Sosial

Yeni təhsil naziri qızların təhsildən yayınmasını önləyə biləcəkmi?

Aytac Məmmədli
14 Oktyabr, 2021
428

Açıq mənbələrdən götürülüb

"Uşaqlıqda qızların hamısı gəlinlik geyinməyi, evlənib xoşbəxt olmağı xəyal edir. Amma reallıq heç də xəyallardakı qədər gözəl olmur. Ən azından 24 yaşında 5 yaşlı uşağına həsrət qalan, savadsız bir qadın üçün bu, belədir..."

“Toplum TV”-yə danışan Leyla (ad şərtidir) 5 il əvvələ kimi Azərbaycanda 9-cu sinfi bitirib evdə oturan yüzlərlə qızdan biri idi. O, 19 yaşında ailə qurub, az sonra ərinin fiziki zorakılığına məruz qalıb, ikinci qızını abort etdiməyə məcbur olub. Bütün bunlardan sonra ərindən ayrılmaq qərarına gəlib. Amma təhsili olmadığı üçün öz ayaqlarının üzərində də dayana bilməyib, məcbur ata evinə geri qayıdıb. Hər şey bununla bitməyib. O, ailəsinə "yük" olmasın deyə, qızını da ərinin evində qoyub gəlməli olub. Leyla hazırda ailəsi ilə birgə Binəqədidə yaşayır.

"Mənim heç vaxt kitablara, dərslərə həvəsim olmayıb. Bilmirəm, bəlkə də, anam əlimə qazan, bıçaq əvəzinə kitab, dəftər versəydi, mən də oxuyardım. İndi baxıram yaşıdlarıma, neçə universitet oxuyublar, iş-güc sahibidirlər. Mənsə özümü sadəcə bədbəxt hesab edirəm".

Leylanın bacısı da özü kimi 9-cu sinfi bitirdikdən sonra məktəbdən çıxıb. Bacıların heç biri təhsillərini davam etdirməyi düşünməyiblər. Leylanın bacısı sevdiyi oğlana qoşulub qaçıb, özü isə kəndlərindəki ilk elçisinə "hə" deyib.

"Başqa nə edə bilərdim ki? Oxumurdum, ailəm işləməyə qoymurdu. Ev işi görməkdən, evdəki söz-söhbətdən təngə gəlmişdim. Evliliyi tək çıxış yolu kimi görürdüm. Sonumun belə olacağı ağlıma da gəlməzdi. Mən elə bilirdim ki, hər şey izlədiyim seriallardakı kimi rəngli olacaq".

Nazir təhsildən yayındırılan qızlara görə narahatdır

Dünya Bankının (https://www.worldbank.org/en/topic/girlseducation#1) hesablamalarına görə, dünyada 132 milyon qız tam orta təhsil ala bilmir.

Təhsil naziri Emin Əmrullayevin dediyinə görə, Azərbaycanda qız uşaqlarının 90 %-dən çoxu hüquqi maneə ilə qarşılaşmadan təhsil ala bilir. Bununla yanaşı nazir qızların təhsildən yayındırılmasına görə narahat olduğunu da vurğulayır.

Emin Əmrullayev - Rəsmi Səhifə

“Biz təhsilsiz qalan qızların problemlərinin gizlədilməsi tərəfdarı deyilik. Məsələ qısa müddət ərzində nə qədər çox üzə çıxarılsa bir o qədər də problemin həlli istiqamətində addımlar atıla bilər”,- nazir belə deyir.

O həmçinin qeyd edir ki, 5 ildən bir 10 yaşlı şagirdlər arasında qiymətləndirmə keçirilir, bu zaman qız uşaqları oğlanlardan daha yaxşı nəticə göstərirlər. Lakin 15 yaşlı şagirdlər arasında qızların nəticələrinin aşağı düşdüyü müşahidə olunur. Nazirin fikrincə, bunun əsas səbəbi qızların əhatə olunduqları mühitlə bağlıdır.

Psixoloq: “Bu cəmiyyətdə qızlar yaxşı oxumağa, həyatlarını qurtarmağa məcburdurlar”

Psixoloq Bahar Bəylərova deyir ki, yeniyetməlik dövründə təhsil motivasiyasının aşağı düşməsi, məktəbdən yayınma halları, ailə qurmağa meyillilik kifayət qədər normaldır.

Psixoloqun qənaətincə, buna görə yeniyetmələri günahlandırmaq yerinə yaş dövrünə uyğun təlim-tərbiyə metodu seçilməlidir: “Amma təssüf ki, bunu nə ailələr, nə də təhsil müəssisələri edir. Beyində yaş dövrünə uyğun gedən proseslər, yaş psixologiyası və fiziologiyası nəzərə alınmalıdır. Bunlar olmur, əvəzində uşaqları “tərbiyəsiz”, “hiperaktiv”, “diqqətsiz” kimi etiketləyirlər. Halbuki ən çətin vəziyyətdə olanlar uşaqlardır, bilgisiz valideynlərin, böyüklərin himayəsindədirlər”.

Psixoloq Bahar Bəylərova - Açıq mənbələrdən götürülüb

B. Bəylərova Azərbaycan cəmiyyətində adətən qızların aşağı yaşlardan “evlərə”, ailə qurmağa hazırlandıqlarını söyləyir: “Qızlar təmizliyi bacarmayanda anaları tez-tez "evlərə gedəcəksən" ifadəsini işlədirlər. Qızlar qarşı cinslə münasibət necə yaşanar deyil də, "qaynana-qaynataya qulluq" motivində ailə həyatına hazırlanırlar. Biz təhsilə gəlmədən tərbiyə faktorunu nəzərdən keçirməliyik. Qız uşaqlarının oyuncağı nə olur? Gəlincik, qab-qacaq, beynin sürətli inkişaf dövründə qız uşaqları böyük qadının kiçik modelinə tabe olur. Ona görə də bu cəmiyyətdə qızlar yaxşı oxumaq və həyatlarını qurtarmağa məcburdurlar”.

Psixoloq qızların erkən yaşda ailə qurmasının səbəbini ailədəki sevgi amili ilə əlaqələndirir: “Ailəsi ilə emosional bağlılığı olan qızlar heç vaxt erkən nikaha getmirlər. Çünki o sevgiylə təmin olunur və onu başqa yerdə axtarmırlar. Sevgini kənarda axtaran qızların həyatında "sevgi verməyən ata" modeli olur”.

Onun sözlərinə görə, cahil cəmiyyətlərdə qızların təhsilli olması, öz ayaqları üzərində dayanması, xəyalları üçün çalışması qorxulu yuxudur: “Qorxaq kişilər güclü, cahil kişilər savadlı qadın istəmirlər”.

“Maddi imkansızlıq və erkən nikah təhsildən yayındırır”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu da qızların təhsildən yayınması halları ilə qarşılaşdıqlarını deyir. Onun sözlərinə görə, təhsildən yayınmanın əsas səbəbi adətən maddi imkansızlıq və erkən nikah olur.

Yeri gəılmişkən, ölkədə minimum əməkhaqqı 250 manatdır. Azərbaycanda bir insanın yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyənləşdirilib.

Teymur Mərdanoğlu - Aşıq mənbələrdən götürülüb

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 2020-ci ildə 35348 rəsmi nikah qeydə alınıb. 18 yaşına çatmayan 165 qız rəsmi nikaha daxil olub. Keçən illə müqayisədə erkən nikahların bu il 2 dəfədən çox azaldığı bildirilir.

Amma hüquq müdafiəçilərinin fikrincə, yaşı 18-dən aşağı qızlar daha çox rəsmi nikaha girmədən ailə qurduqları üçün erkən nikahların dəqiq sayını söyləmək çətindir və DSK-nın təqdim etdiyi rəqəmdən daha çoxdur.

Komitənin mətbuat katibinin dediyinə görə, erkən nikahdan yayındırmaq məqsədilə qızlar arasında maarifləndirici tədbirlər keçirilir, məqsəd qızları hüquqları barədə maariflənmək, öz fikirlərini sərbəst ifadə edə bilmələrinə yardım etməkdir.

“Təhsildən yayınma halı ilə qarşılaşdıqda dərhal araşdırma aparırıq. Həmin uşağın hansı məktəbdə oxuduğu, hansı səbəbdən təhsildən yayınması halı müəyyən olunur. Məsələ ilə əlaqədar rayon icra hakimiyyətləri yanında yaradılmış yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya ilə əlaqə saxlanılır və ailəyə birgə baxış keçirilir, vəziyyət adekvat qiymətləndirilir. Daha sonra valideynləri barədə hüquqi qiymət verilir. Bu müddətdə həmin uşaqlara psixoloji dəstək verilir”,- T. Mərdanoğlu belə söyləyir.

Təhsildən uzaq kəndlər

Statistikaya əsasən kənd yerlərində təhsildən yayınma halları daha çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ümumi orta təhsil səviyyəsini (9-cu sinfi) bitirən 118 min nəfərdən 47 mini, tam orta təhsil səviyyəsini (11-ci sinfi) bitirən 79 min nəfərdən 31 mini bölgələrdə yaşayır.

Həmçinin ötən il yaşı 18-ə çatmayan anaların dünyaya gətirdiyi uşaqların sayı 1917 olub və onun 1299-u kənd yerlərinin payına düşür.

Təhsil eksperti Kamran Əsədov da təsdiqləyir ki, region məktəblərində qızların təhsildən yayınması kütləvi hal alıb, xüsusən də kəndlərdə qızların təhsilə davamiyyəti olduqca aşağıdır.

Kamran Əsədov - Açıq mənbələrdən götürülüb

Ekspert bunun bir çox səbəbi olduğunu deyir: "Bu səbəblərin kökündə insanların maddi ehtiyaclarının ödənilməsi durur. Ən çox yuxarı sinif şagirdlərinin məktəbə gəlməsi problemə çevrilir ki, bu da qızların erkən yaşda nikaha daxil olması ilə əlaqədardır. Kənd yerlərində qızlar adətən səkkizinci sinifdə oxuyarkən nişanlanır, bununla da onların təhsil alması arxa plana keçir. Belə hallar respublikanın şimal və cənub rayonlarında daha geniş yayılıb. Qızların təhsildən yayınmasının digər səbəbi valideynlərin laqeydliyi ucbatından baş verir, bunun da sorğu-sualını aparan yoxdur. Üçüncü bir səbəb məktəb yaşlı qızların ailə təsərrüfatında işə cəlb edilməsidir. Belə hallar daha çox aran rayonlarında geniş yayılıb. Kiçik yaşlı qız uşaqları fermer təsərrüfatlarında pambıq, üzüm yığır, yaxud tarla işlərində çalışırlar".

Ekspertin dediyinə görə, ölkənin Aran, Muğan və Cənub zonalarında qızların təhsildən yayınması faktları mövcuddur. O, xüsusilə Saatlı, Sabirabad, İmişli, Beyləqan, Astara, Lerik, Yardımlı rayonlarında demək olar ki, qızların təhsildən uzaqlaşdırıldığını, eyni problemin Bakı kəndlərində də hökm sürdüyünü vurğulayır.

Statistika Komitəsinin rəqəmləri də sadalanan bölgələrdə qızların təhsili ilə bağlı problemlər olduğunu göstərir. 2020-ci ildə məktəbi bitirib ali təhsil müəssisələrinə qəbul olunmuş gənclərin əksəriyyətini qızlar təşkil edir: 32350 gənc ali məktəbə qəbul olub. Onlardan 15556 nəfəri kişi, 16794 nəfəri qadındır.

Təkcə Lәnkәran-Astara (1091 kişi, 965 qadın), Mil-Muğan (491 kişi, 421 qadın) , Mәrkәzi Aran (913 kişi, 877 qadın) iqtisadi rayonlarında ali məktəbə qəbul alanlar arasında kişilər üstünlük təşkil edir.

Təhsilə ayrılan vəsait yetərlidirmi?

Maliyyə Nazirliyinin məlumatına görə, 2021-ci il üzrə dövlət büdcəsindən təhsil sahəsinə 3 milyard 197 milyon manat vəsait ayrılması nəzərdə tutulub.

İqtisadçı Natiq Cəfərli təhsilə ayrılan vəsaitin qənaətbəxş olduğunu, bu rəqəmin dövlət büdcəsinin 15 faizini təşkil etdiyini bildirir.

Natiq Cəfərli - Açıq mənbələrdən götürülüb

“Problem bu vəsaitin doğru yerə, professional xərclənməsidir. Azərbaycanda təhsilə ayrılan xərclər daha rasional və şəffaf xərclənməlidir. Həmçinin bizdə təhsilə ayrılan vəsaitin böyük bir hissəsi maaşların ödənilməsinə xərclənir. Lakin dünyada təhsil xərcləri fərqli – maaşdan ayrı hesablanır”.

Beynəlxalq təşkilatlar da eyni fikirdədirlər

UNİSEF-in “The rights of children and why they matter” adlı hesabatında (2016) deyilir ki, Azərbaycanda cinsi bərabərsizlik səbəbindən qızların yeniyetmə yaşında – 15 yaşda məktəbdən çıxması halları sıx müşahidə olunur.

BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə Komitəsi Azərbaycanla bağlı hesabatında (2016) əyalətdə, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı qəsəbələrdə qızlar arasında orta məktəbə davamiyyətin aşağı olmasını vurğulayır. Komitə Azərbaycana məktəbi tərk edən qızların sayının monitorinqini aparmağı tövsiyə edir.

Mətbuata açıqlamasında yeniyetmə qızların təhsildən yayınması hallarının araşdırılacağını söyləyən Təhsil naziri Emin Əmrullayev bunu önləmək üçün hansı addımların atılacağını hələlik açıqlamır.

Sosial

Əri polis olan qadın: “Anası ağzımı tutdu, atası da dedi ki, səsini çıxarsan, səni öldürəcəm”

Aytac Məmmədli
19 Oktyabr 2021

Sosial Media

“Xəstəxanadan 3 gün olar çıxmışdım, zahı idim. Məni yerə yıxıb təpiklədi, anası ağzımı tutdu, atası da dedi ki, səsini çıxarsan, səni öldürəcəm”. Polis əri tərəfindən zorakılığa məruz qaldığını iddia edən F. Cənnətova “Toplum TV”-yə belə söyləyir. Daxili İşlər Nazirliyinin məlumatına görə, son dövrlər Azərbaycanda şiddətə məruz qalan qadınların sayı çoxalıb. Gün ərzində “102” qaynar xəttinə qadın zorakılığı ilə bağlı 100-ə yaxın zəng daxil olur. “Məni ölümlə hədələyir” Zorakılığa məruz qaldığını deyən o “100”-lərdən biri də F. Cənnətovadır. 22 yaşlı qadın 3 uşaq anası olmaqla yanaşı Xəzər universitetinin 5-ci kurs tələbəsidir. Onun sözlərinə görə, uzaq qohumu olan həyat yoldaşı Fuad Cənnətovla...
Sosial

Elnur Əşrəfoğlu vəfat etdi

19 Oktyabr 2021

Sosial Media

Tanınmış jurnalist Elnur Əşrəfoğlu vəfat edib. Bu barədə jurnalistin bir müddətdir müalicə olunduğu "Yeni Klinika"dan məlumat verilib. Koronavirusa yoluxmuş jurnalist Elnur Əşrəfoğlu vəziyyəti pisləşdiyindən ECMO aparatına qoşulmuşdu. 47 yaşlı jurnalistin sonuncu iş yeri Azərbaycan Cüdo Federasiyası olub. O, Federasiyasının baş katibinin müavini, eyni zamanda, idman qurumunun mətbuat xidmətinin rəhbəri olub.
Seçilmiş Videolar