Açıq mənbələrdən götürülüb
Bu gün, iyulun 5-də “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən tədbirdə Xəzərin səviyyəsinin enməsinə səbəb olan əsas amillər açıqlanıb.
Beynəlxalq konfrans Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və BMT-nin İnkişaf Proqramının dəstəyi ilə keçirilir.
AMEA-nın akademiki Fəxrəddin Qədirov konfransda bildirib ki, Xəzər dənizinin su balansının komponentləri sırasında ona tökülən çay axımları, yağıntılar, buxarlanma, yeraltı sular yer alır.
Akademik iqlimə və dolayısı ilə dənizin səviyyəsinə təsir edən astronomik amilləri də sadalayıb:
"Bura günəş aktivliyi və qabarma-çəkilmə də aiddir. Tektonik amillər arasında zəlzələ nəticəsində qırılma xətlərində baş verə biləcək axınlar, Xəzərdə baş verən vulkan püskürmələri nəticəsində yaranan lava axımları, plitələrin qarşılıqlı təsiri nəticəsində dibin tərəddüdü yer alıb. Antropogen amillər iqlim dəyişmələrinə və bilavasitə su balansı komponentlərinin dəyişmələrinə səbəb olur".
F.Qədirov bütün bu amillərin kompleks təhlilinin Xəzər dənizi səviyyə tərəddüdlərinin bir çox ssenarilər üzrə tədqiqatlarını zəruri etdiyini bildirib.
"Su balansı və seysmik təsirlə hesablanmış səviyyənin dəyərləri ilə səviyyənin həqiqi mövqeyi arasındakı bu cür uyğunsuzluq Xəzər dənizinin səviyyəsinin tərəddüdünün təkcə iqlim amilləri ilə deyil, həm də bu bölgənin yer qabığında baş verən tektonik hərəkətlərlə də bir əlaqəsi olduğunu göstərir. Bu günə kimi iqlim dəyişmələri və tektonik proseslərlə səviyyə tərəddüdlərini əks etdirən tam fiziki model mövcud deyil" - akademik bildirib.
Konfransda çıxış edən SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov isə Xəzərdə suyun səviyyəsinin enməsinin SOCAR-ın istehsalat sahələrinin normal rejimdə istismarına mane olduğunu söyləyib:
"İqlim dəyişmələri nəticəsində meydana çıxan fövqəladə hallar, eləcə də Xəzər dənizinin səviyyəsində tərəddüdlərin artması bizi real risklərlə qarşı-qarşıya qoyur və bu mövzuda ciddi düşünməyə, önləyici tədbirlər görməyə vadar edir. Təcrübə göstərir ki, dənizin səviyyəsinin endiyi hallarda Xəzər faunasının məskunlaşdığı və inkişaf etdiyi şelf zonasının sahəsi azalır, hidrotexniki qurğuların, o cümlədən limanların istismarında çətinliklər əmələ gəlir”.
Vitse-prezident analoji halların SOCAR-ın dəniz obyektlərində yerləşən istehsalat sahələrinin normal rejimdə istismarına maneə törətdiyini vurğulayıb.
İyulun 4-də "Report"-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva isə Xəzərin səviyyəsinin bir metrdən çox endiyini deyib:
“Son 15 ildə Xəzər demək olar ki, 1,5 m azalıb və 1977-ci ilin 100 illik minimumuna çatmağına isə cəmi 80 sm qalıb. Uzunmüddətli tədqiqatlar göstərdi ki, səviyyə dalğalanmalarının maksimum amplitudası 3 m-dir. Əgər əvvəllər Xəzər dənizinin səviyyəsində bir əsr ərzində baş verən bu dalğalanmalar nisbətən “sabit iqlim” adlanan dövrə düşürdüsə, indi iqlim dəyişikliyi bu prosesə öz təsirini göstərir”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Azərtac
Açıq mənbələrdən götürülüb