Açıq mənbələrdən götürülüb
İyunun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində mühakiməsi davam edən İmişli rayon icra hakimiyyətinin keçmiş başçısı Vilyam Hacıyevin vəkili Elmar Kərimov hakim Azər Paşayevin elan etdiyi ekspertiza rəyləriylə nə müvəkkilinin, nə də müdafiə tərəfinin razılaşdığını deyib.
“Ekspertiza rəyləriylə razı deyilik. Bu rəylərlə bağlı baxış keçirilməyib. Ekspert yoxlama aktına əsaslanıb, rəy yazıb. Gedib yerində yoxlama aparmayıb. Ən qəribəsi odur ki, bu aktı elə İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayev tərtib edib. Halbuki məhkəmədə dindirilən şahidlər həmin şəxsin özünün rüşvət aldığını göstərib”, - vəkil belə deyib.
Vilyam Hacıyev icra başçışı işlədiyi dövrdə İmişli rayonundakı uşaq bağçalarına, Mənzil İstismar İdarəsinə, rayon Mərkəzi Xəstəxanasına, orta məktəblərə və yeni tikilmiş binalara ayrılmış pulların təyinatı üzrə xərcləməməkdə, mənimsəməkdə də ittiham olunur. Ancaq vəkil Elmar Kərimov ekspertiza rəyləri ilə bağlı araşdırma aparılmadığını bildirib.
“Məsələn, uşaq bağçasına avadanlıq üçün ayrılmış 5 min manatdan çox pulun təyinat üzrə xərclənməməsi barədə ekspertiza rəyi var. Ancaq yerində araşdıran olmayıb ki, bu avadanlıqlar alınıb, ya yox...”, - söyləyən vəkil baş mühasib Cəmil Musayevin məhkəməyə dəvət olunmasını xahiş edib.
Təxminən 40 dəqiqə davam edən məhkəmə iclasında vəkil hakimdən Vilyam Hacıyevin səhhətində problemlər olduğunu önə çəkərək onun Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini xahiş edib. Hakimsə bildirib ki, müdafiə tərəfi bunun üçün Penitensiar Xidmətə rəsmi müraciət etməlidir.
Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma, passiv rüşvətxorluq, külli miqdarda törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.
Açıq mənbələrdən götürülüb
Sosial yardım ala bilməyən vətəndaş: Aylıq gəlirimiz 60-70 manatdı, necə yaşayaq?
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?