Sosial

Vətəndaş deyir bahalanma var, deputat deyir yoxdur

Aytən Zamanova
21 Fevral, 2021
174

tripadvisor.com

Bakı sakini Azad Əhmədli qiymət artımından şikayətçidir. Onun  sözlərinə görə, geyim, inşaat malları, ərzaq məhsullarının qiymətində 25-30% artım müşahidə edir: “Əvvəllər 1 kiloqramını 3 manat 40 qəpiyə aldığım şor indi 4 manat 20 qəpiyə satılır. 1 kiloqramı 91 qəpiyə olan şəkər tozunun qiyməti 1 manat 10 qəpikdir”.

Daha bir paytaxt sakini Əziz Orucov da onunla eyni fikirdədir, deyir ki, qiymətlər “əl yandırır”: “Marketlərdə əməlli-başlı bahalaşma var. Bütün ərzaq məhsullarında 20 qəpikdən 3-4 manata qədər artım görürəm”.

Taleh Əliyev də qiymətlərin artmasından şikayətçidir: “Demək olar ki, hər məhsulun qiymətində bahalanma var. Qiymətindən razı qaldığım çox az məhsul var”.


Bahalaşmanı benzinin və dizel yanacağının qiymətinin artması ilə əlaqələndirənlər də az deyil. Hərçənd İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə bugünlərdə bildirib ki, benzin və dizel yanacağının bahalaşmasından sonra ərzaq məhsullarının qiymətlərində dəyişiklik yoxdur. Qurum həmçinin süni qiymət artımı ilə bağlı təhlillər apardığını, heç bir qanun pozuntusu aşkar etmədiyini də bəyan edib.

"Toplum TV"-yə məsələ ilə bağlı münasibət bildirən iqtisadçı ekspert Rövşən Ağayev ilin əvvəlindən birmənalı şəkildə bahalaşmanın olduğunu söyləyir. O bunu təkcə benzinlə əlaqələndirmir: "Məhz yanacağın qiymətinin artmasına görə belə olduğunu demək üçün mənim əlimdə fakt yoxdur".

Rövşən Ağayev - "Toplum TV"

Deputat Aydın Mirzəzadənin fikrincə, hansısa bir məhsulun qiymətində artım mümkündür. O bunun mövsümlə əlaqədar ola biləcəyini ehtimal edir: "İstehlak səbəti anlayışı var. Yəni 1 ay ərzində vətəndaşın ailəsi üçün istifadə etdiyi məhsulların toplumu. Bahalaşmadan o zaman danışmaq olar ki, istehlak səbətinə daxil olan bütün məhsulların qiyməti artsın. Bu belə deyil". 

Aydın Mirzəzadə - "AZƏRTAC"

Deputat dövlətin satış bazarını daim diqqətdə saxladığını, İqtisadiyyat Nazirliyinin isə mütəmadi olaraq monitorinqlər apardığını vurğulayır.

"Hansı məhsulları ki, Azərbaycanda istehsal etməklə qiyməti ya aşağı salmaq, ya da sabit saxlamaq mümkündür, o istiqamətdə sahibkarlara təkliflər verilir. Yaxud da hansısa məhsul xarici ölkədə baha satılırsa, onun Azərbaycana idxalı mütləq qiymət artımına gətirib çıxaracaqsa, o zaman dövlətin təklifi ilə həmin məhsulun üzərindən gömrük rüsumu ya götürülür, ya da aşağı salınır". 

Aydın Mirzəzadə hesab edir ki, müəyyən məhsullarda qiymət artımı mümkündür, lakin bu bahalaşma demək deyil. 

İqtisadçı ekspert Natiq Cəfərlisə hesab edir ki, qiymət artımı var, lakin süni deyil. 

Natiq Cəfərli - "Sputnik"

"Bir məsələyə diqqət yetirmək lazımdır ki, Azərbaycanda normal bazar iqtisadiyyatı qaydaları olsa, süni qiymət artımı mümkün deyil. Ona görə ki, rəqabətli mühit şəraitində qiymətin tənzimlənməsi prinsipi həyata keçirilir" – iqtisadçı belə deyir. 

Ekspertin sözlərinə görə, əsas problem dövlətin tənzimlədiyi qiymətlərlə bazarın tənzimlədiyi qiymətlərin eyni olmamasıdır. Onun sözlərinə görə, dövlət yalnız təbii inhisarların qiymətini tənzimləyir: "Bunlara kommunal xidmətlərin, nəqliyyatın qiymətləri, bəzi logistik qiymətlər və s. aiddir. Ərzaq məhsullarının qiymətləri isə dövlət tərəfindən tənzimlənmir. Ona görə də hansısa bir qiymətə nəzarət mexanizminin formalaşması mümkün deyil".

İqtisadçı deyir ki, ölkədə korrupsiya, inhisarçılıq olmasa, rəqabətli mühit yaradılsa, qiymətlərin tənzimlənməsi iqtisadi qanunlara görə baş verər.

Natiq Cəfərlinin fikrincə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bazarı daha ciddi araşdırmalı və rəqabətli mühitin hansı səviyyədə olduğunu öyrənməlidir: "Bizdə pərakəndə satışla bağlı bir problem yoxdur. Problem ölkəyə mal gətirən şirkətlərdədir. Onların sayı çox azdır. Bəziləri məmurlara bağlıdır və  qiyməti diktə etmə gücünə malikdirlər. Onlara qarşı mübarizə aparmaq lazımdır".

İqtisadçı deyir ki, bu cür hal çarter sövdələşməsi hesab olunur və rəqabətli mühitə imkan vermir.

Onun sözlərinə görə, belə sövdələşmələr qanunla qadağandır və süni qiymət artımına səbəb olur: "Təəssüf ki, İqtisadiyyat Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bununla bağlı ciddi addımlar atmırlar. Qiymət artımının təbii səbəbləri də  var: dizel yanacağının qiyməti artıb, logistika bahalaşıb, mövsümlə əlaqədar qiymət artımı var, çünki yerli məhsul bazarlardan çəkilib".

Dövlət Statistika Komitəsinin istehlak qiymətləri indeksi barədə yaydığı məlumatda deyilir ki, 2021-ci ilin yanvarında 2020-ci ilin yanvar ayına nisbətən istehlak qiymətləri indeksi 103,3 faiz artıb (2020-ci ilin dekabr ayında isə bu artım 101,2 faiz olub). 

Eyni zamanda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,6 faiz artım müşahidə olunduğu qeyd edilir (2020-ci ildə bu rəqəm 101,4 faiz olub). Qeyri-ərzaq məhsulları üzrə 103,5 faiz (2020-ci ildə 102,5 faiz), əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 101,3 faiz təşkil edib (2020-ci ildə 100,0 faiz olub). 
DSK-nın məlumatına görə, 2021-ci ilin yanvarında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,2 faiz təşkil edib. 2021-ci ilin yanvar ayında isə  ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi 2020-ci ilin dekabr ayına nisbətən 101,4 faiz olub.

Sosial

Bakıda 8 mart aksiyası zorakılıqla dağıdıldı - Yenilənib

8 Mart 2021

Toplum TV

Bugün 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Bakının mərkəzində aksiya keçirməyə cəhd edən fəallar bəyanatla çıxış ediblər.  Toplum.TV-nin məlumatına görə, feminist fəallar Azərbaycanda ilboyu baş verən qadın qətllərinə, qadın intiharlarına, gender ayrı-seçkiliyinə və pandemiya dövründə hökumətin həssas qrupları qorumaq üçün heç bir əməli addım atmamasına etiraz etdiklərini bildiriblər.  "Dövlət patriarxal dəyərləri təbliğ edir və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün heç bir ciddi addım atmır. Bunları nəzərə alaraq bəyan edirik: ifadə azadlığımızın və sərbəst toplaşmaq azadlığımızın qarşısını heç bir qüvvə ala bilməz. Patriarxat məhv olana qədər biz öz mübarizəmizi davam etdirəcəyik. Biz yürüş iştirakçıları dövlətdən tələb edirik: İstanbul Konvensiyası qəbul edilsin!"...
Sosial

Qadınlar 8 mart haqqında: “Bayram yada düşmür”

Aytac Məmmədli
8 Mart 2021

Turan

“İndi insanların çiyni problemlərdən elə əyilib, ürəyi kədərdən elə yüklənib ki, bayram yada düşmür”.  Bu sözləri “Toplum TV”-yə "Azadlıq" qəzetinin əməkdaşı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Səadət Cahangir deyir.  Artıq 110 ildir ki, martın 8-i Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. BMT də bu günü bu statusla tanıyıb.    İlk dəfə 1857-ci il martın 8-də ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın az maaşlara, uzun iş saatına, pis iş şəraitinə etiraz olaraq tətil ediblər.  51 il sonra qadınlar yenə eyni şəhərdə, yenə eyni tələblərlə meydanlara çıxıblar - 1908-ci il martın 8-də  Nyu York Sosial-Demokrat Qadın Təşkilatının çağırışı...
Seçilmiş Videolar