Açıq mənbələrdən götürülüb
İyunun 2-də Baş Prokurorluq Bakıxanov rayonunda yerləşən uşaq sığınacağı ilə bağlı cinayət işinin başlandığı barədə məlumat yayıb.
Bildirilib ki, mayın 10-da rayonun Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda müxtəlif dövlət orqanlarının iştirakı ilə keçirilən monitorinq zamanı uşaqların bədənlərində xəsarət izlərinin aşkar olunması faktı ilə bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılıb.
“Aparılan araşdırmalarla qeyd edilən sığınacaqda 2022-ci ilin fevral ayının sonundan may ayının əvvəlinə qədər saxlanılan C.M.-nın (ad, soyadı şərti) sığınacaqda qaldığı müddətdə müxtəlif psixi və fiziki zorakılığa məruz qaldığı, həmçinin onun sığınacaqdakı digər azyaşlılara da psixi və fiziki zorakılıq göstərilməsinə şahid olduğu müəyyən edilib, o cümlədən sığınacaqda saxlanılan digər iki nəfər azyaşlının bədəni üzərində orada saxlandıqları tarixlərə yetirilməyə uyğun gələn xəsarət izləri aşkarlanıb”, - prokurorluq qeyd edir.
Bu məlumatın ardınca bəzi xəbər agentlikləri Prokurorluğun açıqlamasında sözügedən uşaq sığınacağının “Sevgi Evi” - Uşaq və Qadın sığınacağı olduğunu bildirib.
“Sevgi Evi” - Uşaq və Qadın sığınacağının hüquqşünası Ağamirzə Bağırov “Toplum TV”-yə müsahibəsində iddiaları əsassız adlandırıb.
Sığınacağın rəsmisi mətbuata əvvəlcə bunun necə sızdığını bilmədiyini, prokurorluq orqanlarının belə açıqlama vermədiyini iddia edib:
“Prokurorluq orqanları belə qərarı heç vaxt ortaya atmaz. Ortada istintaqın qərarı yoxdur. Kim edib bunu, hansı məqsədlə edib, hüquqşünaslarımız yaxın vaxtda aydınlaşdıracaq”.
Ağamirzə Bağırov rəsmi qurumların həqiqətən də “Sevgi Evi”ndə monitorinq keçirdiyini təsdiqləyir, amma burada zorakılıq hallarının aşkarlandığını inkar edir.
“Biz nə deyə bilərik ki? Gəlib baxıblar, monitorinq qrupu olub. Yeddi qurumun - təhsil, səhiyyə qurumlarından, Ailə, Qadın və Uşaq Komitəsindən, polis və s. orqanlarından komissiya gəlmişdi. Xırda çatışmazlıqlar var idi. Onlar hələlik bizdə nəyin çatışmadığı barədə öz tövsiyyələrini verməyiblər. Nə zaman onlar bizə öz tövsiyyələrini versələr, biz də öz işimizi buna uyğun quracağıq. Bizdə döyülmə halı yoxdur”.
O, bura gələnlərin hamısının ailə zorakılığının qurbanı olan uşaqlar olduğunu qeyd edir:
“Onlar onsuz da o xəsarətləri alıb, bura gəliblər. Atası, anası tərəfindən döyülən uşaqlardır. Müəyyən proqramlara çıxan uşaqları gecələmək üçün bura göndərirlər. Onların bədənində xəsarət ola bilər, ata-anaları tərəfindən işgəncəyə də məruz qalıblar. Bu, onların bədənində ola bilər. Amma xəsarətin müəssisədə işləyən adamlar tərəfindən edilməsi mümkün deyil. Biz təmənnasız, dövlətdən yardım almadan fəaliyyət göstəririk. Bizim o qədər başımız işləmir ki, bu qədər yaxşılığın qabağında uşaqlara xəsarət yetirək? Bu nə məntiqsizlikdir? Biz hansı millətik ki, himayə etdiklərimizə işgəncə verək?”
Mayın 19-da “Space TV”-də efirə getmiş “Gəl Danış” proqramında hüquqşünas Loğman Abdullayev Bakıxanov rayonunda yerləşən uşaq sığınacağına tələ qurulduğunu, onu hansısa qüvvələrin bağlamaq istədiyini demişdi.
“Ötən həftə qapı döyülür. Bir neçə qurumun, başda isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmiləri içəri daxil olur. Sürücü belə sığınacağın rəhbərinə təzyiq göstərir, hər biri ayaqqabı ilə içəri daxil olur, sığınacağın rəhbərini otaqdan qovur və başlayırlar uşaqlara zor tətbiq etməyə. Hər birini məcbur edirlər ki, deyilsin ki, guya burada uşaqları yandırırlar, döyürlər, zorla saxlayırlar. Halbuki, buraya uşaqlar və anaları özləri gəlir. Ardından isə akt yazırlar. Guya bu müəssisənin fəaliyyəti düzgün deyil və dərhal bağlanılmalıdır. Aktı özləri imzalayır və tətbiq etməyə başlayırlar. Ötən gün guya əllərində məhkəmə qərarı varmış kimi yenidən bildiriş göndərirlər ki, uşaqları başqa sığınacağa aparsınlar. Mən müdaxilə etdim. Hətta sonuncu gələn Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi insafən yaxşı adam çıxdı. Ona zəng edirdilər ki, bağlanmalıdır. Adam öz növbəsinə buna qarşı çıxdı və burada heç kimin getmək istəmədiyini, əksinə, çox razı qaldığını qeyd etdi. Biriləri istəyir ki, ölkədə cəmi bir uşaq sığınacağı olsun, amma bu yalnış fikirdir”.
Prokurorluq araşdırma mövzusu olan müəssisənin adını açıqlamır. Lakin Loğman Abdullayevin söz açdığı müəssisənin də adı “Sevgi Evi”, sığınacağın rəhbərinin adı isə Könül xanımdır.
Fakta görə, rayon prokurorluğunda Cinayət Məcəlləsinin 309.1 (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 133.2.1 (iki və ya daha çox şəxsə qarşı əzab vermə) və 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddələri ilə cinayət işi başlanılıb.
Hazırda istintaq davam edir.
Açıq mənbələrdən götürülüb
Sosial yardım ala bilməyən vətəndaş: Aylıq gəlirimiz 60-70 manatdı, necə yaşayaq?
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?