Sosial

Uşaqpulu: dünyada və Azərbaycanda

Aytac Məmmədli
8 Aprel, 2021
50

Açıq mənbələrdən götürülüb

Hər bir uşağın Uşaq Hüquqları Konvensiyası və Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit olunmuş sosial müdafiə hüququ var. 

UNİSEF-in məlumatına görə, dünyada təqribən 385 milyon uşaq həddindən artıq yoxsulluq içərisində yaşayır və gündəlik 1.90 dollar və ondan daha az pulla yaşamaq üçün mübarizə aparır. Təxminən 1.3 milyard uşaq isə sosial müdafiədən məhrumdur. 

Bu, uşaqların gələcəyi üçün ciddi problemlər yaradır, çünki uşaqlıqda yoxsulluqla üzləşməyin təsirləri uzunmüddətli olur. Belə şərtlərdə böyüyənlər nadir hallarda təhsildə ikinci şans və həyatda sağlam bir başlanğıc qazana bilir.

Uşaq hüquqları Konvensiyası 1989-cu il noyabrın 20-də BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilib. 

Dünyanın hər yerində uşaqları hüquqlara təmin edən konvensiya onların normal yaşayışı və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. Sənədi ratifikasiya etmiş bütün dövlətlər bu öhdəlikləri yerinə yetirməlidirlər.

2019-cu ildə Beynəlxalq Əmək Təşkilatı (BƏT) dünyadakı sosial müdafiə proqramlarını təhlil edib. 

Təşkilatın açıqladığı statistikaya görə, dünya üzrə ÜDM-in yalnız 0,4% -i uşaq müavinətlərinə xərclənir. 

Bəs ölkələr üzrə uşaqlara verilən sosial müavinətlərin miqdarı nə qədərdir? 

Öncə uşaqpulu ilə bağlı bir sıra ölkələrdə nümunələrə nəzər salaq: 

- Amerika Birləşmiş Ştatlarında uşaqpulu hazırda 17 yaşadək hər uşaq üçün ildə 2000 ABŞ dolları təşkil edir. Rəsmi məlumatlara görə, irəlidəki 12 ay ərzində 6 yaşınadək uşaqlar üçün bu məbləğ 3600, 18 yaşınadək uşaqlar üçünsə 3000 dollar təşkil edəcək. 

 

- Fransada uşaqpulu 6 -10 yaş arası bir uşaq üçün 371,80 avro, 11-14 yaş üçün 392,31 avro, 15-18 yaş arası bir uşaq üçün isə 405,90 avrodur. 

- Almaniyada uşaqpulu minimum 18 yaşına qədər, ali təhsil aldığı təqdirdə 25 yaşına qədər ödənilir. 2021-ci il yanvar ayından etibarən birinci və ikinci uşaq üçün müavinət aylıq 219, üçüncü uşaq üçün isə 225 avrodur.

- Britaniyada ilk uşaq üçün həftədə 21,05, ondan sonrakı uşaqlar üçünsə həftədə 13,95 funt sterlinq müavinət ödənilir. 

- İtalyada bu göstərici bir uşaq üçün ayda 138, iki uşaq üçün 258, üç uşaq üçün 375 avrodur. 

- Rusiyada 2021-ci ildən etibarən birinci uşaq üçün 483.88, ikinci uşaq üçün isə 639.43 rubl ödənilir. 

- Türkiyədə uşaqpulu 6 yaşdan yuxarı uşaqlar üçün 38,62, 6 yaşdan kiçiklər üçün isə 77,23 TL təşkil edir. 

- Gürcüstanda uşaqpulu valideynlərin gəlirlərinə əsasən hesablanır. Məsələn, hər iki valideyninin toplam aylıq gəliri 10.000 dollardırsa, bir uşaq üçün ayda 1.259 dollar ödənir.

- Ermənistanda birinci uşağa görə 50.000, ikinci uşaq üçün 150.000 dram pul verilir.  2 yaşına çatmamış uşağı olan analar üçün müavinətin məbləği 18.000 dramdan 26.500-ə qaldırıb. 

Azərbaycan BMT-nin Uşaq Hüquqları Konvensiyasına 1992-ci il iyulun 21-də üzv olub. Sonralar həmin konvensiyanın müvafiq protokollarına da qoşulub. Bu Konvensiya ilə Azərbaycan uşaqların haqqlarının qorunması öhdəliyinə malikdir. 

Hər bir uşaq özünün fiziki, əqli və mənəvi inkişafı üçün lazım olan həyat səviyyəsiylə təmin olunmaq hüququna malikdir. Konvensiyanın 26 və 27-ci maddələrinə görə, uşağın imkanları və onun saxlanması üçün məsuliyyət daşıyan şəxslərin imkanları olmadıqda, dövlət onlara maddi yardım etməlidir. 

Azərbaycanda uşaqlar üçün nəzərdə tutulan müavinətlər hansılardır? 

Azərbaycan Prezidentinin 640 saylı fərmanına əsasən, 2019-cu ilin aprelin 1-dən uşağın anadan olmasına görə 200 manat məbləğində birdəfəlik müavinət müəyyənləşdirilib. Bu müavinət müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır.

"Ünvanlı dövlət sosial yardımı haqqında" Qanuna əsasən, ünvanlı sosial yardım alan ailəyə bir yaşadək uşağı olduğu halda 55 manat həcmində əlavə müavinət təyin edilir.

Uşağa bilavasitə qulluq edəcək işləyən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona baxmaq üçün iş yerindən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdir.

Prezidentin belələrinə verilən müavinətin artırılması haqda 3712 nömrəli sərəncamına əsasən, 1,5 yaşadək uşağa qulluğa görə 44 manat, 1,5-3 yaşadək uşağa qulluğa görə isə 28 manat məbləğində müavinət müəyyənləşdirlib. Həmçinin Azərbaycan Prezidentinin 72 nömrəli fərmanına görə, 5-dən çox uşağı olan qadınlara 55 manat müavinət verilir.

Azərbaycan Uşaq Hüquqları Konvensiyasının tələblərini pozurmu? 

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, uşaqpulu qayğı deyil, uşaqların haqqıdır: "Azərbaycan Respublikası Konstitusiyanın 16-cı maddəsinin I hissəsində göstərilir ki, Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalır. 38-ci maddənin I hissəsinə görəsə hər kəsin sosial təminat hüququ var. Bu, o deməkdir ki, Azərbaycan dövlətinin vətəndaşların və uşaqların qarşısında sosial öhdəlikləri var”.

Qubad İbadoğlu - Açıq mənbələrdən götürülüb

İqtisadçı Azərbaycanın 1992-ci ildə Uşaq Hüquqları Konvensiyasına qoşulduğunu və uşaqların haqlarını qorumaq öhdəliyi götürdüyünü də xatırladıb.

Hüquqşünas Fariz Namazlı isə "Toplum TV"-yə deyib ki, Konvensiya dövlətin üzərinə uşaqpulu öhdəliyi qoymur: "Konvensiyalar dövlətləri məcbur etmir, sadəcə, hansı siyasəti həyata keçirməli olduqlarını göstərir. Azərbaycan hökuməti uşaqpulunu vermirsə, Konvensiyanın tələblərini pozmur. Uşaqpulu olmasa da, birdəfəlik doğuma görə müavinət verilir, uşaq dünyaya gətirən qadınlar 3 illik sosial məzuniyyətlərə çıxırlar və sair".

F. Namazlı hesab edir ki, uşaqlarla bağlı dövlətin özünün götürdüyü öhdəliklər olduğu üçün müavinətin verilməsi daha doğru olardı: "Dövlət ən azından hesablamalıdır ki, bu onun büdcəsinə nə qədər təsir edə bilər. Məsələn, uşaqpulunun verilməsinə 1992-ci ildən başlanıb. O vaxt Azərbaycan müharibə şəraitində idi, büdcəsi təzə formalaşırdı, amma verdiyi müavinət onu geri salmamışdı. Hazırda isə Azərbaycan neft ölkəsidir, normal büdcəyə sahibdir və uşaqpulu verə biləcək gücü var".

Fariz Namazlı - Sosial Media

"Dövlət deyə bilər ki, gəliri ehtiyac meyarından aşağı olan ailələrə sosial yardım verilir. Yəni dövlətin bəhanəsi budur - uşaqpulu vermirəm, başqa tərəfdən yardım edirəm. Amma uşaqpulu verməklə dövlət uduzası deyil" - hüquqşünas belə deyib. 

Azərbaycanda uşaqpulu ödənişi 2006-cı ilin yanvar ayının 1-dən - “Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qüvvəyə minən gündən dayandırılıb. Həmin tarixə qədər gəliri adambaşına 3,3 manatdan az olan ailələrin yaşı 16-dan az olan uşaqlarına ayda 1,8 manat müavinət ödənirdi. 

Sosial

Son sutkada nə qədər insan peyvənd olunub?

10 Aprel 2021
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 41 827 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 32 886, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 941 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 153 549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 739 319, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 414 230 təşkil edir.
Sosial

Koronavirusa bugünkü yoluxma sayı açıqlandı

10 Aprel 2021

Heinrich-Böll-Stiftung

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 192 yeni yoluxma faktı qeydə alınıb, 1 554 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan aprelin 10-da verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 33 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 283 579 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 249 013 nəfər müalicə olunaraq sağalıb, 3 879 nəfər vəfat edib, aktiv xəstə sayı 30 687 nəfərdir. Ölkədə son sutka ərzində 14 912, hazırkı dövrədək isə 3 005 197 test aparılıb.
Seçilmiş Videolar