Sosial

Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”

Aytac Məmmədli
29 Aprel, 2022
804

“Məni də eşit!” rubrikasının mövzusu vaginizmdir!

Azərbaycanda qadınların ən çox rastlaşdığı psixoloji problemlərdən biri vaginizmdir.

Günel Əliyeva da (ad-soyad şərtidir) 1 il əvvələ qədər vaginizmdən əziyyət çəkirmiş. Dediyinə görə, toy gecəsi ilk cinsi əlaqə təcrübəsi o qədər ağrılı olub ki, ondan sonra ərini yaxınına buraxa bilməyib.

“Toydan sonra hər gün cəhd edirdik, alınmırdı, çox qorxurdum. Ərimi sevərək evlənmişəm, bədənim də onu istəyirdi. Əvvəlcə hər şey qaydasında gedirdi, amma penisi vaginama azca girən kimi onu itələyirdim. Elə bilirdim ağrıya dayana bilməyəcəm. Bunu düşünən kimi vaginam qıc olurdu, tər basırdı məni”.

Günelin sözlərinə görə, ilk vaxtlar vaginizm olduğunu anlamayıb. Hətta özünü rahatlatmaq üçün vaginasına keyidici vurub, sevişməzdən əvvəl spirtli içki içib.

“Heç birinin təsiri olmurdu. Psixoloji cəhətdən özümü hazır hiss eləmirdim. Heç ağrı da hiss eləmirdim, sadəcə beynimdə qurmuşdum ki, onunla cinsi əlaqədə olsaq mən öləcəm. Bir ay belə davam etdi, sonra təsadüfən tibblə bağlı bir verilişi izldəim. Orda vaginizmin əlamətlərini saydılar, baxdım ki, hamısı məndə var”.

Günel problemini öyrənəndən sonra həkimə müraciət etmək istəsə də, müalicə qiymətlərini görəndə imtina edib.

“Qiymətləri görüb şoka düşdüm. Yoldaşım anlayışlı idi, özümüz problemi həll etməyə çalışdıq. 1-2 dəfə cəhd etdik, ağrılarım oldu, dözdüm. Sadəcə bədənimi 1 dəqiqəlik boş buraxdım, birinci dəfə ağrıtdı, amma ikincidə heç nə hiss eləmədim və zamanla düzəldi”.

Vaginizm nədir? – mütəxəsisslər danışır

Vaginizm seks zamanı vagina əzələlərinin cinsi əlaqəyə imkan verməyəcək şəkildə, istəməyərəkdən sıxılmasıdır. Bəzən vaginizm ilk gecə qorxusu, cinsi əlaqəyə girə bilməmək kimi də tanınır.

Psixiatr Azər Bağırov danışır ki, adətən cütlüklər ilk seks təcrübələri zamanı qorxu yaşayırlar. Onun söylədiyinə görə, qorxunun ən sıx rast gəlinən formaları isə “çox ağrı olacaq”, “çox qanama olacaq”, “penis vaginaya görə çox böyükdür, vagina yırtılacaq” kimi düşüncələrdir.

Azər Bağırov - sosial media

“Vaginanın əzələləri var, bu əzələlərin xaricdən olan üçdə biri iradə əzələləridir. Qadın istədiyi vaxt o əzələləri sıxıb, boşalda bilir. Qorxu sırasında bütün əzələlərin sıxılıb, qıc olduğu kimi vaginanın da əzələləri qıc olur. Ona görə də cinsi əlaqə alınmır”,-psixiatr izah verir.

Ginekoloq Günay Hacıyeva deyilənlərə əlavə edir ki, vaginizm problemi yaşayan qadınlar cinsi əlaqədə olmaq istəsələr də, özlərini günlərcə buna hazırlasalar da, onların şüuraltı mərkəzinin yüklü olması qeyri-ixtiyari sıxılmalara və panik ataka səbəb olur.

Günay Hacıyeva - açıq mənbədən götürülüb

Mütəxəssis hesab edir ki, elə buna görə də qadınlar cinsi əlaqəyə girə bilmirlər.

Vaginizm niyə yaranır?

Ekspertlər hesab edirlər ki, vaginizmin yaranmasının əsas səbəbi cinsi bilgisizlikdir.

“Evlənməzdən əvvəl qadınlar seks barədə ondan-bundan eşitdiklərinə inanırlar. Kənardakılar cinsi əlaqə barədə şişirdilmiş məlumatlar verirlər. Ailələrdə, məktəblərdə uşaqlara cinsi tərbiyə verilmir, cinsi mövzularda danışmaq günah sayılır. Və belə konservativ ailələrdə böyüyən qızlarda vaginizm daha yayğındır. Bu həm də coğrafi problemdir, Şərq cəmiyyəti budur”,- Azər Bağırov belə deyir.

Qızlara cinsi tərbiyəni kim versin?

Azərbaycanda orta məktəblərdə cinsi tərbiyə dərslərinin tədrisi haqda təkliflər səslənsə də, Təhsil Nazirliyi bu istiqamətdə konkret addım atmır.

Nazirlik yanında İctimai Şuranın məsul katibi İlqar Orucovun fikrincə, cinsi tərbiyə dərsləri sinifdənxaric oxu vəsaitləri hesabına tədris oluna bilər.

İlqar Orucov - açıq mənbədən götürülüb 

“Yetişməkdə olan nəslin məlumatlanmasına və onların düzgün bir şəkildə tərbiyəsinə ehtiyac var. Cinsi tərbiyə həm də reproduktiv sağlamlığın tədrisi kimi də başa düşülə bilər. Bu yaşda olan yeniyetmələrin məlumatı məhz kitabdan, mütəxəssis tərəfindən əldə etməsi daha məqsədə uyğundur".

İ. Orucovun sözlərinə görə, orta məktəblərdə cinsi əlaqə mövzusunda olan dərslər düzgün tədris olunmur, cəmiyyətdən gələn tənqidlər də elə bundan qaynaqlanır.

"Məktəblilərin dərs yükü çoxdur, amma birbaşa insanların sağlamığı, onların həyat bilgisi ilə bağlı olan məsələlər məktəbdə öyrədilməlidir".

Bəs nazirlik cinsi tərbiyə dərslərinin tədris olunmasını planlaşdırırmı? Hələ ki bu suala konkret cavab yoxdur.

Qızlıq pərdəsini əməliyyatla götürən də, narkoz qəbul edib cinsi əlaqəyə girən də var

Azər Bağırov danışır ki, ağrıdan qorxan bakirə xanımlar bəzən ilk cinsi əlaqədən öncə cərrahi müdaxiləyə üstünlük verirlər. O deyir ki, hətta bəzən qadınlara alkoqol qəbul etməklə, anesteziyanın yardımı ilə cinsi əlaqəyə girmək də məsəhət görülür.

“Bu vasitələrlə vəziyyəti daha da travmatikləşdirirlər. Ondan sonra da vaginal quruluq deyilən ikinci problem yaranır. Vaginaya giriş mümkün olur, amma qadında ağrılar yaranır. Valideynlərin basqıları, əlaqənin mümkün olmamasına görə tərəflərin arasında yaranan soyuqluq və s. vəziyyəti daha da qəlizləşdirir. Vaginizm problemi olan qadınların ərləri çox vaxt anlayışlı olur, amma valideynləri haqqında bunu deyə bilmərik. Valideynlər “niyə uşaq olmur?, “nə probleminiz var?”, “ayrılın, sizin uşağınız olmayacaq” deyə onlara təzyiq edirlər”.

Vaginizmin müalicəsi

Ginekoloq Günay Hacıyeva deyir ki, vaginizmin müalicəsi zamanı qadının yaşadığı travmatik hadisələr, öz cinsi orqanını tanımaması, cinsi əlaqə haqqında ətrafdan eşitdiyi yalnış məlumatlar və s. əsas tutularaq şüuraltı mərkəzdə korreksiya aparılır.

“Hipnoz, Neyro Lingvistik Proqramlama, Metaforlar, bilincsəl və davranışsal uyğulamalarla 3-4 seansa nəticə almaq mümkündür”,-ginekoloq söyləyir.

Azər Bağırov da hesab edir ki, vaginizm anatomik yox, psixoloji problemdir: “Yəni beyində qorxu sönmədən məcburi qaydada ilk cinsi aktın yaşanması heç nəyi dəyişmir”.

“Toplum TV” mövzu ilə əlaqədar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib. Komitədən bildirilib ki, bu məsələlər onların səlahiyyətində deyil.

 

Sosial

Bakı gələn mövsüm “Formula 1” sprint yarışı keçirmək niyyətindədir

Roza Məmmədova
19 May 2022

açıq mənbədən götürülüb

Növbəti mövsüm təklif olunan altı sprint yarışından biri Bakıda keçirilə bilər. “Reuters”in məlumatına görə, bu barədə mayın 16-da "Formula 1" üzrə Azərbaycan Qran Prisinin promouteri Arif Rəhimov jurnalistlərə müsahibə verib. "Mən sprint yarışlarını çox sevirəm, bu yarışlar oyunlara daha çox həyəcan qatır”, - deyən promouter iyunun 12-də keçiriləcək “Formula 1” ilə bağlı müzakirənin gündəmində bu məsələnin də olduğunu bildirib. “Gələn il sprint yarışını Bakıda keçirməkdən şad olaram. Ümid edirəm ki, 6 yarışdan biri Bakıda keçiriləcək. Mən bu ideyanın qızğın tərəfdarıyam. Yeniliklərin müsbət təsir edəcəyini düşünürəm. Əks təqdirdə oyunlar darıxdırıcı olur, insanlar eyni formata çox öyrəşir və sonra maraqlarını itirirlər”, - deyə o...
Sosial

Azərbaycanda yoluxma artdı

19 May 2022

açıq mənbədən götürülüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 19-a olan məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 792 695 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 936 nəfər müalicə olunaraq sağalıb, 9 710 nəfər vəfat edib, aktiv xəstə sayı 49 nəfərdir. Ölkədə son sutka ərzində 2 964, hazırkı dövrədək isə 6 865 181 test aparılıb.

Seçilmiş Videolar

Toplum TV loqo