Sosial

Xəzər suitilərini nə öldürür: plastik balıqçı torları, yoxsa neft şirkətlərinin fəaliyyəti?

23 Dekabr, 2020
1701
Adı qırmızı kitaba düşən 300-ə yaxın Xəzər suitisinin cəsədi Dağıstan sahillərində aşkar olunub. Suitilərin dəqiq ölüm səbəbi bilinmir, ancaq bunu təbii fəlakət, insan amili, virus mənşəli xəstəliklə əlaqələndirənlər var.

Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Mehman Axundov bildirir ki, Xəzər suitisinin populyasiyası payızın sonu, qışın əvvəlləridə baş verir və onlar bu zaman Xəzərin şimalına doğru köç edirlər. 
O da əksər mütəxəssislər kimi ehtimal edir ki, miqrasiya edən suitilər Dağıstan və Kalmıkiya sahillərindən keçərkən  qanunsuz balıq ovu məqsədilə qurulmuş torlara ilişərək boğulurlar. 

Suitilərin kütləvi ölümü XX əsrin sonlarından qeydə alınır. 

"Suitilərin məhv olmasına səbəb qida zəncirindəki dəyişikliklər, Xəzər dənizinin ekosisteminə yeni növlərin gətirilməsi, isti keçən qış, iqlim dəyişməsi səbəbindən təbii çoxalma dövrünün pozulması, müxtəlif xəstəliklər, o cümlədən suiti vəbası, balıq ovunda istifadə edilən qadağan olunmuş ov vasitələri və brakonyerlikdir” – M.Axundov belə deyir.

Cənubi İrlandiyanın  suitiləri qoruma mərkəzinin  (Seal Rescue Ireland) tədbirində iştirak edən ekoaktivist Mehriban İsmayılzadə bu heyvanların tələf olmasının bir neçə səbəbini sadalayır: "Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasında olduğu kimi, ən böyük problem balıqçı torlarıdır. Adətən, balıqçılar dənizdə qırılan plastik torlarını qaytarıb sahilə gətirmirlər.  Bu torlar bütün dəniz heyvanları üçün təhdiddir. Onların çox sıx hörülməsi dəniz heyvanlarının ölüm faizinin artmasına səbəb olur”.

Mütəxəssisin dediyinə görə, Azərbaycanda suitilər insanlara yaxın ərazilərdə görünmürlər, ən azından son 10-15 ildə onlara rast gəlinməyib. İrlandiyada isə yaxın gələ bilərlər deyə, 30 metr məsafə saxlamaq lazımdır. 

M.İsmayılzadə Azərbaycanda suitilərin həddən artıq az olduğunu bildirir və üstəlik insanların suiti balalarına yaxınlaşdığını, bunun balalar üçün təhlükəli olduğunu deyir. 

"İnsanın qoxusu onlara hopur. Ana suitilər bunu hiss etdikdə balalarını birdəfəlik tərk edirlər. Bu halda bala suitilərin həyatda qalmaq şansı, demək olar, yoxdur”. 

Mütəxəssisin sözlərinə görə suitilər şimalda balalayır və neftçıxarma prosesi, böyük buzqıran gəmilərin ordan keçməsi onlar üçün ən böyük problem sayıla bilər: "Suitilər buzların üzərində dincəlir və bala dünyaya gətirir. Xəzər suitiləri də elə növdür ki, bala dövründə dəriləri ağ tüklərlə örtülü olur və bu, ilk ayda üzməyə mane olur. Ona görə də anaları yanlarından ayrılmır.  Balalar tükləri tam töküləndən sonra suya girir. Bu zaman anaları da onları tərk edir və müstəqil həyata başlaya bilirlər. Buzqıran gəmilər isə buzları qıraraq bu təbii prosesə menə olurlar”. 

Bioloq: "Suitilərin qorunması üçün dövlət səviyyəsində heç bir tədbir görülmür” 

Biologiya üzrə fəlsəfə doktoru və Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin rəhbəri Tariyel Eybatov Azərbaycanda aparılan tədqiqata əsasən deyir ki, suitilərin ölümü xəstəliklə bağlı deyil. 

"Xəstəlik 2000-ci illərin əvvəllərində müşahidə olunmuşdu, amma son illərdə ölüm hallarının əsas səbəbləri balıqçılıq, suyun bulanması, yem çatışmazlığıdır”.

Son illər suitilərlə bağlı tədqiqat aparılırmı sualına o, belə cavab verir: "Biz dövlətin və ya başqa qurumun maddi yardımı olmadan,  öz təşəbbüsümüzlə müxtəlif araşdırmalar etmişik. BP şirkəti ilə də əməkdaşlığımız olub, gəmilərini bizim istifadəmizə verib.  Biz də seysmik zonaların və suitilərin məskunlunlaşdığı ərazilətin koordinatları  haqqında onları məlumatlandırırıq. Bir neçə London şirkətiylə də əməkdaşlıq etmişik. Bunun sayəsində suitilərin üzərinə ötürücülər yerləşdirərək onların hərəkət trayektoriyalarını izləmək mümkün idi. Ancaq son dövrdə  həmin şirkətlər də nə yardım edirlər, nə də qrant ayırırlar. Artıq məlumatları BP-dən alırlar və bizi tədqiqatlarına daxil etmirlər”.

Tariyel Eybatovun sözlərinə görə, suitilərin qorunması üçün dövlət səviyyəsində heç bir tədbir görülmür.

"Məsələn, Şahdili Qoruğu yaradılan zaman əsas məqsəd qağayıların qorunması və suitilərin lövbər salması üçün şərait yaratmaq idi. Ancaq orada suitilərə şərait yaradılmadığına görə, onlar Pirallahı və başqa ərazilərə üz tuturlar. Nəticədə balıqçı torlarına düşərək tələf olurlar. Ümumiyyətlə isə onların miqrasiya ərazilərində xüsusi nəzarət olmalıdır. Xüsusilə də payızın sonu, qışın əvvəli onların çoxalma vaxtı olduğuna görə, bu dövrdə balıqçılıq və digər fəaliyyətlər ya tamamilə dayandırılmalı, ya da məhdudlaşdırılmalıdır”.

Bioloq bu sahədə ən yaxşı fəaliyyət göstərən iki ölkənin adını çəkir - İran və Qazaxıstan. O, İranda balıqçıların suitilər tora düşərkən nə etməli olduqları haqda təlimatlandırıldıqlarını, eləcə də elmi tədqiqat mərkəzləri olduğunu bildirir. T.Eybatov Azərbaycanın və Rusiyanın məsələyə laqeyd yanaşdığını, xüsusən də Rusiyada suitinin dərisinə və piyinə görə ovlandığını qeyd edir. 

"Xəzərdə və Azərbaycanda dəniz məməlilərindən ancaq suitilər qalıb və onlar ekosistemdə çox vacib rol oynayırlar” –  muzey direktoru belə deyir.

BP-nin əməkdaşı: "Xəzər suitisinin ekosistemdə nə qədər vacib olduğunu bilirik”

Yeri gəlmişkən, ərtaf mühitin qorunması ilə bağlı yerli və beynəlxalq qanunlar həm dövlətlərin, həm də şirkətlərin üzərinə qanunla müəyyənləşdirilmiş öhdəliklər qoyur. Məsələn, 2010-cu ildə BP şirkəti Meksika körfəzində neft sızmasına görə 5 il ərzində 60 mlrd dollar kompensasiya ödəməli idi, sonradan rəqəm 65 milyard dollara qədər artıb. 

BP-Azərbaycanın şirkətinin ekologiya üzrə mütəxəssisi Zaur Həsənov "Toplum TV”-yə bildirir ki, qurum Xəzər dənizində kəşfiyyat və qazma işlərinə başlamazdan əvvəl ərazidə suitilərin olub-olmaması, fəaliyyətlərinin onlara təsiri ilə bağlı araşdırmalar aparır. 

"Tədqiqarlar bizə imkan verir ki, bu fəaliyyətlərin suitilərə hansı məsafədən təsir göstərdiyini, hansı mövzümdə onların Azərbaycan sularına daxil olduqlarını müəyyənləşdirək. Biz çalışırıq suitilər həmin ərazidə olmayanda işlərimizi görək. Əlavə olaraq həm gəmilərdən, həm də platformalardan müşahidələr aparılır. Bufer zonalar (570 metrlik) yaradılır və hətta mövsümü olmayan zamanda suiti həmin zonaya daxil olarsa, müşahidəçilər suitilərə mənfi təsir göstərə biləcək işlərin dayandırılması üçün xəbər verirlər”. 

O, fəaliyyətlərinin ətraf mühitə təsirini minimuma endirmək üçün yerli mütəxəssislərin məsləhətlərini nəzərə aldıqlarını söyləyir: "Xəzər suitisinin ekosistemdə nə qədər vacib olduğunu bilirik”. 

Zaur Həsənov suitilərlə bağlı kitab hazırlandığını və bu işə 1990- cı illərdən Xəzər suitisi üzərində tədqiqat aparan İngiltərə Lids Universiteti əməkdaşlarının və yerli tədqiqatçıların cəlb olunduğunu deyir. 

SOCAR öz gördüyü işlərdən danışır

Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbəri İbrahim Əhmədov da qurumun suitilərlə bağlı bir neçə tədqiqat apardığını, əsasən də şirkətə məxsus yataqlar ətrafında suitilərin miqrasiyası, qışlamaq üçün getdikləri yerlərin öyrənildiyini bildirir. 
"Mütəmadi olaraq onların davranışlarının monitorinqini aparır və işlərimizi də əldə olunan məlumatlara əsasən tənzimləyirik. Əgər yeni bir platforma quraşdırılacaqsa, çalışırıq suitilərin məskunlaşdığı ərazidən uzaq olsun və ya səs-küyü mümkün qədər az olsun ki, onları qorxudub qaçırmasın”.

Ətraf mühit problemləri üzrə mütəxəssis Rövşən Abbasov BP-nin gördüyü işlərlə qismən tanış olduğunu deyir. Onun fikrincə, qurum ətraf mühitlə bağlı işlərə əhəmiyyət verir, amma reallıq necədir onu bilmir. 

"Sənədlərini nəzərdən keçirmişəm. İradlarımız olanda nəzərə alıblar” – R.Abbasov belə deyir. 

Mütəxəssis hesab edir ki, BP vətəndaş cəmiyyətində və elmi idarələrdə əsas donorlardan biri olmalıydı, amma bunu etmədi. 

"Mənim yadımdadır, BP-nin ekoloji proqramları var idi, biz də vaxtilə ora müraciət etmişdik. Ümumi qrant programının həcmini biləndən sonra dəhşətə gəldik - 62  min  500 manat  idi. Onun reklamına 50 min manatdan yuxarı vəsait xərclənmişdi. Qara Mustafayev - bizim rəhmətlik zooloq dedi ki, ay bala, o boşqabın dibində milçək üçün qida qalır ha, bunlar bizə onu veriblər.

Amma xaricdə bu cür transmilli şirkətlərin elmi və vətəndaş cəmiyyəti üçün proqramları olur.  Hər il buna 5-10 milyon maliyyə vəsaiti ayırırlar.  Amma burada heç nə edilmir”. 
 
Xəzər suitisi dünyanın ən kiçik suitisi kimi Ginnesin Rekordlar kitabına düşüb. Onların sayı XX əsrin əvvəllərində təqribən 1 milyon olsa da, indi təxminən 111 mindir.

Aysel Əzizova, Nurana Atakişiyeva
Sosial

Azərbaycanda son sutkada yoluxma qeydə alınmadı

16 May 2022

REUTERS

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yeni yoluxma faktı qeydə alınmayıb, 5 nəfər müalicə olunaraq sağalıb. Məlumatın mayın 16-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Məlumata görə, ötən sutka ərzində ölən olmayıb. İndiyədək Azərbaycanda ümumilikdə 792 673 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 917 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib. 47 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 966, bu günə qədər isə ümumilikdə 6 855 188 test icra olunub.
Sosial

Suyu süddən baha başa gələn saatlılılar

Lida Abbaslı
16 May 2022

Toplum Tv

Saatlının Əliabad kəndindən reportaj Saatlının Əliabad kəndinə gedən mikroavtobus Sabirabad bazarının yaxınlığında bazardan çıxanları gözləyir. Səhərdən bazara məhsul gətirmiş əliabadlıların indi yükü giley-güzardır. Kənd sakinləri gileylənir ki, bazarda qiymətlər od tutub yansa da, onların malları ucuz alınır. Toplum Tv Kənd sakini Nazim kişi deyir ki, yol uzaq olduğundan, üstəlik də kəndə avtobus həftədə cəmi bir gün işlədiyindən mallarını bazarda sata bilmirlər, dəyər-dəyməzinə alverçilərə verməli olurlar. “Alverçilər malı çox ucuza götürürlər. 4 manata vermək istədiyim malı 3 manata götürürlər ki, özümüz 3.50-yə veririk. Üstəlik də hər dəfə malın azı 100 qramı havayı gedir”. Ağartı məhsulları satmaqla dolanan kəndlilərdən biri söhbətə qoşulub...

Seçilmiş Videolar

Toplum TV loqo