Sosial

Vaxtilə çörəyi balıqçılıqdan çıxan Bankə boşalır

Roza Məmmədova
Vüsalə Mikayıl
13 Aprel, 2022
1763

Toplum TV

Bir vaxtlar balıqçılıqla tanınan Neftçalanın Bankə qəsəbəsində indi az sayda adam bu peşəni davam etdirir. Səbəb isə  Kürün suyunun həm azalması, həm də şorlaşmasıdır. Qəsəbənin məşhur balıq kombinatından hazırda böyük bir xarabalıq miras qalıb.

“Balığın üzünü görmürük ki, tutub yeyək”

Bankə qəsəbə sakini  Məmməd Bayramov Kür sahilində ara-sıra gözə dəyən balıqçı qayıqlarından birinin sahibidir.  O deyir ki, çay quruduqca balıqlar da yoxa çıxıb.

Toplum TV

“Su azaldı, camaat da çəkildi öz evinə-eşiyinə. Balığın üzünü görmürük ki, tutub yeyək. Tarixdə belə hadisə olmayıb ki, Kürün suyu əksinə axsın, suyu şorlaşsın”.

M.Bayramov Kürə bənd vurulduqdan sonra suyun azaldığını düşünür: “Nə qədər ki, problem Neftçala ərazisindədir, heç kim gəlib baxmır. Gərək bu şor su gedib çata Salyana, ondan sonra tədbir görələr. Keçən il yayda heyvanlar susuzluqdan suyun kənarında ölmüşdülər. İndi Allaha dua edirik ki, hər şey bir yana, suyumuz qurtarmasın”.

Toplum TV

Bankə sakini Əjdər Əbilov da deyilənləri təsdiqləyir: “Vaxt varıydı qəsəbədə neçə min adam yaşayırdı. Hamısı da balıqçılıqla, gəmiçiliklə dolanırdı. Kür qurudu, balıq da yoxa çıxdı”.

Əjdər kişi Kürün bol sulu vaxtlarından yadında qalan məzəli əhvalatı danışır: “Bir dəfə qəsəbədə toyda olanda Kürün suyu mağarı basdı. Hərə bir yana qaçdı, bəylə gəlini tapa bilmirdik. Sonra “lötkə” ilə keçdik çayın bu sahilinə. Gör, Kürün suyu necə hündür olub...”

Toplum TV

“Adama heç 3 vedrə su düşmür”

Söhbətə qoşulan digər sakinlər  su şorlaşandan bəri içməli su çatışmazlığının həll olunmadığından şikayətlənirlər. Onlar rəsmi qurumların küşələrə qoyduğu 5 tonluq çənlərin bəs etmədiyini deyirlər.

“60 evə 5 ton su nədir ki? Adama heç 3 vedrə su düşmür. Onu da fərasəti olanlar,  cavanlar daşıyır, gücü çatmayan qalır kənarda. O sudan da gah yosun iyi gəlir, gah kauçuk. Bəzi uzaq kəndlər var ki, həftədə bir dəfə su aparırlar, onların vəziyyəti daha acınacaqlıdır”, - qəsəbə sakinlərindən biri belə söyləyir.

Toplum TV

Bankənin balıqçılıqla başlayan tarixi

Bankənin adı bir vaxtlar qəsəbədəki balıq kombinatı ilə qoşa çəkilirdi. İndi kombinatdan geriyə dağılmış, uçmuş divarlar, özülündən çıxarılmış tağlar qalıb.

Toplum TV

Elə  qəsəbə də  balıq sənayesinin inkişafı ilə əlaqədar 1842-ci ildə salınıb. Həmin vaxt milyonçu Hacı Zeynalabdin Tağıyev balıq vətəgələrini uzunmüddətli icarəyə götürüb. Bundan sonra 1898-ci ildə Bankə Balıq Kombinatının inzibati binası inşa edilib.

Toplum TV

Kombinatın fəaliyyəti dövründə istehsal etdiyi balıq və kürüsü ilə bütün dünyada məşhur olduğu danışılır. Deyilənlərə görə, vaxtilə Bankə qəsəbəsindən xüsusi olaraq qablaşdırılmış kürülər özəl hədiyyə kimi Stalin, Marqaret Tetçer, İndira Qandi kimi dünya liderlərinə yollanıb.

Balıqçılıq kombinatında muzdlu işçi qüvvəsindən də istifadə edilib. Bu səbəbdən qəsəbə yerli əhali ilə yanaşı, İrandan gəlmiş azərbaycanlılar, ruslar, tatarlar, gürcülər və ermənilər üçün də iş yeri olub.

Toplum TV

Bankədə balıqçılığın inkişafı qəsəbənin canlanmasına, böyüməsinə səbəb olub. Burada məktəb, xəstəxana, ilk aptek və bir sıra inzibati binalar inşa edilib.

İndi özünəxas memarlıq üslubu ilə seçilən tarixi binalar qəzalı vəziyyətdədir.

Hətta qəsəbənin inkişafında rolu olan H.Z.Tağıyevin büstünün üzərindən adı da silinib.

Toplum TV

Fəaliyyətini 1990-cı illərin ortalarında dayandıran kombinatın işçisi olmuş Gülgəz Həsənova indi təəssüflə köhnə iş yerinin dağıntılarına baxır.

“Kombinatın yüzlərlə işçisi, gəmiləri vardı. Həyətində duzdan taya vurulurdu. Mən özüm kombinatın konserv hissəsində işləyirdim. Nəinki Bankə, bütün Neftçala bu kombinatla dolanırdı. İndi əksəriyyətin işi yoxdur. Sürünürük, bala. Hamı ata-ananın pensiyasına qalıb. Mən sabah ölsəm, balalarım, nəvələrim nəylə dolanacaq?”

 “Camaat qapılarını kilidləyib çörək qazanmaq dərdinə düşüb”

Qəsəbədə olduğumuz müddətdə az sayda insan gözə dəyir. Söhbət etmək imkanımız olanlar sakinlərin iş üçün qəsəbədən getdiklərini deyir. Canılar kişinin sözlərinə görə, əhalinin yarıdan çoxu Bakıdadır.

Toplum TV

“Əvvəla su yoxdur. Susuz yerdə necə yaşayasan? Elə vəziyyətdir ki, evlərimizə alıcı da tapa bilmirik.  Camaat qapılarını kilidləyib çörək qazanmaq dərdinə düşüb”, - deyə yaşlı qəsəbə sakini vəziyyəti izah edir.

57 yaşlı Gülbuta Ədilova tək yaşayır. Aldığı  180 manat sosial müavinəti hara xərcləyəcəyini bilmədiyindən danışır: “Bilmirəm kredit verim, qızıma kömək edim. İş yoxdur, ay bala, camaat dolana bilmir. Kombinat vaxtı üç növbə işləyənlər vardı. Baxın, bu qonşumun evdə nişanlı qızı var, işi yoxdur, ananın pensiyasının umuduna qalıblar. Yazıq heç çörək tapmır, qıza necə cehiz verəcəyinin dərdinə düşüb”.

Adının çəkilməsini istəməyən başqa qəsəbə sakini isə bunları deyib uzaqlaşır:

“Əvvəllər kimsə əsgərlikdən gələndə bekar durmazdı, gedərdi kombinatda işləyərdi. Amma 1993-cü ildən bu gündəyik”,-

“Məsələni diqqətdə saxlayırıq”

Neftçala rayon İcra Hakimiyyətinin müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Bürcəli Ağayev qəsəbənin su kadastrının yenidən qurulmasının müzakirə edildiyini bildirir.

İcra başçısı müavininin sözlərinə görə, bir vaxtlar Balıq Kombinatında 1000-dən çox insan fəaliyyət göstərib, o, fəaliyyətini dayandırdıqdan sonra binası da dağılıb.

“Bu tikililərin yararsız vəziyyətdə olmasından bütün aiddiyyatı qurumlar məlumatlıdır. Daşınmaz əmlak üzərində hər bir obyektin birinci dərəcəli balans daşıyıcıları var.  Restavrasiya işləri  onların səlahiyyətindədir. Yəni bu tikililər rayon İcra Hakimiyyətinin balansında deyil”,- deyə Bürcəli Aağayev açıqlama verir.

O, bununla belə Neftçala İcra Hakimiyyətinin tikililərin aqibəti ilə bağlı əlaqədar qurumlara müraciət ünvanladığını deyir.

O ki qaldı işsizliyə, “Toplum TV”-nin Neftçaladan olan əvvəlki reportajında Bürcəli Ağayevin bununla bağlı fikirlərini çatdırmışdıq. O, nəinki Bankədə, bütövlükdə rayonda ən böyük problemin işsizlik olduğunu söyləmişdi: “2021-ci ildə başçının qəbulunda olan insanların təxminən 80%-i işsizlikdən şikayətlənib. Məsələn, 1 saylı rayon məktəbində bir gözətçi vakansiyası üçün 9 şəhid ailəsi üzvü, qazi müraciət edib. Elə ailələr var, ümumiyyətlə, evinə çörək pulu apara bilmir”.

İşsiz, susuz qalan Bankə sakinləri isə çarəni buraları tərk etməkdə görürlər. Rəsmi qurumlar tezliklə problemlərə əncam çəkməsələr 200-ə yaxın yaşı olan qəsəbə yaxın zamanda tarixə qovuşacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb

30 Mart 2023

Açıq mənbələrdən götürülüb

Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Toplum TV xəbər verir ki, bununla bağlı martın 30-da Prezident İlham Əliyev Fərman imzalayıb. https://toplum.tv/multimedia/psaatlida-etiraz-varlilar-yasayir-kasiblar-qirilirp Prezidentin fərmanıyla “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti də əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib. Öz növbəsində Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.  Bundan əvvəl Zaur Mikayılov "Bravo" supermarketlər şəbəkəsinin icraçı direktoru olub. 2018-ci ilin noyabr ayından bu vəzifəyə təyin olunan mütəxəssis 2021-ci ilin yanvar ayında vəzifəsini tərk edib. 2001–2009-cu illər ərzində "Bakcell" MMC-də baş kommersiya inzibatçısı kimi...
Sosial

Deputat Fazil Mustafa sui-qəsdə məruz qalıb

28 Mart 2023

Açıq mənbələrdən götürülüb

Milli Məclisin deputatına avtomatla atəş açılıb.   Toplum TV xəbər verir ki, baş vermiş silahlı hücum nəticəsində Fazil Mustafanın yaralandığı bildirilir. Deputatın yaxınlarından biri "Musavat.com"-a açıqlama verib ki, deputat evə gələn zaman öz maşınını evinin qarşısında saxlayıb düşərkən avtomat silahdan onun üzərinə atəş açılıb.  "Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən ikisi həyatı təhlükə təşkil etməyən orqanlarına dəyib", - deyə məlumatda qeyd olunub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.

Seçilmiş Videolar

Toplum TV loqo