Sosial

Zaqatalada ana və uşaq ölümünün səbəbi: “Dedilər ki, onun adamı var. Bəs mən adam deyiləm, uşağımı öldürürsünüz?”

Aytac Məmmədli
20 May, 2022
640

açıq mənbədən götürülüb

“Dedilər ki, onun adamı var. Bəs mən adam deyiləm, uşağımı öldürürsünüz?”

TƏBİB: “Xəstəxana nəzarətimiz altındadır”

Zaqatala rayon Mərkəzi Xəstəxanasından növbəti dəfə ana və uşaq ölümü xəbərləri gəlir.

Rəsmi açıqlamaya görə, mayın 9-da rayon sakini 23 yaşlı Fatimət Mustafayeva xəstəxanada doğuşdan sonra vəfat edib. Nərmin Mehdiyevanın isə dünyaya gətirdiyi uşaq 5 dəqiqə sonra ürək dayanmasından ölüb.

Zaqatala Rayon Mərkəzi Xəstəxanası - sosial media

“Toplum TV” hər iki ailə ilə əlaqə saxlayıb. F. Mustafayevanın əri Fəqan Mustafayev arvadının bağırsaq xərçəngi olduğunu və bu səbəbdən öldüyünü açıqlayıb.

Nərmin Mehdiyeva isə deyir ki, hamiləlik zamanı koronavirusa yoluxması və mənfi rezus faktoru uşağın xəstə doğulmasına səbəb olub. Onun sözlərinə görə, ciyərlərinə su yığılan uşağı CPAP (tənəffüs yollarının davamlı müsbət təzyiqi) aparatına qoşsalar da, onu saxlamaq mümkün olmayıb, uşaq 5 dəqiqə sonra ölüb.

“Hamilə olanda 3 dəfə ağır qrip keçirmişəm. Birində koronavirusdan şübhələndim, amma test vermədim, qorxdum. Hərçənd uşaq da inkişafdan qalmadı. Ürək döyüntüləri, orqanları, kilosu normal idi. KTQ belə olunmuşdu, heç bir problemin olduğu görünmürdü. Doğuşdan sonra gördük ki, uşağın ciyərləri şişib, suyla doludur. Heç kəs istəməz xəstəsi ölsün. Yəqin ki, başqa çarə yox imiş...”

N. Mehdiyeva həkimlərin uşağı tələf olmaması üçün əllərindən gələni etdiyinə inanır. Amma xəstəxananın şəraitindən də narazı olduğunu gizlətmir.

“Yataqlar köhnə, dərman vasitələri, şprislər yox. 2 qramlıq dərmanı 20 qramlıq şprislə vururlar”.

N. Mehdiyevanın dedikləri sual yaradır: Doğrudanmı asfiksiyanın çarəsi yoxdur?

“Qadın rezus mənfi faktordursa, uşağın ciyərlərinə su yığılması normaldır. Amma bu o demək deyil ki, həmin xəstəliklə doğulan hər uşaq ölməlidir”, - pediatr Aytən Ziyadova belə deyir.

Onun söylədiyinə görə, uşaq reanimatoloqun müayinəsindən keçməli idi.

“Bundan sonra da onu küvəzdə Bakıya çatdırmalıydılar”.

“Gəl, uşağı öldürüblər”

Əvvəllər də Zaqatala rayon Mərkəzi Xəstəxanasından ana və uşaq ölümləriylə bağlı şikayətlər olub.

Elə bu ilin martında 26 yaşlı Rəna Ramazanovanın doğuşdan sonra sözügedən xəstəxanada ölməsilə bağlı məlumat yayılıb.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Məhkəmə Tibbi Ekspertizanın ilkin rəyinə əsasən, ananın ölümünə səbəb “Kəskin ürək və ağciyər çatışmazlığı, tromboemboliya”dır.

Lakin qadının valideynləri ekspertiza rəyindən narazıdırlar və Mərkəzi Xəstəxananın həkimlərinin cəzalandırılmasını tələb edirlər.

Yengiyan kənd sakini Nazim Əlixanov da 2 il əvvəl bu xəstəxanada nəvəsinin öldüyünü bildirir.

Onun dediyinə görə, həkimlər qeysəriyyə əməliyyatı etməli olduqları halda qızı təbii yolla uşaq dünyaya gətirib və elə doğuş zamanı da uşaq ölüb.

"Doğuşa qədər heç bir problem yox idi, sonra yoldaşım zəng vurdu ki, gəl, uşağı öldürüblər. Hələ o hadisədən sonra yenə ana-uşaq ölümü oldu. Təkcə Sədaqət həkimin 4-5 ana və uşaq ölümünə səbəb olduğunu bilirəm. Başdakıların yanına şikayətə getdim ki, onu işdən çıxarsınlar, dedilər: “Onun adamı var”. Bəs mən adam deyiləm uşağımı öldürürsünüz?

TƏBİB: “Nəzarətimiz altındadır”

Söylənilənlərlə bağlı Zaqatala rayon Mərkəzi Xəstəxanası ilə əlaqə saxlamağa çalışsaq da, xəstəxana işçiləri bu barədə danışa bilməyəcəklərini söyləyərək sorğumuzu tabeliyində olduqları Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) yönəltdilər.

TƏBİB-in mətbuat katibi Zamirə Ədilova ana və uşaqların sağlamlığının qorunmasının qurumun diqqət mərkəzində olduğunu bildirir.

“Biz bu məsələlərlə bağlı kifayət qədər işlər həyata keçiririk. Təlimlər, monitorinqlər, həkimlərə metodiki dəstəyin verilməsi mütəmadi həyata keçirilir. Zaqatala rayon Mərkəzi Xəstəxanası nəzarətimiz altındadır. Ora davamlı səfərlər təşkil olunur. Səhiyyəmiz bu kimi hallardan sığortalanmayıb, təəsüf ki, bəzən belə hallara rast gəlmək olur. Amma bu o demək deyil ki, bütün ölüm halları həkim səhlənkarlığı ucbatından baş tutur”.

Zamirə Ədilova - açıq mənbədən götürülüb

Zamirə Ədilova xatırladır ki, 2014-2022-ci illər üçün ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair dövlət proqramı imzalanıb. Proqramın qəbulundan sonra ana ölümü xeyli azalıb, ölkədə perinatal xidmət inkişaf edib.

Ginekoloq: “Maddi problemlərlə bağlıdır”

Ginekoloq Rəşad Sultan hesab edir ki, təkcə həkimləri cəzalandırmaq kifayət deyil, məsələnin daha dərin səbəbləri var. O, rayonlarda kadr problemi olmasını önə çəkir.

“Yaxşı yetişmiş kadrlar rayonlara işləməyə getmirlər. Bu daha çox maddi problemlərlə bağlıdır. Mən özüm rayon xəstəxanalarında işləyə bilmirəm. Maaşlar azdır, əl altında keyfiyyətli avadanlıqlar, istənilən dərmanlar yoxdur. Ginekoloqların yanında yaxşı anestezioloqa, reanimotoloqa, neanotoloqa ehtiyac var, amma onları Bakıda tapmaq çətindir, o ki qaldı rayonda olsun”.

Rəşad Sultan - sosial media

Ginekoloq TƏBİB və İcbari Tibbi Sığortanın “nəsə etməyə çalışdığını”, amma nəticə olmadığını deyir: “Hələ ki ortada bir şey yoxdur, amma inanıram ki, bu tədbirlərin nəticəsi həm həkimlərin maaşlarında, həm də xəstəxanın təminatında əks olunacaq”.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ölkədə 1 yaşadək 1242 körpə, 20 ana ölümü qeydə alınıb.

Sosial

Beş uşaqlı analara beş il pensiya güzəşti 

Roza Məmmədova
Vüsalə Mikayıl
29 İyun 2022

Açıq mənbələrdən götürülüb

Ölkə başçısı İlham Əliyev “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklikləri təsdiq edib. Dəyişikliklərdən sonra beş və daha çox uşaq dünyaya gətirən analar beş il daha tez pensiyaya çıxa biləcəklər. Bu, uşaqları övladlığa və (və ya) qəyyumluğa götürüb onları səkkiz yaşınadək tərbiyə etmiş və böyütmüş qadınlara da şamil ediləcək. Cəmi 960 nəfər Qanunla artıq təkbaşına beş övlad və ya sağlamlıq imkanları məhdud uşaq böyüdən ataların da tez təqaüdə çıxması mümkün olacaq. Bu qanun ana vəfat etdikdə, nikaha xitam verildikdə, ana valideynlik hüququndan məhrum edildikdə növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək uşaq böyüdən atalara aid ediləcək. Rəsmi məlumatlara görə, bu dəyişiklik pensiyaçıların sayında...
Sosial

Ramin Hacılı aclıq etdiyini, özünü yaxşı hiss etmədiyini deyib, hakimsə...

Leyli Cəfərova
29 İyun 2022

Açıq mənbələrdən götürülüb

İyunun 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində Ramin Hacılının məhkəməsi davam edib. Məhkəmə iclası başlayan kimi hakim Azad Məcidov müttəhimə ötən məhkəmə iclasındakı davranışına görə xəbərdarlıq edib: “Vurub şüşəni çatlatmısınız, düzəldiblər. Dövlətin əmlakıdır, növbəti dəfə belə hərəkətlərə yol versəniz, qanuna uyğun tədbirlər görəcəyik, sizi məhkəmə iclaslarında iştirakdan məhrum edəcəyik, bir də hökm elan olunanda iştirak edə biləcəksiniz”. Ramin Hacılı isə cavabında deyib: “Mən ölüm aclığına başlamışam və artıq 5 gündür ki, özümü yaxşı hiss etmirəm, məhkəmə iclasını təxirə salmağınızı xahiş edirəm”. Hakim bildirib ki, qanunvericiliyə görə, təqsirləndirilən şəxsin yalnız xəstəliyi ilə əlaqədar vəziyyəti ağırlaşarsa, məhkəmənin təxirə salınması mümkündür. “Qanunvericilikdə belə şey...

Seçilmiş Videolar

Toplum TV loqo