanın iki güclü, təxminən bərabər oynayan ölkələrin arasında bu qədər fərq ola bilməzdi. Sizcə dünyada kimsə 7-1 hesabı yazardı? Əlbəttə yox. Bunu etməklə bukmeykerlər milyardlarla pulu mənimsədilər”.

Elçin Bayramlının fikrincə, ölkədə “Topaz”ın fəaliyyətinə qadağa qoyulmalıdır.

““Topaz” ən böyük cinayətkar şirkətdir, onun yıxdığı evlərin sayı-hesabı yoxdur. Ona görə də qadağan olunmalıdır. Özünə qadağa qoymurlarsa, heç olmasa reklamını etməsinlər. Kasıbların son ümidi mərc oyunlarıdır, bu şirkətlər də camaatı aldadıb, onların sonuncu ümidlərini məhv edirlər”.

“Toplum TV” xarici mərc oyunları saytlarının fəaliyyətinə ölkə daxilində qadağa qoyulandan bəri “Topaz”-ın maliyyə vəziyyəti barədə öyrənməyə çalışsa da, bukmeyker şirkəti suallara cavab verməkdən imtina edib. Həmçinin üz tutduğumuz “Topaz” məntəqələrinin əməkdaşları da açıqlama verməkdən çəkiniblər.

 

 

 

 

 

Sosial

Nazilik "Meymun çiçəyi" virusu barədə məlumat yayıb

20 May 2022

açıq mənbədən götürülüb

Səhiyyə Nazirliyi son vaxtlar kütləvi şəkildə yayılan “Meymun çiçəyi” virusunun Azərbaycan üçün təhlükəsi olub-olmaması məsələsinə münasibət bildirib. Nazirlikdən “Reporta”a deyilib ki, hazırda həmin virus Azərbaycanda yoxdur və olmaması üçün də yetərincə tədbirlər həyata keçirilir. Nazirliyin mütəxəssis-eksperti, infeksionist Ləman Qalimova qeyd edib ki, “Meymun çiçəyi” nadir virusdur və suçiçəyi xəstəliyinə bənzəyir: “Virusa adətən Qərbi Afrika ölkələrində, xüsusilə də tropik meşələrin yaxınlığında rast gəlinir. Virusun iki əsas ştammı var: Qərbi Afrika və Mərkəzi Afrika. Simptomlara gəlincə, virusun ilk əlamətləri qızdırma, baş ağrısı, şişlik, bel ağrısı, əzələ ağrısı və zəiflik kimi büruzə verir». İnfeksionistin sözlərinə görə, qızdırma azaldıqdan sonra üzdə başlayan səpgilər bədənin digər...
Sosial

Prezident Şuşa Real Məktəbinin bərpasına 1 milyon manat ayırdı

20 May 2022

Wikipedia

Şuşa Real Məktəbi bərpa ediləcək. “president.az”ın məlumatına görə, bununla bağlı İlham Əliyev Sərəncam Sərəncama əsasən, Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının layihələndirilməsi və bərpası məqsədilə Azərbaycan 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılıb. Şuşa Real Məktəbinin əsası 19-cu əsrdə qoyulub. 1992-ci ildə Şuşa işğal olunduqdan sonra Şuşa Realnı məktəbi yandırılıb.

Seçilmiş Videolar

Toplum TV loqo