Sosial

YAP-çı deputat: “Bazarlarda araşdırmalar aparılmalı və qiymətlərə nəzarət edilməlidir”  

Məzahir Abdurahmanov
17 Sentyabr, 2021
181

Açıq mənbələrdən götürülüb

“Statistika Komitəsinin açıqladığı məlumata əsasən, Azərbaycanda ərzaq məhsullarının qiyməti infilyasiya səviyyəsinə görə ilk sırada dəyanır. Təxminən 5.6% qiymət artımı var. Mən düşünürəm ki, reallıqda bu göstəricilər daha böyükdür”.

Ərzaq məhsullarının qiymətinin artmasını “Toplum TV”-yə şərh edərkən  iqtisadçı Rəşad Həsənov belə deyir.

Əvvəllər 45 qəpiyə satılan çörəyi indi 50, bəzən 60 qəpiyə almaq olur. Çörəkdən başqa, un məmulatlarının, o cümlədən makaronun-vermişelin, eləcə də şəkər tozunun, ağartı məhsullarının, qəhvənin qiymətində də artım görünür. Məsələn, 90 qəpiklik makaron artıq 1 manat 35 qəpiyə satılır. 

Kiloqramı 1 manat 19 qəpiyə olan şəkər tozunun qiyməti artıq 1 manat 25, 1 manat 30 qəpiyə qalxıb. Qəhvələrin qiymətlərində isə artımın 15 faiz olduğu bildirilir.

İqtisadçının qiymətlərin düşməsi üçün hökumətə təklifi

R.Həsənov deyir ki, 2020-ci ildən bəri ərzaq məhsullarının qiymətində təxminən 20-30% arasında artım baş verib: “İlin əvvəlində hökumət bir sıra təbii inhisarçının olduğu sahələrdə təklif etdiyi mal və xidmətlərin qiymətini artırdı. Xüsusilə yanacağın qiymətinin artması dəyər zəncirinin müxtəlif halqalarında istehsal prosesində maya dəyərinin artmasına gətirib çıxarır. Bu da bazarda məhsulun son istehlak qiymətlərinin artmasına səbəb olur”.

Rəşad Həsənov

İqtisadçı hesab edir ki, qiymət artımına Azərbaycan bazarının xüsusiyyətləri də təsirsiz ötüşmür: “Azərbaycan bazarında liberal mühitin olmaması, rəqabətin zəif olması iri oyunçulara qiyməti bəzən diktə etməyə əlverişli şərait yaradır. Belə olduğu halda hökumət daha aktiv siyasət aparmalıdır. Gömrük rüsumlarından, vergilərdən, yeni təşviq mexanizmlərindən istifadə etməlidir. Eyni zamanda daxili istehsalın özünün həcmini dəstəkləyən əlverişli mühit formalaşdırmalıdır. Nəticə bazar oyunçularının sayı arta və qiymətlərin optimal səviyyəyə qədər düşməsi təmin edilə bilər”.

Deputat: “Suni bahalaşmaya yol verən sahibkarlara qarşı ciddi tədbirlər görülməlidir”

“Toplum TV” qiymət artımı ilə bağlı rəsmi qurumları danışdırmağa, deputatlardan rəy almağa çalışsa da, bu mümkün olmayıb. Yalnız hakim partiyadan olan deputat Azər Badamov çox qısa münasibətini bildirib. O qiymət artımına görə təəssüfləndiyini söyləyib. 

Azər Badamov - Açıq mənbələrdən götürülüb

“Bu artımların iki səbəbi ola bilər. Real səbəb olaraq bunu göstərmək olar ki, idxal olunan malların xaricdə qiymətinin bahalaşması Azərbaycanda da ərzaqların qiymət artımına gətirib çıxarır. Bəzən isə qiymət artımının süni yolllarla olduğunu müşahidə edirik. Bu halların qarşısını almaq üçün dövlətin müvafiq qurumları hərəkətə keçməlidir. Bazarlarda araşdırmalar aparılmalı və qiymətlərə nəzarət edilməlidir.  Suni artıma yol verən sahibkarlara qarşı ciddi tədbirlər görülməlidir” – deputat deyib.

Dövlət Statistika Komitəsinin (DSK) açıqlamasına görə, Azərbaycanda 2021-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2020-ci ilin eyni dövrünə nisbətən 4.8 faiz artıb. DSK-nın məlumatında vurğulanır ki, ərzaq məhsulları, içkilər və tütün məmulatları 5.4, qeyri-ərzaq məhsulları, əhaliyə göstərilən ödənişli xidmətlər isə 4.2 faiz bahalaşıb.

AİB sədri: “Çörəyin bahalanması ilə bağlı gündə 10-12 zəng gəlir”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə təzadlı məqama toxunur. O, dünyada maliyyə böhranı zamanı qiymətlərin aşağı düşdüyü halda Azərbaycan bazarının buna reaksiya vermədiyini, sadəcə, qiymət qalxanda reaksiya verdiyini söyləyir. 

E.Hüseynov ərzağın qiymətində olan artımın bütün dünyada müşahidə edildiyini, bunun beynəlxalq təşkilatları da narahat etdiyini vurğulayır: “Ümumdünya Ərzaq Təşkilatının verdiyi məlumata əsasən, son 20 ildə ərzağın qiyməti ən pik həddə  çatıb. Ərzaq istehsal resurslarının sabit olması, insanların sayının artması, bəzi yerlərdə olan su çatışmazlıqları qida məhsullarının qiymətinin artmasına səbəb olur”.

Eyyub Hüseynov - Açıq mənbələrdən götürülüb

Azad İstehlakçılar Birliyinin sədri hesab edir ki, azad bazar şəraitində qiymət artımına hökumət müdaxilə etməməlidir: “Hökümət mümkün qədər oyunçuların və rəqabətin çox olması üçün liberal şərait yaratmalıdır. Belə halda qiymət aşağı düşəcək, keyfiyyət də qalxacaq”.

O, eyni zamanda, Azərbaycan hökumətinin istehlakçı siyasətinin “mükəmməl olmamasından” danışır: “Azərbaycan höküməti biznes qurmaq üçün çox asan şərait yaradıb. Onlara toxunmaq, yoxlamaq olmaz. Biznes qurumları bunu qiymətləndirmir və bundan sui-istifadə edirlər”. 

E.Hüseynov deyir ki, Azad İstehlakçılar Birliyinə xüsusən çörəyin bahalanması ilə bağlı gündə 10-12 zəng gəlir: “Hökumətin çörəyin qiymətini sabit saxlamaq üçün apardığı işlər sosial çörək istehsalçılarını qırmızı xətdə saxlayır. Belə getsə onlar ya bağlanacaq, ya da qiyməti qaldırmağa məcbur olacaqlar. Hökumət heç olmasa sosial çörək istehsalçılarına müəyyən köməklik göstərməlidir”.

Baş nazir Əli Əsədov sentyabrın 16-da "Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə" Nazirlər Kabinetinin qərarına dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Unun hər tonuna görə un istehsalçılarına verilən subsidiyanın hesablanması üçün bir ton unun topdansatış qiymətinin yuxarı həddi 520 manat, un 2 istehsalçısının ölkədaxili xərclər daxil olmaqla marjası bir ton unun topdansatış qiymətinin yuxarı həddinin 25 faizi həcmində müəyyən edilib.

Bundan əlavə, ərzaqlıq buğda ehtiyatının yaradılması və dünya birjalarında buğda qiymətlərinin ölkədaxili buğda qiymətlərinə təsirinin azaldılması üçün tənzimləmə və nəzarət üzrə dayanıqlı mexanizmin formalaşdırılmasına dair təkliflər hazırlanmalıdır. 

Sosial

Əri polis olan qadın: “Anası ağzımı tutdu, atası da dedi ki, səsini çıxarsan, səni öldürəcəm”

Aytac Məmmədli
19 Oktyabr 2021

Sosial Media

“Xəstəxanadan 3 gün olar çıxmışdım, zahı idim. Məni yerə yıxıb təpiklədi, anası ağzımı tutdu, atası da dedi ki, səsini çıxarsan, səni öldürəcəm”. Polis əri tərəfindən zorakılığa məruz qaldığını iddia edən F. Cənnətova “Toplum TV”-yə belə söyləyir. Daxili İşlər Nazirliyinin məlumatına görə, son dövrlər Azərbaycanda şiddətə məruz qalan qadınların sayı çoxalıb. Gün ərzində “102” qaynar xəttinə qadın zorakılığı ilə bağlı 100-ə yaxın zəng daxil olur. “Məni ölümlə hədələyir” Zorakılığa məruz qaldığını deyən o “100”-lərdən biri də F. Cənnətovadır. 22 yaşlı qadın 3 uşaq anası olmaqla yanaşı Xəzər universitetinin 5-ci kurs tələbəsidir. Onun sözlərinə görə, uzaq qohumu olan həyat yoldaşı Fuad Cənnətovla...
Sosial

Elnur Əşrəfoğlu vəfat etdi

19 Oktyabr 2021

Sosial Media

Tanınmış jurnalist Elnur Əşrəfoğlu vəfat edib. Bu barədə jurnalistin bir müddətdir müalicə olunduğu "Yeni Klinika"dan məlumat verilib. Koronavirusa yoluxmuş jurnalist Elnur Əşrəfoğlu vəziyyəti pisləşdiyindən ECMO aparatına qoşulmuşdu. 47 yaşlı jurnalistin sonuncu iş yeri Azərbaycan Cüdo Federasiyası olub. O, Federasiyasının baş katibinin müavini, eyni zamanda, idman qurumunun mətbuat xidmətinin rəhbəri olub.
Seçilmiş Videolar